Məhkəmə qərarları › İş №2(004)-2267/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2267/2022

17.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2267/2022 17.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti BOKT-un nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti BOKT-na qarşı əsassız tutulmuş pulun geri qaytarılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC BOKT-yə qarşı “əsassız tutulmuş pulun geri qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 17.02.2021-ci il tarixli, 2(078)-109/2021 saylı qətnaməsi əsasında əmək haqqından tutulmuş 2104,06 manat məbləğində pulun və dövlət rüsumuna görə ödənilmiş 42 manatın cavabdehdən tutularaq ona geri qaytarılması barədə qətnamə şıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-109/2021 saylı, 17.02.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunaraq, ondan və X1 müştərək qaydada 3746,64 manat əsas, 691,55 manat faiz borcu olmaqla, cəmi 4438,19 manat məbləğində pul alınaraq iddiaçı Cavabdeh QSC BOKT-nin xeyrinə ödənilməsi, 30 manat dövlət rüsumunun ondan və X1 müştərək qaydada alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. Qətnamədən tərəfindən verilmiş apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin 2(108)-26/2022 saylı, 21.02.2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 17.02.2021-ci il tarixli, 2(078)-109/2021 saylı qətnaməsinin ondan müştərək qaydada 3746.64 manat əsas, 691.45 manat faiz borcu olmaqla, cəmi 4438.09 manat məbləğində pulun alınaraq iddiaçı Cavabdeh QSC BOKT-nin xeyrinə ödənilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin ona münasibətdə rədd edilməsi qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 17.02.2021ci il tarixli, 2(078)-109/2021 nömrəli qətnaməsi əsasında onun əmək haqqından Cavabdeh QSC BOKT-un xeyrinə ümumilikdə 2104,06 manat məbləğində vəsait tutulmuşdur. Bu vəsait əsassız tutulmuşdur. Cavabdeh onun hesabına əsassız varlanmışdır. Cavabdeh QSC BOKT iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia tələbi aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, tutulan 2104.06 manatın iddiaçıya geri qaytarılması qüvvədə olan qanunvericiliyə əsasən maddi hüquq normaları ilə öz əksini tapmamış, həmçinin istinad edilən Naxçıvan şəhər Məhkəməsinin 17.02.2021-ci il tarixli qətnaməsi icra olunaq dövrdə iddiaçının zaminliyinə xitam verilməmişdir. Beləliklə qeyd olunan tutma tam qanuni əsaslarla həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmənin nəzərinə çatdırmaq istərdi ki, Naxçıvan MR Ali Məhkəməsinin 21.02.2022-ci il tarixli qətnaməsindən sonra İddiaçı əmək haqqından tutulma dayandırılmışdır. Əlavə olaraq məhkəmənin diqqətinə onu da çatdırmaq istərdi ki, qüvvədə olan mülki qanunvericilikdə öhdəliyi icra etmiş zaminin hüquqları maddi hüquq normaları ilə bir başa tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh QSC BOKT-yə qarşı “əsassız tutulmuş pulun geri qaytarılması tələbinə dair” iddiası rədd edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək, iccia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və iddia tələblərinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 17.02.2021-ci il tarixli, 2(078)-109/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh QSC BOKT-nin cavabdehlər X3 və İddiaçı qarşı “əsas və faiz borcunun qaytarılması tələbinə dair” iddiası təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 3746.64 manat əsas, 691.55 manat faiz borcu olmaqla, cəmi 4438.19 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin 21.02.2022-ci il tarixli, 2(108)-26/2022 saylı qətnaməsinin surətindən görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin 17.02.2021-ci il tarixli, 2(078)-109/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, qətnaməsi İddiaçı müştərək qaydada 3746.64 manat əsas, 691.45 manat faiz borcu olmaqla, cəmi 4438.09 manat məbləğində borcun alınaraq iddiaçının xeyrinə ödənilməsi hissəsində ləğv edilmiş, Cavabdeh QSC BOKT-un kredit borcunun ödənilməsinə dair iddia tələbinin İddiaçı münasibətdə rədd edilməsi qət edilmişdir. İşin apellyasiya baxışı zamanı müəyyən olunmuş hallarına əsasən, "xxxx" ASC ilə X4 arasında bağlanmış 19.11.2014-cü il tarixli, 282-19.11.2014 nömrəli kredit müqaviləsinə əsasən borcalana kredit 36 ay müddətinə verilmişdir. Müqavilənin 5.4-cü bəndinə əsasən kredit müddəti 19.11.2017-ci il tarixində bitir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbləri baxımından zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir ki, hazırkı ış üzrə öhdəliyin icrası müddəti 19.11.2017-ci il tarix kimi müəyyən edilmiş və zaminə qarşı iddia irəli sürmək üçün bir illik müddət 19.11.2018-ci il tarixində bitmişdir. Belə ki, kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı olaraq “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə İddiaçı arasında 19.11.2014-cü il tarixli, 282-19.11.2014 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, məhkəmə kollegiyası, zaminliklə təmin olunan öhdəliyin icrası vaxtının çatdığı gündən bır il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyini nəzərə alıb, İddiaçı zaminliyinə xitam verilmiş hesab etmiş və iddia tələbinin cavabdeh İddiaçı münasibətdə əsaslarının olmadığı qənaətinə gəlmişdir. İş materiallarında olan 09.08.2021-ci il tarixli, 14.09.2021-ci il tarixli, 19.10.2021-ci il tarixli, 12.11.2021-ci il tarixli, 21.12.2021-ci il tarixli və 11.01.2022-ci il tarixli qəbzlərdən müəyyən olunur ki, Naxçıvan Şəhər Məhkəməsinin 17.02.2021-ci il tarixli, 2(078)-109/2021 saylı qətnaməsi əsasında İddiaçı əmək haqqından cəmi 2104,06 manat məbləğində pul tutularaq, Cavabdeh QSC BOKT-nin hesabına ödənilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsi əsassız varlanmanı mülki hüquq və münasibətlərin əmələ gəlməsinin əsaslarından biri olaraq təsbit etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə görə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 459.1-ci maddəsinə görə zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin sadalanan normalarına əsaslanaraq hesab edir ki, İddiaçı münasibətdə ləğv edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-109/2021 saylı, 17.02.2021-ci il tarixli qətnaməsi əsasında Cavabdeh QSC BOKT-nin xeyrinə 2104,06 manat məbləğində pulun tutulmasının hüquqi əsaslarının aradan qalxması və bununla da, cavabdehin iddiaçının hesabına əsassız varlanması təsdiq olunduğuna görə iddia ərizəsi təmin edilməli, cavabdehdən 2104,06 manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti BOKT-dan 2104 (iki min yüz dörd) manat 06 (altı) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 42 (qırx iki) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar