Məhkəmə qərarları › İş №2(004)-2212/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2212/2023

08.06.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2212/2023 08.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə və müstəqil tələb irəli sürməyən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə qarşı “istifadə olunmamış əmək məzuniyyətlərinə görə pul əvəzi və ödənilməmiş digər vəsaitin tutulması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə və müstəqil tələb irəli sürməyən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə qarşı “istifadə olunmamış əmək məzuniyyətlərinə görə pul əvəzi və ödənilməmiş digər vəsaitin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadə etmədiyi əmək məzuniyyətlərinə görə 2336,09 manat, “İşdənçıxarma müavinəti" olaraq 1139 manat, 3 aylıq müavinət olaraq 2010 manat, Paralel olaraq daşıdığı Texniki Təhlükəsizlik üzrə nəzarətçi vəzifəsinə görə 2000 manat, İşdən azad ediləndən keçən 7 (yeddi) ay ərzində tərəfimdən qarşılanan kompyuter və poçt xərcləri, dəfələrlə müraciətlərində əlaqədar Bakı şəhərinə səfər xərcləri (nəqliyyat, gündəlik digər qaçılmaz xərclər, mediasıya və vəkil xərcləri - 1000 manat olmaqla, cəmi 8485,09 manatın Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 1984-cü ildə Ağdam rayonunun Zəngişalı kəndində anadan olmuş, ailəlidir. 1 övladı var, işləyir, orta təhsilli, qeyd etdiyi ünvanda ailə üzvlərində birlikdə yaşayır. Bu müraciəti onun Məhkəməyə etdiyi sayca ikinci müraciətdir. İlk dəfə eyni ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdi. Nəsimi Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli Qərardadı ilə ərizənin ərazi aidiyyati üzrə verilmədiyini, eləcə də burada bəzi dəyişikliklər edilməsinin vacibliyini əsas gətirərək sənədləri geri qaytarmışdır. Yasamal Rayon Məhkməsinə indiki müraciətində Nəsimi Rayon Məhkəməsinin iradlarını aradan qaldırmağa çalışmışdır. Məlumat üçün bildirir ki, cavabdehin ünvanı qarşısında göstərilən VÖEN "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin bazasında yaradıldığı “X4 Şirkətinə əvvəldən məxsus olan VÖEN-dir. Əlində digər məlumatların olmadığını və dəqiqləşdirmə aparmaq imkanı əldə edə bilmədiyi üçün nəzərə almağını xahiş edir. O, 2012-ci ilin yanvar ayından 2022-ci ilin yanvar ayınadək "xxxx" Qapalı Səhmdar Cəmiyyətində (əvvəllər “X4” şirkəti adlanırdı) fəhlə kimi çalışmışdır. 2022-ci ilin yanvar ayında rəhbərliyin bildirdiyi kimi "xxxx" QSC fəaliyyətini dayandırdığına görə işdən azad edilmişdir. Burada çalışdığını 10 il 1 ay ərzində bir dəfə də olsun əmək məzuniyyətinə buraxılmamış və istifadə etmədiyi əmək məzuniyyətlərinə görə rəhbərlik tərəfindən pul əvəzi almamışdır. Bu bütöv 10 (on) il və İ (bir) ay üçün nəzərdə tutulan pul əvəzidir. Onun “Proqress PRQ" QSC tərəfindən əmək hüquqlarının pozulması barədə çoxsaylı müraciətlərinə cavab olaraq “Proqress PRQ» QSC-nin rəhbərliyi yanlış olaraq onun bu müəssisədə xx.xx.2020-ci il tarixdən işlədiyi barədə məlumat verir. Bu mövqe Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin rəisi cənab Həmid Ədhəmovun imzası ilə ona ünvanlanmış xx.xx.2022- ci il tarixli **********0 nömrəİi məktubunda öz əksini tapmışdır. “Proqress PRQ» QSC ƏƏSMN yanında X8 Xidməti Bakı şəhər idarəsinə burada əmək fəaliyyətinin başlanğıcı barədə yalnış məlumat verir. Bu yalnışlığı onun burada suverən hüquqlarının pozulması prosesinin başlanğıcı kimi qiymətləndirir. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun ona verilən Sosial arayışında onun burada əmək fəaliyyətinin 2012-ci ilin yanvarından başlanıldığı qeyd olunur. Adı çəkilən arayışa rəğmən o “Proqress PRQ" QSC (Əvvəllər X4 Şirkəti adlanırdı) 2012-ci ilin yanvar ayından 2022-ci ilin yanvar ayı da daxil olmaqla fəhlə kimi çalışmış, aylıq sabit əmək haqqı almış və ona aid olan bütün vergi və sosial ödənişlər hər ay üzrə nizamlı qaydada ödənilmişdir. Bu ona istifadə etmədiyi əmək məzuniyyətlərinə görə pul əvəzinin 2014-cü ildən yox, 2012-ci ilin yanvar ayından hesablanaraq ödənilməli olduğuna dəlalət edir. Azərbaycan Respublikasının ƏƏSMN yanında, X8 Xidməti Bakı şəhər İdarəsinin yuxanda göstərdiyim və mənə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktubundan məlum olur ki, onunla “Proqress PRQ" QSC arasında olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndinə (tərəflərdən birinin təşəbbüsünə) əsasən guya onun xahişi ilə xitam verilmişdi. O, qəti surətdə əmin edir ki, ona “Proqress PRQ" QSC ilə aralarında olan Əmək Müqaviləsi göstərilməyib və eləcə də onun bir surəti saxlanılmaq üçün ona təqdim olunmayıbdır. O ki, qaldı Əmək müqaviləsinə onun ərizəsi əsasında xitam verilməsinə, bildirir ki, o heç bir ərizə yazmamış, bu barədə heç bir məlumatı belə bir yoxdur. “Proqress PRQ’’ Qapalı Səhmdar Cəmiyyəti, “Proqres Sənaye-İstehsalat Şirkətimin hüquqi varisidir. Burada baş verən struktur dəyişikliyi yeganə olaraq onun adının dəyişdirilməsindən ibarətdir. “Proqress PRQ" QSC müəssisənin adı dəyişdirilmiş mülkiyyətçisi hesab olunmalıdır. Onun 2022-ci ilin yanvar ayında aldığı axırıncı əmək haqqının məbləği 670 (altı yüz yetmiş) manat təşkil edir, o zaman cavabdeh tərəfindən ona veriləcək 3 (üç) aylıq müavinət 2010 (iki min on) manat təşkil edir. Belə ki, o Sənaye-İstehsalat Şirkətinin göndərişi ilə keçdiyi xüsusi təlimlərdən sonra öz işi ilə yanaşı olaraq Ağcabədi rayonu 'l axla Körpü ərazisində inşa olunan 50 evlik Vağazin köçkün qəsəbəsinin salınmasında Texniki Təhlükəsizlik üzrə nəzarətçi vəzifəsini də icra etmişdir. 2019-cu ilin oktyabr ayından 2020-ci ilin iyul ayına kimi bu vəzifə səlahiyyətlərini yerinə yetirsə də rəhbərlik tərəfindən bu vəzifə üçün nəzərdə tutulan əmək haqqının heç bir hissəsini belə almamışdır. Jurnallarda düzgün qeydlər aparmış, instruktajlar keçirmiş, maarifləndirmə tədbirləri aparmış, imza edib, imzalar almışdır. Lakin bu vəzifəni yerinə yetirdiyinə görə rəhbərlik tərəfindən bu vəzifə üçün nəzərdə tutulan əmək haqqının heç bir hissəsini belə almamışdır. Onun burada Texniki Təhlükəsizlik üzrə nəzarətçi vəzifəsini paralel olaraq icra etməyini təsdiq edəcək çoxlu sayda şahidləri vardır və onlar hər an məhkəmənin dəvəti ilə Məhkəmə prosesinə qatılaraq bu faktları təsdiq edəcək ifadələr verməyə hazırdırlar. Ağdam rayonunun Mahrızlı kəndində qeydiyyatda olan Mahnzlı kənd sakini hazırda heç bir yerdə işləməyən X6 (Mobil: ***-***-**-**) Laçın rayonunun Ağcakənd kəndində qeydiyyatda olan, Ağcabədi rayonu Taxta Körpü, 552 saylı köçkün qəsəbəsi, 189 nömrəli mənzildə müvəqqəti məskunlaşan, hazırda heç bir yerdə işləməyən X7 (Mobil: ***-***-**-**) 2019-2020-ci illərdə Taxta Körpü ərazisində Laçın rayonunun Vağazin kənd sakinləri üçün inşa olunan 50 yerlik köçkün qəsəbəsinin tikilişində mənimlə birlikdə fəhlə kimi çalışmışlar, dəfələrlə Texniki Təhlükəsizlik üzrə nəzarətçi kimi tərəfimdən instruktajlar almışlar. Eləcə də onun Texniki Təhlükəsizlik üzrə nəzarətçi vəzifəsini aparmağı barədə məlumatları heç şübhəsiz cavabdehin həmin obyekt üzrə saxlanılan sənədlərindən asanlıqla müəyyən etmək olar. Texniki Təhlükəsizlik üzrə nəzarətçinin vəzifə maaşı və onun miqdarı barədə məlumatı yoxdur. Lakin onu deyə bilər ki, bu vəzifəni 10 (on) aya qədər icra etmişdir. Xoşbəxtlikdən bu vəzifəni daşıdığı zaman müəssisədə bədbəxt hadisə baş verməmiş, həyatını itirən və istehsalat zədəsi olanlar olmayıbdır. Əks tədqirdə Texniki Təhlükəsizliklə bağlı məsul şəxs kimi onu hansı cəza tədbirləri gözləyə biləcəyini təsəvvür etmək elə də çətin olmaz. O, bu vəzifəni Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə işlərin Təhlükəsizlik Çörülməsi və X5 Agentliyi Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X2-Tədqiqat İnstitutu tərəfindən verilmiş 26 sentyabr 2019-cu il tarixli ******* TT nömrəli şəhadətnamə əsasında yerinə yetirmiş və buna görə ona əlavə olaraq pul ödənilməyibdir. O, bu vəzifəni 10 (on) aya qədər daşıdığı üçün cavabdehdən 2000 (iki min) manat kompensasiya məbləği tələb edir və hesab edir ki, bu istəyində haqlıdır. Faktlar cavabdeh tərəfindən onun hüquqlarının pozulduğunu əyani şəkildə təsdiq edir. Eləcə də əmək hüquqlarının pozulması ƏƏSMN yanında X8 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2022-ci il, ƏƏSMN yanında X8 Xidmətinin xx.xx.2022-ci il və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının xx.xx.2022ci il, Dövlət Müfəttişliyi Xidmətinin xx.xx.2022-ci il tarixli sorğusuna cavab olaraq göndərdikləri məktublardan da yaxşı görünür. Eləcə də bu məktublarda qeyd edilir ki, barəsində qanun pozuntusuna yol verildiyinə görə QSC-in direktoru X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir, eləcə də ona müvafiq ödənişlərin edilməsi üçün "xxxx" QSC-nin rəhbərliyinə göstəriş xarakterli məktublar göndərilmişdir. O, "xxxx" QSC tərəfindən suveren hüquqlarının pozulması, ona qanunla nəzərdə tutularaq ödənilməli olan pulların verilməsi barədə dəfələrlə ölkə Prezidenti cənab İlham Əliyevə, Azərbaycanın Birinci Vitse X1, Azərbaycan Respublikasının Milli Məclisinin Əmək və Sosial Siyasət Komissiyasının sədri cənab Musa Quliyevə, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri cənab Əli Hüseynliyə, Milli Məclisin sədri Sahibə Qafarovaya, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə, Respublikanın Daxili İşlər Naziri cənab Vilayət Eyvazova, Ədliyyə Naziri cənab Fikrət Məmmədova, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Şəbinə Əliyevaya, Azərbaycan Respublikasının Əmək və Əhali Sosial Müdafiəsi naziri cənab Sahil Babayevə, ƏƏSM Nazirliyi yanında X10 Xidmətinə ərizə və telegramlarla çoxsaylı müraciətlər edərək köməklik göstərilməsini xahiş etmişdir. Bununla yanaşı "xxxx" QSC-nin direktoru cənab Azər Atakişiyevə xx.xx.2022-ci il tarixdə müraciət etmişəm. Eləcə də Cəmiyyətdə kassir vəzifəsini icra edən Şöhrət Məmmədovla ona məxsus (077)388-79-88 nömrəli mobil telefon vasitəsilə bir neçə dəfə əlaqə saxlayaraq problemin həllində köməklik göstərməsini xahiş etmişdir. Müraciətlə bağlı müsbət cavab almadığı tədqirdə Bakı 4 saylı Mediasiya təşkilatına müraciət etdi. Tələbi konkret olaraq Mediasiya Təşkilatına bildirdi. 2 dəfə burada iclasda oldu. X13 Sessiyasında iştirak edən "xxxx" QSC-nin nümayəndəsi Mediasiya prosesini davam etdirməyə razılıq vermədi. Ona bu barədə xx.xx.2022-ci il tarixli Arayış təqdim olundu. Hadisələrin bu cür cərəyan etməsi göstərir ki, problem artıq böyüyərək Məhkəmə predmetinə çevrilmişdir və öz həllini ədalətli məhkəmə araşdırmasından sonra tapa bilər. Hesab edir ki, Məhkəmə pozulmuş subyektiv hüquqlarımın bərpa edilməsi üçün yeganə vasitədir. Məhkəmə onun problemləri Məhkəməyə qədər həll etmək cəhdlərini nəzərə alacaqdır və ədalətli qərar çıxaracaqdır. Cavabdeh "xxxx" QSC etirazla məhkəməyə müraciət edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırmışdır ki, X11 cavabdeh "xxxx" QSC-yə qarşı ödənilməmiş əmək məzuniyyəti və əlaqədar ödənişlərin tutulması barədə iddia qaldırmışdır. Aşağıdakı dəlillərlə iddiaya etiraz edir. Məzuniyyət haqqı iddiaçıya nağd şəkildə ödənilmişdir. İşçi öz məzuniyyət haqqı nağd şəkildə şirkətdən almışdır. Elə ona görə də 2022-ci ilin 31 yanvarından öz ərizəsi ilə işdən çıxsa da məhkəməyə 2023-cü il mart ayının 30-da müraciət etmişdir. İddia ərizəsinin yazılışından və əlavə sənədlərdən görünür ki, işçi öz hüquqlarını bilən adamdır. Əgər onun haqqı pozulmuş olsaydı heç işdən çıxma ərizəsi belə yazmaz, ən azı işdən çıxandan dərhal sonra öz haqqını tələb edərdi. Bundan əlavə iddia ərizəsində göstərilən 2336,09 manat məzuniyyət haqqının mənbəyi və hesablanma qaydası aydın deyildir. Məzuniyyət haqqı tələbi üçün iddia müddəti ötürülmüşdür. AR Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Əgər işçi məzuniyyət haqlarını almamışdısa onda hər il öz məzuniyyət haqqı tələb edə bilərdi. Lakin işçinin belə bir tələbi olmamış, sakitcə öz işini görmüşdür. Ona görə də iddiaçı həm ötən illər üzrə, həm də son iş ilinin məzuniyyət haqlarını iddia müddətinə görə tələb edə bilməz. İşçi xx.xx.2022-ci il tarixdə könüllü işdən çıxsa da, xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Ondan əvvəl Nəsimi məhkəməsinə müraciət geri qaytarıldığı üçün həmin müraciətin iddia müddətinin tətbiqi baxımından əhəmiyyəti yoxdur. Göründüyü kimi iddiaçı iddia müddətini 3 ay ötürmüşdür. Həmin müddətdən xx.xx.2022-xx.xx.2022-ci il mediasiya dövrünü çıxsa belə yenə də müddət ötürülmüş olur. Bir məsələ qeyd olunmalıdır ki, haqlı olsa belə yalnız son iş ilinin məzuniyyət haqqından söhbət gedə bilər. Əmək Məcəlləsinin 296.4-cü maddəsi əvvəlki illərin məzuniyyət haqqı tələbini iddia müddətinə görə istisna edir. Son iş ilinin məzuniyyət tələbi müddəti də yuxanda göstərilənlərə görə ötürülmüşdür. İddia müdətinin tətbiq edilməsi barədə ərizə cavabdeh tərəfindən artıq məhkəməyə təqdim edilmişdir. İşdənçıxarma müavinəti könüllü işdən çıxan işçiyə aid deyildir. Mülkiyyətçinin dəyişməsi ilə əlaqədar müavinət könüllü işdən çıxan işçiyə aid deyildir. İddia tələbinin bir hissəsi Əmək Məcəlləsinin 68-ci maddəsində nəzərdə tutulmuş mülkiyyətçinin dəyişməsi ilə əlaqədar müavinətin ödənilməsi ilə əlaqədardır. Bu maddə iddiaçıya aid edilə bilməz. O işdən mülkiyyətçinin dəyişməsi ilə əlaqədar deyil, könüllü çıxdığı üçün müavinət tələb edə bilməz. İşçi eyni vaxtda iki vəzifə yerinə yetirməmişdir. İddiaçı şirkətdə fəhlə vəzifəsində işləmişdir. Müxtəlif tikinti layihələri ilə əlaqədar öz əmək funksiyasını müxtəlif yerlərdə, o cümlədən də Zabrat aeroportunda davam etdirmişdir. O eyni vaxtda iki vəzifəni yerinə yetirməmişdir. Dövlət orqanlarına müraciətlərin xərci cavabdehin üzərinə qoyula bilməz. İddia tələbinin digər hissəsi iddiaçının işəgötürəndən almaq istədiyi vəsaitlə əlaqədar müxtəlif dövlət orqanları ilə yazışma xərcləri, o cümlədən mediasiya və vəkil xərcləridir. Qanuna görə işçi öz hüququnu yalnız məhkəmə vasitəsilə həyata keçirə bilər. Hazırki halda iddiaçının digər dövlət orqanları ilə yazışmasına və xərc çəkməsinə heç bir ehtiyac olmamışdır. Ona görə də əlaqədar xərclər iddiaçının üzərində qalmalıdır. Mediasıya və vəkil xərcləri isə təqdim olunmuş ödəniş sənədləri əsasında iddianın taleyinə uyğun həll edilə bilər. İddiaçının iddiaya mənəvi haqqı yoxdur. İddiaçı uzun müddət "xxxx" QSC-də işlədiyi müddətdə rəhbərliklə yaxşı münasibətləri olmuşdur. Tikinti işləri müxtəlif layihələr üzrə mövsümi olduğu üçün ilin bir-neçə ayı boşdayanma olsa da işçinin maaşı həmişə ödənilmişdir. Bundan əlavə işçiyə əlamətdar günlərdə mükafatlar verilmişdir. Məhz bu yaxşı münasibətlərə görə həm İddiaçı, həm də onunla birlikdə hərəkət edən digər iki işçi şirkətin fəaliyyəti dayanan kimi könüllü şəkildə işdən çıxmış və şirkətə qarşı heç bir tələb irəli sürməmişlər. Onların sonradan şikayətçiyə çevrilmələrinin səbəbi bizə aydın deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbi ilə eyni məzmunlu izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" QSC-nin nümayəndəsi və vəkili Vəkil etirazla eyni məzmunlu izahat verərək təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan işəgötürən "xxxx" QSC ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsindən görünür ki, işçi əsas iş yerinə təyin edilməklə ünvan 3 ünvanında olmaqla fəhlə peşəsinə qəbul edilmişdir. İddiaçı tərəfindən "xxxx" QSC-yə verilən əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən öz xahişi ilə xitam verməyini xahiş etmişdir. "xxxx" QSC-nin 28 yanvar 2022-ci il tarixli 01 ş/h nömrəli əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə əsasən işdən azad olunaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" QSC tərəfindən verilən arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixlərində şəxsi ərizələrinə əsasən işdən azad edilmişdir. İşlədikləri sonuncu ay iş günləri üzrə ona 600,25 manat məbləğində əmək haqqı hesablanıb ödənilmişdir. Lakin hər ikisinə məzuniyyət üzrə kompensasiya nəğd şəkildə ödənildiyindən təsdiqedici ödəniş sənədləri yoxdur. "xxxx" QSC-nin arayışından görünür ki, xx.xx.2021-xx.xx.2022-ci il tarixi üçün əmək haqqı və məzuniyyət haqqı hesabat cədvəlinə əsasən 449,5 manat ödəniləcək məzuniyyət haqqı hesablanmışdır. Beləliklə, araşdırmanın nəticəsi olaraq müəyyən olunmuşdur ki, İddiaçı "xxxx" QSCdə fəhlə vəzifəsində işləmiş və "xxxx" QSC-nin 28 yanvar 2022-ci il tarixli 01 ş/h nömrəli əmri ilə xx.xx.2022-ci il tarixdən öz ərizəsinə əsasən işdən azad olunaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı “istifadə olunmamış əmək məzuniyyətlərinə görə pul əvəzi və ödənilməmiş digər vəsaitin tutulması” tələbi ilə məhkəməyə müraciət edərək, istifadə etmədiyi əmək məzuniyyətlərinə görə 2336,09 manat, “İşdənçıxarma müavinəti" olaraq 1139 manat, 3 aylıq müavinət olaraq 2010 manat, Paralel olaraq daşıdığı Texniki Təhlükəsizlik üzrə nəzarətçi vəzifəsinə görə 2000 manat, İşdən azad ediləndən keçən 7 (yeddi) ay ərzində tərəfimdən qarşılanan kompyuter və poçt xərcləri, dəfələrlə müraciətlərində əlaqədar Bakı şəhərinə səfər xərcləri (nəqliyyat, gündəlik digər qaçılmaz xərclər, mediasıya və vəkil xərcləri - 1000 manat olmaqla, cəmi 8485,09 manatın Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci hissəsinin b) bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, ə) bəndinə görə isə bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Beləliklə, iş materiallarından həmçinin cavabdeh "xxxx" QSC tərəfindən verilmiş etirazdan aydın olur ki, İddiaçı tutduğu vəzifəsinə "xxxx" QSC-nin 28 yanvar 2022-ci il tarixli 01 ş/h nömrəli əmrinə əsasən öz ərizəsi ilə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 2022-ci ilin yanvar ayından xitam verilmiş və iddiaçı xitam verilməsi ilə bağlı əmrindən məlumatlı olmuşdur. Qanunverciliyin tələblərinə əsasən iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etməli idi. Lakin iddiaçı tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə 2022-ci ilin yanvar ayında əmr verilmiş və əmrdən iddiaçı həmin tarixdən məlumatlı olmuşdur. Həmçinin mediasiya üçün nəzərdə tutulmuş vaxt da hesablandıqda məhkəmə hesab edir ki, artıq iddia müddəti ötürülmüş hesab edilərək təmin edilməməlidir. Belə olan halda məhkəmənin gəldiyi qənaətə görə, iddia müddəti İddiaçı tərəfindən ötürülərək verildiyindən iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" QSC-yə və müstəqil tələb irəli sürməyən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə qarşı “istifadə olunmamış əmək məzuniyyətlərinə görə pul əvəzi və ödənilməmiş digər vəsaitin tutulması” tələbinə dair iddiası əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə və müstəqil tələb irəli sürməyən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə qarşı “istifadə olunmamış əmək məzuniyyətlərinə görə pul əvəzi və ödənilməmiş digər vəsaitin tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar