Məhkəmə qərarları › İş №2(004)-2210/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2210/2023

06.06.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2210/2023 06.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti cəlb olunmaqla cavabdeh "xxxx" QSC-yə qarşı “istifadə olunmamış əmək məzuniyyətlərinə görə pul əvəzi və ödənilməmiş digər vəsaitin cavabdehdən tutularaq ərizəçiyə ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti cəlb olunmaqla cavabdeh "xxxx" QSC-yə qarşı “istifadə olunmamış əmək məzuniyyətlərinə görə pul əvəzi və ödənilməmiş digər vəsaitin cavabdehdən tutularaq ərizəçiyə ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadə etmədiyi əmək məzuniyyətlərinə görə 2704.99 (iki min yeddi yüz dörd manat 99 qəpik) manat, işdənçıxarma müavinəti olaraq 1917.60 (bir min on yeddi manat 60 qəpik) manat, 3 aylıq müavinət olaraq 3384 (üç min üç yüz səksən dörd) manat, "xxxx" QSCdə paralel olaraq Texniki Təhlükəsizlik üzrə nəzarətçi vəzifəsinin 1 (bir) ildən artıq müddətdə icrasına görə kompensasiya 2000 (iki min) manat, işdən azad ediləndən sonra keçən 9 (doqquz) ay ərzində tərəfindən qarşılanan kompyuter və poçt xərcləri, dəfələrlə müraciəti ilə əlaqədar Bakı şəhərinə səfər xərcləri (nəqliyyat, gündəlik qaçılmaz xərclər, mediasiya xərcləri, vəkil xərcləri - 1000 (bir min) manat, cəmi: 11006.59 (on bir min altı manat 59 qəpik) manatın cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o 2012-ci ilin yanvar ayından 2022-ci ilin mart ayınadək "xxxx" Qapalı Səhmdar Cəmiyyətində (əvvəllər “X6” şirkəti adlanırdı) fəhlə kimi çalışmışdır. 2022-ci ilin mart ayında rəhbərliyin bildirdiyi kimi "xxxx" QSC fəaliyyətini dayandırdığı üçün işdən azad edilmişdir. Burada çalışdığı 10 il 3 ay ərzində bir dəfə də olsun əmək məzuniyyətinə buraxılmamış və istifadə elmədiyi əmək məzuniyyətlərinə görə rəhbərlik tərəfindən pul əvəzi almamışdır. Bu bütöv 10 (on) il və 3 (üç) ay üçün nəzərdə tutulan pul əvəzidir. Onun “Proqress PRQ" QSC tərəfindən əmək hüquqlarının pozulması barədə çoxsaylı müraciətlərinə cavab olaraq “Proqress PRQ" QSC-nin rəhbərliyi yanlış olaraq onun bu müəssisədə 2014-cü ilin 17 noyabrından işlədiyi barədə məlumat verir. Bu mövqe Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər darəsinin rəisi cənab Həmid Ədhəmovun imzası ilə ona ünvanlanmış xx.xx.2022- ci il tarixli **********5 №-li məktubunda öz əksini tapmışdır (əlavə olunur). “Proqress PRQ" QSC ƏƏSMN yanında X12 Xidməti Bakı şəhər idarəsinə burada əmək fəaliyyətinin başlanğıcı barədə yalnış məlumat verir. Bu yalnışlığı onun burada suverən hüquqlarının pozulması prosesinin başlanğıcı kimi qiymətləndirir. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun ona verilən Sosial arayışında iddiaçının burada əmək fəaliyyətinin 2012-ci ilin yanvarından başlanıldığı qeyd olunur (Sosial arayış qeyd olunur). Adı çəkilən arayışa rəğmən iddiaçı “Proqress PRQ" QSCdə (Əvvəllər X6 Şirkəti adlanırdı) 2012-ci ilin yanvar ayından 2022-ci ilin mart ayı da daxil olmaqla fəhlə kimi çalışmış, aylıq sabit əmək haqqı almış və ona aid olan bütün vergi və sosial ödənişlər hər ay üzrə nizamlı qaydada ödənilmişdir. Bu iddiaçıya istifadə etmədiyi əmək məzuniyyətlərinə görə pul əvəzinin 2014-cü ildən yox, 2012-ci ilin yanvar ayından hesablanaraq ödənilməli olduğuna dəlalət edir. Əmək Məcəlləsinin 140-cı maddəsinin 3-cü bəndinin tələblərinə görə cavabdeh tərəfindən iddiaçıya orada çalışdığı 10 il 3 ay müddətində istifadə etmədiyi məzuniyyətlərə görə 2704.99 (iki min yeddi yüz dörd manat 99 qəpik) məbləğində pul əvəzi ödənilməlidir. Əmək Məcəlləsinin 116-cı maddəsinin tələblərinə əsasən əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydalarına görə əmək stajından asılı olaraq, işçilərə 5 (beş) ildən 10 (on) ilədək əmək stajı olduğu halda 2 (iki) təqvim günü əlavə məzuniyyət verilir. Əmək Məcəlləsinin tələblərinə görə iddiaçının iş stajı orada 5 ildən 10 ilədək olduğuna görə 2017-ci hesabat ilinədək 21 (iyirmi bir), 2017-ci ildən etibarən isə əlavə olaraq daha 2 (iki) gün, yəni 23 (iyirini üç) gün məzuniyyət hesablanmalıdır və bu əlavə günlər ödəniləcək pul əvəzində nəzərə alınmalıdır. Azərbaycan Respublikasının ƏƏSMN yanında X12 Xidməti Bakı şəhər İdarəsinin yuxarıda göstərdiyi və ona ünvanlanmış xx.xx.2022-ci il tarixli **********5 №-li məktubundan məlum olur ki, iddiaçı ilə "xxxx" QSC arasında olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndinə (tərəflərdən birinin təşəbbüsünə) əsasən guya iddiaçının xahişi ilə xitam verilmişdi. O, qəti surətdə əmin edir ki, iddiaçıya “Proqress PRQ" QSC ilə aralarında olan Əmək Müqaviləsi göstərilməmiş və eləcə də onun bir surəti saxlanılmaq üçün iddiaçıya təqdim olunmamışdır. O ki, qaldı Əmək müqaviləsinə iddiaçının ərizəsi əsasında xitam verilməsinə, bildirir ki, o, heç bir ərizə yazmamış, bu barədə heç bir məlumatı yoxdur. Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b" bəndinə görə Əmək Müqaviləsinə xitam verildikdə işəgötürən tərəfindən “işçiyə işdənçıxarma müavinəti" ödənilir. Əmək Məcəlləsinin 70-ci maddəsinin 3-cü bəndinə görə işçinin 5 (beş) ildən 10 (on) ilədək əmək stajı olduqda işəgötürən ona aylıq əmək haqqının 1.7 misli miqdarında “işdənçıxarma müavinəti" ödənilməlidir. Nəzərə alınsa ki, iddiaçının burada iş stajı 2012-2022-ci illəri əhatə edir, yəni 10 ildir və iddiaçının 2022-ci ilin mart ayı üçün yəni son əmək haqqı 1128 (bir min yüz iyirmi səkkiz) manat təşkil edir, belə olan halda ona 1917.60 (bir min doqquz yüz on yeddi manat 60 qəpik) “işdənçıxarma müavinəti" ödənilməlidir. "xxxx" QSC Qapalı Səhmdar Cəmiyyəti, Proqres Sənaye-İstehsalat şirkətinin hüquqi varisidir. Burada baş verən struktur dəyişikliyi yeganə olaraq onun adının dəyişdirilməsindən ibarətdir. “Proqress PRQ" QSC müəssisənin adı dəyişdirilmiş mülkiyyətçisi hesab olunmalıdır. Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “ç" bəndinə görə əmək müqaviləsinə xitam verildiyi tədqirdə (yəni müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar) işəgötürən işçiyə orta aylıq əmək haqqının azı 3 (üç) misli miqdarında müavinət ödəyir. Nəzərə alınsa ki, iddiaçının 2022-ci ilin mart ayında aldığı axırıncı əmək haqqının məbləği 1128 (bir min yüz iyirmi səkkiz) manat təşkil edir, o zaman cavabdeh tərəfindən iddiaçıya veriləcək 3 (üç) aylıq müavinət 3384 (üç min üç yüz səksən dörd) manat təşkil edir. İddiaçı Sənaye-İstehsalat Şirkətinin göndərişi ilə keçdiyi xüsusi təlimlərdən sonra öz işi ilə yanaşı olaraq Zabrat Aeroportunda 2020-ci ilin dekabr ayından 2022-ci ilin martına kimi Texniki Təhlükəsizlik üzrə nəzarətçi vəzifəsində paralel olaraq çalışmışdır. 2020-ci ilin dekabr ayından 2022-ci ilin mart ayına kimi bu vəzifə səlahiyyətlərini yerinə yetirsə də, rəhbərlik tərəfindən bu vəzifə üçün nəzərdə tutulan əmək haqqının heç bir hissəsini belə almamışdır. Jurnallarda düzgün qeydlər aparmış, instruktajlar keçirmiş, maarifləndirmə tədbirləri aparmış, imza edib, imzalar almışdır. İddiaçının orada Texniki Təhlükəsizlik üzrə nəzarətçi vəzifəsini paralel olaraq icra etməyini təsdiq edəcək çoxlu sayda şahidləri vardır və onlar hər an məhkəmənin dəvəti ilə məhkəmə prosesinə qatılaraq bu faktları təsdiq edəcək ifadələr verməyə hazırdırlar. Ağdam rayonunun Zəngişalı kənd sakini X10 (Mobil: ***-***-**-**), Tərtər rayon Qaradağlı kəndində qeydiyyatda olan, hazırda Bərdə rayonu Meşəçilik İnsititutu ərazisində müvəqqqəti məskunlaşan X4 (Mobil: ***-***-**-**) mənimlə birlikdə Zabrat Aeroportunda çalışmışlar, dəfələrlə Texniki Təhlükəsizlik üzrə nəzarətçi kimi tərəfimdən instruktajlar almışlar. Eləcə də iddiaçının Texniki Təhlükəsizlik üzrə nəzarətçi vəzifəsini aparmağı barədə məlumatları heç şübhəsiz cavabdehin həmin obyekt üzrə saxlanılan sənədlərindən asanlıqla müəyyən etmək olar. X7 üzrə nəzarətçinin vəzifə maaşı və onun miqdarı barədə məlumatı yoxdur. Lakin onu deyə bilər ki, bu vəzifəni 16 (on altı) aya qədər icra etmişdir. Xoşbəxtlikdən bu vəzifəni daşıdığı zaman müəssisədə bədbəxt hadisə baş verməmiş, həyatını itirən və istehsalat zədəsi olanlar olmamışdır. Əks tədqirdə Texniki Təhlükəsizliklə bağlı məsul şəxs kimi onu hansı cəza tədbirləri gözləyə biləcəyini təsəvvür etmək elə də çətin olmaz. İddiaçı bu vəzifəni Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə işlərin Təhlükəsiz Görülməsi və X8 Agentliyi Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X3-Tədqiqat İnstitutu tərəfindən verilmiş 03 fevral 2020-ci il tarixli ******* TT №-li şəhadətnamə və "xxxx" MMC Proqress SİŞ-in vəsiqəsi əsasında yerinə yetirmiş və buna görə ona əlavə olaraq pul ödənilməmişdir. İddiaçı bu vəzifəni 16 (on altı) ay daşıdığı üçün və əvəzində maaşına heç bir əlavə almadığına görə cavabdehdən 2000 (iki min) manat kompensasiya məbləği tələb edir və hesab edir ki, bu istəyində haqlıdır. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, məzuniyyət haqqı iddiaçıya nağd şəkilidə ödənilmişdir. İşçi öz məzuniyyət haqqını nağd şəkildə şirkətdən almışdır. Elə ona görə də 2022-ci ilin 12 aprelində öz ərizəsi ilə işdən çıxsa da məhkəməyə 2023-cü ildə müraciət etmişdir. İddia ərizəsinin yazılışından və əlavə sənədlərdən görünür ki, işçi öz hüquqlarını bilən adamdır. Əgər onun haqqı pozulmuş olsaydı heç işdən çıxma ərizəsi belə yazmaz, ən azı işdən çıxandan dərhal sonra öz haqqını tələb edərdi. Bundan əlavə iddia ərizəsində göstərilən 2704,99 manat məzuniyyət haqqının mənbəyi və hesablanma qaydası aydın deyildir. Məzuniyyət haqqının tələbi üçün iddia müddəti ötürülmüşdür. Əgər işçi məzuniyyət haqlarını almamışdırsa onda hər il öz məzuniyyət haqqını tələb edə bilərdi. Lakin işçinin belə bir tələbi olmamış, sakitcə öz işini görmüşdür. Ona görə də iddiaçı ən azı son işi ilinə qədər olan məzuniyyət haqlarını iddia müddətinə görə tələb edə bilməz. İddia müdətinin tətbiq edilməsi barədə ərizə cavabdeh tərəfindən artıq məhkəməyə təqdim edilmişdir. Bir məsələ qeyd olunmalıdır ki, haqlı olsa belə yalnız son iş ilinin məzuniyyət haqqından söhbət gedə bilər. Əmək Məcəlləsinin 296.4-cü maddəsi əvvəlki illərin məzuniyyət haqqı tələbini iddia müddətinə görə istisna edir. İşdənçıxarma müavinəti könüllü işdən çuxan işçiyə aid deyildir. İddia tələbinin bir hissəsi Əmək Məcəlləsinin 77.3-cü maddəsində nəzərdə tutulmuş işdənçıxarma müavinətinin ödənilməsi ilə əlaqədardır. Bu maddə iddiaçıya aid edilə bilməz. O işdən könüllü çıxdığı üçün işdənçıxarma müavinəti tələb edə bilməz. Mülkiyyətçinin dəyişməsi ilə əlaqədar müavinət könüllü işdən çıxan işçiyə aid deyildir. İddia tələbinin bir hissəsi Əmək Məcəlləsinin 68-ci maddəsində nəzərdə tutulmuş mülkiyyətçinin dəyişməsi ilə əlaqədar müavinətin ödənilməsi ilə əlaqədardır. Bu maddə iddiaçıya aid edilə bilməz. O işdən mülkiyyətçinin dəyişməsi ilə əlaqədar deyil, könüllü çıxdığı üçün müavinət tələb edə bilməz. İşçi eyni vaxtda iki vəzifə yerinə yetirməmişdir. İddiaçı şirkətdə əvvəlcə sıravi nəzarətçi işləmiş, xx.xx.2021-ci il tarixdən isə Zabrat aeroportunda təhlükəsizlik nəzarətçisi kimi işinə davam etmişdir. Əmək vəzifəsinin dəyişikliyi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanmış və elektron əmək müqaviləsi sistemində qeydiyyata alınmışdır. Dövlət orqanlarına müraciətlərin xərci cavabdehin üzərinə qoyula bilməz. İddia tələbinin digər hissəsi iddiaçının işəgötürəndən almaq istədiyi vəsaitlə əlaqədar müxtəlif dövlət orqanları ilə yazışma xərcləri, o cümlədən mediasiya və vəkil xərcləridir. Qanuna görə işçi öz hüququnu yalnız məhkəmə vasitəsilə həyata keçirə bilər. Hazırkı halda iddiaçının digər dövlət orqanları ilə yazışmasına və xərc çəkməsinə heç bir ehtiyac olmamışdır. Ona görə də əlaqədar xərclər iddiaçının üzərində qalmalıdır. Mediasiya və vəkil xərcləri isə təqdim olunmuş ödəniş sənədləri əsasında iddianın taleyinə uyğun həll edilə bilər. İddiaçının iddiaya mənəvi haqqı yoxdur. İddiaçı təqribən 10 ilə yaxın "xxxx" QSC-də işlədiyi müddətdə rəhbərliklə yaxşı münasibətləri olmuşdur. Tikinti işləri müxtəlif layihələr üzrə mövsümi olduğu üçün ilin bir-neçə ayı boşdayanma olsa da işçinin maaşı həmişə ödənilmişdir. Bundan əlavə işçiyə əlamətdar günlərdə mükafatlar verilmişdir. İddiaçı 2020-ci ilin iyun ayından dekabr ayınadək səfərbərlikdə olduğunu demiş və əlavə yoxlama aparılmadan həmin müddətdə onun əmək haqqı ödənilmişdir. Məhz bu yaxşı münasibətlərə görə həm Samir Aabbasov, həm də onunla birlikdə hərəkət edən digər iki işçi şirkətin fəaliyyəti dayanan kimi könüllü şəkildə işdən çıxmış və şirkətə qarşı heç bir tələb irəli sürməmişlər. Onların sonradan şikayətçiyə çevrilmələrinin səbəbi onlara aydın deyildir. Cavabdeh həmçinin iddia müddətinin təqbiqinə dair ərizə təqdim edərək bildirmişdir ki, AR Əmək Məcəlləsinini 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmə mübahisələrinin həlli üçün işçi, hüququnun pozuldugunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciə edə bilər. Əgər işçi məzuniyyət haqlarını almamışdırsa onda hər il öz məzuniyyət haqqını tələb edə bilərdi. Lakin işçinin velə bir tələbi olmamış, sakitcə öz işini görmüşdür. Ona görə də iddiaçı ən azı son iş ilinə qədər olan məzuniyyət haqlarını iddia müddətinə görə tələb edə bilməz. Bir məsələ qeyd olunmalıdır ki, haqlı olsa belə yalnız son iş ilinin məzuniyyət haqqından söhbət gedə bilər. Əmək Məcəlləsinin 296.4-cü maddəsi əvvəlki illərin məzuniyyət haqqı tələbini iddia müddətinə görə istisna edir. Odur ki, digər dəlilllərlə yanaşı həm də iddia müddətinə görə iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, ona bəlli son ayın əmək haqqısı ödənilmişdir. Lakin son iş ili üçün istifadə etmədiyi məzuniyyət pulu ödənilməmişdir. Cavabdeh həmin məbləğin ona əlbəəl verildiyini bildirsə də, bu yalandır. Ona yalnız işlədiyi son ayın əmək haqqısı ödənilmişdir. Ümumiyyətlə neçə illərdir ki, o şirkətdə işləmiş, həmişə də, mehriban münasibətləri olmuşdur. Onların bu şəkildə yola salınmaları hörmətsizlik olmuşdur. O, bu barədə direktorun qəbuluna gedərək ona da, bildirmiş, ən azı birlikdə işlədikləri illərin xətrinə hörmətlə ayrılmalarını, işlədiyi illər ərzində vicdanla işə yanaşmasını nəzərə alaraq ona qanunla müəyyən edilmiş ya da, urəyindən keçən məbləğdə kompensasiya verməsini təklif etmişdir. Düzdür ona 1000 manat məbləğində pul verilməsi təklif olunsa da, o bundan imtina etmişdir. Hesab edir ki, onun əziyyəti zəhməti dəyərləndirilməmişdir. Belə ki, o həmişə ona tapsırılan hətta öz işinə aid olmayan işləridə görmüşdür. Əslində o şikayət etməyi sevməyən adamdır. Lakin məcbur qalıb aidiyyəti qurumlara şikayətlər edərək haqqını tələb etmişdir. Hesab edir ki, ona münasibətdə rəhbərlik ədalətli mövqe göstərməmişdir. O, uzun müddət işsiz qalacağını və buna görə də ona kompensasiya ödənilməsini xahiş etsə də, onun bu xahişini ümumiyyətlə nəzərə almamışlar. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, iddiaçıya işlədiyi son il üzrə 956,1 manat məzuniyyət pulu hesablanmış və həmin məbləğ ona nağd şəkildə ödənilmişdir. İddiaçı özü də etiraf edir ki, işlədiyi əvvəlki illərdə də, əmək haqqı və onlara verilən digər ödənişlərin hamısını nağd şəkildə almışdır. Bundan başqa əgər o pul ona verilməsəydi bu qədər gözləməzdi. Sadəcə iddiaçı sonradan rəhbərliyə müraciət edərək ona əlavə köməklik göstərilməsini xahiş etmişdir. Əslində rəhbərlik tərəfindən onun maddi vəziyyəti nəzərə alınaraq bu müraciətinə də, müsbət cavab verilmiş, lakin iddiaçı ona təklif olunan məbləği az hesab edərək götürməkdən imtina emişdir. Odur ki, iddia tələbi əsassız olduğundan, iddia müddətinində tədbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə bildirmişdir ki, Əmək Məcəlləsinin 83.4-cü maddəsinə əsasən işçinin əmək müqaviləsinə xitam verilərkən mütləq qaydada son haqqhesabı həmin gün ödənilməlidir. Əmək qanunvericiliyinə görə son haqq-hesab dedikdə birinci növbədə işçinin işlədiyi iş günlərinə görə əmək haqqı, istifadə etmədiyi məzuniyyətə görə ödəniş, müavinət və sair ödənişlər aiddir. Əlbəttə ki, bütün bunlar Əmək Məcəlləsinin 83.4-cü maddəsinin tələbi bundan ibarətdir ki, işçi işdən çıxan gün həmin o pul işçinin kartına köçürülməlidir. Cavabdeh tərəfindən qanunvericiliyin bu tələbləri pozulmuş və buna gərədə barəsində inzibati qərar tədbiq olunaraq cərimlənmişdir. Bunlar baş tutmadığına görə əmək qanuhnvericiliyinin tələblərinə riayət edilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Sosial arayışdan görünür ki, İddiaçı 2012-ci ildən 2022-ci ilin mart ayınadək X9 Şirkətində işləmişdir. Hər ay müvafiq əmək haqqı almışdır. İşəgötürən "xxxx" QSC-nin direktoru X5 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən nəzarətçi peşəsinə işə qəbul edilmiş, əmək müqaviləsi 1 ay müddətinə bağlanmışdır. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdən QSC-yə işə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə dəyişiklik edilmiş, tikinti binasında nəzarətçi vəzifəsində qəbul edilmişdir. İşəgötürən "xxxx" QSC-nin direktorudur. Müqavilənin bitmə tarixi xx.xx.2021-ci il qeyd olunmuşdur. İddiaçı tərəfindən "xxxx" QSC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o xx.xx.2022-ci il tarixdən öz istəyi ilə işdən azad olunmasını xahiş etmişdir. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 03ş\h №li əmrdən görünür ki, "xxxx" QSC-nin nəzartəçisi İddiaçı xx.xx.2022-ci il tarixdən AR ƏM-nin 68.2-ci maddəsinin a bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) işdən azad olunmuş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2022-ci il tarixli əmrlə, xx.xx.2022-ci il tarixdə ƏM-nin 68.2-ca maddəsinin a bəndinə əsasən İddiaçı ilə bbağlanmış əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" QSC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə öz ərizəsinə əsasən işdən azad edildiyi, ona işlədiyi sonuncu ay iş günləri üzrə 1001 manat əmək haqqı ödənildiyi, lakin məzuniyyət üzrə kompensasiyanın nəğd şəkildə ödənildiyindən təsdiqedici ödəniş sənədinin olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********0 saylı və digər məktublarından müəyyən olunur ki, aparılan araşdırma zamanı "xxxx" QSC-nin (bundan sonra Cəmiyyət) rəhbərliyinin X12 Xidmətinə təqdim etdiyi sənədlərə əsasən onunla Cəmiyyətin rəhbərliyi arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndinə (öz xahişinizlə) əsasən xitam verildiyi, iddiaçının əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, əmək haqqı və digər ödəmələr) ödənilmədiyindən Cəmiyyətin direktoru X1 İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edildiyi, barəsində 14 iyun 2022-ci il tarixli MN1065646 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyi və həmçinin son haqq-hesabın ödənilməsi ilə əlaqədar "xxxx" QSC-nin rəhbərliyinə göstəriş xarakterli məktub göndəridiyi bildirilmişdir. Proqress PRQ” QSC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-cü il tarix üzrə ödənilməli olan məzuniyyət haqqı 956,1 manat təşkil edir. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 50 manat məbləğində mediasiy xərci ödənilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsinin İİ.hissəsinə görə, əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin x) bəndinə əsasən x) hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biri kimi təsbit olunmuşdur. Həmin Məcəllənin 68.2-ci maddəsinin a bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsüdür. Azərbaycan Respublikası ƏM-in 76-cı maddəsinə əsasən İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Eyni Məcəllənin 77.3-cü maddəsinə əsasən Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” (müəssisə ləğv edildikdə) və “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq - beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında işdənçıxarma müavinəti ödənilir. Həmin Məcəllənin 77.7-ci maddəsinə əsasən Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər) xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 113.3-cü maddəsinə əsasən Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən ütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, İddiaçı X9 Şirkətində 2012-ci ildən başlayaraq işləmişdir. Onunla xx.xx.2014-cü il tarixdə əmək müqaviləsi bağlanmış, Proqres PRS QSC tərəfindən xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə dəyişiklik edilmiş, tikinti binasında nəzarətçi vəzifəsində qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı öz istəyi ilə işdən azad edilmə barədə ərizə yazmış və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə ilkin olaraq 10 il 3 ay müddətində işlədiyi dövr üçün istifadə edilməmiş əmək məzuniyyətlərinə görə 2704 manat vəsaitini ödənilməsi ilə bağlı iddia tələbini qismən əsaslı hesab edərək qeyd edir ki, əmək məzuniyyəti hər il müvafiq iş ilinə görə verilir. İddiaçı işlədiyi 10 ildən artıq dövrdə əmək məzuniyyətindən istifadə etmədiyini bildirsə də, bu müddət ərzində istifadə edilməmiş əmək məzuniyyətinə görə işəgötürənə müraciət etməsi iş materialları ilə müəyyən edilməmişdir. Əmək qanunvericiliyinin tələblərinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə iddiaçının əvvəlki dövrlərə münasibətdə iddia müddətini ötürdüyünü, həmçinin son ayın əmək haqqını işdən azad olunarkən nağd şəkildə almasını qəbul etdiyini nəzərə alaraq məhkəmə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-cü il tarix üzrə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul vəsaiti ödənilməsini məqsədəmüvafiq hesab edir. Cavabdeh tərəfindən təqdim olunmuş arayışdan görünür ki, qeyd edilən dövr üzrə iddiaçıya ödənilməli olan məbləğ 956,1 manat təşkil edir. Cavabdeh işdən azad olunarkən son haqq-hesabı iddiaçıya nəğd şəkildə ödədiyini bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Həmçinin cavabdeh barəsində tətbiq olunmuş inzibati tənbeh haqqında qərardan görünür ki, Proqres PRQ QSC-nin direktoru iddiaçının əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, əmək haqqı və digər ödəmələr) ödənilmədiyindən AR İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə iddia tələbinin Azərbaycan Respublikası ƏM-in 77.3-cü maddəsinə əsasən orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında işdənçıxarma müavinəti, həmçinin bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər) xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı işdən öz isdəyi ilə çıxmadığını bildirsə də həmin hallar iş materialları ilə təkzib edilir. İddiaçı tərəfindən verilmiş ərizədən, əmrdən və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən göründüyü kimi işçi öz xahişi ilə işdən azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə ƏM-nin 68.2-ci maddəsinin a bəndinə əsasən xitam verilmişdir. Həmçinin hazırki idda ərizəsində iddiaçı əmək müqaviləsnə xitam verilməsi ilə bağlı əmri mübahisələndirməmiş, ümumiyyətlə əmrin ləğv edilməsi barədə məhkəməyə müraciət edilməmişdir. Belə olan halda işçinin işdən azad edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli əmr qüvvədə oluğundan işçinin ƏMin 68.2-ci maddəsinin a bəndinə əsasən işdən azad edilməsi işin mübahisəsiz halıdır. Orta aylıq əmək haqqının 1,7 misli miqdarında işdənçıxma müavinəti əmək müqaviləsi ƏM-nin bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilən işçilərə, 3 misli miqdarında əmək haqqının ödənilməsi isə əmək müqaviləsi ƏM-nin 68.2-ci madddəsinin ç bəndinə əsasən ləğv edilən işçilərə aid edildiyindən iddia tələbi həmin hissələrdə əsassız hesab edilməlidir. Digər tərəfdən Əmək müqaviləsinə ƏM-nin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar xitam verilməsi halında əmək haqqının 3 misli miqdarında müavinət ödənilməsi Əmək Məcəlləsinin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilərə (işəgötürən (rəhbəri), onun müavinləri, baş mühasib və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərləri) aid edilir. İddiaçı isə həmin müəssisədə qeyd edilən vəzifələrdən heç birini yerinə yetirməmişdir. Bundan başqa qeyd etmək zəruridir ki, əmək müqaviləsinə Əmək Məcəlləsinə əsasən bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla xitam verilə bilməz. İddiaçı isə onunla bağlanmış əmək müqaviləsinə həm ƏM-in 70-ci maddəsinə, həm də 68.2-ci maddəsinin ç bəndinə əsasən xitam verilməsinə istinad edir ki, bu da qanunvericiliyə əsasən yolverilməz olduğundan iddia tələbinin həmin hissələrdə əsassız olduğuna və iddianın formal mülahizələrə əsaslandığına dəlalət edir. İddia tələbinin iddiaçının heç bir əmək haqqı almadan öz işi ilə yanaşı həm də nəzartəçi vəzifəsini həyata keçirməsi və bununla bağlı 2000 manat kompensasiya tələb edilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə dəyişiklik edilmiş, tikinti binasında nəzarətçi vəzifəsində qəbul edilmiş, eləcə də X5 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən nəzarətçi peşəsinə işə qəbul edilmişdir. Göründüyü kimi işçinin vəzifəsi dəyişdirilmiş və 2021-ci ilin oktyabrında nəzarətçi kimi işə başlamış və həmin vəzifəni yerinə yetirdiyinə görə əmək haqqı almışdır. İddiaçı 2020-ci ilin dekabrından həmin vəzifəni yerinə yetirdiyini və buna görə əmək haqqı almadığını bildirsə bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də iddia tələbi həmin hissədə də rədd edilməlidir. İşdən azad ediləndən sonra keçən 9 (doqquz) ay ərzində tərəfindən qarşılanan kompyuter və poçt xərcləri, dəfələrlə müraciəti ilə əlaqədar Bakı şəhərinə səfər xərcləri (nəqliyyat, gündəlik qaçılmaz xərclər,) mediasiya xərcləri, vəkil xərcləri - 1000 (bir min) manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən işçi öz hüququnu yalnız məhkəmə vasitəsilə həyata keçirə bilər. Hazırkı halda iddiaçının digər dövlət orqanları ilə yazışmasına və xərc çəkməsinə heç bir ehtiyac olmamışdır. Ona görə də əlaqədar xərclər cavabdehdən alınması məqsədəq müvafiq deyildir. Həmçinin Mülki Prosessual Məcəlləyə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir və məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçının nəqliyat, gündəlik xərclərin cavabdehən tutulması ilə iddiası əsassız olduğundan, həmçinin həm qeyd edilən xərclər, həm də vəkil xərcləri ilə bağlı məhkəməyə ödəniş qəbzi və ya digər sübutlar təqdim olunmadığından iddia həmin hissələrdə də rədd edilməli, yalnız mediasiya xərci - 50 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə qeyd olunanlara əsasən iddia tələbi qismən təmin edilməli, ödənilməmiş 956,10 (doqquz yüz əlli altı manat on qəpik) manat məzuniyyət pulu, İddiaçı tərəfindən ödənilmiş 50 manat məhkəmə məsrəfi (mediasiya ödənişi) cavabdeh "xxxx" QSC-dən tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Ödənilməmiş 956,10 (doqquz yüz əlli altı manat on qəpik) manat məzuniyyət pulu cavabdeh "xxxx" QSC-dən tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 50 manat məhkəmə məsrəfi (mediasiya ödənişi) "xxxx" QSC-dən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar