Məhkəmə qərarları › İş №2(004)-2286/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2286/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2286/2021 06.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh “X1 “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə1 Şəmsəddin oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X1 “xxxx” ASC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X1 “xxxx” ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 "xxxx" ASC-dən İddiaçı1 xeyrinə 238680 (iki yüz otuz səkkiz min altı yüz səksən) manatın (36ay=1080gün x 130$=140400 (bir yüz qırx min dörd yüz) ABŞ dolları) və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq ödənilməsi, İddiaçı2 xeyrinə 298350 (iki yüz doxsan səkkiz min üç yüz əlli) manatın (45ay=1350gün x 1305=175500 (bir yüz yetmiş beş min beş yüz) ABŞ dolları) ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 (11.02.2010- 31.08.2016-cı illər) və İddiaçı2 (03.10.2009-10.01.2017-ci illər) cavabdeh X1 "xxxx" ASC-də armaturçu vəzifəsini icra etmişdir. Vəzifələrini icra etdikləri illlərdə şirkət tərəfindən 2011-ci ildən 2016-cı ilin iyun ayına qədər uzunmüddətli ezamiyyətə göndərilmişlər. İddiaçılar ezamiyyətə göndərilsə də, şirkət tərəfindən qanunun tələbinə uyğun olaraq nəzərdə tutulan ezamiyyət haqları ödənilməmişdir. Dəfələrlə şirkətə müraciət edilsə də, hətta bu işin araşdırılmasına dair İnsan Alveri İdarəsinə müraciət idarə tərəfindən mülki məhkəməyə müraciət olunma tövsiyəsi ilə cavablandırılmışdır. Daha sonra iddiaçılar AR Əmək və Əhalinin Sosial Müdafiəsi X10 Müffəttişliyi Xidmətinə müraciət etmiş, cavabdeh X1 "xxxx" ASC tərəfindən törədilmiş qanun pozuntusunun araşdırılması müraciəti AR Əmək və Əhalinin Sosial Müdafiəsi Yanında X6 Xidməti tərəfindən cavabdeh X1 "xxxx" ASC-nin iddiaçılar İddiaçı1 (11.02.2010- 31.08.2016-cı illər) və İddiaçı2 (03.10.2009-10.01.2017-ci illər) qarşı ezamiyyət haqqlarının ödənilməməsi faktı təsdiqlənmiş, lakin İXM-nin tələbinə uyğun olaraq müddət ötürülməsi faktına görə şirkət cərimə ödəməkdən azad edilmişdir. Buna dair AR Əmək və Əhalinin Sosial Müdafiəsi Yanında X6 Xidməti tərəfindən aparılmış araşdırmanın nəticəsini və bütün hüquq müəyyənedici sənədləri qoşma hissədə məhkəmənin nəzərinə çatdırılıb. Ümumilikdə İddiaçı1 3 (üç) il, İddiaçı2 isə 3 (üç) il 9 (doqquz) ay müddətinə cavabdeh X1 “xxxx” ASC tərəfindən ezamiyyətə cəlb edilmişdir. Lakin, bu illər ərzində şirkət tərəfindən əmək haqqı xaric heç bir ezamiyyə haqları ödənilməmiş, qanunsuz şəkildə iddiaçıların hüquqları pozulmuşdur. Şirkət tərəfindən hər iki iddiaçıya bütün bu dövrlər ərzində yalnız əmək haqqı ödənilmişdir. Ezamiyyə haqları şirkət tərəfindən mənimsənilmiş, ödənilməkdən boyun qaçırılmışdır. Daha sonra, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən iddianın tam təmin edilməsi, cavabdeh X1 "xxxx" ASC-dən İddiaçı1 xeyrinə 238680 (iki yüz otuz səkkiz min altı yüz səksən) manatın (36ay=1080gün x 130$=140400 (bir yüz qırx min dörd yüz) ABŞ dolları) və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı1 ödəniməsi və cavabdeh X1 "xxxx" ASC-dən İddiaçı2 xeyrinə 298350 (iki yüz doxsan səkkiz min üç yüz əlli) manatın (45ay=1350gün x 1305=175500 (bir yüz yetmiş beş min beş yüz) ABŞ dolları) tutularaq İddiaçı2 ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh “X1 “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə1 Şəmsəddin oğlu iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçılar tərəfindən irəli sürülmüş formada ezamiyyə haqlarını onlarla edilmiş razılıq əsasında onların hesablarına köçürülmüş məbləğlərlə düzgünlük təşkil edir. Bu səbəbdən də, həmin hallarla bağlı iddia qaldırmalarını əsassız hesab edir. Bundan başqa, iddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş iddia müddətini də ötürmüşlər. Belə ki, iddiaçılar Yasamal rayon Məhkəməsinə 01 mart 2021-ci il tarixdə müraciət etmişdirlər. Hansı ki, İddiaçı1 11 fevral 2010-cu il tarixdən 31 avqust 2016-cı illərdə işləməsinə baxmayaraq artıq 4 il 5 ay sonra, digər idiaçı 03 oktyabr 2009-cu ildən 10 yanvar 2017-ci il tarixə qədər işləməsinə baxmayaraq o da eyni qaydada 4 il 2 ay sonra məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddianın müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, o, “X1 “xxxx” ASC-də baş mühasibin müavini vəzifəsində işləyir. İddiaçılar İddiaçı1 və İddiaçı2 ezamiyyə haqlarını onlarla edilmiş razılıq əsasında almışlar. Belə ki, həmin məbləğlər onların hesablarına köçürülmüşdür. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, onun iddia ərizəsi üzrə iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alıb, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi verilərkən iddia müddəti ötürüldüyündən və cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə yazılı müraciət təqdim etdiyindən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı1 məxsus ******* nömrəli əmək kitabçasının məzmunundan və surətindən görünür ki, İddiaçı1 iq-31 nömrəli, 11 fevral 2010-cu il tarixli əmrlə “xxxx” ASC-də 4-cü dərəcəli armaturçu peşəsinə işə qəbul edilmişdir. 31.08.2016-cı il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan İddiaçı2 məxsus ******* nömrəli əmək kitabçasının məzmunundan və surətindən görünür ki, İddiaçı2 iq-184 nömrəli, 03 oktyabr 2009-cu il tarixli əmrlə “xxxx” ASC-də 4-cü dərəcəli armaturçu peşəsinə işə qəbul edilmişdir.10.01.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İş materiallarından görünür ki, İddiaçı1 “X1 “xxxx” ASC-nin X9 M.İ.Şirinova ərizə ünvanlayaraq, onunla bağlanmış əmək müqaviləsinə 31.08.2016-cı il tarixdən xitam verilməsini xahiş etmişdir. Həmçinin, iş materiallarından görünür ki, İddiaçı2 “X1 “xxxx” ASC-nin X9 M.İ.Şirinova ərizə ünvanlayaraq, onunla bağlanmış əmək müqaviləsinə 10.01.2017-cı il tarixdən xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvanladığı cavab məktubunda qeyd edilir ki, araşdırma zamanı “X2 “xxxx” ASC-nin rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərdən onlarla cəmiyyət arasında bağlanmış əmək müqaviləsinə 31.08.2016-cü il tarixdə və İddiaçı2la isə 10.01,2017-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən öz xahişləri ilə xitam verildiyi məlum olmuşdur. Bildirilmişdir ki, əmək müqavilələrinə xitam verilərkən onların son haqqhesabları 09.09.2016-cu il tarixdə İddiaçı2 isə 08.02.2017-cu il tarixdə ödənildiyi və bu səbəbdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Lakin Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 38.1 -ci maddəsinə əsasən inzibati tənbehin inzibati xətanın törədildiyi gündən üç ay keçənədək verilə biləcəyini nəzərə alaraq və baş vermiş inzibatı xətanın işəgötürən tərəfindən törədildiyi son gün 09.09.2016-ci il və 08.02.2017-ci il tarixlərə təsədüf etdiyindən, “X2 “xxxx” ASC-nin rəhbəri barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-ci maddəsinin tərkibi olmasına baxmayaraq inzibati məsuliyyətə cəlb etmək mümkün olmamışdır. Eyni zamanda “X2 “xxxx” ASC-nin rəhbərliyi Bakı şəhər İdarəsinə ünvanladığı məktubunda onlarla müxtəlif vaxtlarda Qazaxstan Respublikasının Şimkənd, Almata və Qızılorda şəhərlərinə ezam olunduqlarını və ezamiyyə ödənişlərini vaxtlı-vaxtında onların əmək haqqı hesablarına köçürüldüyünü, o cümlədən ezamiyyə sənədləri xeyli vaxt əvvələ aid olduğundan həmin sənədlər hal- hazırda cəmiyyətin arxivində olmadığından təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. İş materiallarında olan “X2 “xxxx” ASC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə ünvanlanmış 07 avqust 2020-ci il tarixli 1019/20 nömrəli cavab məktubunda qeyd edilir ki, İddiaçı1 11.02.2010-cu il tarixdən 31.08.2016-cı il tarixədək, İddiaçı2 isə 03.10.2009-cu il tarixdən 10.01.2017-ci il tarixədək sözügedən şirkətdə çalışmış və öz təşəbbüsləri ilə işdən azad olunmuşdurlar. İddiaçı2 və İddiaçı1 müxtəlif vaxtlarda Qazaxıstan Respublikasının Şimkənd, Almata və Qızılorda şəhərlərinə ezam olunmuşdurlar. Qeyd olunan şəxslərin əmək haqları və ezamiyyə ödənişləri vaxtlı-vaxtında ödənilmiş, bununla bağlı sabiq işçilərin işlədikləri dövrdə şirkətə qarşı heç bir şikayətləri olmamışdır. İş materiallarına əlavə edilən cavabdeh “X1 “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə1 Şəmsəddin oğlunun məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, cavabdeh iddia müddətinin keçməsi nəzərə alınaraq, iddianın rədd edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçılar mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşlər. Belə ki, iş materiallarından görünür ki, iddiaçıların mövcud iddia ərizəsi 02.03.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia müddətinin axımının iddiaçıların öz xahişləri ilə işdən azad olunmaları tarixdən (iddiaçıların əmək müqaviləsi üzrə öz hüquqlarının pozulmasının aşkar edildiyi gün ən azı həmin tarix hesab edilir), yəni müvafiq olaraq 31.08.2016-cı il tarixdən və 10.01.2017-ci il tarixdən hesablanmağa başlaması nəzərə alındıqda, iddiaçılar mövcud iddia tələbi ilə məhkəməyə müraciət edənədək, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşlər. Göründüyü kimi, iddiaçılar ezamiyyət haqlarının ödənilməməsini həmin vaxt deyil, bundan yalnız 4 ildən çox müddət keçdikdən sonra, 02.03.2021-ci il tarixdə, yəni hazırki iddianı qaldırdığı vaxt mübahisələndirmişlər. Halbuki Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinin tələblərinə görə hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi, iddiaçılar tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində müəyyən edilmiş 1 illik iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir: “...iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.”. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən iddia ərizəsi verilərkən iddia müddəti ötürüldüyündən, habelə mübahisə tərəfi olan cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsinə görə iddia rədd edilməlidir. Məhkəmə eyni zamanda iddianın 30 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia isə rədd edilməli olduğundan, məhkəmə xərci olan 30 manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilməlidir. Buna görə də iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi də rədd edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X1 “xxxx” ASC-yə qarşı pul tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar