Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4906/2025 01.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh LPO "xxxx" ASC-yə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (bank əmanəti müqaviləsi üzrə pul vəsaitinin ödənilməsi) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi X2 və nümayəndəsi Vəkil2, cavabdehin nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı bank əmanəti müqaviləsi üzrə pul vəsaitinin ödənilməsi tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3863/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı iddia tələbi(dəqiqləşmə) ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ASC-nin Sumqayıt filialı ilə arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Güvən” əmanət müqaviləsinə əsasən banka yerləşdirilmiş əmanət məbləğindən hazırki vaxta kimi ödənilməyən 19000 manat məbləğində vəsaitin və iddia tələbi ilə bağlı ödədiyi dövlət rüsumunun cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq iddiaçıya qaytarılması və kompensasiya alınması üçün ötürülmüş müddətin üzrlü hesab olunmasını xahiş etmiş, iddia tələbinin onunla əsaslandırlmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixli “Güvən” əmanət müqaviləsinə əsasən Banka ümumi sığortalı depozit faizi 13 faiz olan zaman 5050 manat məbləğində vəsait qoymuş və illər üzrə həmin məbləğə əlavələr edilməklə sonuncu vəsait məbləği 32000 manat təşkil etmişdir. İddiaçı sonrakı illərdə müqavilə bağlamamış və ümid etmişdir ki, sığortalanan əmanətlərin faiz dəyişikliyi Bank tərəfindən tənzimlənir. Bundan başqa bu Bank ƏSF-nun üzvü olduğu üçün iddiaçı həmin vəsaitin hər bir halda qaytarılacağına ümid etmişdir. Lakin gözlənilmədən xx.xx.2020-ci ildə Milli Bank tərəfindən verilmiş qərara əsasən Bankın lisenziyası ləğv olunmuş və bundan sonra iddiaçının məşəqqətli günləri başlamışdır. Belə ki, iddiaçı da Bankın minlərlə müştərisi kimi həmin vəsaitin geri qaytarılması ilə bağlı Banka müraciət etmiş, iddiaçıya həmin vəsaitdən yalnız 13312 manat geri qaytarılmış və bildirilmişdir ki, qoyulan yığım əmanəti üzrə vəsait tam həcmdə ona qaytarılacaq, hətta adına bankda həmin vəsaitin köçürülməsi məqsədi ilə hesab da açaraq ona kart verilmişdir. Lakin artıq 4 ilə yaxın müddətin keçməsinə baxmayaraq, həmin vəsait iddiaçıya qaytarılmamışdır. İddiaçı bu illər ərzində vəsaitin qaytarılması ilə bağlı dəfələrlə Milli Banka, Əmanətlərin Sığortalanması Fonduna ərizələrlə müraciət etmiş və həmin müraciətlərə verilmiş cavab məktublarında bildirilmişdir ki, iddiaçı həmin vəsaiti ala bilər, lakin nə vaxt alacaq, bu suala cavab verilməmişdir. Belə olmuşdur ki, iddiaçının səhhətində ciddi problemlər yaranmış və təcili ürək əməliyyatına girməlidir, lakin həmin vəsaitlərini geri ala bilmədiyi üçün bu əməliyyat baş tutmamışdır. Bu da iddiaçının səhhətinin getdikcə daha da ağırlaşmasına və kritik hədd almasına səbəb olmuşdur. İddiaçı həmin vəsaiti illərlə toplamış və bu gün ondan yararlana bilmir.
2. Cavabdeh iddiaya etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, məlum olduğu kimi, Bank Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2020-ci il tarixli 2-3(103)- 130/2020 saylı qərarı ilə müflis elan edilmiş və ƏSF Banka ləğvedici təyin edilmişdir. “Əmanətlərin Sığortalanması haqqında” Qanununun 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Həmin Qanunun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu Qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Müvəqqəti inzibatçı tərəfindən Fonda təqdim edilən bankın əmanətçiləri qarşısında öhdəliklərin reyestrinə əsasən əmanətçi olan iddiaçının Bankda əmanət və cari hesabları mövcuddur ki, həmin hesablara görə əmanətçiyə ümumilikdə 32312 manat kompensasiya məbləği hesablanmışdır. Bu məbləğdən 13312 manat məbləğində vəsait xx.xx.2020-ci il tarixində müştəriyə (iddiaçıya) ödənilmişdir. Kompensasiya məbləğinin qalıq hissəsi isə xx.xx.2019- cu il tarixindən sonra yatırım edilməsi səbəbindən kompensasiya edilməmişdir. “Banklar haqqında” Qanununa uyğun olaraq ləğv prosesində olan banka qarşı kreditor tələbləri “Banklar haqqında” Qanununun 76 və 77-ci maddələrinə əsasən qeydə alınaraq, həmin Qanunun 82-ci maddəsinə uyğun olaraq növbəlik qaydasında ödənilir. Sözügedən Qanunun 87.1-ci maddəsinə əsasən bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. İddiaçının 19.023,93 manat məbləğində kreditor tələbi “Banklar haqqında” Qanunun 77.1-ci maddəsinə uyğun olaraq qeydə alınaraq ləğv prosesində olan Bankın kreditorlar reyestrinə daxil edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 avqust 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsi nəzərə alınaraq, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı, “Banklar haqqında” Qanunun 47 və 48-ci maddələrinə əsasən təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir. Lakin iddiaçi tərəfindən 01 yanvar 2024-cü il tarixdə fonda müraciət edilmişdir və heç bir üzrlü səbəb təqdim edilməmişdir. Ləğv prosesində olan Bankın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün müəyyən edilmiş müddət 01 may 2021-ci il tarixində başa çatmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarına əsasən, "Banklar haqqında” Qanunun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Mülki Prosessual Məcəllənin 153.2.1 -ci maddəsinə əsasən imtina olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2017-ci il tarixli qərarı bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini və tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsinin izah olunmasını nəzərdə tutur. Bunu nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, göstərilən fərqləndirici əlamətlərinə görə müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa bölmək olar: 1. müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar;
2. müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar. “Banklar haqqında” Qanunun X fəslində iflas prosesinə məruz qalan banka qarşı iflas proseduru çərçivəsində irəli sürülən tələblərin dairəsi müəyyən edilmişdir. Qeyd edilənlərdən görünür ki, kreditor tələbinə dair sözügedən iddia müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialara aiddir və bu iddiaya iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Buna görə də iş üzrə icraata xitam verilməlidir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3863/2024 nömrəli iş üzrə 25 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna müraciət üçün kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq qanunla müəyyən edilmiş bir illik müddət üzrlü səbəblərdən ötürülmüş hesab edilərək bərpa edilmiş, 01 oktyabr 2018-ci il tarixli PTD.132621.006 saylı əmanət müqaviləsi üzrə 19000 (on doqquz min) manat məbləğində pul vəsaiti və 149 (yüz qırx doqquz) manat dövlət rüsumunun əvəzinin cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicsi Əmanətlərin Sığortalanması Fondundan İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 405.1, 425.1, 425.2, 944.1, 946.1, 953.1-ci, “Əmanətlərin sığortalanması haqqında” Qanununun 2.1.2, 2.1.3, 2.1.11, 2.1.2.6, 8.1.20, 25.1.4, 26.2, 28.3, 28.4-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 771.-ci maddələrinə istinadən qeyd edilmişdir ki, xx.xx.2018-ci il tarixli “Güvən” əmanət müqaviləsinə əsasən iddiaçı tərəfindən Banka illik istifadə dərəcəsi 13 faiz olmaqla, 36 ay müddətinə 5050 manat məbləğində əmanət yerləşdirilmişdir. Əmanət yerləşdirilərkən qorunan əmanət olmuşdur. Əmanətlərin Sığortalanması Fondu Himayəçilik Şurasının xx.xx.2019-cu il tarixli qərarı ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi xx.xx.2019-cu il tarixindən etibarən milli valyutada 10% müəyyən edilmişdir. Həmin Şuranın xx.xx.2020-ci il tarixli qərarı əsasən xx.xx.2020-ci il tarixindən etibarən milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12% müəyyən edilmişdir. Əmanət müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş və müqavilənin 6.1-ci bəndinə uyğun olaraq müqavilə eyni tarixə, eyni şərtlərlə uzadılmış hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 30 aprel 2020-ci il tarixli qərarı ilə Bank müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Hazırda iddiaçı bank əmanəti müqaviləsi üzrə kompensasiyanın ödənilməsini tələb edir və iddiasını onunla əsaslandırır ki, sonrakı illərdə müqavilə bağlamamış və ümid etmişdir ki, sığortalanan əmanətlərin faiz dəyişikliyi bank tərəfindən tənzimlənir, bundan başqa Bank ƏSFnin üzvü olduğu üçün həmin vəsaitin hər bir halda qaytarılacağına ümid etmişdir. Cavabdeh isə ləğv prosesində olan Bankın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün müəyyən edilmiş müddətin 01 may 2021-ci il tarixində başa çatdığını, iddiaçı tərəfindən isə ƏSFyə 01 yanvar 2024-cü il tarixdə müraciət edildiyini və heç bir üzrlü səbəb təqdim edilmədiyini, iddiaçının 19023,93 manat məbləğində kreditor tələbinin ləğv prosesində olan Bankın kreditorlar reyestrinə daxil edildiyini göstərmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə xx.xx.2018-ci il tarixli əmanət müqaviləsində illik faiz dərəcəsi 13% razılaşdırılmışdır. Həmin vaxt qüvvədə olan normalara və müqavilənin şərtlərinə əsasən qorunan əmanətlərin milli valyutada yuxarı faiz dərəcəsi 15% olmuşdur. Buna görə də müqavilə bağlanan vaxt həmin əmanət qorunan əmanət hesab olunurdu. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinin 1, 2 və 3-cü hissələrinə, 149-cu maddəsinin 1 və 3-cü hissələrinə uyğunluğunun yoxlanılmasına dair 6 iyul 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, ... sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının xx.xx.2019-cu il tarixli protokolunda da xx.xx.2019-cu il tarixədək yerləşdirilən əmanətlərin müqavilə müddəti bitənədək milli valyutada gəlirliyi 15 faizədək olduğu təqdirdə sığortalı olması göstərilmişdir. Birinci instansiya məhkəməsi cavabdehin etirazının “Əmanətlərin Sığortalanması Fondunun ləğv prosesində olan Bankın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün müəyyən edilmiş müddətin 01 may 2021-ci il tarixində başa çatdığını, iddiaçı tərəfindən isə həmin müddətdə fonda müraciət edilmədiyi” barədə dəlilinə münasibətdə göstərmişdir ki, “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 28.3-cü maddəsində Fondun əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul etdiyi göstərilsə də, 28.4-cü maddədə əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu Qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadılmasının mümkün olduğu, lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanıldığı təsbit olunmuşdur. Birinci instansiya məhkəməsi Milli Hematologiya Mərkəzi tərəfindən verilmiş iddiaçının ambulator kitabçasından (xəstəlik tarixindən) çıxarışlara əsasən diqqətə çatdırmışdır ki, iddiaçı xx.xx.2020-xx.xx.2020, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə xəstəliyi ilə əlaqədar ambulator və stasionar müalicələr qəbul etmiş və bu səbəbdən də, iddiaçının kompensasiya almaq üçün müraciət etmə müddətinin ötürülməsi üzrlü hesab edilməlidir.
4. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən bir il ərzində müraciət etməmiş, müraciəti qeyri-mümkün edən hallarla bağlı sənəd təqdim etməmişdir. Bundan başqa, iddiaçının hesabında vəsait yoxdur, daxil olan vəsait bankın aralıq hesabında olduğu üçün o, qorunan əmanət hesab oluna bilməz, qorunan hesab edilməyən əmanətlər kreditor tələbi kimi qeydə alınır, iddiaçının kreditor tələbi də kreditorun reyestrində qeydə alınmışdır. Bundan başqa, rayon məhkəməsi kompensasiyanın Əmanətlərin Sığortalanması Fondundan yox, Cavabdeh1 ASC-nin ləğvedicisi kimi Əmanətlərin Sığortalanması Fondundan tutulmasını qeyd etmişdir. Bu da qeyri-müəyyəndir, Fond və Bank ayrı-ayrı hüquqi şəxslərdir, rayon məhkəməsində Fonda yox, Banka qarşı tələbə baxılmış, qanunvericiliyin tələbləri pozulmuşdur. Bu səbəbdən qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - xx.xx.2018-ci il tarixli “Güvən” əmanət müqaviləsinə əsasən İddiaçı (bundan sonra “iddiaçı”) tərəfindən Cavabdeh1 ASC-yə illik istifadə dərəcəsi 13 faiz olmaqla, 36 ay müddətinə 5050 manat məbləğində əmanət yerləşdirilmişdir. Əmanət yerləşdirilərkən qorunan əmanət olmuşdur; - Əmanətlərin Sığortalanması Fondu Himayəçilik Şurasının xx.xx.2019-cu il tarixli qərarı ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi xx.xx.2019-cu il tarixindən etibarən milli valyutada 10 % müəyyən edilmişdir. Həmin Şuranın xx.xx.2020-ci il tarixli qərarına əsasən xx.xx.2020-ci il tarixindən etibarən milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12% müəyyən edilmişdir; - Əmanət müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş və müqavilənin 6.1- ci bəndinə uyğun olaraq müqavilə eyni tarixə, eyni şərtlərlə uzadılmış hesab edilmişdir; - Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 30 aprel 2020-ci il tarixli qərarı ilə Bank müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir; - İddiaçının xx.xx.2021-ci il tarixdən ikinci qrup əlillik dərəcəsi vardır, diaqnoz: xroniki limfa leykoz, İV mərhələ sonrakı vəziyyət. QDÇ İİ dərəcə. Xroniki xolesistit. Astenonevrotik sindrom. NSD-kardial tipli.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1649/2025 nömrəli mülki iş üzrə 8 aprel 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3863/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
7. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1977/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərarı ilə Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1649/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.Qərardadda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 405.1, 944.1, 946.1, 953.1; “Əmanətlərin Sığortalanması fondu” haqqında Azərbaycan Respublikası Qanunun 1, 2.1.2; 2.1.2.2-2.1.2.8; 8.1.20; 28.1, 28.2, 28.3, 28.4; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 407.2, 416.1, 416.2, 417.1.1, 417.1.3, 418.1, 418.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, işin müəyyən edilmiş hallarına görə iddiaçı ilə Bank arasında xx.xx.2018-ci il tarixli “Güvən” əmanət müqaviləsi bağlanmış, iddiaçı tərəfindən Banka illik istifadə dərəcəsi 13 faiz olmaqla, 36 ay müddətinə 5050 manat məbləğində əmanət yerləşdirilmişdir. Əmanət yerləşdirilərkən qorunan əmanət olmuşdur. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 30 aprel 2020-ci il tarixli qərarı ilə Bank müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Həmçinin işdən görünür ki, iddiaçı əmanətin alınması üçün ƏSF-yə 09 yanvar 2024-cü il tarixdə müraciət etmişdir.(iş v. 26, 60) Cavabdeh iddia tələbinə etiraz olaraq, digər dəlillərlə yanaşı, ləğv prosesində olan Bankın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün müəyyən edilmiş müddətin 01 may 2021-ci il tarixində başa çatdığını, iddiaçı tərəfindən isə ƏSF-yə 01 yanvar 2024-cü il tarixdə müraciət edildiyini, heç bir üzrlü səbəb göstərilmədiyini, bununla da iddiaçının müddəti ötürməsini bildirmişdir. İddiaçı da tələbini dəqiqləşdirməklə ötürülmüş müddətin bərpası barədə ərizə vermişdir. (iş v.76) “Əmanətlərin sığortalanması haqqında” Qanunun 28.3-cü maddəsinə görə Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Həmin Qanunun 28.4-cü maddəsinə görə əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu Qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Birinci instansiya məhkəməsi Milli Hematologiya Mərkəzi tərəfindən verilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışlara əsasən iddiaçının xx.xx.2020- xx.xx.2020, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə xəstəliyi ilə əlaqədar ambulator və stasionar müalicələr qəbul etməsini nəzərə alaraq, bunu onun kompensasiya almaq üçün müraciət etmə müddətini ötürməsinin üzrlü halı saymış və həmin müddəti bərpa etmişdir. Birinci instansiya məhkəməsi “Əmanətlərin sığortalanması haqqında” Qanunun 28.3 və 28.4-cü maddələrində göstərilən müddəti bərpa etməklə həmin müddətin iddia müddəti olmasını qəbul etmişdir. Məhkəmə kollegiyası da bununla razılaşır. Qeyd edilən normalarda müddətin “uzadılması” sözündən istifadə olunsa da, normaların məzmunu ona deməyə əsas verir ki, kompensasiya tələb hüququdur. İddia müddəti də tələb hüququ üçün xarakterik müddətdir və bu müddət bərpa edilə bilər. İddia müddətinin bərpası ilə bağlı məsələni nizama salan Mülki Məcəllənin 382-ci maddəsinə görə iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Birinci instansiya məhkəməsi Milli Hematologiya Mərkəzi tərəfindən verilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışlara əsasən müddətin ötürülməsini üzrlü saysa da, gəldiyi nəticəni Mülki Məcəllənin 382-ci, habelə “Əmanətlərin sığortalanması haqqında” Qanunun 28.3 və 28.4-cü maddələrinin dispozitiv şərtlərinə uyğun qiymətləndirməyib və həmin normaların tələblərinə cavab verən sübutlarla əsaslandırmayıb. İddiaçının və məhkəmənin müddətin ötürülməsinin üzrlü halı kimi istinad etdiyi ambulator və stasionar müalicələr xx.xx.2020xx.xx.2020, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə olmuşdur. Bankın müflis elan edilməsi 30 aprel 2020-ci il tarixində baş vermişdir. İddiaçı kompensasiya üçün 09 yanvar 2024-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi, Bankın müflis elan edilməsi, iddiaçının xəstəliyinə görə ambulator və stasionar müalicələr alması və kompensasiya üçün müraciət tarixləri təxminən 4 ilə yaxın müddəti əhatə etmişdir. Eyni zamanda kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gün də müəyyən edilməmişdir. Cavabdehin ləğv prosesində olan Bankın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün müəyyən edilmiş müddətin 01 may 2021-ci il tarixində başa çatması (Bankın müflis elan edilməsi tarixi) barədə dəlilləri üzrə isə qeyd edilməlidir ki, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 28.3-cü maddəsinə görə bir illik müddətin axımı Bankın müflis elan edilməsi barədə məhkəmə qərarının tarixindən deyil, kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayır. Buna görə də iddiaçının son müalicə tarixinin 01 iyun 2020-ci ilə təsadüf etməsi nəzərə alınarsa, kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə nə vaxt dərc edilməsi və bundan hesablanaraq müddətin nə vaxtdan başlaması, iddiaçının xəstəliyinin müddətin bərpasına əsas veribverməməsinə Mülki Məcəllənin 382-ci maddəsinin 2-ci cümləsinə uyğun olaraq qiymət verilməli idi. Lakin işdən görünür ki, qiymətləndirmə istinad edilən maddi hüquq normalarının tələblərinə uyğun aparılmayıb. İddiaçının xx.xx.2020-xx.xx.2020, xx.xx.2020- xx.xx.2020-ci il ambulator və stasionar müalicələr almasını hansı səbəbdən üzrlü hal olmasına həmin normaların kontekstində aydınlıq gətirilməyib. Cavabdeh apellyasiya şikayətində digər dəlillərlə yanaşı, iddiaçının kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən bir il ərzində müraciət etməsini qeyri-mümkün edən hallarla bağlı sənəd verməməsi barədə dəlil irəli sürsə də, apellyasiya instansiyası məhkəməsi də bu dəlilə əhəmiyyət verməyərək, birinci instansiya məhkəməsinin yol verdiyi səhvi təkrarlamışdır. Halbuki qeyd edilən dəlillərə aydınlıq gətirilməklə onlara qiymət verilməsi iddianın obyektiv və qanuni həlli baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Cavabdehin apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., “G.Həsənzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”) Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, bunun nəticəsi olaraq tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir. Apellyasiya baxışının hədləri
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Bununla bərabər,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən qeyd edilməlidir ki, mübahisələndirilən qətnamə kassasiya instansiya məhkəməsinin göstərişləri üzrə müəyyən edilən hissədə yenidən yoxlanılmalıdır. Apellyasiya icraatında müəyyən edilən hallar:
10. İddiaçı yazılı mülahizə təqdim etmiş, mülahizədə qeyd edilmişdir ki, 01 oktyabr 2018-ci il tarixdə Cavabdeh1 ASC-nin Sumqayıt filialı ilə arasında PTD.132621.006 saylı “Güvən” əmanət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən o, 5050 manat məbləğində əmanət yerləşdirmiş, illik 13% dərəcə ilə 36 ay müddətinə banka əmanət vermişdir. Əmanətin yerləşdirildiyi tarixdə qüvvədə olan qanunvericiliyə əsasən milli valyutada qorunan əmanətlər üzrə maksimal illik faiz dərəcəsi 15% təşkil edirdi. Bu səbəbdən onun əmanəti tam şəkildə qorunan əmanət statusunda olmuşdur. Sonrakı dövrlərdə müvafiq qaydada əmanətə əlavə vəsaitlər yerləşdirmiş və əmanət məbləği böyümüşdür. Müqavilə müddəti xx.xx.2021-ci ildə bitdiyi üçün, müqavilənin şərtlərinə uyğun olaraq, müddət avtomatik uzadılmış hesab edilmişdir. Bu dövr ərzində onun şəxsi təşəbbüsü ilə ayrıca yeni müqavilə bağlanmamış, lakin mövcud müqavilə qüvvədə qalmışdır. Bank əməkdaşları da dəfələrlə ona bildirmişlər ki, yerləşdirilmiş əmanətin qorunma şərtləri və onun geri qaytarılması ilə bağlı heç bir risk yoxdur. 28 aprel 2020-ci il tarixdə Mərkəzi Bankın qərarı ilə Cavabdeh1 ASC-nin lisenziyası ləğv edilmiş, bankın öhdəlikləri üzrə ödənişlərə moratorium tətbiq edilmiş, daha sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən bank müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir. Bu dövrdə o müraciət etmiş və ona yalnız 13312 manat məbləğində vəsait ödənilmişdir. Lakin qalan 19000 manatın ödənilməsi təmin edilməmişdir. ƏSF-nin və bankın müxtəlif cavablarında bildirilirdi ki, vəsait ödəniləcək, hətta bank onun üçün xüsusi hesab da açmışdı. Lakin faktiki ödəniş aparılmamışdır. Əmanətlərin Sığortalanması haqqında Qanuna görə kompensasiya üçün müraciət müddəti bildirişin ilk dəfə dərc edildiyi gündən etibarən 1 il idi. Lakin həmin dövrdə onun səhhətində yaranmış ciddi problemlər səbəbindən o bu hüquqdan vaxtında istifadə edə bilməmişdir. Bundan əlavə, mülki işin materiallarının 77-ci səhifəsində yerləşən sənəddən də aydın olur ki, Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru tərəfindən 20 iyul 2020-ci il tarixdə ünvanlanmış rəsmi məktubda onun– iddiaçının – artıq 02 iyun 2020-ci il tarixdə Fonda müraciət etdiyi açıq şəkildə təsdiq olunur. Bu sənəd bir daha göstərir ki, kompensasiya almaq üçün müraciət hüququndan vaxtında istifadə etmiş və Fondun qarşısında hər hansı gecikmə baş verməmişdir. O, 15 yanvar 2021-ci ildən İİ qrup əlillik dərəcəsi almışDİR. Diaqnozum: — Xroniki limfa leykoz, İV mərhələ, sonrakı vəziyyət — QDÇ İİ dərəcə — Xroniki xolesistit — Asteno– nevrotik sindrom və s. 2020-ci ilin fevral-mart və may-iyun aylarında O bir neçə dəfə stasionar və ambulator müalicələr almışdır. Xəstəlik ağır və gedişatlı olduğundan o fiziki olaraq ƏSF-yə müraciət edə bilməmişdir. Birinci instansiya və apellyasiya məhkəmələri də haqlı olaraq qeyd etmişdir ki, bu hallar müddətin ötürülməsi üçün obyektiv üzrlü səbəbdir. Həmçinin Qanunun 28.4-cü maddəsinə görə: — müraciətin qarşısını alan hallar olduqda birillik müddət uzadıla bilər; — hər bir halda kompensasiya almaq hüququ 5 il ərzində saxlanılır. Onun müraciəti isə həmin 5 illik müddət daxilində edilmişdir və buna görə hüququ qüvvədədir. Cavabdeh tərəf iddia edirdi ki, guya əmanət qorunan deyil. Lakin: 1. Əmanət 2018-ci ildə yerləşdirilib və həmin tarixdə faiz 13% olub — bu isə icazə verilən maksimum 15%-dən aşağıdır. 2. Himayəçilik Şurasının 2019 və 2020-ci il tarixli qərarları retrospektiv tətbiq edilə bilməz. 3. Ali Məhkəmə və Apellyasiya Məhkəməsi də bu nəticəyə gəlib ki, əmanət qorunan əmanətdir. Bu baxımdan cavabdehin iddiası hüquqi əsasa malik deyil. Bankın lisenziyasının ləğvindən sonra artıq 4 ilə yaxındır ki, o öz halal əmanətini ala bilmir. Bu müddətdə: — Dəfələrlə ƏSF-yə, Mərkəzi Banka yazılı müraciətlər etmiş, — Müalicə xərclərini ödəmək üçün vəsait olmadığına görə həyati vacib olan kardioloji əməliyyatı belə təxirə düşmüşdür, — Səhhəti getdikcə daha da ağırlaşmışdır, — Onun topladığı və çətinliklə yığdığı əmanətdən istifadəsi faktiki əngəllənmişdir. Əmanətlərinin qaytarılmaması hüquqlarımın ciddi şəkildə pozulması ilə yanaşı, sağlamlığıma da ağır zərər vurmuşdur. Nəsimi Rayon Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə aşağıdakı mühüm hüquqi nəticələrə gəlmişdir: 1. Əmanət qorunan əmanətdir. 2. Onun müraciət müddətini ötürməyi üzrlü səbəblərlə bağlıdır. 3. Qanunun 28.4-cü maddəsinə əsasən kompensasiya hüququ beş il müddətində saxlanılır. 4. ƏSF kompensasiyanın qalan hissəsini ödəməlidir. 5. Rayon və apellyasiya instansiyalarının nəticələri düzgün və əsaslı olmuşdur. Ali Məhkəmə də bu mövqeləri təsdiq etməklə iş üzrə hüquqi qəti mövqeni formalaşdırmışdır. Beləliklə, qeyd edilənlərə əsasən, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3863/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək,sözügedən əmanətlərlə bağlı kompensasiyanın ödənilib-ödənilməməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etdiklərini, Konstitusiya Məhkəməsinin kompensasiyanın ödənilməsi ilə bağlı qərarının 2020-ci ilin avqust ayında qəbul edildiyini,bildirişin isə xx.xx.2020-ci il tarixdə dərc edildiyini, vətəndaşın 2 iyun 2020-ci il tarixində müraciət etdiyini, həmin dövrdə hələ Konstitusiya Məhkəməsinin qərarının qəbul edilmədiyini, qərar qəbul edildikdən sonra vətəndaşların müraciəti əsasında bütün qorunan əmanətlər üzrə kompensasiyanın ödənildiyini, lakin iddiaçının 1 illik kəsici müddəti ötürdüyünü və 2024-cü ildə müraciət etdiyini, vətəndaşın tələbini kreditor tələb kimi qeydə aldıqlarını və növbədə olduğunu, belə olduğu halda isə həmin məbləğin kompensasiya qismində deyil bank tərəfindən kreditor tələb kimi ödəniləcəyini bildirmiş və təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətini əsassız hesab etdiyini bildirmiş, yazılı mülahizəsinin də nəzərə alınaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.944.1. bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.
14. “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən:
1. Əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. 2.1.2. qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Aşağıdakı əmanətlər qorunan əmanətlərə aid edilmir: 2.1.2.2. bankın Azərbaycan Respublikasının ərazisindən kənarda açılmış bölmələri tərəfindən cəlb olunmuş əmanətlər; 2.1.2.3. cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhəli əməliyyatlar nəticəsində qanunvericiliyə müvafiq qaydada müəyyən edilmiş əmanətlər; 2.1.2.4. cinayətin törədilməsi nəticəsində yaranması məhkəmə qərarı ilə təsdiq edilmiş əmanətlər; 2.1.2.5. üzərinə həbs qoyulmuş əmanətlər; -2.1.2.6. cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər; 2.1.2.7. fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı 20 (iyirmi) min manatdan yuxarı pul vəsaitləri; 2.1.2.8. fiziki şəxslərin bankın vəkalətli idarəetməsində olan pul vəsaitləri; 8.1. X4: 8.1.20. Qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. 28.1. Fond sığorta hadisəsinin baş verməsi barədə maliyyə bazarlarına nəzarət orqanından bildiriş aldıqdan sonra 7 təqvim günü ərzində kütləvi informasiya vasitələrində kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş dərc etdirir. Fond həmin elanı və bildirişi bir həftə ara verməklə daha iki dəfə təkrar edir. 28.2. Kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir. Ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni Fonda təqdim etməlidir. 28.3. Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. 28.4. Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu Qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. 15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən:14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14 , 77, 80-82, 106.2, 119, 217.4-cü maddələrinə əsasən qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini kassasiya məhkəməsinin göstərişlərinə müvafiq nəzərdən keçirərək, habelə əlavə araşdırma apararaq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməklə çıxarılmışdır. Belə ki, mülki işin materiallarının 77-ci səhifəsində yerləşən sənəddən aydın olur ki, Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru tərəfindən 20 iyul 2020-ci il tarixdə ünvanlanmış rəsmi məktubda iddiaçının artıq 02 iyun 2020-ci il tarixdə Fonda müraciət etdiyi,bildirişin isə xx.xx.2020-ci il tarixdə dərc edildiyi, cavabdehin imtinasının əsası isə depozitin kreditor tələb kimi qeydiyyata alınması olmuş, ümumiyyətlə araşdırılan halın yalnız müraciətin gecikmə əsası ilə olması olduğu hala hər hansı gecikmə baş vermədiyi müəyyən edilir. 8 aprel 2020-ci il tarixdə Mərkəzi Bankın qərarı ilə Cavabdeh1 ASC-nin lisenziyası ləğv edilmiş və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu müəyyən edilmişdir. 02 iyun 2020-ci il tarixində iddiaçı əmanətinin ona verilməsi ilə bağlı müraciət etmiş, ona 13 312 manat məbləğində vəsait ödənilmiş, yerdə qalan 19000 manatın ödənilməsi təmin edilməmişdir. Beləliklə, iddiaçı ilk dəfə müraciət edərkən müddət ötürməmişdir. Sadəcə fond ona müvafiq məbləği verməkdən imtina etmişdir. Digər tərəfdən “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 28.4-cü maddəsində qeyd edilir ki: — müraciətin qarşısını alan hallar olduqda birillik müddət uzadıla bilər; — hər bir halda kompensasiya almaq hüququ 5 il ərzində saxlanılır. Qanun maddəsindən də göründüyü kimi ümumi olaraq iddiaçı 5 il ərzində kompensasiya almaq hüququ saxlanılır və iddiaçı bu müddəti ötməmişdir. Həmçinin iş materialları ilə Milli Hematologiya Mərkəzi tərəfindən verilmiş iddiaçının ambulator kitabçasından (xəstəlik tarixindən) çıxarışlardan görünür ki, xx.xx.2020-xx.xx.2020, xx.xx.2020- xx.xx.2020-ci il tarixlərdə xəstəliyi ilə əlaqədar ambulator və stasionar müalicələr qəbul etmişdir, iddiaçı sonuncu dəfə iş materiallarında olan sənədlər əsasında 2020-ci ildə müalicə almış olsa belə onu xəstəliyi davam edən olmuş, 15 yanvar 2021-ci ildən İİ qrup əlillik dərəcəsi almışdır.Diaqnozu: — Xroniki limfa leykoz, İV mərhələ, sonrakı vəziyyət — QDÇ İİ dərəcə — Xroniki xolesistit — Asteno– nevrotik sindrom və s.Qeyd edilənlərdən əlavə iddiaçının şifahi müraciətlərinin davam etməsi zamanı cavabdeh də gözləmə mövqeyində olmuş, bunu cavabdehin nümayəndəsi özü də etiraf etmiş, habelə cavabdeh vətəndaşın kompensasiya almaq hüuqunun öz hüququndan sui-istifadə etməklə həyata keçirmiş, bu əsas üzərində həyata keçirilən hərəkətlər isə etibarsızdır. Bu səbəbdən də iddiaçının ikinci dəfə müraciət üçün 1 illlik müddəti ötürməsi üzürlü hesab edilməlidir.
17. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün dövlət rüsumu üzrə məhkəmə xərcləri onu ödəyən şəxsə aid edilməlidir.
18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3863/2024 nömrəli işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi ( elektron məhkəmə informasiya sistemi ) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.