Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2270/2023 01.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6150 (altı min yüz əlli) manat pulun və ödənilmiş 82 (səksən) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaçıdan 7300 manat dəyərindən dana almış, 1 (bir) gün sonra həmin pulun 1150 manatını ödəmiş, qalan 6150 (altı min yüz əlli) manat hissəsini isə ödəməmişdir. Bu səbəbdən, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şahidlər X1 və X2 iddia ərizəsində qeyd olunan xüsusatları təsdiq edərək Cavabdeh 2022-ci il tarixdə İddiaçıdan 7300 manat dəyərindən mal-qara almasını, həmin pulun bir hissəsini ödəməsini, qalan hissəsini isə ödəməməsini bildirmişlər. İddiaçı məxsus Samsung markalı telefonda whatsapp sosial şəbəkəsində iddiaçı ilə Cavabdeh arasındakı yazışmalara baxış keçirilmiş və müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya mal-qara alverinə görə borclu olduğunu etiraf edir, həmin pulu ödəmək üçün vaxt istədiyini xahiş edir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 608 və 600.4-cü maddələri çıxış edir. Müqavilənin hüquqi əsasının tərəflər arasında bağlanmış şifahi alqı-satqı müqaviləsinin şərtləri təşkil edir. Mülki işin faktiki hallarından görünür ki, tərəflər arasında nisyə alqı-satqı münasibətləri mövcud olmuşdur. MM-in 608-ci maddəsinə əsasən, əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. MM-in 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, iş üzrə sübut qismində yuxarıda qeyd olunan şahid ifadələri çıxış edir. Bundan əlavə, mülki işin araşdırılması nəticəsində hakimin daxili inamı əsas götürülməklə iddianın əsaslı olması qənaətinə gəlinir. Nəzərə almaq lazımdır ki, iddiaçı ümumilikdə 7300 manat dəyərindən alqı-satqı müqaviləsinin cavabdeh tərəfindən qismən icra olunmasını səmimi, əsaslı və ağlabatan şəkildə etiraf edir. Həmçinin, şahidlərin ifadələri əsaslı olmaqla bir-birini tamamlayır. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. MM-in 10.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Nəzərə almaq lazımdır ki, hazırki iddia tələbinin faktiki halları mal-qara ticarəti ilə əlaqədar ölkəmizdə mövcud olan işgüzar adətlərə uyğundur. Məhkəmənin işdəki tədqiq edilmiş sübutlarla kifayətlənməsi qanuni və əsaslıdır. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iddia tələbi barədə hər hansı sənəd, sübut və ya material məhkəməyə təqdim etməmiş, iddianın təkzib edilməsi ilə bağlı üzərinə düşən sübutetmə fəaliyyətini həyata keçirtməmişdir. Məhkəmənin mülki prosesdə arbitr rolunda iştirak etməsi nəzərə alınmaqla, prosessual tərəflərin (iddiaçı, cavabdeh və s.) hər hansı birinin lehinə və ya əleyhinə öz təşəbbüsü ilə sübutlar toplaması qanunvericiliyin prinsiplərinə zidd olmaqla yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 82 (səksən iki) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında mal-qara ticarəti nəticəsində etibarlı formada nisyə alqı-satqı münasibətləri yaranmışdır. İddiaçı müqavilə öhdəliklərinə əməl etsə də, cavabdeh tərəfindən müqavilə öhdəlikləri qismən həyata keçirilmiş, ümumilikdə 7300 (yeddi min üç yüz) manat ödənişdən 1150 (min yüz əlli) manat hissəsi ödənilmiş, qalan 6150 (altı min yüz əlli) manat pul məbləği isə ödənilməmiş və cavabdeh tərəfindən müqavilə şərtləri pozulmuşdur. Nəticə etibarilə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 6150 (altı min yüz əlli) manat pul və ödənilmiş 82 (səksən iki) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 6150 (altı min yüz əlli) manat pul və ödənilmiş 82 (səksən iki) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-2270/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2270/2023
01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver