Məhkəmə qərarları › İş №2(004)-2237/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2237/2025

17.04.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2237/2025 17.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “sökülmüş mənzilin əvəzində mənzillə təmin edilmə, kirayə haqqının ödənilməsi, bu mümkün olmadıqda kompensasiyanın ödənilməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “sökülmüş mənzilin əvəzində mənzillə təmin edilmə, kirayə haqqının ödənilməsi, bu mümkün olmadıqda kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-2949/2024 nömrəli qətnaməsinə əsasən müəyyən edilir ki, iddiaçı Cavabdeh MMC-nin cavabdehlər X9, X10, X4, İddiaçı və X3 qarşı “mülkiyyət hüquqlarına xitam verilməsi, cavabdehlərin fərdi yaşayış evindən çıxarılması, həmin evin tam boşaldılması və sökülməsi, tikiləcək binada yeni təmirli mənzilin təhvil verilməsi və təhvil verilənədək kirayə haqqının ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)-1444/2025 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh MMC-nin iddiadan imtinası qəbul edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-2949/2024 nömrəli qətnaməsi ləğv edilməklə mülki iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan çıxarışın surətinə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən əmlak X5 xüsusi mülkiyyətindədir. İş materiallarında olan layihəçi Cavabdeh MMC ilə mülkiyyətçi X9 arasında bağlanmış xx.xx.2025-ci il tarixli K/221 nömrəli əvəzləşmə müqaviləsinin 2.1-ci bəndinə əsasən müəyyən edilir ki, layihəçi ünvan 1 ünvanında yerləşən mülkiyyətçiyə məxsus olan 16.40 kv.m. sahəsi olan mənzilin əvəzinə 72.000 manat məbləğində kompensasiya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, Tərəflər razılaşır ki, bu Müqavilə bağlandıqdan sonra 3 gün ərzində layihəçi müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan məbləği mülkiyyətçinin hesabına ödəyir və mülkiyyətçi həmin məbləği alandan etibarən 7 gün ərzində mənzili tam boşaldaraq layihəçiyə təhvil verir. Mülkiyyətçi razılıq verir ki, məbləği alandan etibarən 7 gün ərzində mənzili tam boşaldaraq layihəçiyə təhvil verə bilmədiyi təqdirdə layihəçi heç bir xəbərdarlıq etmədən mənzili sökə bilər. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, mülkiyyətçi razılaşır ki, bu müqaviləni imzalamaq ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)- 2949/2024 nömrəli qətnaməsi ilə ona verilməsi nəzərdə tutulan 6 nömrəli binanın 2-ci blokunun 4-cü mərtəbəsində yerləşən 25 kv.m. sahəsi olan mənzildən imtina edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsiinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.5.1-ci maddəsinə əsasən alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə, hüquqdan sui-istifadə hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bununla belə, qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olubolmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edibetməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Mənzil- Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2020-ci il tarixli qərarına əsasən, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair”2011-ci il 16 dekabr tarixli Qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına uyğun olaraq şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən olan ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi, insan üçün əlverişli və sağlam yaşayış mühitinin yaradılması məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydaların bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmalıdır. Qeyd edilən qaydalar təkmilləşdirilərək hüquq tətbiqedici tərəfindən bu kateqoriyadan olan mübahisələr üzrə Konstitusiya məhkəməsi Plenumunun hazırki qərarında əks olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə, eyni zamanda “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 66.1-ci maddəsi və Mülki Prosessual Məcəllənin 13.7-ci maddəsinin tələblərinə görə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X7 və X1rşı” xx.xx.2019-cu il tarixli qərarında belə bir hüquqi mövqe ortaya qoyulmuşdur ki: Məhkəmə hesab edir ki, müdaxilənin uyğunluğu cəmiyyətin ümumi mənafeyi ilə bağlı tələblərlə şəxslərin fundamental hüquqlarının qorunması imperativləri arasında düzgün balansın olmasıdır. İş üzrə məhkəmə hesab edir ki, heç bir məqamda aidiyyəti şəxslər yeni mənzilin köhnə mənzillə müqayisədə aşağı dəyərə malik olmasını təsdiq etməyiblər və işdə yer alan xüsusatlar buna əsas vermir (yuxarıda sitat verilən Volçkova və Mironov işi ilə müqayisə edin, 10 DÉCİSİON SİGUNOVY c. RUSSİE §§ 125-126). Onların ifadə etdikləri yeganə uyğunsuzluq mərtəbədə, hər bir otağın sahəsi, balkonların olmaması və divar şkafları ilə bağlı yeni mənzilin köhnə ilə identik olmaması idi. Bununla belə, nə Moskva şəhər hökumətinin qərarı (yuxarıdakı 36-cı paraqraf), nə də Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi identik mənzilə köçürülmə və yerləşməyə təminat vermir. Bundan başqa, ərizəçilar həmin binada 2014-cü ilə qədər, yəni bina sökülənə kimi yaşamışlar, onlar bu gecikən sökülmə faktorundan da yararlanmışlar. Nəhayət, 23 aprel 2010-cu il tarixli qərarın icra edilməsi qaydalarına gəlincə, məhkəmə hesab edir ki, bu şikayət təkcə gecikməklə qalmayıb, çünki ilk dəfə 01 avqust 2017-ci ildə qaldırılıb ( yuxarıdakı 27-ci paraqraf), həm də və xüsusən qərarın icra qaydası ərizəçilərin mülkiyyət hüququnun güzəşt edilməsindən və onlara bunun əvəzində yeni mənzilin verilməsindən asılı deyildir.

59. Yekun olaraq məhkəmə təsdiq edir ki, ərizəçilər həcm etibarı ilə köhnədən bir az da böyük olan, nəzərə çarpacaq dərəcədə daha yüksək dəyərə malik yeni mənzil almışlar və bu mənzil onların köhnə mənzilinin qonşuluğunda yerləşir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-2949/2024 nömrəli qətnaməsinə əsasən müəyyən edilir ki, iddiaçı Cavabdeh MMC-nin cavabdehlər X9, X10, X4, İddiaçı və X3 qarşı “mülkiyyət hüquqlarına xitam verilməsi, cavabdehlərin fərdi yaşayış evindən çıxarılması, həmin evin tam boşaldılması və sökülməsi, tikiləcək binada yeni təmirli mənzilin təhvil verilməsi və təhvil verilənədək kirayə haqqının ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)-1444/2025 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh MMC-nin iddiadan imtinası qəbul edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-2949/2024 nömrəli qətnaməsi ləğv edilməklə mülki iş üzrə icraata xitam verilmişdir. ünvan 1 ünvanında yerləşən əmlak X5 xüsusi mülkiyyətindədir. Layihəçi Cavabdeh MMC ilə mülkiyyətçi X9 arasında bağlanmış xx.xx.2025-ci il tarixli K/221 nömrəli əvəzləşmə müqaviləsinin 2.1ci bəndinə əsasən müəyyən edilir ki, layihəçi ünvan 1 ünvanında yerləşən mülkiyyətçiyə məxsus olan 16.40 kv.m. sahəsi olan mənzilin əvəzinə 72.000 manat məbləğində kompensasiya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, Tərəflər razılaşır ki, bu Müqavilə bağlandıqdan sonra 3 gün ərzində layihəçi müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan məbləği mülkiyyətçinin hesabına ödəyir və mülkiyyətçi həmin məbləği alandan etibarən 7 gün ərzində mənzili tam boşaldaraq layihəçiyə təhvil verir. Mülkiyyətçi razılıq verir ki, məbləği alandan etibarən 7 gün ərzində mənzili tam boşaldaraq layihəçiyə təhvil verə bilmədiyi təqdirdə layihəçi heç bir xəbərdarlıq etmədən mənzili sökə bilər. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, mülkiyyətçi razılaşır ki, bu müqaviləni imzalamaq ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-2949/2024 nömrəli qətnaməsi ilə ona verilməsi nəzərdə tutulan 6 nömrəli binanın 2-ci blokunun 4-cü mərtəbəsində yerləşən 25 kv.m. sahəsi olan mənzildən imtina edir. Əvvəla, iddiaçı sözügedən daşınmaz əmlakın mülkiyyətçisi olmamış, həmin əmlak xx.xx.2025-ci il tarixli K/221 nömrəli əvəzləşmə müqaviləsinin tərəfi X6 məxsus olmuşdur. İddiaçının iddia tələbi üzrə subyektiv hüququ mövcud deyildir. Mənzildə qeydiyyatda olmaq öz-özlüyündə mülkiyyət hüququnun yaranması ilə nəticələnmir. Kompensasiya və ya digər formada razılaşma isə yalnız mülkiyyətçi ilə həyata keçirilə bilər. Digər şəxslərlə hər hansı razılaşmanın əldə edilməsi isə MM-in 390.1 və 390.5-ci maddələrinin kontekstdən qiymətləndirilə bilər ki, bu da imperativ deyil, dispozitiv imkandır. Bundan əlavə, sözügedən daşınmaz əmlaka dair tərəflər arasında qüvvədə olan etibarlı xx.xx.2025-ci il tarixli K/221 nömrəli əvəzləşmə müqavilə münasibətləri yaranmışdır ki, həmin müqavilənin etibarsızlığı və ya ləğv edilməsi mübahisə predmeti deyildir. Aydın, anlaşılan hüquq normasının geniş və ya dar çərçivədə təfsir edilməsi yolverilməzdir. Hüquq norması hüquq münasibətləri arasında yaranan münasibətləri ədalətli qaydada tənzimləmək üçün tərtib edilir. Nəticə etibarilə, mülki işin faktiki halları MM-in 560-cı maddəsinin dispozitiv şərtləri ilə eynilik təşkil edir. Hüquqdan sui-istifadə yolverilməzdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən “formal həqiqət” prinsipi nəzərə alınmaqla, həmçinin məhkəmənin mülki prosesdə arbitr rolunda iştirak etməsi qedy edilməklə məhkəmənin öz təşəbbüsü ilə tərəflərdən birinin lehinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Bu səbəbdən, məhkəmə mülki işə tərəflərin təqdim etdiyi sübutlar əsasında baxaraq qərar qəbul etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 100 manat məhkəmə xərci iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh MMC-yə qarşı “sökülmüş mənzilin əvəzində mənzillə təmin edilmə, kirayə haqqının ödənilməsi, bu mümkün olmadıqda kompensasiyanın ödənilməsi” tələbinə dair iddia təmin edilməsin. Mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər.

Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar