Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2264/2025 01.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti cəlb edilməklə cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti cəlb edilməklə cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəf İddiaçı ilə “X2” MMC arasında xx.xx.2022-ci il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi hüququnun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəf İddiaçı ilə “X2” MMC arasında xx.xx.2022-ci il tarixində əmək müqaviləsi bağlanılmış və bu müqaviləyə əsasən o, həmin yerdə satıcı vəzifəsində işə qəbul edilmişdir. Tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçıya hər ay 300 manat məbləğində əmək haqqının ödənilməsi razılaşdırılmışdır. İddiaçı müəyyən bir zaman işlədikdən sonra bəzi bağlı problem yarandığından işləməkdə çətinlik çəkdiyi üçün işləyə bilməmişdir. Bir müddət sonra yeni iş yeri ilə əlaqə saxlayıb özünə yeni iş tapmaq istəmiş, lakin hər yerdə onun sistemdə aktiv əmək müqaviləsinin mövcud olduğu bildirilərək onu işə götürməkdən imtina etmişlər. İddiaçı bu səbəbdən də məcbur olub Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə müraciət edərək, əmək müqaviləsinə elektron informasiya sistemində xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti iddiaçıya ünvanlanmış məktubla iddiaçının xahişini təmin etməkdən imtina edərək, onun məhkəməyə müraciət etmək hüququnu izah etmişdir. İddiaçı tərəf hazırda işləmək istəsə də, onun “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə olan aktiv əmək müqaviləsini əsas gətirərək, onu işə götürməkdən imtina edirlər. Bu da iddiaçının hüquqlarının pozulmasına səbəb olur. O hesab edir ki, iddiaçı tərəf ilə “X2” MMC arasında xx.xx.2022-ci il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilməli və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə daxil edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X1 Xidməti məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixli müddətsiz əmək müqaviləsi əsasında əsas iş yeri olaraq “X2” Məhdud Məsuliyyətli Cəmiyyətində satış departamentində satıcı vəzifəsində işləyir və aylıq əmək haqqı 300 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin İddiaçı ünvanladığı 3-17-5/2-Ə-6692/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktuba əsasən onun “X2" MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyi müraciətə X1 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciəti ilə əlaqədar “X2” MMC-nin ünvanına ona aid olan müvafiq sənədlərin təqdim olunması məqsədi ilə xx.xx.2024-cü il tarixli 3-17-5/2-95951/2024 nömrəli məktub göndərilmiş (Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan ev 101) lakin poçt qəbzində “Sökülüb’’ qeydi ilə məktub geri qaytarılmışdır. Bu səbəbdən müraciətin araşdırılması mümkün olmamışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və məşğulluq” aitsisieminə tərəflərindən baxış keçirilərkən onunla “X2” MMC-nin rəhbərliyi arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin qüvvədə olduğu müəyyən edilmişdir. Bildirilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin “Əmək və Məşğulluq” alt sisteminə daxil edilməsi X1 Xidmətinin səlahiyyətləri xaricindədir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə müraciət edilməlidir. Əgər İşəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə əmək müqaviləsi məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı “Əmək və Məşğulluq" alt sistemində qeydlərin aparılması hüququ X1 Xidmətinə həvalə edilməlidir. İş materiallarında olan Azər Namazov adına 180 №-li tam orta məktəb tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, A-02 nömrəli arayışa əsasən İddiaçı Azər Namazov adına 180 №-li tam orta məktəbdə 18 dekabr 2024-cü il tarixdən ibtidai sinif müəllimi vəzifəsində çalışır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 7-ci maddəsinin 2-ci hissəsinə əsasən 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. (köhnə redaksiyada) 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. (yeni redaksiyada) 9-cu maddəsinin b bəndinə əsasən əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. 49-cu maddəsinin 5-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. 68-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi əsasları kimi tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar müəyyən edilmişdir. “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü tarixli 183 nömrəli Qərarının 3.4-cü bəndinə əsasən Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Həmin Qərarın 6.2-cı bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair məlumatlar elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edildikdən sonra məlumat bazasında bu Qaydaların 5 nömrəli əlavəsində müəyyən edilmiş formada yadda saxlanılır və bununla bağlı 1 (bir) iş günündən gec olmayaraq işəgötürənə sistem vasitəsilə bu Qaydaların 8 nömrəli əlavəsində müəyyən edilmiş formada məlumat verilir. İşəgötürən bu məlumatı çap edərək, mühafizə edilən aidiyyəti əmək müqaviləsi ilə birlikdə 5 (beş) il müddətinə saxlanmasını təmin edir və işçinin müraciəti əsasında bildirişin və məlumatın surətini ona təqdim edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə cavabdeh “X2” MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən İddiaçı əsas iş yeri olaraq “X2” MMC-də satış departamentində satıcı vəzifəsinə təyin edilmiş, aylıq əmək haqqı məbləği 300 manat təşkil etmiş, təxmini 2 ay işlədikdən sonra işdən çıxmışdır. Daha sonra İddiaçı əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin “Əmək və Məşğulluq” alt sisteminə daxil edilməsi üçün X1 Xidmətinə müraciət etmiş, müraciətinə cavab olaraq onunla “X2” MMCnin rəhbərliyi arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin qüvvədə olduğu, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin “Əmək və Məşğulluq” alt sisteminə daxil edilməsinin X1 Xidmətinin səlahiyyətləri xaricində olduğu, işəgötürənə müraciət etməli olduğu, işəgötürən tərəfindən bu vəzifə icra edilmədiyi və ya işəgötürən tərəfindən icra edilməsi mümkün olmadığı təqdirdə, bu barədə (şəhər) məhkəməsinə müraciət etməli olduğu bildirilmişdir. İddiaçı cavabdehə şifahi və yazılı qaydada müraciətlər etsə də, heç bir nəticə əldə edə bilməmiş, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməmiş və bu barədə məlumatlar “Əmək və məşğulluq” altsisteminə daxil edilməmişdir. İddiaçı məsələnin məhkəmədən kənar həlli üçün mediasiya təşkilatına müraciət etsə də, cavabdeh mediasiya təşkilatına gəlməmiş və ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmədiyinə görə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə cavabdeh “X2” MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməli və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh “X2” MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №2(004)-2264/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2264/2025
01.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver