Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2212/2022 05.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “əmlakın qeyri-yaşayış sahəsi kimi rəsmiləşdirilməsinə razılığın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh ASC-yə qarşı “əmlakın girovda qalmaqla qeyri-yaşayış sahəsi kimi rəsmiləşdirilməsinə razılığın verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək ünvan 1 ünvanında yerləşən mülkün qeyri-yaşayış sahəsi kimi rəsmiləşdirilməsinə razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, o, iddianı bankın götürəcək xeyir üzərində qurmuşdur. Bank öz mövqeyini yazılı şəkildə əsaslandırmalıdır ki, onun iddiası onların hansı mənafeyinə ziyan vurur. Lakin bank yazılı şəkildə mövqe bildirmir. Bu cavab iki il necə ki, ona gəlib çıxmamışdır, eyni prosesdə burada baş verir, yəni ki yeni bir şey yoxdur. İki il yarımdır ki, o, bir sənədi ala bilmir. O özü üçün müəyyən etmişdir ki, onun qarşısında duran kimdir və niyyəti nədir. Eyni sualı da o öz-özünə verirdi ki, eyni bankda onun birinci kreditim deyil, nə baş verir?!. Əvvəl o, düşünmüşdür ki, ona kağız verilməmə səbəbi restruktruzasiya getməyi, bankın adının dəyişməsi, hansısa mənfi hallar olmasıdır. Onun ağlına gəlmirdi ki, bank bunu niyə etsin. O, vətəndaş olaraq, qanunu başa düşmürsə, onda o qanunun nəsə problemi var. Çünki, bilir ki, o, ziyan vurmur, bir pis niyyəti yoxdur, bu hər iki tərəfə müsbət olan bir haldır. O başa düşmürdü ki, problem nədir. Amma bu uzun gedən bir prosesdir. Müəyyən məqamda artıq onlar yalanlar danışsa, hər dəfə başqa şeylər desələr də, onların heç biri yazılı təqdim olunmurdu. O, belə qənaətə gəlmişdir ki, bankdan nə ziyan vurmağı ilə bağlı cavab ala bilmir. Bəlkə onlarla razılaşacaq və bir yerdə həllini tapacaqlar. Yəni onlar razılığa gəlməlidirlər ki, bunun real həllini tapsınlar. Sonra görmüşdür ki, bunlar yalandır və onu açıq-aşkar aldadırlar. Onu futbol topu kimi ordan-ora atırlar. Bankda onun danışmadığı adam qalmamışdır. Hansısa məqamda dayanmalı olduğunu özünə demişdir. O, bu problemi başqa banklarla maraqlanmağa başlamışdır. Hamı birmənalı olaraq deyir ki, əksinə əmlakın qiyməti artır, bunda problem yoxdur. Yəni bu biznesdir, o gəlir gətirən müştəridir. Bank ona dəstək durur, bu tərəfdaşlıqdır, o da öz işində olur. Tanışlıqla deyil, neytral statusa uyğun olaraq bütün banklardan gedərək maraqlanmışdır və bunun səbəbinin nə olduğunu araşdırmışdır. Neytral bir statistika olmalıdır ki, ortalığa bir nəticə gəlsin. Bir-bir banklara yaxınlaşıb soruşurdu. Banklardan soruşduqda isə ad çəkmirdi. Banklardan soruşurdu ki, razılıq verməməyin səbəbi nə ola bilər. Dedilər problem yoxdur. O da başa düşürdü ki, problem deyil, çünki Cavabdeh ASC ilə bundan öncə təcrübəsi var idi. Əvvəl Cavabdeh ASC-nin hələ "xxxx" İKB ASC olan vaxtı hər hansı sənəd alarkən ərizə yazmadan belə banka zəng vururdu problem olmurdu. Bir iş günü ərzində gedib sənədini götürürdü. Hazırkı, bankın filialları ona “VİP müştəri” statusu vermişdir. Halbuki, o, bundan istifadə etməmişdir. Müştəri - bank münasibətləri olaraq, çox pozitiv münasibət var idi. Digər banklardan cavab aldıqdan sonra araşdırmağa başlamışdır ki, bəs razılıq verməməsinin cavabdehə xeyri nədir. Hamsı fikir bildirir ki, mülkü onun əlindən almaq. Bu cür problem yerində həll edilməlidir. Məhkəməyə gəlməli deyil. Əgər məhkəmələrdə bu qəbildən mübahisə ilə bağlı işlər yoxdursa, deməli banklar bunu problem etmirlər. Çünki, bu problem deyil, burda banka heç bir ziyan yoxdur. O, əmlakı nə icarəyə verə bilir ki, pul qazana bilsin, nə də sata bilir. Elan vurduqda birinci çıxarışın olub-olmamasını soruşurlar. Onun iddia ərizəsi bankın xeyrinin nə ola biləcəyinin üzərində qurulmuşdur. Məhkəmə birinci iclasda bankın nümayəndəsindən onlara vurulacaq ziyanın nə olduğunu soruşduqda bankın nümayəndəsi bildirmişdir ki, mülk bulvarın yanında yerləşir. O birinci dəfədir ki, eşidirdi ki, bankın nümayəndəsi mülkün yerini bilsin. Bildirmişdir ki, yüz min qiymətləndirilibsə dörd yüz min olacaq və onlar qiymət fərqi ödəməli olacaqlar. Onun iddia ərizəsində yazdığı odur ki, mülkü onun əlindən bu vəziyyətdə alıb, sənədləşməni bitirib, mülkü satıb üstündə gəlir əldə etməkdir. Mülkü onun əlindən alınmasını bankın nümayəndəsi şifahi bildirmişdir. Bu suallar nümayəndəyə növbəti iclasda verilməli və protokolda əksini tapmalıdır. Onu birinci DƏDRX-ə bank göndərmişdir. Bank bildirmişdir ki, onlar razılıq versə də mülk girovda olduğu üçün DƏDRX razılıq verməyəcəkdir. O, DƏDRX-ə getdi və orada ona bildirmişlər ki, bankın razılığı olmalıdır. İcazə olmasa da onun xahişi ilə DƏDRX-in nümayəndəsi banka zəng etmiş və bank işçisinə bunu bildirdikdə, bankın işçisi onların hüquqşunaslarının Mənzil Məcəlləsinə və s. istinad etdiklərini bildirmişdir. O, bütün sənədləri yığaraq DƏDRX-ə getmişdir. Onun bütün sənədləri qaydasındadır, bircə bankın razılığı yoxdur. DƏDRX bildirir ki, bankın razılıq sənədini gətirsin qəbul etsinlər. DƏDRX-dən bankla dəfələrlə əlaqə saxlamışdır. DƏDRXdə ona analoji işlə bağlı digər bankların razılıq sənədini də göstərmişlər. Hətta DƏDRX-in işçisi banka da zəng vuranda qeyd etmişdir ki, onlar girovda qalmaq şərtilə qeyri-yaşayış sahəsi kimi rəsmiləşdirilməsini yazsın, razılıq verirlər. Halbuki, bank deyirdi ki, onlar razılıq versə belə DƏDRX etməyəcəkdir. Bankın bəhanələrindən biri də bu idi. Suala cavab olaraq bildirmişdir ki, mülkün yaşayış sahəsi kimi çıxarışı vardır, yaşayış sahəsindən qeyriyaşayış sahəsinə keçmək prosesdir. Bu tək sənəd almaq deyil. Bütün təyinat, texniki parametrlər hər bir şey dəyişilməlidir. Bütün sənədlər yığılır və ərizə ilə yerli icra hakimiyyətinə müraciət olunur. İcra hakimiyyəti ikinci mərhələ olaraq, yoxlanışları keçirdikən sonra sərəncam verir. O bu mərhələləri keçmişdir. Sonrakı mərhələ isə DƏDRX-nin mərhələsidir. DƏDRX isə çıxarış və texpasport verir. Mülk girovda olduğu üçün DƏDRX çıxarışı vermir. Bu barədə DƏDRX sorğu da verə bilərlər. Praktika belədir ki, bank razılıq sənədini verir və DƏDRX bunu edir. DƏDRX ona rəsmi yazılı imtina verməmişdir, şifahi cavab vermişlər. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 izahat verərək bildirmişdir ki, iddiaçının qeyd etdiyi sənədlər və sübutlar iddia ərizəsində göstərilmişdir. 2006-cı ildən həmin evi qeyri yaşayış sahəsi kimi istifadə edir. İddiaçı hazırkı əmlakın 2007-2020-ci illər ərzində qeyri yaşayış sahəsi kimi “istifadə etdiyini” bildirir. Maraqlısı ondan ibarətdir ki, 2006-dan əvvəl və sonra həmin ev qeyri-yaşayış sahəsi kimi istifadə olunurdu. Həmin vaxt evin yüklülüyü yox idi və bankda girovda deyildi. Bu əmlak həmin dövrdə qeyri-yaşayış sahəsi olaraq, qeydiyyatdan keçirilməmişdir. Ondan sonrakı dövrdə də keçirilməmişdir. Həmin 2007-2020-ci illər arasında son 2-3 il ərzində həmin əmlak bankda girovda olmuşdur. Ondan qabaqda əmlak boş olmuş və iddiaçının mülkiyyətində olmuşdur və həmin əmlak qeyri-yaşayış sahəsi kimi rəsmiləşdirilməmişdir. 13 il ərzində qeyri yaşayış sahəsinə keçirilməyən əmlakın bankın girovunda olan vaxt qeyri-yaşayış sahəsi kimi qeydiyyatdan keçməsi üçün iddia qaldırılmasının heç bir əsası yoxdur, tamamilə qanunsuzdur. Çünki əmlakı girova qoymamışdan əvvəl banklar istənilən insana kredit verərkən, kreditin sahibkarlıq, biznes və ya istehlak məqsədilə verilməsi zamanı bank tərəfindən bu risklər dəyərləndirilir. Məhkəməyə Xətai rayon məhkəməsində bu işə baxılması ilə bağlı qətnamədən çıxarış da vermişdir. Kredit verilən zaman risklər dəyərləndirilir. Həmin əmlakı bank yaşayış sahəsi olaraq, girova götürüb, onun müqabilində kredit verəndə-100 minlik kredit verilirsə 100 minlik əmlak və yaxud 120 minlik əmlak da həmin girova götürülür. Çünki, bu risklər əhatəsi dairəsində bunlar müəyyən olunur. Çünki əgər əlli minlik evi varsa bu evi qeyri-yaşayış sahəsinə çevirib, proses gedişində və yaxud kredit gedişində bunu 200 minə sata bilirsə əlli minin müqabilində əlli min kredit alırsa həmin prosesdən 200 min manat heç bir sənədləşmə xərci vermədən qabağa düşür deməkdir. İndiki də eyni vəziyyətdir. 100 min manat kredit götürüb 100 minlik əmlakda ipoteka müqaviləsi ilə girova qoyulubsa, indiki vəziyyətdə bu əmlakın qeyriyaşayış sahəsinə çevrilməsi birbaşa bankın öz səlahiyyətindədir. İpoteka haqqında qanunda da deyilir ki, bankın səlahiyyətindən kənar bir halda ola bilər. O halda ola bilər ki, xanım qeyri-yaşayış sahəsinə keçirmə ilə bağlı sənədlərini hazırlayır, qeyri-yaşayış sahəsinə keçiriləndən sonra özünün izahatında da varki, deyir ki, “qeyri-yaşayış sahəsinə keçirib, əmlakı satacam. Satandan sonra bankın kreditini bağlayacam.” Həmin prosedurlar notariusda gedir. Həmin bu proses gedişində əmlak qeyri-yaşayış sahəsi kimi olaraq çıxarış verilir, satılır, bankın həmin anda da borcu ödənilir. O halda bankın razılığına ehtiyac olmur. İndiki halda, bank da bunu təklif edir. Bank ona da razı deyil ki, yox, sənədləşmə getsin. Onlar üçün maraqlı olan və qəribə gələn o haldır ki, 2006-cı ildən qabaq və sonrakı dövrdə əmlak xanımda olmuş, heç bir dövrdə qeyri-yaşayış sahəsinə keçirilmə ilə bağlı müraciət yox, sənəd yox, qeyri-yaşayış sahəsinə keçirilməmişdir. Banka da qeyri-yaşayış sahəsi kimi çıxarış verərdi ki, bunu banka girov qoymaq istəyir və bank da həmin riskləri dəyərləndirsə, o krediti verməzdi. Çünki, 200, 300, 400 minlik əmlakı balansa götürüb, 100 minlik kredit verilmir. Belə ki, 100 minlik kreditə görə sabahkı gün ödəniş olmayanda gecikmə olanda kredit 110 minlə məhkəməyə veriləndə, qabağındakı əmlakın qiyməti 400 min olanda bank avtomatik olaraq 300 min manat fərq qaytarır. Bu da o deməkdir ki, 100 minlik əmlaka və yaxud 150 minlik əmlaka, kreditə görə bank 1 nəfərə 400 min manat xeyir verir, və o əmlak onun balansına keçəndən sonra onu satar, satmaz artıq o sonranın məsələsidir. 400 min manat bankdan pul çıxır, bu pulun qaytarılma perspektivi görünmür. Bütün bu hallara görə iddianın qanunsuz və əsassız olduğu üçün rədd olunmasını xahiş edir. Çünki, bütün bu prosedurlar xanımın əlində idi, və xanım da əmlakı öz əlində ola-ola 2006-2007-ci ildən icra hakimiyyətindən qapı açmaq üçün icazə aldığı dövrdən onunla bağlı DƏDRX-də müraciət edib qeyri-yaşayış sahəsinə keçirə bilərdi. Bütün bu prosedurlar da girovsuz olduğu üçün çox rahat gedirdi. Nə oldu ki, bu həmin vaxt olmadı, əmlakı girova qoyduqdan sonra gəlib qeyri-yaşayış sahəsi kimi keçirib, satıb, bankın borcunu bağlamaq istədiyini bildirir. Həmin vaxt qeyri-yaşayış sahəsi kimi satardı, heç bankdan da kredit götürməzdi, gedib pulunu da xərcləyərdi. Heç bankla alacağı və verəcəyi olmazdı. Halbuki, iddiaçı deyir ki, bank onun yerinə göz dikmiş, onun yerini yaxşı əzbərləmişdir. Bankın həmin əmlakın yerini bilməsi onun səlahiyyətidir. Bank iddiaçının dediyi kimi qızı ilə onu küçəyə atmaq istəmir. Bank iddiaçıdan xahiş etməmişdir ki, gəlib bankdan kredit götürsün və əmlakını ev kimi götürürlər, sonra gələr qeyri-yaşayış sahəsi kimi çevirərlər. Bunlar qanunauyğun deyil. Əmlak girova qoyulana qədər iddiaçı qeyri-yaşayış sahəsi kimi keçirə bilərdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. İddiaçı isə iclasın təxirə salınmasını xahiş etsə də, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan kreditor - "xxxx" İKB ASC ilə borcalan - X3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 23-BİZ-1-0-615-18(1) nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən müştəriyə illik 20% ödəmək şərti ilə 60 ay müddətinə 100000 manat məbləğində kredit verməyi, müştəri isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, həmçinin krediti hesablanmış faizləri, komissiya haqqı və digər ödənişlərlə birliklə banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan ipoteka saxlayan - "xxxx" İKB ASC ilə ipoteka qoyan - X3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 23-BİZ-1-0-630-18(B) nömrəli ipoteka müqaviləsinə əsasən X3 xx.xx.2018-ci il tarixli, 23-BİZ-1-0-615-15(1) nömrəli kredit müqaviləsinin təminatı olaraq mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 4, 11 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan Xətai rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2019-cu il tarixli, 287 nömrəli sərəncamından çıxarışa əsasən X2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 4, 11 saylı mənzilin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinə icazə verilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli, KBD6766 nömrəli məktubuna əsasən xx.xx.2018-ci il tarixli, 23-BİZ-1-0-615-15(1) nömrəli kredit müqaviləsi üzrə X1 Cavabdeh ASC-yə qarşı heç bir öhdəliyi yoxdur. İş materiallarında olan Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli, 19/2721 nömrəli məktubuna əsasən X3 banka olan kredit borcunu Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarxli, 2(011)-122/2022 saylı qətnaməsinə və Kredit Bərpa Komitəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən güzəştli şərtlərlə ödədiyindən, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 4, 11 saylı mənzilin ipotekadan azad edilməsi barədə AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göstəriş verilmişdir. Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin çıxarışından müəyyən olunur ki, qurumun əvvəlki adı "xxxx" İKB ASC, hazırki adı isə Cavabdeh ASC-dir. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, mübahisə predmeti olan yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. Həmin yaşayış sahəsi xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən bankla Məmmədova (Əsəd) Sevinc arasında bağlanmış eyni tarixli kredit müqaviləsinin təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Xətai rayon İcra Hakimiyyətinin sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 4, 11 saylı mənzilin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinə icazə verilmişdir. Hazırda iddiaçı mənzilin qeyri-yaşayış sahəsi kimi rəsmiləşdirilməsinə razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan bankın xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli məktublarından müəyyən edilir ki, iddiaçının bank qarşısında xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə heç bir öhdəliyi qalmamışdır və bank mübahisə predmeti olan mənzilin ipoteka yüklülüyün götürülməsi barədə müvafiq orqana müraciət etmişdir. Göründüyü kimi, iddiaçının bank qarşısında hazırda heç bir öhdəliyi yoxdur. İddiaçı özü müstəqil şəkildə əmlakı barəsində sərəncam verə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka qoyanın ipoteka predmetini vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı ünvan 1 ünvanında yerləşən mülkün qeyri-yaşayış sahəsi kimi rəsmiləşdirilməsinə razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı ünvan 1 ünvanında yerləşən mülkün qeyri-yaşayış sahəsi kimi rəsmiləşdirilməsinə razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-2212/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2212/2022
05.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver