Məhkəmə qərarları › İş №2(004)-2299/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2299/2021

29.04.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2299/2021 29.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər ”Cavabdeh1” MMC – yə və Cavabdeh2 qarşı “pul” və “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər ”Cavabdeh1” MMC – yə və Cavabdeh2 qarşı “pul” və “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona qarşı törətdiyi qanunazidd hərəkətlərinə, haqsız yerə işdən çıxarılması və 3 aylıq işsizlik müavinəti olaraq 9000 (doqquz min) manat məbləğində işsizlik təzminatı, 6000 (altı min) manat məbləğində əlavə mənəvi təzminat olmaqla, cəmi 15000 (on beş min) manat məbləğində ziyanın əvəzinin cavabdehlər Cavabdeh1” MMC və Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 25 iyun 2020-ci il tarixdə “xxxx” MMC – də inzibatçı vəzifəsinə işə qəbul edilmişdir. İşlədiyi müddətdə hər ay 500 manat əmək haqqı almışdır. İşlədiyi müddət ərzində şirkətin maraq və mənafelərini yüksək səviyyədə qorunub saxlanmasına xidmət etmişdir. “xxxx” MMC onun barəsində qanunsuz və əsassız şəkildə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam vermişdir. İşlədiyi müddət ərzində heç vaxt iş buraxmamışdır. Lakin, cavabdeh onun heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi bəhanəsi ilə barəsində 03 noyabr 2020ci il tarixli 1227/K əmr qəbul etmişdir. Həmin əmr və ona məxsus əmək kitabçası yalnız onun 07 yanvar 2021-ci il tarixdə ərizə yazması nəticəsində əldə olunmuşdur. Belə ki, sözügedən əmri 28 yanvar 2021-ci il tarixdə poçt vasitəsilə qəbul etmişdir. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş tabel jurnalından da göründüyü kimi, o, 38 gün iş vaxtından 6 saat əlavə işə cəlb olunmuşdur. Cavabdeh şirkət işlədiyi müddətdə hər gün 6 saat onu iş saatından əlavə işə cəlb etmişdir. Lakin, əmək haqqını 500 manat hesablamaqla əlavə iş saatına görə ona hər hansı əmək haqqı verilməmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdeh ”Cavabdeh1” MMC – nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, ”Cavabdeh1” MMC ilə İddiaçı arasında heç bir əmək müqaviləsi bağlanmamışdır. Bu səbəbdən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər idarəsi tərəfindən Özden İddiaçıye ünvanlanmış 27 oktyabr 2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 MMC – nin X1 Xidməti Bakı şəhər idarəsinə təqdim etdiyi 43/NWC saylı, 11.06.2020-ci il tarixli cavab məktubunda Özden İddiaçı ilə cəmiyyət arasında heç bir əmək müqaviləsinin bağlanmaması və Özden İddiaçı hər hansı bir işə cəlb edilmədiyi qeyd olunmuşdur. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər idarəsi tərəfindən Özden İddiaçıye ünvanlanmış 27 oktyabr 2020-ci il tarixli məktubundan görünür ki, cavabdehə bildirilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə baxış keçirilərkən onunla ”Cavabdeh1” MMC və fiziki şəxs Cavabdeh2 arasında əmək müqaviləsinin bağlanmasına dair qeydiyyatın mövcud olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən, əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır – hazırkı iş üzrə isə, iddiaçının birbaşa ”Cavabdeh1” MMC və fiziki şəxs Cavabdeh2 ilə əmək münasibətlərinə daxil olmadığı və bunun təbii nəticəsi olaraq cavabdehlərlə iddiaçı arasında əmək müqaviləsindən irəli gələn qarşılıqlı öhdəlikləri yaranmadığı müəyyən olunmuşdur. Bununla yanaşı nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Göründüyü kimi, İddiaçı və cavabdehlər ”Cavabdeh1” MMC və Cavabdeh2 arasında əmək müqaviləsi bağlanmamış, elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişi qeydiyyata alınmamış və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməmişdir. Bu səbəbdən tərəflər arasında əmək münasibətləri yaranmamışdır. Tərəflər arasında əmək müqaviləsi mövcud olmadığına və əmək münasibətləri yaranmadığına görə, iddiaçı əmək münasibətlərində olmadığı cavabdehlərdən “haqsız yerə onun işdən çıxarılması, 9000 manat məbləğində işsizlik təzminatı və 6000 manat məbləğində mənəvi təzminat olmaqla, cəmi 15000 manat məbləğində ziyanın ona ödənilməsi” barədə tələb irəli sürə bilməz. Məhkəmə, iddia üzrə "işdən çıxarılma" tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia tələbinin “9000 manat məbləğində işsizlik təzminatı və 6000 manat məbləğində mənəvi təzminat olmaqla, cəmi 15000 manat məbləğində ziyanın ona ödənilməsi” hissəsinin törəmə tələb olduğunu və bu hissənin təminolunub olunmamasının bilavasitə "işdən çıxarılma" hissəsinin təmin olunubolunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi “işsizlik təzminatı və mənəvi təzminat olmaqla, cəmi 15000 manat məbləğində ziyanın ona ödənilməsi” hissəsində də təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmçinin, İddiaçı cavabdehlər ”Cavabdeh1” MMC - nin və Cavabdeh2 ona müəyyən məbləğdə pul vəsaitləri ödəməli olmasını təsdiq edən mötəbər rəsmi sənədləri məhkəməyə təqdim edə bilməmişdir, yəni iddiaçı sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı iddia tələbləri özlüyündə əsassız olduğundan rədd edilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər ”Cavabdeh1” MMC – yə və Cavabdeh2 qarşı “pul” və “maddi və mənəvi ziyanın ödənilməsi” barədə tələbi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər ”Cavabdeh1” MMC – yə və Cavabdeh2 qarşı “pul” və “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar