Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2289/2025 05.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iş üzrə (açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrünə görə əmək haqqının ödənilməsi, müddətli əmək müqaviləsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdə Suraxanı rayonu 2 nömrəli Uşaq evinə tərbiyəçi-müəllimə vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.
2. Bakı Şəhər İcra Hakimiyyətinin Bakı şəhəri məktəbəqədər Təhsil Müəssisələri və Uşaq evləri İdarəsinin xx.xx.2014-cü il tarixli 320L5X000100 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Suraxanı rayonu 2 nömrəli uşaq evi ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan 1 və 2 nömrəli Ailə tipli kiçik qrup evləri, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı şəhəri Nizami rayonu 1 nömrəli uşaq evi, Suraxanı rayonu 2 nömrəli uşaq evi, Xətai rayonu 3 nömrəli uşaq evi, Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyində Gəncə şəhər məktəbəqədər və məktəb yaşlı uşaqlar üçün qarışıq tipli uşaq evi, Şəki Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Şəki şəhəri qarışıq tipli uşaq evi, Lənkəran Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Osman Mirzəyev adına qarışıq tipli uşaq evi sosial xidmət müəssisələri ştat vahidləri və onlara məxsus əmlakla birlikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyində Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilməsi qərara alınmışdır.
4. İddiaçı ilə Sosial Xidmətlər Agentliyi arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı 2 saylı Uşaq evi sosial xidmət müəssisəsinə mentor vəzifəsinə işə təyin edilmiş, əmək müqaviləsinin müddəti 2 həftə sınaq müddəti hesab edilməklə 3 ay müəyyən edilmişdir.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-3/3-4-1529/2024 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı Uşaq evi sosial xidmət müəssisəsində mentor vəzifəsində çalışan İddiaçı vəzifə öhdəliklərini layiqincə yetirinə yetirmədiyinə görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-3/34-1592/2024 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı Uşaq evi sosial xidmət müəssisəsində mentor vəzifəsində çalışan İddiaçı ilə xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilməsi və onunla bağlanmış əmək müqavilənin ləğv edilməsi əmr edilmişdir. Əsas olaraq Agentliyin İdarə heyətinin sədrinin xx.xx.2024-cü il tarixli xidməti məruzəsi və işçi ilə bağlanmış əmək müqaviləsi göstərilmişdir.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və sonradan dəqiqiləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən çıxarılması barədə xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi və işə bərpa olunma barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddianın əsaslarına görə, uzun müddət uşaq evində çalışmışdır, onun əmək müqaviləsinin ləğv edilməsi ədalətsizlikdir.
b) iddiaya qarşı etiraz
9. Cavabdeh iddia tələbinə etirazla müraciət edərək təmin olunmamasını xahiş etmişdir.
10. Etirazın əsaslarına görə, iddiaçının müraciəti əsasında iddiaçı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi arasında xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında 3 ay müddətinə əmək müqaviləsi bağlanaraq Sosial Xidmətlər Agentliyinin tabeliyində olan 2 saylı Uşaq evi-sosial xidmət müəssisəsinə mentor vəzifəsinə təyin edilmişdir. Tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin şərtləri, müddətli xarakter daşıması iddiaçıya işlədiyi dövr ərzində aydın olmuş və müqavilə onun tərəfindən imzalanmışdır. Belə ki, işçi ilə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı işəgötürən tərəfindən qanuni əsası olmayan hərəkət mövcud olmamış, işçi ilə əmək münasibətlərinə qanunun yol verdiyi əsaslarla və qaydada xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Həmin maddəyə əsasən iddiaçıya əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam veriləcəyi ilə bağlı xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 73.1-ci maddəsində göstərilən qaydada yazılı xəbərdarlıq edildikdən sonra xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra işçiyə son-haqq hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli olan əmək haqqı və digər ödəmələr) ödənilmişdir. Göründüyü kimi, tərəflər (iddiaçı ilə cavabdeh) arasında daha əvvəl müddətsiz əmək münasibətləri mövcud olmadığından iddiaçı ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin T bəndinə əsasən müddətli əmək müqaviləsinin bağlanmasında hər hansı qanun pozuntusuna yol verilmədiyindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 73cü maddəsinin tələblərinə uyğun olaraq xitam verilməsi qanuni hesab edilməlidir.
c) məhkəmə icraat iştiakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, bildirmişdir ki, onunla əmək müqaviləsinə xitam verilən zaman hüquqları pozulmuşdur. Əmək müqaviləsinin dəyişdirilərək 3 aylıq əmək müqaviləsi bağlanması barədə ona məlumat verilməmişdir.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə edərək bildirmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq 10 gün öncədən xəbərdarlıq edilməklə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Həmçinin iddia müddətinin tətbiqinin təmin edilməsini xahiş edir.
13. İddia müddətinin tətbiqi barədə ərizənin dəlillərinə əsasən, iddiaçı işdən azad olunduğunu əvvəlcədən bildiyindən xx.xx.2024-cü il tarixdə mediasiyaya müraciət etmiş və həmin tarixdə iddia müddətinin axımı dayandırılmışdır. xx.xx.2024-cü il tarixdə isə Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən tərəflərə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış təqdim edildikdən sonra iddia müddətinin axımı davam etdirilmişdir. Bundan sonra iddiaçı qızı xx.xx.2025-ci il tarixində (yəni müvafiq arayışın təqdim edildiyi tarixdən 3 ay sonra) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, qanunda nəzərdə tutulan iddia müddəti ilə bağlı tələbləri pozmuşdur.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; ... Maddə 45. Əmək müqaviləsinin müddəti
1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır;
2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir;
3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz;
4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır;
5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir; Maddə 47. Müddətli əmək müqaviləsi bağlanan hallar Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin “c” bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; Maddə 68.1. Əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması; Maddə 73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası
1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur;
2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər; Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83.2 Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; Maddə 300.
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2024-cü il tarixli Qərarı: “Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, müddətli əmək müqaviləsinin bağlanması ümumi qayda olaraq yolverilməzdir. Bu qaydadan istisnalar isə Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən olunmuşdur. ... Əmək Məcəlləsinin “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması” adlı 1-ci Əlavəsinin 2.3-cü bəndinə əsasən əmək müqaviləsinin hansı səbəbə görə müddətli bağlanılması göstərilməlidir. ... Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin Konstitusiyaya uyğunluğunun yoxlanılması və şərh edilməsi xahiş olunan “f” bəndində müddətli əmək müqaviləsinin bağlanılması əsası kimi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı göstərilmişdir. Nəzərə alınmalıdır ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Yəni faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarı). Məhz qeyd olunanlar baxımından qanunverici işaxtaranların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir. Bununla yanaşı, qanunverici həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə mümkün hesab etmişdir.”
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2023-cü il tarixli, 2(102)- 4262/2023 nömrəli Qərarı: “- 72. Bu baxımdan, iddiaçı ilə bağlanmış əmək müqaviləsində işə başlama tarixinin göstərilməsindən asılı olmayaraq, iddiaçının müəssisədə nə vaxtdan işləməsi araşdırılmalıdır. Çünki Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edirsə, müddətsiz əmək müqaviləsi hesab edilir. ... - 79. ... Məlum olduğu kimi, işçinin uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması və dərhal qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. İşçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür.”
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
19. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı xx.xx.2003-cü il tarixdə Suraxanı rayonu 2 nömrəli Uşaq evinə tərbiyəçi-müəllimə vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2012-ci il tarixdə yenidən müddətsiz əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan Suraxanı rayonu 2 nömrəli uşaq evi sosial xidmət müəssisəsi ştat vahidləri və onlara məxsus əmlakla birlikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyində Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilmişdir. İddiaçının əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmiş, bir gün sonra – xx.xx.2024-cü il tarixdə iddiaçı ilə yenidən 3 ay müddətinə, müddətli əmək müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müqavilənin müddətinin bitməsi əsası ilə xitam verilmişdir.
20. İddiaçı əmək müqaviləsinin əsassız ləğv edildiyini, cavabdeh isə müqavilənin müddətli bağlandığının iddiaçıya məlum olduğunu, əmək müqaviləsinə qanunun yol verdiyi əsaslarla və qaydada xitam verildiyini irəli sürür.
21. Məhkəmə hər iki tərəfin dəlillərini, işin faktiki halları ilə birlikdə maddi-hüquqi əsaslar baxımından yoxlayaraq hesab edir ki, iddia təmin edilməlidir.
22. Belə ki, iddiaçının 20 ilə yaxın müddətdə Suraxanı rayonu 2 nömrəli Uşaq evində fasiləsiz işlədiyi mübahisə edilmir.
23. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü və 5-ci hissələrinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
24. Məcəllənin 47-ci maddəsində müddətli əmək müqaviləsi bağlanmasına yol verilən halların dairəsi göstərilmiş, eyni zamanda tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasının mümkünlüyü də təsbit edilmişdir.
25. Hazırkı halda mübahisələndirilən əmr ilə ləğv edilmiş əmək müqaviləsi iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmışdır. Bundan əvvəl isə iddiaçının işlədiyi müəssisə hazırkı cavabdehin tabeliyinə verilmiş, daha sonra həmin qurumla bağlanmış müddətsiz müqavilə ləğv edilərək, cəmi bir gün sonra müddətli əmək müqaviləsi bağlanmışdır. Bu isə qanunvericiliyin əmək münasibətləri sferasında verdiyi təminatlara, əmək münasibətlərinin təməl prinsiplərinə ziddir.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2024-cü il tarixli Qərarında da göstərilmişdir ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, müddətli əmək müqaviləsinin bağlanması ümumi qayda olaraq yolverilməzdir. Bu qaydadan istisnalar isə Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən olunmuşdur.
27. Cavabdeh müddətli əmək müqaviləsinin iddiaçının könüllü razılığı ilə bağlandığını, dolayı yolla Məcəllənin 47-ci maddəsinin tələblərinə əməl edildiyini irəli sürsə də, işin faktiki halları bunu təkzib edir.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2023-cü il tarixli, 2(102)- 4262/2023 nömrəli Qərarında isə göstərilmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsində işə başlama tarixinin göstərilməsindən asılı olmayaraq, iddiaçının müəssisədə nə vaxtdan işləməsi araşdırılmalıdır. Çünki Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edirsə, müddətsiz əmək müqaviləsi hesab edilir. İşçinin uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması və dərhal qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. İşçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür.
29. Hazırkı halda əmək müqaviləsində işə başlama tarixi xx.xx.2024-cü il tarixi göstərilsə də iddiaçı artıq uzun illər idi ki, həmin müəssisədə çalışırdı. İşçinin heç bir ağlabatan səbəb olmadan öz arsuzu ilə əmək müqaviləsinə xitam verilməsini xahiş edib, bir gün sonra könüllü olaraq müddətli əmək müqaviləsi bağlaması isə əlbəttə ki, inandırıcı deyil. Hazırda müqavilənin ləğv edilməsi barədə əmrin mübahisələndirməsi də bütün proseslərin iddiaçının iradəsinə zidd həyata keçirildiyini təsdiq edir.
30. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumunun adıçəkilən qərarında da göstərildiyi kimi, Əmək Məcəlləsinin “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması” adlı 1-ci Əlavəsinin 2.3-cü bəndinə əsasən əmək müqaviləsinin hansı səbəbə görə müddətli bağlanılması göstərilməlidir.
31. Hazırkı iş üzrə isə tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsində əmək müqaviləsinin hansı səbəbə görə müddətli bağlanılması göstərilməmişdir.
32. Qeyd olunanlardan hasil olunan nəticə ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qanunsuz olmuşdur.
33. Cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi də əsaslı deyil. İddiaçının müddətin tətbiqi ilə bağlı ərizəyə münasibəti ondan ibarət olmuşdur ki, o, mediasiya sessiyasından keçdikdən sonra digər məhkəmələrə müraciət etmiş, iddia ərizəsi aidiyyət qaydalarına uyğun verilmədiyindən geri qaytarılmış, bu səbəblə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməsi vaxt almışdır.
34. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, iddiaçının iddia ərizəsi xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən, xx.xx.2025-ci il tarixdə isə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən “iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə” əsası ilə geri qaytarılmışdır.
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci və 380.2-ci maddələrinin tələblərinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
36. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsi ləğv edilərkən pozuntulara yol verilmişdir ki, bu da əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğvinə, eyni zamanda iddiaçının əvvəlki vəzifə üzrə işə bərpa edilməsinə əsas verir.
37. İddiaçı məcburi işburaxma dövrü üçün əmək haqqı tələbi irəli sürməsə də Əmək Məcəlləsinin tələbinə əsasən məcburi işburaxma dövrü üçün əmək haqqının iddiaçıya ödənilməsi də təmin edilməlidir.
38. Məcəllənin 300-cü maddəsinə əsasən, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
39. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2024-cü il tarixli, 3-xx/xx-1532/2024 əmri ləğv edilməli, İddiaçı Cavabdeh 2 saylı Uşaq evi sosial xidmət müəssisəsində mentor vəzifəsinə işə bərpa edilməli və xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan məcburi işburaxma dövrü üçün əmək haqqı İddiaçı ödənilməlidir.
40. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2024-cü il tarixli 3xx/xx-1532/2024 əmri ləğv edilsin. İddiaçı Cavabdeh 2 saylı Uşaq evi sosial xidmət müəssisəsində mentor vəzifəsinə işə bərpa edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan məcburi işburaxma dövrü üçün əmək haqqı İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə