Məhkəmə qərarları › İş №2(1-8)-1901/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1901/2026

23.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1901/2026 23.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçılar iddiaçı3, iddiaçı2 və X4 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: prosessual müddətlərin bərpası; müddətin bərpası haqqında ərizə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qərardadından cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Iş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, 2(103)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

3. ##.##.2026-cı il tarixdə cavabdeh “xxxx” ASC apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi müddətinin ötürülməmiş hesab edilməsi barədə ərizə ilə müraciət etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, 2(103)- ****/**** saylı qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.

5. Həmin qərardaddan cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş, sözügedən qərardad dəyişdirilmədən saxlanılmışdır.

6. Sonradan, ##.##.2026-cı il tarixdə cavabdeh “xxxx” ASC Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2025-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən kassasiya şikayəti, habelə müddətin bərpa edilməsi barədə ərizə ilə yenidən məhkəməyə müraciət etmişdir.

7. Ərizə onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixli mübahisələndirilən qətnamə ##.##.2025-ci il tarixdə, yəni həmin ay üzrə qeyri-iş günündə (şənbə və eyni zamanda Zəfər günü) elektron kabinetə yerləşdirilmişdir. Bundan əlavə ##.##.2025-ci il tarixi həftənin bazar günü və eyni zamanda Bayraq günü, ##.##.2025-ci il və ##.##.2025-ci il tarixi isə ##.##.2025-ci il və ##.##.2025-ci ilin şənbə və bazara düşməsi səbəbilə yenə də qeyri-iş günü hesab edilmişdir. Nəticə etibarilə hüquqi şəxs kimi ABB həmin qətnamə ilə yalnız ##.##.2025-ci il tarixdə tanış olmaq imkanına malik olmuşdur. Buna görə də Bank tərəfindən şikayət vermənin son günü kimi ##.##.2026-cı il yox, ##.##.2026-cı il kimi nəzərə alınmış, şikayət ##.##.2026-cı ildə verilmiş və nəticədə 1 iş günü (10 yanvar və 11 yanvar qeyri-iş günü olmuşdur) ötürülmüşdür. Bundan sonra Bank tərəfindən kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə qərardaddan verilən şikayətə kassasiya instansiyasında baxılması səbəbindən də növbəti müddətlər də obyektiv olaraq keçmiş, kassasiya instansiyası tərəfindən isə şikayətə yalnız ##.##.2026-cı il tarixdə baxılmış, şikayətin nəticəsi elan olunduqdan dərhal sonra isə tərəflərindən hazırkı ərizə və müvafiq kassasiya şikayəti yenidən ünvanlanmışdır. Odur ki, hazırda yuxarıda qeyd edilənlərə əsasən kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə ünvanlanmasına zərurət yaranmışdır.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qərardadı ilə ərizə təmin edilməyərək kassasiya şikayəti geri qaytarılmışdır (hakimlər G.Axundova – məruzəçi, M.Rüstəmli, F.Qasımov).

9. Məhkəmə kollegiyası mövqeyini Mülki Prosessual Məcəllənin 10-1.3, 10-1.8, 128.1, 133.1, 135.2, 135.3, 135.8-ci maddələrinə istinad edərək belə əsaslandırmışdır ki, iş materiallarında olan AZEMIS Elektron Məhkəmə Informasiya Sistemindən çıxarışdan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin cavabdeh “xxxx” ASC-yə məxsus elektron kabinetə ##.##.2025-ci il tarixdə yerləşdirildiyi görünür.Lakin, cavabdeh tərəfindən kassasiya şikayəti elektron kabinet vasitəsilə ##.##.2026-cı il tarixdə verilmişdir. Nəticədə şikayət qanunla müəyyən edilmiş 2 aylıq müddət ötürülmüşdür. Ərizədə qeyd olunan dəlillərə görə mübahisələndirilən qətnamə həftənin şənbə günü, qeyri-iş günü elektron kabinetə yerləşdirilmiş, ondan sonrakı ##.##.2025-ci il bazar günü, ##.##.2025-ci il və ##.##.2025ci il tarixləri isə bayram günləri ilə əlaqədar qeyri-iş günü olduğundan onlar növbəti iş günü ##.##.2025-ci il tarixdə qətnamə ilə tanış olmuşlar, ona görə də ABB üçün şikayətin son verilmə müddəti ##.##.2025-ci il tarixi hesab olunmuşdur. Bundan sonra Bank tərəfindən kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə qərardaddan verilən şikayətə kassasiya instansiyasında baxılması səbəbindən də növbəti müddətlər də obyektiv olaraq keçmişdir.

10. Ali Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadında qeyd olunmuşdur ki, Mülki Prosessual Məcəllənin 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcını müəyyən edən hadisənin baş verdiyi gündən sonrakı gündən başlanır. Bu baxımdan, kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş iki aylıq müddətin axını qətnamənin elektron kabinetə yerləşdirildiyi tarixdən - yəni # ###### 2025-ci il tarixindən sonrakı gün, # ###### 2025-ci il tarixdən başlanmış hesab olunur. Həmin Məcəllənin 129.1-ci maddəsinə görə aylarla hesablanan müddət müvafiq son ayın eyni günündə qurtarır. Beləliklə, qeyd olunan müddətin son günü # ###### 2026-cı il tarixə təsadüf edir. MPM-in 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşdükdə, növbəti iş günü son gün hesab olunur. Lakin iş materiallarından müəyyən edilir ki, müddətin son günü qeyri-iş gününə düşməmişdir və bu səbəbdən müddətin uzadılması üçün qanuni əsas mövcud olmamışdır. Prosessual müddətlərin hesablanması zamanı qanunverici başlanğıc anını obyektiv və müəyyən edilə bilən hüquqi faktla - bu halda məhkəmə aktının rəsmi qaydada təqdim edilməsi ilə bağlamışdır. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəmə aktının elektron kabinetə yerləşdirilməsi həmin aktın tərəfə rəsmi qaydada təqdim edilməsi hesab olunur və bu hal müddətin başlanması üçün kifayət edir. Cavabdehin qətnamə ilə faktiki olaraq yalnız ## ###### 2025-ci il tarixdə tanış olması barədə dəlili müddətin başlanğıcının dəyişdirilməsi üçün hüquqi əsas təşkil etmir. Belə ki, prosessual müddətlərin faktiki tanış olma anına bağlanması hüquqi müəyyənlik prinsipinə zidd olmaqla yanaşı, müddətlərin hesablanmasında qeyrimüəyyənlik yarada və sui-istifadə hallarına şərait yarada bilər (tərəfin sistemə nə vaxt daxil olması, sənədi açıb-açmamasının araşdırılmalı olması praktik olaraq idarəolunmaz bir prosesdir). Buna görə də prosessual hüquqda “faktiki oxuma” deyil, “əlçatanlıq” meyarına üstünlük verilir və Eyni zamanda, qeyriiş günlərinin prosessual müddətlərə təsiri qanunvericilikdə yalnız müddətin bitmə anına münasibətdə nəzərdə tutulmuşdur. Bu isə tərəflərin hüquqlarının təmin edilməsi məqsədilə son günün faktiki istifadə imkanları baxımından qorunmasına xidmət edir. Müddətin başlanğıcına münasibətdə belə bir istisnanın nəzərdə tutulmaması qanunvericinin şüurlu yanaşması olmaqla, prosessual münasibətlərdə sabitlik və proqnozlaşdırıla bilənliyin təmin edilməsinə yönəlmişdir. Cavabdehin qeyri-iş günləri ilə əlaqədar olaraq müddətin faktiki qısaldığına dair arqumenti də əsaslı hesab edilə bilməz. Prosessual müddətlər təqvim qaydasında hesablanır və qanunvericilikdə onların yalnız iş günləri üzrə hesablanması nəzərdə tutulmamışdır. Elektron məhkəmə sisteminin fasiləsiz fəaliyyət göstərməsi də tərəflərin məhkəmə aktları ilə tanış olmaq imkanının yalnız iş günləri ilə məhdudlaşmadığını göstərir (Qərarın 48-53-cü bəndləri).

11. Kollegiya hesab etmişdir ki, hazırkı işin halları baxımından da qətnamə ilə elektron kabinetə yerləşdiyi gün deyil, ondan bir neçə gün sonra faktiki tanış olmaq kassasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi halının üzrlü hesab edilməsinə əsas vermir. Nəzərə alınmalıdır ki, cavabdehin qətnamə ilə faktiki tanış olduqdan sonra kassasiya şikayəti hazırlayıb təqdim etməsi üçün 2 aya yaxın, yəni kifayət qədər vaxtı olmuşdur.

12. Beləliklə, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh “xxxx” ASC (vəkil: vəkil1) kassasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadının ləğv edilməsi, ötürülən şikayət vermə müddətinin bərpa edilməsi barədə ərizənin təmin edilərək şikayətin baxılması üçün Ali Məhkəməyə göndərilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixli mübahisələndirilən qətnamə cavabdehin elektron kabinetinə ##.##.2025-ci il tarixdə, yəni şənbə günü yerləşdirilmiş, bundan sonrakı 9-11 noyabr tarixləri də qeyri-iş günləri olduğundan hüquqi şəxs olan cavabdeh yalnız ##.##.2025-ci il tarixdə qətnamə ilə faktiki tanış olmaq imkanı əldə etmişdir. Nəticədə qanunla nəzərdə tutulmuş iki aylıq kassasiya şikayəti vermə müddəti cavabdeh üçün faktiki olaraq dörd gün azalmış, şikayət isə növbəti iş günü olan ##.##.2026-cı il tarixdə verilmiş və müddət cəmi bir iş günü ötürülmüşdür. Şikayətçi hesab edir ki, məhkəmə müddətin hesablanmasına sırf formal yanaşaraq hüquqi şəxsin qeyri-iş günlərində elektron kabineti izləmək imkanlarının məhdud olduğunu, bunun isə onun iradəsindən asılı olmayan hal təşkil etdiyini nəzərə almamışdır.

15. Şikayətdə göstərilmişdir ki, Mülki Məcəllənin 371.1-ci maddəsində müddətin son gününün təşkilatın iş vaxtı ilə əlaqələndirilməsi qanunvericinin təşkilatların yalnız iş günlərində və iş saatlarında fəaliyyət göstərməsi reallığını nəzərə almasından irəli gəlir. Bu baxımdan həmin normanın məqsədi yalnız müddətin sonuna deyil, həm də müddətin başlanğıcına münasibətdə nəzərə alınmalı, hüquqi şəxsin qeyri-iş günlərində qərarla tanış olmaq imkanının olmaması onun prosessual hüquqlarının məhdudlaşdırılmasına səbəb olmamalıdır. Əks yanaşma hüquqi şəxsə qanunla verilmiş iki aylıq şikayət vermə hüququnun faktiki olaraq 1 ay 26 günə endirilməsi ilə nəticələnir.

16. Bundan başqa, Mülki Prosessual Məcəllənin 129.2-ci maddəsinin məqsədindən çıxış etməklə qeyd olunur ki, qanunverici müddətin son gününün qeyri-iş gününə təsadüf etməsini şəxsin məhkəməyə müraciət hüququnu məhdudlaşdıran hal kimi qiymətləndirməmişdir. Eyni hüquqi məntiq müddətin başlanğıcına münasibətdə də tətbiq edilməli, elektron kabinetə qərarın qeyri-iş günündə yerləşdirilməsi nəticəsində hüquqi şəxsin qərarla real tanış olmaq imkanının olmaması onun əleyhinə şərh edilməməlidir. Məhkəmənin yalnız qanunun hərfi mətninə istinad etməsi, normanın məqsəd və təyinatını nəzərə almaması prosessual hüququn düzgün tətbiq edilməməsi kimi qiymətləndirilmişdir.

17. Şikayətdə həmçinin vurğulanır ki, məhkəmə özü qətnaməni qanunla müəyyən olunmuş müddətdən gec elektron kabinetə yerləşdirmiş, lakin sonradan məhz bu gecikmənin yaratdığı nəticələri cavabdehin əleyhinə qiymətləndirmişdir. Halbuki qətnamə vaxtında və iş günündə təqdim edilmiş olsaydı, kassasiya şikayətinin verilməsi müddətinin ötürülməsi ilə bağlı mübahisə ümumiyyətlə yaranmayacaqdı. Bu baxımdan cavabdehin müddəti ötürməsi onun iradəsindən asılı olmayan obyektiv səbəblərlə bağlı olmuşdur.

18. Şikayətçi hesab edir ki, məhkəmənin yanaşması hüquqi şəxslərin fəaliyyət xüsusiyyətlərini nəzərə almır və eyni hüquqi vəziyyətdə olan fiziki və hüquqi şəxslər arasında faktiki bərabərsizliyə səbəb olur. Hüquqi şəxsin qeyri-iş günlərində fəaliyyət göstərməməsi nəticəsində ona qanunla verilmiş prosessual müddətin qısaldılması hüquqi müəyyənlik, bərabərlik və məhkəməyə çıxış hüququ prinsiplərinə ziddir. Bundan əlavə, məhkəmənin mövqeyi daha qısa şikayət vermə müddətləri nəzərdə tutulan işlərə tətbiq edildikdə hüquqi şəxslərin faktiki olaraq bir və ya bir neçə gün ərzində həm qərarla tanış olması, həm hüquqi yardım alması, həm də şikayət hazırlaması kimi qeyri-real nəticələrə gətirib çıxarır ki, bu da qanunvericiliyin məqsədinə uyğun hesab edilə bilməz.

19. X2 Hüquqları Məhkəməsinin Öztürk Türkiyəyə qarşı, Worm Avstriyaya qarşı, X5rşı, Miragall Escolano və digərləri Ispaniyaya qarşı, Foti və digərləri Italiyaya qarşı, X1rşı işləri üzrə formalaşdırılmış hüquqi mövqelərə istinad edilərək bildirilir ki, prosessual müddətlər tətbiq edilərkən formal yanaşmadan çəkinilməli, şəxsin qərarla real tanış olmaq imkanı, məhkəməyə çıxış hüququ və hüquqi müəyyənlik prinsipləri təmin edilməlidir. Dövlət orqanlarının bildiriş mexanizmlərindəki xüsusiyyətlər və ya təqdimetmə üsulu şəxsin əleyhinə şərh edilməməli, həddindən artıq formalizm səbəbindən məhkəməyə çıxış hüququ məhdudlaşdırılmamalıdır. Buna görə də cavabdehin kassasiya şikayəti vermə müddətinin üzrlü səbəbdən ötürüldüyü qəbul edilməli, müddət bərpa olunmalı və kassasiya şikayəti baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Iddiaçı iddiaçı1 nümayəndəsi – vəkili kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

21. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

22. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.

23. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

24. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

25. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

26. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

27. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.

28. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

Kassasiya baxışının hədləri

29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərardadı kassasiya şikayəti əsasında tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın”.

33. Bu hüquqi mövqeyə görə yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın və şəxsin özü tərəfindən onların dəf edilməsi mümkün deyil.

34. Hazırkı işdə apellyasiya məhkəməsi kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddətin keçməsinin səbəblərini araşdırmış və işdəki məlumatlar əsasında bu qənaətə gəlmişdir ki, həmin müddətin ötürülməsi üzürlü səbəblərdən baş verməmişdir, iddiaçının bildirdiyi hallar müddətin bərpa olunması üçün əsas təşkil etmir.

35. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kollegiya apellyasiya məhkəməsinin müddətin bərpasına dair ərizənin həlli və şikayətin geri qaytarılması üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən kassatorun dəlillərinin araşdırılması üçün tərəfə lazımi şərait yaradılmış, onlara hüquqi qiymət verilmiş, iş üzrə prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Beləliklə, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.

37. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar