Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2247/2024 21.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh İctimai Televiziya və Radio Yayımları Şirkətinə qarşı “əmrin ləğvi və işə bərpa tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh İctimai Televiziya və Radio Yayımları Şirkətinə qarşı “əmrin ləğvi və işə bərpa tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun işdən xaric olunması haqqında cavabdehin xx.xx.2024-cü il tarixli və 083-2/24 saylı əmrinin ləğv edilməsi onun işə bərpa olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh qurumda Televiziya və Radionun informasiya departamentində redaktor vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2021-ci il tarixdə Xəbərlər Departamentinin redaktoru vəzifəsinə keçirilmişdir. xx.xx.2024-cü ildə 083-2/24 saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç” bəndi ilə işdən xaric edilmişdir. Həmin maddənin dispazisiyası işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a)özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b)alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d)qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Bu sadalanan halların heç birinin mövcud olmadığı təqdirdə iddiaçının işdən qeyd olunan əsaslarla azad olunması qanunsuz və əsassızdır. Cavabdeh İctimai Televiziya və Radio Yayımları Şirkəti iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, xx.xx.2020 tarixli, 647 saylı əmək müqaviləsi əsasında hüquq ünvanı ünvan 1də (Cavabdeh) redaktor vəzifəsində çalışan İddiaçı əmək vəzifələrini kobud səkildə pozmuşdur. Belə ki, o, cavabdeh tərəfindən çəkilmiş, lakin yetkinlik yaşına çatmayan şəxsin yer alması və həmin şəxs tərəfindən bu görüntülərin yayımlanmasına açıq səkildə etiraz edilməsi səbəbilə cavabdehin efirə verməməyə qərar verdiyi görüntüləri şəxsi Tik-tok səhifəsində paylaşmışdır. İddiaçı görüntülərdə yer alan yetkinlik yaşına çatmayan şəxsin həmin videonun "Tik-tok” səhifəsindən silinməsi barədə tələbinə məhəl qoymamış, videonun yalnız pul qarşılığında silinə biləcəyini bildirmişdir. Bu fakt görüntüləri paylaşılmış şəxsin valideynləri tərəfindən cavabdehə daxil olan 02.02.24-cü il tarixli şikayət ərizəsinə əlavə edilmiş yazışmalarda və səs yazılarında da öz təsdiqini tapmışdır. Bundan sonra cavabdeh tərəfindən qeyd edilən şikayət ərizəsi, ərizəyə əlavə edilənlər araşdırılmış və iddiaçının izahatı alınmışdır. İddaçı xx.xx.2024-cü tarixli izahatında “Çünki indi internet, sosial şəbəkə dövrüdür “Tik-tok” kimi aktiv sosial şəbəkədən hər bir insan milyonlar qazanır. Kimlərsə video paylaşır, canlı açır yalnız məbləğ qarşılığında həmin videolar silinir. Bu bu günün və sosial şəbəkələrin tələbidir.” cümlələrini işlətmişdir. Eyni zamanda Bakı Səhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-1235/2024 nömrəli qərarı ilə iddiaçı Azərbaycan Respublikası inzibati Xətalar Mocəlləsinin 388-1.1.1ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Cavabdeh tərəfindən efirdə və sosial şəbəkələrdə yayımlanmamasına qərar verilmiş görüntülərin iddiaçının sosial şəbəkələrində yayımlanması və silinməsi müqabilində pul tələb etməsi, nəzərə alaraq ki, bu görüntülər yayımlanan zaman iddiaçı cavabdehin işçisi idi, ictimaiyyətdə və digər media qurumlarında cavabdehin adının “reket jurnalistikada” hallanmasına gətirib çıxara bilərdi ki, bu da cavabdehin qanuni mənafeyinin pozulması təhlükəsi yaradır. Bundan əlavə nəzərə alaraq ki, cavabdeh ölkənin ictimai yayımçısı olaraq Avropa Yayım birliyinə üzvdür bu kimi halların baş verməsi təkcə cavabdehin reputasiyasına deyil, həm də Azərbaycanda fəaliyyət göstərən media qurumlarının fəaliyyətinə dair mənfi fikir yaradır. Bütün bunları rəhbər tutaraq bildirirlər ki, iddiaçının hərəkətləri cavabdehin qanuni mənafeyinə xələl gətirmiş, bununla da cavabdeh Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin e) bəndində qeyd olunan pozuntuya yol vermişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onun həmin təşkilatda işləmək niyyəti yoxdu. Baş verənlərdən o da, peşmandır. Sadəcə onun öz ərizəsi ilə işdən çıxmasına şərait yaradılmasını xahiş edir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil izahatında iddiaçının hərəkətlərində bir başa cavabdehin mənafeyinə toxunan halların olmamasını, törəddiyi əməlin iş zamanı deyil, işdən kənar baş verməsini və bu əmələ görə də artıq cəzalandırıldığını bildirərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən efirdə və sosial şəbəkələrdə yayımlanmamasına qərar verilmiş görüntülərin iddiaçının sosial şəbəkələrində yayımlanması və silinməsi müqabilində pul tələb etməsi, nəzərə alaraq ki, bu görüntülər yayımlanan zaman iddiaçı cavabdehin işçisi idi, ictimaiyyətdə və digər media qurumlarında cavabdehin adının “reket jurnalistikada” hallanmasına gətirib çıxara bilərdi ki, bu da cavabdehin qanuni mənafeyinin pozulması təhlükəsi yaradır. Bundan əlavə nəzərə alaraq ki, cavabdeh ölkənin ictimai yayımçısı olaraq Avropa Yayım birliyinə üzvdür bu kimi halların baş verməsi təkcə cavabdehin reputasiyasına deyil, həm də Azərbaycanda fəaliyyət göstərən media qurumlarının fəaliyyətinə dair mənfi fikir yaradır. Odur ki məhkəmdən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə cavabdeh qurumda Televiziya və Radionun informasiya departamentində redaktor vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2021-ci il tarixdə Xəbərlər Departamentinin redaktoru vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü ildə 083-2/24 saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç” bəndi ilə işdən xaric edilmişdir. X5 tərəfindən İTV-nin baş direktoru Balakişi Qasımova ünvanlanmış xx.xx.2024-cü il tarixli şikayətdən görünür ki, həmin müraciət edən Tik-tok sosial şəbəkəsində İTV-nin əməkdaşı İddiaçı məxsus səhifədə həddi buluğa çatmayan oğlu X1 və ailələrinin şərəf və ləyaqətini təhqir edən görüntülər paylaşılıb. Məlum olub ki, bu görüntülər İTV-nin efirində yayımlanmayan "xam” materialdır. Eyni zamanda onlarla əlaqə saxlayan Orxan adlı şəxs özünü İTV-nin əməkdaş» kimi təqdim edərək materialların silinməsi üçün onlardan pul tələb etmişdir. Məsələni araşdırılması və İddiaçı barədə qanunauyğun tədbirlər görülməsi xahiş edilmişdir. İddiaçı tərəfindən verilmiş izahatdan görünür ki, o Tik-Tok sosial şəbəkəsindəki səhifənin onun adına olsa da əmisi oğlu tərəfindən idarə edildiyini, səhifədən həmin şəxsin gəlir əldə etdiyini bildirmişdir. Eyni zamanda qeyd etmişdir ki, Orxanın ona onun səhifəni açan zaman səhifənin onun olduğunu, iddiaçının videolarını paylaşaraq pul qazanacağını bildirmişdir. Çünki indi internet dövrudür, insanlar video paylaşır, canlı açır yalnız məbləğ qarşılığında həmin videolar silinir. Bu, bu günün və sosial şəbəkələrin tələbidir. Elə bunları da nəzərə alaraq Orxdan həmin şəxsdən pul tələb edib. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru Balakişi Qasımov tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkətinin X4 Komitəsinə ünvanlanmış təqdimatdan görünür ki, həmin təqdimatda İddiaçı İTV tərəfindən çəkilmiş, lakin yetkinlik yaşına çatmayan şəxsin yer alması və həmin şəxs tərəfindən bu görüntülərin yayımlanmasına açıq səkildə etiraz edilməsi səbəbilə İTV-nin efirə verməməyə qərar verdiyi görüntüləri şəxsi Tik-tok səhifəsində paylaşmışdır. İddiaçı görüntülərdə yer alan yetkinlik yaşına çatmayan şəxsin həmin videonun "Tik-tok” səhifəsindən silinməsi barədə tələbinə məhəl qoymamış, videonun yalnız pul qarşılığında sıiinə biləcəyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi üçün qərar qəbul edilməsi xahiş edilmişdir. İTV-nin xx.xx.2024-cü il tarixli X4 Komitəsinin iclas protokolundan görünür ki, komitə İctimai Televiziya və Radio Yayımları Şirkətinln Baş direktoru Balakişi Qasımovun İHİK-ə daxil olmuş xx.xx.2024-cü il tarixli DS-1/01-63 saylı yazlı təqdimatını əsas götürərək İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin "e” bəndinə əsasən xitam verilməsinə etiraz edilməmişdir. xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, redaktor İddiaçı ilə bağlanmış xx.xx.2020 tarixli, 647 saylı əmək müqaviləsi 02 fevral 2024-cü il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən (72-ci maddənin "o" bəndi əsası ilə) ləğv edilməsi əmr edilmişdir. Əmrin verilməsi üçün əsas hesab edilən rəsmi sənədlər İddiaçı Telman qızının xx.xx.2024 tarixli izahatı və xx.xx.2024 tarixli şikayət ərizəsi olmuşdur. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən İctimai Televiziya və Radio Yayımları şirkəti ilə işçi İddiaçı arasında xx.xx.2020ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) maddəsi ilə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş yazışmalardan görünür ki, pul (300 manat) qarşılığında videonun silinməsi bildirilmiş, əks halda videonun silinməyəcəyi qeyd edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(004)-1235/2024 saylı qərarından görünür ki, İddiaçı X2 övladı Elman Abbaszadənin mübahisə zamanı işlətdiyi qeyri-əxlaqi ifadəsi olan videonu sosial şəbəkədə “huru_aliyeva_17” və “aliyeva_huru_17” profil adından paylaşaraq, “İnformasiya informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən internet informasiya ehtiyatında yerləşdirilməsi qadağan edildiyi halda, həmin məlumatı informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi kimi “İnstagram” və “Tik Tok” sosial şəbəkələrində yerləşdirərək yaymışdır. Həmin qərarda göstərilmişdir ki, Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs İddiaçı məhkəməyə verdiyi izahatında özünü təqsirli bilərək göstərdi ki, o, 2012-ci ildən jurnalist kimi fəaliyyət göstərmişdir. Həmin videonu paylaşaraq səhifənin reytinqini qaldırmaq istəmiş, başqa bir məqsədi olmamışdır. Videonun silinməsi qarşılığında o heç bir pul tələb etməmişdir, həmin pulu onun tanışı Orxan tələb etmişdir. Həmin puldan ona müəyyən hissinin veriləcəyi barədə verilən izahatlar yalandır, o özüdə heç vaxt həmin videonun silinməsi üçün pul tələb etməmişdir. Əməlindən peşmandır, barəsində yüngül tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş edir. Adıçəkilən qərarla İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. - 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. - 70-ci maddəsinin ç) bəndinə əsasən işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması əmək müqaviləsinə xitam verilməsi əsaslarından biridir. - 72-ci maddəsinin e) bəndinə əsasən işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. - 80-ci maddəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixli, 647 saylı əmək müqaviləsi əsasında İctimai Televiziya və Radio Yayımları Şirkətində redaktor vəzifəsinə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə Xəbərlər Departamentinin redaktoru vəzifəsinə keçirilmişdir. Cavabdeh tərəfindən çəkilmiş, lakin yetkinlik yaşına çatmayan şəxsin yer alması və həmin şəxs tərəfindən bu görüntülərin yayımlanmasına açıq səkildə etiraz edilməsi səbəbilə cavabdehin efirə verməməyə qərar verdiyi görüntüləri şəxsi Tiktok səhifəsində paylaşmışdır. İddiaçı görüntülərdə yer alan yetkinlik yaşına çatmayan şəxsin həmin videonun "Tik-tok” səhifəsindən silinməsi barədə tələbinə məhəl qoymamış, videonun yalnız pul qarşılığında silinə biləcəyini bildirmişdir. Bu fakt görüntüləri paylaşılmış şəxsin valideynləri tərəfindən cavabdehə daxil olan 02.02.24-cü il tarixli şikayət ərizəsinə əlavə edilmiş yazışmalarda və səs yazılarında da öz təsdiqini tapmışdır. Bundan sonra cavabdeh tərəfindən qeyd edilən şikayət ərizəsi, ərizəyə əlavə edilənlər araşdırılmış və iddiaçının izahatı alınmışdır. İddiaçı həmin səhifənin əmisi oğlu Orxan adlı şəxs tərəfindən idarə edildiyini bildirmiş və pulu da onun tələb etdiyini qeyd etmişdir. Daha sonra şəxs barəsində İTV-nin İHİK-nə şəxsin işdən azad edilməsi ilə bağlı təqdimat verilmiş, İHİK-nin iclasında İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin "e” bəndinə əsasən xitam verilməsinə etiraz edilməmişdir. Həmçinin Bakı Səhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)- 1235/2024 nömrəli qərarı ilə iddiaçı Azərbaycan Respublikası inzibati Xətalar Mocəlləsinin 388-1.1.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Hazırda iddiaçı həmin əmrin ləğv edilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının barəsində verilmiş əmrin qanunsuz olmasına dair dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçının tutduğu vəzifədən azad edilməsinə dair əmr qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə iddianın dəlillərinə qiymət verərkən hesab edir ki, iddiaçının işdə olan sübutlar, həmçini iddiaçının inzibati xəta törətməsinə və bununla bağlı barəsində İXM-in 388-1.1.1-ci maddəsi inzibati tənbeh tətbiq (cərimə) edilməsinə dair qərarın məzmununda göstərilənlər göstərilənlər cavabdeh tərəfindən onun barəsində xx.xx.2024-cü il tarixdə qeyd edilən əmək qanunvericiliyi normasının tətbiq edilməsinə tam hüquqi əsas yaratmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı barəsində verilmiş əmrin qanunsuz olmasına dair dəlillərinin əsaslı olmasına dair məhkəməyə heç bir mötəbər sübut növü təqdim edilməmişdir. Başqa sözlə, iddiaçının cavabdeh tərəfindən tutduğu vəzifədən azad edilməsi qanuni əsaslarla həyata keçirilmiş, istər təqdimatda, istər həmkarlar ittifaqınını protokolunda, istərsə də işdən azad edilmə barədə xx.xx.2024-cü il tarixli əmrdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə müəyyən edilmiş əsasla ləğv edilməsinin zəruriliyi əsaslandırılmışdır. Məhkəmə xatırladır ki, iddiaçı tərəfindən həmin videonun paylaşılması ictimaiyyətdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin nüfuzunun zədələnməsinə, qanuni mənafeyinin pozulması təhlükəsinə gətirin çıxaxra bilər. Həmçinin məhkəmə nəzərə alır ki, iddiaçı verdiy izahatında hazırda həmin cavabdeh İTV Televiziya və Radio Yayımları Şirkətində işləmək niyyətinin olmadığını bildirmiş və əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin a) bəndi ilə (öz ərizəsi əsasında) işdən azad olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı ilə İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında bağlanmış "əmək müqaviləsinə" qanunvericiliyə uyğun olaraq xitam verilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək iddiaçı barəsində verilən əmrin qanunsuz olmasının əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyi üçün və iddia tələbinin bu hissəinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən iddianın həmin hissədə təmin edilməməsi nəticəsinə gəlir. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh tərəfində İddiaçı işdən azad olunması barədə verilmiş əmrin ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən və iddia həmin hissədə rədd edildiyindən, iddiaçının işə bərpa tələbi də rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin: - 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh İctimai Televiziya və Radio Yayımları Şirkətinə qarşı “əmrin ləğvi və işə bərpa tələbi”nə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2247/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2247/2024
21.05.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver