Məhkəmə qərarları › İş №2(004)-2295/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2295/2020

28.09.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2295/2020 28.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi və kənarda qaldığı müddətin fasiləsiz iş stajına hesablanması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi və kənarda qaldığı müddətin fasiləsiz iş stajına hesablanması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Füzuli rayon Mənzil Kommunal istismar Sahəsində xx xxx 2013-cü il tarixindən sahə rəisi vəzifəsində işləmiş və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin xx xxxxxxx 2018-ci il tarixli 462k nömrəli əmrinə əsasən qanunsuz və əsassız olaraq tutduğu vəzifədən azad edilərək işdən çıxarılmışdır. Digər tərəfdən, xx xxxxxxx 2018-ci il tarixdən qanunsuz və əsassız olaraq işdən çıxarılmağa baxmayaraq, ona qarşı hədə-qorxu, təqib və təzyiqlər may 2018ci il tarixdən başlanmışdır. Belə ki, may 2018-ci il tarixdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktoru vəzifəsinə yeni təyin olunmuş Rasim Tağızadə vəzifəyə təyin edildikdən sonra onun qara günləri başlanmış və həmin şəxs ona müxtəlif üsullarla hədəqorxu gələrək könüllü olaraq işdən çıxmağı barədə ərizə yazmağını tələb etmişdir. Bundan başqa, Komitənin Mənzil İstismar Departamentinin direktoru Rasim Tağızadə ona müxtəlif üsullarla hədə-qorxu gəlsə də işdən çıxmağı barədə ərizə yazmadığı üçün heç bir səbəb və qanuni əsas olmadığı halda xx xxxxxx 2018-ci il tarixli 850 nömrəli əmri ilə onu işdən kənarlaşdıraraq-uzaqlaşdıraraq işə buraxmamış, həmin əmrlə işini məcburi şəkildə təhviltəslim etdirmiş, bununla yanaşı həmin əmrlə onun yerinə X6, xx xxxxxxxx 2018-ci il tarixli 930 nömrəli əmri ilə isə onun yerinə X4 adlı şəxsi təyin etmiş və hətta işdən çıxmağı barədə ərizə yazmadığı üçün 2018-ci il sentyabr ayı üçün nəzərdə tutulmuş bir aylıq maaşının dayandırılması barədə də göstəriş vermiş və dayandırılmış 2018-ci il sentyabr ayının maaşını yalnız işdən çıxmağı barədə ərizə yazdıqdan sonra əmək haqqı kartına xx xxxxxx 2018-ci il tarixdə köçürülmüşdür. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktoru Rasim Tağızadə onu hədələmiş, xx xxxxxx 2018-ci il tarixdən qanunsuz və əsassız olaraq onu işdən kənarlaşdırmış-uzaqlaşdırmış, işə buraxmamış, bundan başqa 2018-ci il sentyabr ayı üçün nəzərdə tutulmuş bir aylıq maaşını vaxtında köçürməyərək-verməyərək ona təzyiq etmiş, ona hədə-qorxu gələrək zorla iradəsinə zidd olaraq ona işdən çıxmağı barədə ərizə yazdırmış və ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərmədiyinə baxmayaraq, o, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin xx xxxxxxx 2018-ci il tarixli 462k nömrəli əmrinə əsasən qanunsuz və əsassız olaraq işdən azad edilmiş və o, işə buraxılmamışdır. Ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərmədiyi üçün xx xxxxxxx 2018-ci il tarixdə yenidən ərizə yazaraq işdən çıxmağı barədə yazdığı ərizəsini geri götürdüyünü və ərizəsini etibarsız hesab etdiyini bildirərək işə qayıtmaq istəsə də, yazdığı ərizəni Mənzil İstismar Departamentinin direktoru Rasim Tağızadəyə şəxsən və poçt vasitəsilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ünvanına göndərsə də, nədənsə yazdığı ərizəyə cavab verilməmiş və o, öz iş yerinə qaytarılmamışdır. Göründüyü kimi heç bir səbəb və əsas olmadığı halda təqib olunmuş, təzyiqlərə məruz qalmış və hədə-qorxu gəlinərək zorla iradəsinə zidd olaraq işdən çıxmağı barədə ərizə ona yazdırılmışdır. Digər tərəfdən, xx xxxxxxx 2018-ci il tarixdən işdən çıxarılsa da, faktiki olaraq xx xxxxxx 2018-ci il tarixdən işdən kənarlaşdırılmış, işə buraxılmamış və zorla işini xx xxxxxx 2018-ci il tarixdən təhvil-təslim etmişdir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin xx xxxxxxx 2018-ci il tarixli 462k nömrəli əmrindən də görünür ki, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qanunvericilikdə nəzərdə tutulmayan əsasla və Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalara əməl olunmayaraq, əmək müqaviləsinin ləğv edilməsi qaydası üçün nəzərdə tutulmuş Əmək Məcəlləsinin müvafiq maddəsi, hissəsi və bəndi düzgün göstərilməyərək xitam verilmişdir. Digər tərəfdən, işdən çıxmağı barədə xx xxxxxxx 2018-ci il tarixdə verilmiş 462k nömrəli əmrin məzmununa diqqət yetirəndə də onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin tələblərinə müvafiq olaraq işdən azad olunmağı göstərilmiş, lakin həmin maddənin hansı hissəsi və bəndi göstərilməmişdir. Ona görə də işdən çıxmağı barədə verilmiş əmr etibarsız hesab edilməli və məcburi iş buraxma müddətinə görə əmək haqqı ödənilməklə öz iş yerinə (vəzifəsinə) bərpa edilməyi barədə məhkəmə tərəfindən qətnamə çıxarılmalıdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi xx xxxxxx 2019-cu il tarixli iş № 2-1(81)-2230/2019 nömrəli qərarı ilə qərara alaraq sənədlərinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət komitəsinə həvalə edilmişdir. Lakin Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Məhkəmənin qərarını uzun müddət icra etməkdən imtina etmiş, vaxtında icra etməmiş, sənədlərini məhkəmə vasitəsilə yalnız xx xxxxxx 2020-ci il tarixli iş № 2-1(81)-2230/2019 və xx xxxxxx 2020-ci il tarixli iş № 2-1(81)-2230/2019 nömrəli məktubları ilə almış və məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş müddət tərəfindən buraxılmamışdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin xx xxxxxxx 2018-ci il tarixli 462k nömrəli əmrinin ləğv edilməsi, işdən çıxdığı tarixdən öz iş yerinə (Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Füzuli rayon Mənzil Kommunal İstismar Sahəsinin rəisi vəzifəsinə) bərpa olunmağı, məcburi iş buraxma müddətinə görə əmək haqqının (işdən çıxarıldıqdan sonra əmək haqqında edilmiş artımlar da nəzərə alınmaqla) ödənilməsi və kənarda qaldığı müddətin fasiləsiz iş stajına hesablanması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı əvvəlki məhkəmə iclaslarında işdirak etməklə iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, hazırda isə məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsində göstərilənləri müdafiə etdiyini və mülki işə onun iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi X2 iddianı etiraf etməyərək izahatında bildirdi ki, iddiaçının qeyd etdiyi hallar, yəni ona təzyiqlərin göstərilməsi, təzyiqlər nəticəsində işə çıxmamağı barədə hallar baş verməmişdir. İddiaçının işə çıxmamağı ilə bağlı işin davam etdirilməsi məqsədi ilə komitənin Mənzil İstismar Departamenti tərəfindən müvəqqəti olaraq həmin vəzifənin icra edilməsi xx xxxxxx 2018-ci il tarixli 850 nörməli əmrlə başqa şəxsə həvalə edilmişdir. İddiaçı ümumilikdə 3 ay müddətə yaxın işə çıxmamış, lakin buna baxmayaraq iddiaçının işə çıxmaması barədə akt tərtib edilməmişdir. Daha sonra 01 oktyabr tarixində iddiaçı özü ərizə yazaraq tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Həmin ərizə əsasında xx xxxxxxx 2018-ci il tarixdə 462 k nömrəli əmrlə iddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən, tutduğu vəzifədən azad edilmişdir. Əmək məcələsinin 68-ci maddəsinin tələblərindən biri də tərəflərin təşəbbüsüdür. Tərəflərin təşəbbüsü əsas götürülərək iddiaçı işdən azad edilmişdir. Düzdür qanunvericiliklə müəyyən edilmiş 1 ay müddəti gözlənilməsə də, hesab etmişdirlər ki, buna zərurət olmamışdır. Çünki işdən çıxmaq iddiaçının öz təşəbbüsü ilə baş vermişdir. Həmçinin iddiaçı sənədlərin qaytarılması üçün onlara müraciət etməmiş, bir başa onlara qarşı məhkəmədən iddia qaldırmışdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarlmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin xx.xx.2018-ci il tarixli, 850 nömrəli əmrindən görünür ki, 2018-ci il 16 avqust tarixindən 1 ay müddətinə yerində görülən işlərin keyfiyyətli idarə edilməsi və nəzarətin gücləndirilməsi məqsədi ilə Füzuli rayon Mənzil Kommunal İstismar Sahəsinin rəisinin gördüyü işlər X3 həvalə edilmişdir. xx.xx.2018-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Füzuli rayon Mənzil Kommunal istismar Sahəsinin sabiq rəisi İddiaçı müvafiq aktda göstərilən vəsaitləri Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Füzuli rayon Mənzil Kommunal istismar Sahəsinin rəisi X3 təhvil vermişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinə ünvanladığı xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, sonuncu işdən azad edilməyi barədə göstəriş verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin 462K nömrəli, xx.xx.2018-ci il tarixli əmrdən görünür ki, Komitənin Mənzil İstismar Departamentinin Füzuli rayon Mənzil Kommunal istismar Sahəsinin rəisi İddiaçı Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin tələblərinə müvafiq olaraq 2018-ci il 01 oktyabr tarixindən öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinə ünvanladığı xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, sonuncu işdən çıxmaq və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürdüyünü və bu səbəbdən də, ərizəsinin etibarsız hesab edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin, 2-1(81)-2230/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı sənədlərin təqdim edilməsi tələbinə dair iddiası təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktorunun xx.xx.2018-ci il tarixli, 850 nömrəli əmrinin surətinin, eləcə də həmin Departamentin direktorunun sentyabr 2018-ci il tarixli əmri ilə Yusif Musayevin onun yerinə təyin olunması barədə əmrinin surətinin, tutduğu vəzifədən azad olunması barədə əmrin surətinin, işdən çıxmağı barədə yazmış olduğu ərizənin surətinin və sentyabr 2018-ci il üçün əmək haqqının nə vaxt köçürülməsi barədə çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsininə həvalə edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli, 11 saylı məktubundan görünür ki, müvafiq məhkəmə orqanı tərəfindən çıxarılmış qərarın icra olunması barədə aidiyyəti icra şöbəsindən Mənzil İstismar Departamentinə məktub daxıl olduqda sonra sonuncunun müraciətində qeyd etdiyi sənədlər özünə təqdim olunacaqdır. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 01 nömrəli, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Füzuli rayon Mənzil Kommunal İstismar Sahəsinin rəisi vəzifəsində çalışmış İddiaçı xx xxxxxxx 2018-ci il tarixdə işdən çıxdıqdan sonra sentyabr ayı üçün hesablanmış 210 manat məbləğində əmək haqqı və işdən çıxması ilə əlaqədar hesablanmış 293.68 manat son haqq-hesab məbləği cəmlənərək, vergilər və digər tutulmalar çıxıldıqdan sonra ələ çatası 478.95 manat məbləğ xx xxxxxx 2018-cu il tarixində ona məxsus əmək haqqı kartına “Kapital Bank” tərəfindən köçürülmüşdür. Sentyabr və oktyabr aylarında İddiaçı heç bir ödəniş olmamışdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Füzuli rayon Mənzil Kommunal İstismar Sahəsində sahə rəisi vəzifəsinə qəbul edilmiş və onunla əmək müqaviləsi imzalanmışdır. İddiaçı xx.xx.2018-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ərizə ünvanlayaraq, tutduğu vəzifədən azad edilməsini xahiş etmiş, daha sonra xx.xx.2018-ci il tarixdə, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində yenidən ərizə ilə müraciət edərək ərizəsinin etibarsız hesab edilməsini xahiş etmiş, cavabdeh isə qanunvericliyin tələbinə məhəl qoymaraq xəbərdarlıq müddətinin bitməsini, yəni bir təqvim ayını gözləmədən xx.xx.2018-ci il tarixli, 462K saylı əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Eyni Məcəllənin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Cavabdeh iddiaya etiraz edərək, etirazını, iddiaçının əmək müqaviləsinə xitam verilməsini, onun öz ərizəsi əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən tam qanuni olması ilə əsaslandırdı. Məhkəmə hesab edir ki, cavabdehin iddiaya etirazla bağlı, iddiaçıyla bağlanılmış əmək müqaviləsinə onun ərizəsi əsasənda qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilməsinə dair dəlilləri əsasızdır. Belə ki, qanunvericiliyin tələblərinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər və işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir (AR ƏM-nin 69.1 və 69.5-ci maddələri). Göründüyü kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ünvanladığı xx.xx.2018-ci il tarixli ərizəsində tutduğu vəzifədən azad edilməsini xahiş etsə də, əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməmiş, daha sonra xx.xx.2018-ci il tarixdə qanunvericiliklə müəyyən edilmiş müddət ərzində yenidən ərizə ilə müraciət edərək ərizəsinin etibarsız hesab edilməsini xahiş etmiş, lakin cavabdeh isə qanunvericliyin tələbinə məhəl qoymaraq xəbərdarlıq müddətinin bitməsini, yəni bir təqvim ayını gözləmədən xx.xx.2018-ci il tarixli, 462K saylı əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli, 462K saylı əmri ləğv edilməli, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Füzuli rayon Mənzil Kommunal İstismar Sahəsində “rəis” vəzifəsində işə bərpa edilməli, xx.xx.2018-ci il tarixdən qətnaməicraedilənmüddətəİddiaçıməcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. Məhkəmə həmçinin iddia tələbinin iddiaçının kənarda qaldığı müddətin fasiləsiz iş stajına hesablanması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının tutuduğu vəzifəyə bərpa edilməklə işdən azad edildiyi tarixdən qətnamə icra edildiyi müdətə məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi hissəsində idda tələbinin təmin edilməsi, iddia tələbinin bu hissəsini də, əhatə etdiyindən, məhkəmə həmin hissənin ayrıca müzakirəsini məqsədə uygun hesab etmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun İ.Ağayevin şikayəti üzrə xx xxxxxx 2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» xx.xx.2002-ci il taixli qərarı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli, 462K saylı əmri ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Füzuli rayon Mənzil Kommunal İstismar Sahəsində “rəis” vəzifəsində işə bərpa edilsin. xx.xx.2018-ci il tarixdən qətnamə icra edilən müddətə İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar