Məhkəmə qərarları › İş №2(004)-2266/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2266/2023

01.06.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2266/2023 01.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Qanuni nümayəndə, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "işə bərpa, əmək haqqı və pul" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "işə bərpa, əmək haqqı və pul" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək 04 noyabr 2022-ci il tarixindən etibarən Nəsimi rayonu Sukanal İdarəsində nəzarətçi işinə bərpa edilməsini, 04 noyabr 2022-ci il tarixindən etibarən işə bərpa olunduğu günə qədər orta aylıq əmək haqqının ödənilməsini, Nəsimi rayon Sukanal İdarəsinin rəisi E. Həsənzadə tərəfindən ona vurulmuş zərərin təzminatı olaraq 2000.00 (iki min) manat məbləğində pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Nəsimi rayonu Sukanal İdarəsində əmək müqaviləsinə əsasən nəzarətçi vəzifəsində işləmişdir. xx.xx.2022-ci il tarixdə işdən sonra saat 19:30 radələrində idarənin rəisi Elşən Həsənzadə tərəfindən təhdit edilərək öz iradəsi əleyhinə, guya öz xahişi ilə işdən azad olunması haqqında ərizə yazmağa məcbur edilərək işdən çıxarılmışdır. Lakin ertəsi gün işdən çıxmaq istəmədiyini, 1 ay müddətində işdən çıxmaq haqqında məcbur edilərək verdiyi ərizəsini geri götürmək, onu etibarsız hesab etmək haqqında işəgötürənə yeni ərizə verə bilmək haqqında hüququnun olmasını nəzərə alaraq xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə idarəyə ərizəsinin etibarsız hesab edilməsi haqqında ərizələr göndərmişdir. Həmin ərizələrə hüquqən əsaslandırılmış cavabı 22 gün sonra xx.xx.2022-ci il tarixli məktubla cavab verilmişdir. Nəsimi rayonu Sukanal İdarəsi cavab vermədiyinə görə "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixdə müraciət ünvanlamış və həmin müraciətə xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixli məktubla işlə təmin edilməsindən imtina edilmişdir. Halbuki o, yenidən işə qəbul üçün deyil, qanunsuz olaraq işdən azad edilməsi və işə bərpa edilməsi haqqında müraciət etmişdir. İddiaçı daha sonra xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək, əvvəlki iddia ərizəsindən fərqli olaraq tutulmanın 04 noyabr 2022-ci il tarixdən deyil 04 oktyabr 2022-ci il tarixindən etibarən hesablanmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC xx.xx.2023-cü il tarixdə iddia müddətinin tətbiq olunması barədə ərizə verərək iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürüldüyündən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Qanuni nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı onun oğludur. İddiaçı xx.xx.2022ci il tarixdə məcbur edilərək işdən azad edilməsinə dair ərizəyə imza etmişdir. Qeyd olunan ərizənin formasından da görünür ki, yalnız tarix əlyazısı ilə yazılmışdır, qalan hissə isə işə götürən tərəfindən hazır şəkildə çap edilərək imzalanması üçün iddiaçıya təqdim edilmişdir. Ərizənin forması çap hərfləri ilə yazılıb. Ərizədə “peşə” sözü qeyd edilib, “iş, vəzifə” sözü qeyd olunmayıb. Bu ona dəlalət edir ki, iddiaçı işəgötürənin diktəsi ilə ərizəni imzalamışdır. Hətta ərizəni yazmamışdan öncə iddiaçı ona zəng etmiş, o, isə oğlunu tənbehləyərək işdən çıxmasına dair ərizə yazmamasını tapşırmışdır. Yalnız iddiaçı işdən evə gəldikdən sonra bilmişdir ki, o, işəgötürən tərəfindən öz xahiş ilə işdən azad edilməsi haqqında ərizəni imzalamadığı təqdirdə maddə ilə işdən azad ediləcəyi ilə təhdid edilmişdir. Oğlu qanunvericiliyin tələbləri barədə məlumatsız olsa da, onun məsləhəti ilə dərhal ertəsi gün, yəni xx.xx.2022-ci il tarixdə cavabdehə teleqram ünvanlayaraq işdən azad edilməyə dair verdiyi ərizənin etibarsız hesab edilməsini xahiş etmişdir. Eyni məzmunlu müraciətini isə xx.xx.2022-ci il tarixdə göndərmişlər. Həmin vaxt onun yerinə hələ digər işçi götürülməmişdir. Eyni zamanda işdən azad edilməyə dair ərizə qeyri-iş saatlarında yəni 6-dan sonra alınmışdır. Dolayısı ilə xx.xx.2022-ci il tarixdə onun geri götürməyə dair teleqram ərizəsi veriləndə müqavilə qüvvədə olmuş və xx.xx.2022-ci il tarixdə qeyri-iş saatında işdən azad edilməyə dair əmrin verilməsi özlüyündə qanunsuzdur. Belə ki, əmək qanunvericiliyinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. İşçi əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işlə bağlı əmək müqaviləsi bağlandıqda ərizəsində göstərildiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Bu halların heç biri yoxdur. Həmçinin əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Hesab edir ki, cavabdehin məqsədi şəxsi mənfəət əldə etmək üçün iddiaçının yerinə başqa işçini işə götürmək olmuşdur. Hətta cavabdeh tərəf iddiaçını işdən çıxarmaq üçün o qədər tələsmişdir ki, onlara ünvanlanmış cavab məktubunda bildirilmişdir ki, xx.xx.2022-ci il tarixli məktuba xx.xx.2022-ci il tarixdə cavab verilmişdir. Göstərilənlərdən göründüyü kimi, cavabdeh dövlət idarəsi olmasına baxmyaraq işçinin taleyinə biganə yanaşır və iddiaçıya məcbur şəkildə işdən çıxma barədə ərizəni yazdırıblar. İddiaçının könüllü şəkildə işdən azad edilmək niyyətinin olması həm də ona görə real deyildir ki, iddiaçının banka 6 min manat kredit borcu vardır. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə isə qeyd etmişdir ki, məhkəməyə müraciətlə bağlı prosessual müddətin ötürülməsində iddiaçının təqsiri yoxdur. Belə ki, məhkəməyə müraciət etməmişdən öncə işəgötürən idarəyə müraciət etmiş və düşünmüşdür ki, əks halda məhkəmə ərizəni icraata qəbul etməyəcəkdir. Buna görə də o, baş idarəyə, yəni Cavabdeh ASC-yə oğlunun işə bərpa olunması ilə bağlı müraciət etmişdir. İdarənin cavabı isə 1 ay yarımdan sonra gəlmişdir. Daha sonra o, ƏƏSM-nin DƏMX-nə müraciət etmişdir, xidmət tərəfində 1 ay yarım işə baxılmışdır. Xidmət tərəfindən aparılan araşdırmanın nəticəsini gözləmiş, araşdırma nəticəsində işəgötürən vəzifəli şəxs son haqq hesab qanunla müəyyən edilmiş müddətdə ödənilmədiyi üçün cərimə edilmişdir. Lakin işə bərpa ilə məsələsi həll edilməmiş qaldığından Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmə isə mediasiya mərhələsindən keçməməsi əsası ilə iddia ərizəsini geri qaytarmışdır. Mediasiyada da iş 1 ay yarım davam etmişdir. Mediyasiya prosesindən sonra yenidən Nəsimi Rayon Məhkəməsinə müraciət etmələrinə baxmayaraq bu dəfə isə məhkəmə cavabdehin düzgün müəyyən edilməməsi əsası ilə geri qaytarılmışdır. Göründüyü kimi, iddiaçının müddətin ötürülməsi ilə bağlı heç bir təqsiri yoxdur. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Belə ki, iddiaçı 11 noyabr 2021-ci ildə Nəsimi Rayon Su Kanal İdarəsində əmək müqaviləsi ilə 3 ay sınaq müddəti ilə nəzarətçi vəzifəsinə işə götürülmüş, daha sonra isə müqavilənin müddəti uzadılaraq xidməti vəzifələrini davam etdirmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı özü Abonentlərlə İşlər İdarəsinin rəisinə yaxınlaşmış və işləmək istəmədiyini bildirmişdir. Halbuki idarədə nəzarətçilərin işdən çıxması məsələlərinə kifayət qədər həssaslıqla yanaşılır və onların işdə saxlanılması üçün mümkün tədbirlər görülür. İddiaçıdan nə səbəbdən çıxmaq istədiyi soruşulduqda cavab verib ki, “o konkret işləmək istəmir, onun başqa işi var.” Dolayısı ilə iddiaçı özü israrla çıxmaq istədiyini bildirmişdir. İdarədə tətbiq edilən elektron informasiya sisteminə ərizələr dərhal işlənilir və qaydalara görə müracitəin nəticəsi həmin tarixdə yerləşdirilmədiyi təqdirdə növbəti gün yerləşdirilməsi mümkün olmur. Buna görə də, iddiaçının ərizəsinə həmin gün, yəni xx.xx.2022-ci il tarixdə baxılaraq əmr imzalanmış və sistemə yerləşdirilmişdir. İddiaçının işdən azad edilməsi ilə bağlı hər hansı qanunvericiliyin tələbləri pozulmamışdır. Belə ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci hissəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Hazırki halda işçinin ərizəsində konkret gün göstərilib. Yəni iddiaçı konkret olaraq ərizəsində xx.xx.2022-ci il tarixdən işdən azad edilməsini istəyibdir. İddiaçının guya onun təhdid edilməsinə dair iddiası tamamilə əsassızdır. Tərəfin nümayəndəsinin izahatının məzmunundan da görünür ki, o, ərizə yazmamışdan öncə öz atasına zəng edib məsləhət alıb. Əgər təhdid olsa idi aidiyyəti orqanlara vaxtında müraciət etmiş olardılar. İddiaçının təhdidlə ərizəni imzalanmasına dair iddiası absurd olmaqla, buna dair sübut təqdim edilməmişdir. Əmrin qeyri iş saatında imzalanması ilə bağlı iddiaçının dəlilinə münasibətdə isə qeyd edir ki, həmin tarix yay rejimi vaxtına təsadüf edir, mövcud qaydalarla görə həmin dövrdə iş vaxtının ikinci hissəsi 16:00-da 20:00-dək davam edir. Belə olan halda ərizə iş saatında baxılaraq əmrləşdirilmişdir. Göstərilənlərlə yanaşı, hazırki mübahisə üzrə iddia müddəti keçdiyindən rədd edilməlidir. Bununla bağlı iddiaçının dəlili ilə razılaşmır. Çünki qanunvericiliyə görə digər dövlət orqanlarına müraciət edilməsi halı iddia müddətinin axımını dayandırmır. İddiaçı bundan başqa müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı məhkəməyə digər mötəbər əsas göstərməmişdir. Odur ki, göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - AR "xxxx" ASC-nin Nəsimi rayon Sukanal İdarəsinin xx.xx.2021-ci il tarixli, 101-K nömrəli əmrinə əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən abonentlərlə iş şöbəsinin fakturalama qrupuna 6-cı dərəcə ilə su kəməri təsərrüfatında nəzarətçi peşəsinə təyin edilmişdir. -İşəgötürən "xxxx" ASC-nin Nəsimi rayon Sukanal İdarəsi ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin məzmunundan müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddətə bağlanmış,həmin müddətin 3 ayı sınaq müddətinə hesablanmışdır. Müqavilənin 4.17-ci bəndindən həmçinin müəyyən edilir ki, tərəflər iş vaxtı ilə bağlı aşağıdakı qaydada razılaşmışlar: yay vaxtında (hər ilin aprelin 1-dən oktyabr ayının 31-dək) iş vaxtının 1-ci hissəsi saat 09:00-da 12:00-dək, 2-ci hissəsi 16:00-dan 20:00-dək, Şənbə günü iş vaxtının 1-ci hissəsi saat 09:00-da 12:00-dək, 2-ci hissəsi 16:00-dan 18:00-dək, nahar vaxtı 12:00-dan 16:00-dəkdir. - Abonentlərlə iş şöbəsi Fakturalama qrupu su kəməri təsərrüfatında nəzarətçi peşəsində işləyən İddiaçı AR "xxxx" ASC-nin Nəsimi rayon Sukanal İdarəsinin rəisi Elşən Həsənzadəyə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən edilir ki, o, xx.xx.2022-ci il tarixdən öz xahişi ilə tutduğu peşədən azad edilməsini xahiş etmişdir. Ərizədən həmçinin görünür ki, həmin tarixdə qeydiyyata alınmaqla dərkənar qoyulmuşdur. - AR "xxxx" ASC-nin Nəsimi rayon Sukanal İdarəsinin xx.xx.2022-ci il tarixli, 31-K nömrəli əmrinə əsasən müəyyən edilir ki, abonentlərlə iş şöbəsinin fakturalama qrupunun su kəməri təsərrüfatında nəzarətçisi vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, işçinin təşəbbüsü ilə xx.xx.2022-ci il tarixdən xitam verilmiş və işçiyə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 12 təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir. -Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş elektron informasiya sistemindən çıxarışdan müəyyən edilir ki, ərizə xx.xx.2022-ci il tarixdə saat 18:23-də qeydiyyata alınmış və ərizənin nəticəsi həmin tarixdə sistemdə qeydiyyata alınmışdır. -Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən də müəyyən edilir ki, işə götürən Azərsu ASC ilə, İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə məlumat sistemə xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir. -İddiaçı tərəfindən Nəsimi rayon Sukanal İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, öz istəyi ilə olan çıxış ərizəsinin etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi “EMS” sürətli poçt xidmətinin xx.xx.2022-ci il tarixli TA004800222AZ nömrəli və xx.xx.2022-ci il tarixli TA004801015AZ nömrəli xəbərnamələrindən görünür ki, Nəsimi rayon Sukanal İdarəsinə ünvanlanmış göndərişlərlə bağlıdır. Həmçinin xx.xx.2022-ci il tarixli teleqramdan görünür ki, xx.xx.2022-ci il tarixli göndəriş xx.xx.2022-ci il tarixdə Nəsimi rayon Sukanal İdarəsinə çatdırılmışdır. Göstərilənlə yanaşı iddiaçının məhkəməyə təqdim etdiyi məktublardan müəyyən edilir ki, o, işə bərpa edilməsi ilə bağlı aidiyyəti orqanlara (Cavabdeh ASC-yə, Nəsimi rayon Sukanal İdarəsinə və X2 Xidmətinə) müraciətlər etmişdir. Belə ki, Nəsimi rayon Sukanal İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı idarəyə ünvanlanmış müraciətinə Nəsimi rayon Sukanal İdarəsində baxılmış və ona izah edilmişdir ki, hal-hazırda vakansiya olmadığına görə işə qəbul edilməsi mümkün deyil, eyni zamanda əmək kitabçasını götürülməsi xahiş olunmuşdur. Həmçinin İddiaçı Cavabdeh ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, əvvəlki ərizəsindən, yəni işdən azad edilməsi barədə ərizəsindən imtina etmək hüququnun bərpa edilərək əvvəlki işinə dönməsinə dair sərəncam verilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli ərizəyə cavab olaraq Cavabdeh ASC-nin İddiaçın ünvanlanmış xx.xx.2022-ci il tarixli, 01/1/01-1/1/15111 nömrəli məktubundan müəyyən edilir ki, ərizədə qeyd edilənlərlə bağlı araşdırma aparılmış lakin öz təsdiqini tapmamış, əlavə işçi qüvvəsinə ehtiyac olmadığından İddiaçı işlə təmin edilməsinin cəmiyyətin imkanı xaricində olması bildirilmişdir. Eyni zamanda İddiaçı müraciətinə əsasən ƏƏSMN-nin yanında X2 Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubundan müəyyən edilir ki, aparılan araşdırma zamanı ona son haqq-hesabın əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq sonuncu iş günü ödənilmədiyi aşkar edildiyindən Cavabdeh ASC-nin Nəsimi rayon Sukanal İdarəsinin sabiq rəisi X1 inzibati məsuliyyətə cəlb edilmiş və onun barəsində İXM-in 192.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məktubla həmçinin müraciət müəllifinə hədə-qorxu və bu kimi halların araşdırılması X2 Xidmətinin səlahiyyətinə aid olmadığından aidiyyəti üzrə müraciət etməsi tövsiyyə edilmiş, eləcə də məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(004)- 1834 /2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən müəyyən edilir ki, İddiaçı cavabdeh Nəsimi rayon Sukanal İdarəsinə qarşı «işə bərpa, əmək haqqının ödənilməsi və mənəvi zərər» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Qərardadda qeyd edilmişdir ki, Bakı şəhəri Nəsimi rayon Sukanal İdarəsi Cavabdeh ASC-nin nəzdində yaradılmış müəssisə-idarə (törəmə müəssisə olmayan) olduğuna və işəgötürənin məhz Cavabdeh ASC olmasına görə hazırkı iddia tələbi Cavabdeh ASC-nin hüquqi ünvanı üzrə aidiyyəti məhkəməyə verilməlidir. - ünvan erilmiş xx.xx.2023-cü il tarixli, MŞB/9-2023-00450 nömrəli arayışa əsasən müəyyən edilir ki, mediasiyanın tətbiqi barədə ərizə xx.xx.2023-cü il tarixdə verilmişdir. - İşin halları ilə müəyyən edilir ki, Nəsimi rayon Sukanal İdarəsinin rəisi Vüsal Musayevin xx.xx.2022-ci il tarixli, VM-01/9-855 saylı məktubundan müəyyən edilir ki, İddiaçı, əmək kitabçasının götürülməsi və yaxud poçt vasitəsilə göndərilməsinə razılıq verilməsi xahiş edilmişdir. - Nəsimi rayon Sukanal İdarəsi tərəfindən təqdim edilmiş hesabat vərəqindən müəyyən edilir ki, İddiaçı 322.81 manat son haqq-hesab məbləği hesablanmış və xx.xx.2022-ci il tarixdə onun hesabına köçürülmüşdür. Beləliklə işin müəyyən olunan halları odur ki, iddiaçı xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən Nəsimi rayon Sukanal İdarəsinin abonentlərlə iş şöbəsinin fakturalama qrupuna 6-cı dərəcə ilə su kəməri təsərrüfatında nəzarətçi peşəsinə təyin edilmişdir. Daha sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, işçinin təşəbbüsü ilə AR "xxxx" ASCnin Nəsimi rayon Sukanal İdarəsinin xx.xx.2022-ci il tarixli, 31-K nömrəli əmrinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı işdən azad olunmasının qanunsuz olduğunu, xx.xx.2022-ci il tarixli işdən azad olması barədə verdiyi ərizənin onun sərbəst iradə ifadəsi olmadığını, təzyiq altında və məcburiyyət qarşısında imzaladığını iddia edərək işinə bərpa edilməsini, işə bərpa olunduğu günə qədər orta əmək haqqının ödənilməsini, mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. Cavabdeh isə iddiaçı tərəfindən iddia iddia müddətinin ötürüldüyünü, iddia müddətinin tətbiq edilməsini və eləcə də, tələbin mahiyyətinin əsassız olmasını, ərizə imzalanarkən iddiaçının təzyiqə məruz qalınmasına dair sübut olmamasını bildirərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı ərizəni iş materialları ilə toplanmış sübutlara əsasən qiymət verərək hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən aidiyyəti orqanlara ünvanlanmış müraciətlərə əsasən ona verilən cavab məktubunun məzmunundan müəyyən edilir ki, o, işdən azad edilməsi səbəblərinin araşdırılmasını xahiş etmişdir. Dolayısı ilə, iddiaçıya xx.xx.2022-ci il tarixdən və hansı əsasla işdən azad edilməsi səbəbləri aşkar olmuşdur. Hətta Cavabdeh ASC-nin İddiaçın ünvanlanmış xx.xx.2022-ci il tarixli, 01/1/01-1/1/15111 nömrəli məktubundan müəyyən edilir ki, ərizədə qeyd edilənlərlə bağlı araşdırma aparılmış lakin öz təsdiqini tapmamış, əlavə işçi qüvvəsinə ehtiyac olmadığından İddiaçı işlə təmin edilməsinin cəmiyyətin imkanı xaricində olması bildirilmişdir. Ona görə də məhkəmə iddiaçının həmin idarələrdən cavab məktubu gözləməsi ilə bağlı iddiası əsassızdır. Çünki xx.xx.2022-ci il tarixdə onun konkret olaraq məlumatı olmuşdur ki, yenidən işə bərpası mümkün deyildir. Dolayısı ilə onun həmin vaxtadək hüquqlarının pozulması barədə aşkar şəkildə məlumatı olmuşdur. Həmçinin işin halları ilə təsdiq olunur ki, iddiaçıya cavabdeh və yuxarıda qeyd olunan qurumlar tərəfindən ünvanlanmış cavab məktublarından da görünür ki, 2022-ci ilin oktyabr ayı ərzində işin məhkəmədən kənar həlli ilə bağlı seçim imkanının olmaması ona bəlli olmuşdur. Həmçinin cavab məktublarında iddiaçıya əmək kitabçasını götürməsi təklif edilmişdir. Son haqq hesab isə xx.xx.2023-cü il tarixdə ödənilmişdir. İddiaçı isə bu faktı məhkəmədə mübahisələndirməmişdir. İddiaçı mediasiya təşkilatına gec müraciət etməsinin səbəbini onun digər dövlət orqanlarına müraciət etməsi ilə əsaslandırsa da, məhkəmə qeyd edir ki, iddiaçının digər dövlət orqanlarına müraciət etməsi onun məhkəməyə müraciət etməsi üçün müddətin axımının dayanmasına əsas ola bilməz. Göstərilənlərlə yanaşı iddiaçı cavabdehin təhdidi ilə məcburən işdən azad edilməsi barədə ərizə verməsini göstərməsinə baxmayaraq məhkəmə araşdırması ilə bu fakt öz təsdiqini tapmamışdır. Bunun əksinə olaraq iddiaçının nümayəndəsi qismində məhkəmə iclasında iştirak edən atası izahatında etiraf etmişdir ki, oğlu işdən azad edilməyə dair ərizə verməmişdən öncə ona zəng edib məlumat vermiş, o da yazmamasını tənbehləmişdir. Odur ki, məhkəmə iddiaçının bu əsasını inandırıcı hesab etmir. Belə ki, qeyd olunanlar bir daha onu deməyə əsas verir ki, iddiaçı xx.xx.2022-ci il tarixdən artıq işdən azad olunması barədə məlumatlı olmuşdur. Buna baxmayaraq o, hüquqlarının müdafiəsi barədə məhkəməyə deyil digər orqanlara müraciət etmişdir. İş materialları ilə təsdiq olunur ki, iddiaçı mediasiya təşkilatına xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Bununla da o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini ötürmüşdür. İddiaçının nümayəndəsi həmçinin məhkəmə iclasında müddətin ötürülməsi səbəbini onunla izah etmişdir ki, iddiaçının işə bərpa ilə bağlı ərizəsi baxılması üçün “Azərsu ASCyə, X2 Xidmətinə göndərilmişdir. O, rəsmi qaydada müraciətinə cavab gözləmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının rəsmi dövlət orqanına müvafiq məsələ ilə bağlı müraciət etməsi onun aidiyyəti məhkəməyə qanunla müəyyən edilmiş müddət çərçivəsində müraciət etməsinə maneə deyildir və qanunvericiliklə buna dair hər hansı məhdudiyyət müəyyən edilmədiyindən, bu halda iddia müddətinin axımı dayanmır. Eləcə də işin faktiki hallarından da müəyyən edilir ki, iddiaçının hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməsi üçün onun kifayət qədər vaxt imkanı olmuşdur. Odur ki, məhkəmə iddiaçı tərəfindən mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddətin ötürülməsi səbəbini üzrsüz hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyrimüəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü hissəsinə görə isə məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Həmin Məcəllənin 69-cu maddəsinə əsasən, 1 İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. 5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. 6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir. 7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Hazırki iş üzrə iddiaçı işdən azad olmaya dair ərizəsini öz iradəsi əleyhinə imzalamasını iddia etməsinə baxmayaraq buna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə araşdırması ilə iddiaçının xidmət etdiyi idarədə onun işdən azad olmasına dair ərizəsini hədə-qorxu və təzyiq altında imzalaması faktı öz təsdiqini tapmamışdır. Bundan başqa məhkəmə iddiaçının işdən azad edilməyə dair ərizəsinin qeyri-iş saatında alınaraq əmrlə rəsmiləşdirilməsi, ertəsi gün yəni xx.xx.2022-il tarixdə işdən azad olmaya dair ərizəsinin etibarsız hesab edilməsi haqqında teleqram verməsi, təkrar məzmunlu xx.xx.2022-ci il tarixdə sürətli poçtla ərizə verməsi ilə bağlı xüsusata münasibətdə qeyd edir ki, iş materiallarında olan iddiaçının xx.xx.2022-ci il tarixli işdən azad olmaya dair ərizəsindən müəyyən edilir ki, o, həmin tarixdən əmək münasibətlərinin dayandırılmasını göstərmişdir. Belə olan halda, cavabdehin onu həmin tarixdən işdən azad etməsi qanunvericiliyin tələbi baxımından pozuntu halı deyildir. Eləcə də əmək müqaviləsindən müəyyən edilir ki, xx.xx.2022-ci il tarix yay vaxtı iş rejiminə daxil olmaqla, ərizənin qeydiyyatda alındığı vaxt, yəni 18:22 iş saatlarına təsadüf edir. Odur ki, AR "xxxx" ASC-nin Nəsimi rayon Sukanal İdarəsinin xx.xx.2022-ci il tarixli, 31-K nömrəli əmrinin qanunsuz olmasına dair əsaslar məhkəmə tərəfindən aşkar edilmədi. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "işə bərpa, əmək haqqı və pul" tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar