Məhkəmə qərarları › İş №2(004)-228/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-228/2023

03.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-228/2023 03.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X10, X7 və X6 cəlb edilməklə Cavabdeh qarşı “miras payının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, mərhum X1 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 111, 33 saylı mənzilin; ünvan 2, 0,1 ha torpaq sahəsinin, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, ev 22, 95 saylı mənzilin, ünvan 1, 7 saylı evin və ünvan 1 ünvanında yerləşən qarajın mərhuma çatası ½ hissəsinə azyaşlı övladı X4 miras payının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin həcminin azaldılması və dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək Cavabdeh adına mərhum X3 ilə birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 111, 33 saylı mənzilə; ünvan 2, 0,1 ha torpaq sahəsinə və Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, ev 22, 95 saylı mənzilə xx.xx.2012-ci il təvəllüdlü qızı X4 1/10 hissədə vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən X10, X7 və X6 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh vəfat etmiş X3 ilə 06 iyun 1992-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikah dövründə əmlaklar əldə etmişlər. Miras qoyan X3 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İddiaçı ilə mərhumun isə nikahdan kənar birgə münasibətindən xx.xx.2012-ci il təvəllüdlü X9 adından bir övladı vardır. İddiaçı miras əmlakın qəbulu ilə bağlı şifahi qaydada notariat kontoruna müraciət edilməsinə baxmayaraq cavabdeh tərəfindən ona süni maneələr yaradılmış, belə ki, cavabdehin və digər vərəsələrin notariat kontoruna gəlməmələri səbəbiylə miras əmlak açılmamışdır. Həmçinin məhkəmədə iddia tələbinin verilməsi ilə bağlı sübutların toplanılmasında cavabdeh maneə yaradaraq digər qanun üzrə vərəsələr barədə, eləcə də əmlakların siyahısı barədə müvafiq sənədləri iddiaçıya verməkdən imtina etmişdir. Yalnız məhkəmə tərəfindən verilmiş sorğular əsasında müəyyən edilmişdir ki, mərhumun qanun üzrə birinci növbədə beş vərəsəsi vardır: iddiaçının öz övladı xx.xx.2012-ci il təvəllüdlü X9; anası X10, rəsmi nikahda olduğu hazırda cavabdeh olan Cavabdeh, cavabdehlə rəsmi nikahından olan övladları - X7 və X6. Mübahisə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 111, 33 saylı mənzil; ünvan 2, 0,1 ha torpaq sahəsi və Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, ev 22, 95 saylı mənzili mərhum X3 cavabdehlə birgə nikahı dövründə alğı-satqı müqaviləsi əsasında əldə edilməklə daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına qeydə alınmışdır. O, verilmiş suallara əsasən əlavə olaraq bildirmişdir ki, vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı notariusa vaxtında müraciət olunsa da, cavabdeh gəlmədiyindən bu mümkün olmamışdır. Notariusa müaciət vaxtını isə dəqiq bilmir və müraciətinə dair məhkəməyə sübut təqdim edə bilmir. Çünki iddiaçı 5 saylı Notariat Kontoruna müraciət etsə də sənədlərin tələbi ilə maneələr yaranmışdır. Hətta onun tərəfindən verilmiş sorğuya cavabda iddiaçının notariusa müraciət etmədiyi bildirilsə də, iddiaçı rəsmi olaraq notariusa müraciət etdiyini bildirir. Hesab edir ki, C.Mirqiyasovun ölməsi ilə birgə nikah dövründə əldə edilmiş əmlaklar ümumi mülkiyyət hüququ ilə mərhuma aid olan hissədə miras əmlakına daxil olmuşdur. Ona görə də cavabdehin ona aid hissəsi çıxılmaqla və digər qanun üzrə vərəsələr nəzərə alınmaqla mərhuma aid hissə vərəsələr arasında bölündükdə vərəsələrin hər birinə 1/10 hissə pay düşür. Odur ki, göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş edir. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X10, X7 və X6 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin və üçüncü şəxslərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirak etdiyi əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı miras əmlakı nə formal, nə də faktiki qəbul etməmiş və ümumiyyətlə vərəsəlik işi açılmamışdır. Miras qoyan X3 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İddiaçı isə onun vəfat etməsindən xəbərdar olmuşdur. Lakin vaxtında notariat kontoruna müraciət etməmiş və buna dair məhkəməyə sübut təqdim etməmişdir. Bundan əlavə, mübahisə predmeti olan əmlaklar mərhumla birgə nikah dövründə əldə edilməsinə baxmayaraq, mərhumun həmin əmlaklara aidiyyəti olmamış və birgə nikah dövründə əldə edilmiş vəsait hesabına alınmamışdır. Mərhumun sağlığından isə onların payları müəyyən edilməmişdir. İddiaçı isə əmlakların mərhumla cavabdehin birgə vəsaiti hesabına əldə edilməsi və ya mərhumun payının müəyyən edilməsinə dair sübut təqdim edilməmişdir. Odur ki, mübahisə predmeti olan əmlaklar miras əmlaka daxil olmamaqla tam mülkiyyət hüququ üzrə cavabdehə məxsus olmuş və adına reyestrdə dövlət qeydiyyatına alınmışdır. Göstərilənlərlə yanaşı mübahisə predmeti olan əmlaklar əldə edilərkən mərhumun iddiaçı ilə münasibəti olmamış, övladı isə dünyaya gəlməmişdir. Eyni zamanda, cavabdeh iddiaçının vərəsə olan övladına mərhumun adında olan və miras əmlakına daxil olmuş digər əmlaklarla bağlı miras paylarının bölünməsinə etiraz etmir. Hətta mərhum sağlığında iddiaçı üçün lazımı şərait yaratmışdır. Cavabdeh isə bir neçə əmlak təklif etsə də iddiaçı razı olmamışdır. Mərhumun vərəsələri nikahda olduğu arvadı, anası, oğlu və qızıdır. Bütün göstərilənləri nəzərə alaraq, iddia tələbi əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səadət Sarayı tərəfindən xx.xx.1992-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, mərhum X3 və hazırda cavabdeh Pərvanə Nail qızı xx.xx.1992-ci ildə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı, 038090 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, X9 xx.xx.2012-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında X3, ana qrafasında İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 254407 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, X3 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********72 nömrəli məktubundan görünür ki, mübahisə predmeti olan 1) Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 111, 33 saylı mənzil xx.xx.2010-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən xx.xx.2010-cu il tarixdə; 2) Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi ev 22, 95 saylı mənzil (yeni qaydalarla Ə.Cavad küçəsi 32, M1, m1) xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdə; 3) ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,1 ha olan yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi xx.xx.2011-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətindən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,1 ha olan yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi Cavabdeh mülkiyyətindədir və bu barədə xx.xx.2011-ci il tarixdə qeydiyyat aparılmışdır. Səbail Rayon İcra Hakimiyyətinin Başçısnın xx.xx.1997-ci il tarixli, 1605 saylı sərəncamından müəyyən edilir ki, həmin torpaq sahəsinin Mirqiyasova (Rəfiyeva) Pərvanə Nail qızının adına rəsmiləşdirilməsinə və fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 111, 33 saylı mənzil Cavabdeh mülkiyyətindədir və bu barədə xx.xx.2010-cu il tarixdə qeydiyyat aparılmışdır. 12 saylı notariat kontorunda bağlanmış xx.xx.2010-cu il tarixli 4Ə-01-28 saylı müqavilədən müəyyən edilir ki, həmin mənzil alğı-satqı yolu ilə cavabdehin mülkiyyətinə keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi ev 22, 95 saylı mənzil (yeni qaydalarla Ə.Cavad küçəsi 32, M1, m1) Cavabdeh mülkiyyətindədir və bu barədə xx.xx.2017-ci il tarixdə qeydiyyat aparılmışdır. 2 saylı notariat kontorunda bağlanmış xx.xx.2010-cu il tarixli, 4Ə-1071 saylı müqavilədən müəyyən edilir ki, həmin mənzil alğı-satqı yolu ilə cavabdehin mülkiyyətinə keçmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən müəyyən edilir ki, “Elektron notariat” informasiya sistemində xx.xx.2023-cü il tarixədək aparılmış araşdırma nəticəsində mərhum X2 adına vərəsəlik işinin açılması aşkar olunmamışdır. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Əhalinin Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən müəyyən edilir ki, X2 anası - xx.xx.1949-cu il təvəllüdlü X10, arvadı - xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh, övladları – xx.xx.1993-cü il təvəllüdlü X7, xx.xx.1994-cü il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X5r. Beləliklə ki, işin mübahisəsiz halı odur ki, miras qoyan X3 xx.xx.2022-ci il tarixdə ölmüş və onun qanun üzrə vərəsələri anası - X10, arvadı - Cavabdeh, övladları – X7, X6 və X5r. Qanun üzrə vərəsələrdən olan xx.xx.2012-ci il təvəllüdlü X9 İddiaçı ilə mərhum Cavad Mirqiyasovun qeyri-rəsmi nikah münasibətlərindən doğulmuşdur. Cavabdeh ilə mərhum Cavad Mirqiyasov xx.xx.1992-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Mübahisə predmeti olan əmlaklar birgə nikah dövründə əldə edilməklə cavabdehin adına qeydiyyata alınmış və hazırda onun mülkiyyətindədir. Vərəsəlik işi hazıradək açılmamışdır və vəsiyyətnamə yoxdur. Hazırda iddiaçı qanun üzrə vərəsə olan azyaşlı övladının adından iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qoyan - mərhum Cavad Mirqiyasov ilə cavabdehin birgə nikah dövründə əldə edilməklə cavabdehin mülkiyyətində olan əmlaklara dair mərhumun ½ hissədə payının olması və həmin payın miras kütləsinə daxil olması nəzərə alınaraq, övladı Xədicə Mirqiyasovanın 1/10 hissədə pay hüququnun müəyyən edilməsini xahiş edir. Cavabdeh isə mübahisə predmeti olan əmlakların miras kütləsinə daxil olmadığını, həmin əmlakların birgə nikah dövründə əldə edilməsinə baxmayaraq birgə əldə edilmiş vəsait hesabına alınmadığını, eyni zamanda mirasın qəbulu ilə bağlı qanunla müəyyən edilmiş 6 aylıq müddətin ötürüldüyü bildirərək, iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Məhkəmə əvvəla mübahisə predmeti olan əmlakın miras kütləsinə daxil olubolmamasına dair işin mübahisəli halı ilə bağlı qeyd edir ki, işin faktiki halları ilə həmin əmlakın cavabdehlə miras qoyanın birgə nikah dövründə əldə edilməsi təsdiq edilir. Lakin cavabdeh həmin əmlakın birgə nikah dövründə əldə edilməsinə baxmayaraq birgə vəsait hesabına alınmamasını iddia etməsinə və sübutetmə vəzifəsinin onun üzərində olmasına baxmayaraq buna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin onların əmlak üzərində payları müəyyən edilməsə də, məhkəmə hesab edir ki, həmin əmlaklar üzərində ər və arvadın ½ hissədə bərabər payları olmuşdur. Bu da onu deməyə əsas verir ki, mübahisə predmeti olan və cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 111, 33 saylı mənzilin, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi ev 22, 95 saylı mənzilin (yeni qaydalarla Ə.Cavad küçəsi 32, M1, m1) və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,1 ha olan yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin ½ hissəsi mərhum Cavad Mirqiyasov ölməsi məqamında onun miras kütləsinə daxil olmuşdur. Odur ki, iddiaçının övladı X4 atasının qanun üzrə vərəsəsi olaraq miras əmlakından pay almaq hüququ olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin dəlilləri bu hissədə əsassızdır. Məhkəmə eyni zamanda qeyd edir ki, işin faktiki halları ilə iddiaçının mərhum Cavad Mirqiyasovun xx.xx.2022-ci il tarixdə ölümü barədə kifayət qədər məlumatlı olmuşdur. İddiaçı ərizəsində, eləcə də onun məhkəmə iclasında iştirak edən nümayədəsivəkili izahatında qanunla müəyyən edilmiş 6 aylıq müddət ərzində iddiaçının mirasın qəbulu ilə bağlı 5 saylı Notariat ofisinə müraciət etməsini, lakin cavabdeh tərəfindən süni maneələr yaradılmasını bildirməsinə baxmayaraq buna dair məhkəməyə hər hansı sübut təqdim edilməmiş və maneələrin konkret olaraq nədən ibarət olması əsaslandırılmamışdır. Nümayədə-vəkil maneə olaraq cavabdehin notariat ofisindən gəlməkdən imtinası kimi bildirməsinə baxmayaraq məhkəmə hesab edir ki, bu hal maneə kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçının kifayət qədər vaxt imkanı olmuşdur ki, notariat orqanına rəsmi qaydada müraciət edib cavab alsın. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli məktubu ilə təsdiq edilir ki, vərəsəlik işi açılmamışdır. İddiaçıdan fərqli olaraq cavabdeh həmin əmlakı faktiki qəbul etmişdir. Həmin mənzil hüquqi və faktiki olaraq cavabdehə məxsusdur, cavabdeh ona sahiblik edir. Sözügedən əmlaklar cavabdehin mülkiyyətindədir. İş üzrə iddiaçı isə qanunla müəyyən olunmuş müddət ərzində miras əmlakı qəbul etməmişdir. Bundan əlavə iddiaçı tərəfindən bu müddətin üzrlü səbəblərdən ötürülməsi barədə heç bir mötəbər sübut təqdim olunmamış və mirası qəbul etmək üçün müddətin uzadılması məhkəmə qaydasında mübahisələndirilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mirasın qəbul olunması ilə bağlı iki üsuldan biri üzrə mirası qəbul etməli idi. Mirasın qəbulunun birinci üsulu iddiaçı mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməklə, ikincisi əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə olması nəzərdə tutulmuşdur. İddiaçı övladının qanuni nümayəndəsi olaraq miras əmlakı qəbul etmək üçün sözügedən üsulların heç birindən istifadə etməmişdir. Bundan əlavə, iş materiallarından və tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan da görünür ki, iddiaçı həmin mənzillərdə ümumiyyətlə yaşamamışdır. İddiaçıdan fərqli olaraq cavabdeh həmin əmlakı faktiki qəbul etmişdir. Həmin mənzil hüquqi və faktiki olaraq cavabdehə məxsusdur, cavabdeh ona sahiblik edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, mirasın qəbulu ilə bağlı müddətin iddia müddəti olmadığı tərəddüd doğurmur. Mirasın qəbuluna dair müddətin kəsici müddət hesab edilməsi də qanunvericiliyin mövcud vəziyyətinə görə mümkün deyildir. Kəsici müddətin ötürülməsi şəxsin subyektiv hüququnu aradan qaldırır. Mirasın qəbulu müddəti kəsici müddət hesab olunduğu halda, bu müddətin ötürülməsi şəxsin vərəsə olması ilə bağlı subyektiv hüququnun qəti olaraq xitamına səbəb olur. Mirasın açılması ilə vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyini bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində bildirməlidir. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Göstərilənlər baxımından, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “miras payının müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar