Məhkəmə qərarları › İş №2(1-8)-778/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-778/2026

09.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-778/2026 09.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdeh “xxxx” ASC-yə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdeh “xxxx” ASC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)- ****/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Iddiaçılar iddiaçı3, iddiaçı2 və X1 (bundan sonra - iddiaçılar və ya ad, soyad) cavabdeh “xxxx” ASC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 24.403 ABŞ dolları və 390 avro pul məbləğinin Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulub iddiaçı iddiaçı1, 18.056 manat və Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq 6.575 avro pul məbləğinin tutularaq iddiaçı iddiaçı3, 15.000 ABŞ dolları əsas, 39.614,80 ABŞ dolları faiz məbləği olmaqla cəmi 54.614,80 ABŞ dolları pul məbləğinin Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutularaq iddiaçı iddiaçı2 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim H.N.Miriyeva) 2025-ci il # ##### tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən 24.403 ABŞ dolları və 390 avro pul məbləğinin Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulub iddiaçı iddiaçı1, 18.056 manat pulun tutularaq iddiaçı iddiaçı3, 15.000 ABŞ dolları əsas, 39.600 ABŞ dolları faiz məbləği olmaqla cəmi 54.600 ABŞ dolları pul məbləğinin Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulub iddiaçı iddiaçı2 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.

3. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməsi və iddianın həmin hissədə tımin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il # ####### tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakimlər - G.T.Axundova (sədrlik edən və məruzəçi hakim), C.C.Musayeva və F.H.Qasımov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

5. Cavabdeh 2026-cı il ## ###### tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş və kassasiya şikayətinin verilməsi müddətinin ötürülməmiş hesab edilməsi barədə ərizə ilə məhkəməyə mücariət etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qəbul edilmiş 2025-ci il # ####### tarixli qətnamə 2025-ci il # ###### tarixdə qeyri-iş günündə (şənbə və Zəfər Günü) elektron kabinetə yerləşdirilmişdir. 2025-ci il # ###### tarixinin bazar günü və Bayraq günü, həmçinin 10-##.##.2025-ci il tarixlərinin də qeyri-iş günlərinə təsadüf etməsi səbəbindən ərizəçi həmin qətnamə ilə yalnız ##.##.2025-ci il tarixdə tanış olmaq imkanı əldə etmişdir. Bu səbəbdən qətnamə cavabdehə ##.##.2025-ci il tarixdə təqdim edilmiş hesab olunmuş və kassasiya şikayətinin verilməsi üçün son müddət ##.##.2026-cı il kimi müəyyən edilmişdir.

7. Apellyasiya instansiya məhkəməsinin 2026-cı il ## ###### tarixli qərardadı ilə apellyasiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

8. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan (iş vərəqi 163, II cild) “Elektron məhkəmə” informasiya sistemindən çıxarışa əsasən, apellyasiya instansiya məhkəməsinin 2025-ci il # ####### tarixli qətnaməsi 2025-ci il # ###### tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir.

9. Cavabdeh tərəfindən kassasiya şikayəti isə elektron kabinet vasitəsilə 2026-cı il ## ###### tarixdə təqdim edilmişdir ki, bu da qanunla müəyyən edilmiş 2 aylıq müddətin ötürülməsi ilə verildiyini göstərir.

10. Məhkəmə kollegiyası cavabdehin ərizədə göstərdiyi dəlilləri əsassız hesab edərək bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.3-cü maddəsinə əsasən prosessual müddətin axını onun başlanğıcını müəyyən edən tarixdən və ya hadisədən sonrakı gündən hesablanır. Həmin Məcəllənin 129.2-ci maddəsinə görə isə müddətin son günü qeyri-iş gününə düşdükdə, növbəti iş günü son gün hesab olunur.

11. Kollegiya xüsusilə vurğulamışdır ki, qətnamənin elektron kabinetə yerləşdirilmə tarixindən asılı olmayaraq, prosessual müddətin axını qanunvericiliklə müəyyən edilmiş qaydada növbəti gündən başlayır. Eyni zamanda, müddətin tərəfin sənədlə faktiki tanış olduğu tarixə görə hesablanması hüquqi müəyyənliyi poza və praktiki çətinliklər yarada bilər.

12. Nəticə etibarilə, məhkəmə aktının elektron kabinetə yerləşdirilməsi onun rəsmi qaydada təqdim edilməsi hesab edildiyindən, cavabdehin faktiki tanış olma tarixinə istinad etməsi əsassızdır. Bu səbəbdən, müddətin ötürülməməsi barədə irəli sürülmüş dəlillər qanunvericiliyin tələblərinə uyğun olmadığından əsaslı hesab olunmamışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh (vəkil vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və apellyasiya instansiya məhkəməsinin 2025-ci il # ####### tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin mümkün hesab edilərək Ali Məhkəməyə göndərilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, prosessual müddətin son gününün qeyri-iş gününə düşməsi ilə bağlı qanunvericilikdə tənzimləmə mövcud olsa da, müddətin başlanğıcına dair analoji norma nəzərdə tutulmamışdır. Bununla belə, qanunvericinin məqsədi tərəflərin hüquqlarının real həyata keçirilməsini təmin etməkdir. Hüquqi şəxslər fəaliyyətlərini yalnız iş günləri və saatları çərçivəsində həyata keçirdiklərindən, qeyri-iş günlərində elektron kabinetə yerləşdirilən sənədlərlə tanış olmaq imkanları məhdud olur.

15. Hazırkı halda qətnamənin qeyri-iş günündə yerləşdirilməsi nəticəsində cavabdehin şikayət vermə müddəti faktiki olaraq 2 ay deyil, 1 ay 26 gün təşkil etmişdir ki, bu da qanunla nəzərdə tutulan müddətin azalmasına səbəb olmuşdur.

16. Məhkəmə kollegiyasının müddətin hesablanması ilə bağlı mövqeyi hüquqi müəyyənlik prinsipinə uyğun deyil və tərəflər arasında bərabərliyə xələl gətirmişdir. Belə ki, eyni hüquqi norma tətbiq edilərkən faktiki şərait nəzərə alınmadan formal yanaşma seçilmişdir.

17. Məhkəmə cavabdehin ondan asılı olmayan səbəbdən müddəti ötürdüyünü əsas götürərək şikayəti geri qaytarmışdır.

18. Göstərilənlərə əsasən, prosessual müddətin hesablanmasına dair normalar yalnız hərfi deyil, onların məqsədi nəzərə alınmaqla şərh edilməli, cavabdehin hüquqlarının məhdudlaşdırılmasına yol verilməməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.

24. Maddə 128.3. Illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

25. Maddə 129.1. Illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.

26. Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

27. Maddə 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.

28. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

29. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

30. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. Işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir.

31. Maddə 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır.

32. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

33. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

34. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər

35. Maddə 405.0.2. Apellyasiya instansiyası məhkəməsinin qərardadlarından işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa; ...

38. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

40. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadı cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından prosessual müddətlərin axımının başıanması və bitməsi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Baxılan kassasiya şikayəti ilə bağlı hüquqi məsələlərə giriş olaraq ilk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.

45. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 405.0.1-ci maddəsində apellyasiya instansiyası məhkəməsinin qərardadlarından kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmiş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilə bilməsi müəyyən olunur.

46. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddətinin axımı, qərardadın rəsmi qaydada verildiyi gündən başlanır və bir ay davam edir. Müddətlərin hesablanması qaydalarını müəyyən edən MPM-nin 128.3-cü maddəsinə görə, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

47. Iş materiallarından görünür ki, Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ####### 2025-ci il tarixli qətnaməsi # ###### 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh həmin qətnamədən kassasiya şikayətini ## ###### 2026-cı il tarixdə təqdim etmişdir.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcını müəyyən edən hadisənin baş verdiyi gündən sonrakı gündən başlanır. Bu baxımdan, kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş iki aylıq müddətin axını qətnamənin elektron kabinetə yerləşdirildiyi tarixdən - yəni # ###### 2025-ci il tarixindən sonrakı gün, # ###### 2025-ci il tarixdən başlanmış hesab olunur.

49. Həmin Məcəllənin 129.1-ci maddəsinə görə aylarla hesablanan müddət müvafiq son ayın eyni günündə qurtarır. Beləliklə, qeyd olunan müddətin son günü # ###### 2026-cı il tarixə təsadüf edir. MPM-in 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşdükdə, növbəti iş günü son gün hesab olunur. Lakin iş materiallarından müəyyən edilir ki, müddətin son günü qeyri-iş gününə düşməmişdir və bu səbəbdən müddətin uzadılması üçün qanuni əsas mövcud olmamışdır.

50. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, prosessual müddətlərin hesablanması zamanı qanunverici başlanğıc anını obyektiv və müəyyən edilə bilən hüquqi faktla - bu halda məhkəmə aktının rəsmi qaydada təqdim edilməsi ilə bağlamışdır. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəmə aktının elektron kabinetə yerləşdirilməsi həmin aktın tərəfə rəsmi qaydada təqdim edilməsi hesab olunur və bu hal müddətin başlanması üçün kifayət edir.

51. Cavabdehin qətnamə ilə faktiki olaraq yalnız ## ###### 2025-ci il tarixdə tanış olması barədə dəlili müddətin başlanğıcının dəyişdirilməsi üçün hüquqi əsas təşkil etmir. Belə ki, prosessual müddətlərin faktiki tanış olma anına bağlanması hüquqi müəyyənlik prinsipinə zidd olmaqla yanaşı, müddətlərin hesablanmasında qeyri-müəyyənlik yarada və sui-istifadə hallarına şərait yarada bilər (tərəfin sistemə nə vaxt daxil olması, sənədi açıb-açmamasının araşdırılmalı olması praktik olaraq idarəolunmaz bir prosesdir). Buna görə də prosessual hüquqda “faktiki oxuma” deyil, “əlçatanlıq” meyarına üstünlük verilir və qanunvericilik müddətin başlanmasını subyektiv deyil, obyektiv meyarlara əsaslandırmışdır.

52. Eyni zamanda, qeyri-iş günlərinin prosessual müddətlərə təsiri qanunvericilikdə yalnız müddətin bitmə anına münasibətdə nəzərdə tutulmuşdur. Bu isə tərəflərin hüquqlarının təmin edilməsi məqsədilə son günün faktiki istifadə imkanları baxımından qorunmasına xidmət edir. Müddətin başlanğıcına münasibətdə belə bir istisnanın nəzərdə tutulmaması qanunvericinin şüurlu yanaşması olmaqla, prosessual münasibətlərdə sabitlik və proqnozlaşdırıla bilənliyin təmin edilməsinə yönəlmişdir.

53. Cavabdehin qeyri-iş günləri ilə əlaqədar olaraq müddətin faktiki qısaldığına dair arqumenti də əsaslı hesab edilə bilməz. Prosessual müddətlər təqvim qaydasında hesablanır və qanunvericilikdə onların yalnız iş günləri üzrə hesablanması nəzərdə tutulmamışdır. Elektron məhkəmə sisteminin fasiləsiz fəaliyyət göstərməsi də tərəflərin məhkəmə aktları ilə tanış olmaq imkanının yalnız iş günləri ilə məhdudlaşmadığını göstərir.

54. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətin geri qaytarılması barədə çıxarılmış qərardad qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində irəli sürülmüş dəlillər həmin qərardadın ləğv edilməsi üçün əsas vermir.

55. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş ərizə kassasiya şikayətinin verilməsi müddətinin ötürülməmiş hesab edilməsinə yönəlmiş olmaqla, hüquqi mahiyyət etibarilə MPM-in 133-cü maddəsində nəzərdə tutulmuş buraxılmış müddətin bərpası barədə ərizə kimi qiymətləndirilə bilməz. Bununla əlaqədar olaraq, cavabdeh qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü səbəblərə əsaslandığını hesab etdiyi halda, həmin Məcəllənin 133-cü maddəsinə uyğun olaraq müvafiq ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir.

56. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)- ****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar