Məhkəmə qərarları › İş №2(004)-2291/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2291/2025

29.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2291/2025 29.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, 82 saylı evdən istifadə hüququ olmayan hesab edilməsi və bunun Cavabdeh həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında olan 24 oktyabr 2014-cü il tarixli nikah Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Bakı şəhəri, Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən İddiaçı verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Birgə nikahdan iki uşaqları dünyaya gəlmişdir. X3 xx.xx.2012-ci ildə, oğlu X13 xx.xx.2015-ci il tarixdə anadan olmuşlar. O, cavabdehlə 2021-ci ilin dekabr ayından ayrı yaşayır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, 82 saylı ev xüsusi mülkiyyət hüququ əsasında Nuriyeva (Quliyeva) Aynur Rafiq qızına məxsusudur. Bakı şəhəri, Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən 24 oktyabr 2014-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, nikah bağlayanadək soyadı Nuriyeva olmuş, nikah bağlandıqdan sonra arvada (Aynura) Quliyeva soyadı verilmişdir. COVİD-19 vaxtlarında, yəni pandemiya dövründə Cavabdeh qeydiyyat ünvanı lazım olduğundan o, onu mülkiyyətində olan ünvan 1 ünvanına qeydiyyata salmışdır. Bu mənzili o, nikahdan əvvəl əldə etmişdir. Bu mənzildə Cavabdeh heç vaxt yaşamamışdır. Qeyd etmişdir ki, mənzillə bağlı mülkiyyət hüquqlarını, o cümlədən sərəncam vermək hüququnu sərbəst şəkildə həyata keçirmək üçün cavabdehin mənzildən istifadə hüququ (mənzildə heç vaxt yaşaşmadığı üçün) olmayan hesab edilməlidir. Bu mübahisə ilə əlaqədar olaraq cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmişdir. Lakin o, yenə də təklifinə hec bir reaksiya verməmişdir. Bundan sonra o, Mediasiya Şurasına müraciət etmişdir. Mediasiya Şurası 6 saylı Mediasiya Təşkilatı tərəfindən X4 iştirak edilməməsi barədə MŞB/6-00206 saylı, xx.xx.2025-ci il tarixli arayış İddiaçı verilmişdir. Arayışdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh qarşı irəli sürülmüş “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə” dair yaranmış mübahisə üzrə xx.xx.2025ci ildə, saat 12:00-da keçirilməsi nəzərdə tutulan X4 Cavabdeh iştirak etməmişdir. İddiaçı X4 iştirak edərək, ilkin mediasiya sessiyasını keçirilməsi üçün nəzərdə tutulan 50 (əlli) manat məbləğində xərci ödəmişdir (kargüzarlıq xərci 10 manat). Odur ki, iddia tələbi təmin edilməli, cavabdehin ünvan 2 ünvanından istifadə hüququ olmayan hesab edilməlidir. Cavabdeh 14 aprel 2025-ci il tarixdə iddia tələbinə etiraz ərizəsi verərək bildirmişdir ki, iddiaçı ilə nikahlarını 2014-cü il tarixdə rəsmiləşdirsələr də, faktiki olaraq 2008-ci ildən bir ailə kimi yaşamışlar. İddiaçının 2009-cu ildə almış olduğu Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 82 alınan zaman iddiaçı tərəfindən 19000 manat pul ödənilmiş, onun tərəfindən 23000 manat pul verilmiş, cəmi mənzilə görə 42000 manat pul ödənilmişdir. Eləcədə daha sonra mənzil təmir edilən zaman tərəfindən iddiaçıya 5000 manat məbləğdə pul verilmişdir. Şahidlər varsa yazmaq və dindirilmələrini istəmək, pul verilməsinə dair şahid qapı qonşuları İlona xanım idi. Habelə həmin mənzildə 2011-ci ilədək birlikdə yaşamışlar. Məhkəmənin icraatında olmuş 2(004)-509/2025 saylı mülki iş üzrə artıq qətnamə qəbul edilmişdir və həmin iş zamanı məlum olmuşdur ki, iddiaçı onunla nikah dövründə əldə etdiyi olan Nərimanov rayonu, Qədirbəyova küçəsi 10, M12, 3 saylı mənzili satmış və daha sonra da əldə etmiş olduğu növbəti mənzili də öz yaxınlarının adına bağışlama ilə özgəninkiləşdirmişdir. Həmin qətnamədən sonra tərəfindən iddiaçının hazırda onun istifadə hüququnun olmayan hesab edilməsinə dair iddia qaldırdığı evin özgəninkiləşdirilməsi iddiaçı və üçüncü şəxslərə qadağan edilmişdir. Hazırda iddiaçı hər üsul və vasitələrlə onun evdən qeydiyyatdan çıxarılmağına və mənzili satmağa çalışırki gələcəkdə heç bir məbləğ ödəməsin. Hazırki iddiası da elə bu məqsədlə təqdim edilmişdir. Birmənalı şəkildə iddiaçının iddia tələbi tamamilə əsassızdır və təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq İddiaçı ona qarşı “mənzildən istifadə hüququ olmayan hesab edilməsi” tələbinə dair iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, etiraz ərizəsində qeyd olunanları qəbul etmir, həmin əmlakı o, birgə nikahdan əvvəl əldə edib. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilməklə yanaşı, eyni zamanda Cavabdeh xx.xx.2023-cü il tarixli hökmlə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini nəzərə alaraq, Cavabdeh çatdırılması üçün 11 saylı Cəzaçəkmə Müəssisəsinə bildiriş göndərilmiş, cavabdeh tərəfindən iddiaya dair etirazı daxil olmuş, lakin məhkəmə iclasında şəxsən iştirakına dair vəsatət daxil olmamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* qeydiyyat nömrəli, xx.xx.2010-cu il tarixli çıxarışına əsasən ünvan 1, mənzil -tam mülkiyyət hüququ ilə X5 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. - Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İİİ № 019115 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2012-ci il tarixdə anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 21 dekabr 2012-ci il tarixində 4598 saylı akt qeydi tərtib edilmişdir. Atası Cavabdeh, anası X8r. - 03 saylı Bakı “Asan xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİİ № 787359 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2015-ci il tarixdə anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 09 iyun 2016-cı il tarixində 3267 saylı akt qeydi tərtib edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. - Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən 13 aprel 2023-cü il tarixdə verilmiş AZ-İ № 449176 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuş və bu barədə 13 aprel 2023-cü il tarixində 204 saylı akt qeydi tərtib edilmişdir. - X6 07 aprel 2025-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsinə əsasən xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh ünvan 1 ünvanında 2016-cı ildən qeydiyyatda olmasına baxmayaraq həmin ünvanda yaşamayıb. - X2 08 aprel 2025-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsinə əsasən xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh ünvan 1 ünvanında 2016-cı ildən qeydiyyatda olmasına baxmayaraq həmin ünvanda yaşamayıb. - X1 08 aprel 2025-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsinə əsasən xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh ünvan 1 ünvanında 2016-cı ildən qeydiyyatda olmasına baxmayaraq həmin ünvanda yaşamayıb. İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə iddianın təmin olunmasına maneçilik görmür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və X7 haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən мülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. (xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə müvafiq olaraq yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-ci il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Həmin Məcəllənin 30.5-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, İddiaçı mübahisə predmeti olan mənzilin tam mülkiyyətçisidir. Tərəflər 24 oktyabr 2014-cü ildə nikaha daxil olmuş, tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X13 anadan olmuş, aralarında olan nikah Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Mənzil tərəflərin birgə nikahda əldə etdikləri mənzil deyildir. İddiaçının izahatı ilə də müəyyən olunur ki, sözügedən mənzildə Cavabdeh heç vaxt yaşamamış və bu hal iş materiallarında olan notarial qaydada təsdiq olunmuş qonşuların ərizələri ilə öz təsdiqini tapmışdır. Hal-hazırda iddiaçı cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, 82 saylı evdən istifadə hüququnun olmayan hesab edilməsini tələb edir, cavabdeh isə iddia tələbinə etiraz edir. Etirazında mənzilin əldə edilməsində onun da xərc çəkdiyini iddia edir, lakin buna dair hər hansı sübut təqdim etmir. Eləcə də həmin ünvanda uzun müddət yaşamasını və bunun da qonşu şahidlərlə (X11) sübuta yetirə biləcəyini qeyd edir. Lakin qonşu X6 cavabdehin heç vaxt həmin ünvanda yaşamaması barədə notarial qaydada ərizəsi məhkəməyə təqdim edilmişdir. Belə olan halda, cavabdehin mülahizəsi təqzib olunur. Məhkəmə qeyd edir ki, mənzilə qeydiyyat özlüyündə istifadə hüququnun yaranmasına səbəb olmur. Belə ki, mənzilə qeydiyyat formal xarakter də daşıya bilər. Göründüyü kimi cavabdehin mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququnun olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququnun olmaması müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar