Məhkəmə qərarları › İş №2(004)-2325/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2325/2024

04.06.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2325/2024 04.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi X2, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Güldanə İdris qızı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə müddətin bitməsi ilə bağlı xitam verilməsinə dair cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, əvvəlki iş yerinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1998-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Yasamal rayon üzrə şöbəsində mühasib vəzifəsində işə başlamışdır və 22 il davamlı olaraq həmin qurumda dövlət qulluqçusu kimi çalışaraq, hazırda İİ-ci dərəcəli dövlət qulluqçusu vəzifəsinə qədər yüksəlmişədir. Lakin, sonradan 2020-ci ildə qurum dövlət qulluğundan publik hüquqi şəxsə çevrilmişdir. Həmin dövrə qədər isə, o, işlətdiyi həmin qurumda müddətsiz əmək müqaviləsi əsasında işləmişdir. Qeyd olunduğu kimi, daimi əsaslarla (müddətsiz əmək müqaviləsi ilə) işlədiyi qurum publik hüquqi şəxsə çevriləndən sonra, digər əməkdaşlar kimi işlədiyi həmin qurum onu da, fakt qarşısında qoyaraq, müddətsiz əmək müqaviləsini müddətli əmək müvaqiləsinə dəyişmiş və nəticədə, əvvəllər 20 ildən artıq daimi əsasla işlədiyi, lakin sonradan publik hüquqi şəxsə çevrilən cavabdeh ilə onun arasında xx.xx.2020-ci il tarixdən etibarən 6 aylıq müddətli əmək müqaviləsi bağlanmışdır. Həmin dövrdən etibarən, xx.xx.2024-cü il tarixədək (son 4 il müddətində) hər dəfə mütəmadi olaraq müqavilə müddəti artırılmaqla Dövət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialında mütəxəssiz vəzifəsində çalışmışdır. Sonucu dəfə işdə xx.xx.2024-cü il tarixdə son iş saatınadək işləmişdir. Həmin gün iş saatının sonunda kadrlar şöbəsinin əməkdaşı tərəfindən heç bir səbəb və rəsmi açıqlama verilmədən növbəti gündən işə gəlməməyi bildirilib. Bunun hansı səbəbdən olmasını soruşarkən isə, həmin şəxs ətraflı məlumata malik olmamasını söyləmişdir. xx.xx.2024-cü il tarixdə qeyri-iş günü olduğundan (Prezident Seçkiləri ilə bağlı), xx.xx.2024-cü il tarixdə cavabdeh təşkilata ərizə ilə müraciət etmişdir və ona bununla bağlı rəsmi açıqlama və məlumat verilməsini xahiş etmişdir. Belə ki, onun əmək funksiyalarının icraasına xitam verilməklə bağlı ona cavabdeh qurum tərəfindən hər hansı rəsmi bildiriş və ya xəbərdarlıq edilməmişdir. Əgər əmək müqaviləsinə xitam verilibsə, bunun səbəbləri barədə o, işçi olaraq əvvəlcədən rəsmi məlumata malik olmalıdır. Bundan əlavə, ona əmək müqaviləsinə xitamverilmə barədə əmrin sürəti, əmək kitabçası, son iş günündə ona təqdim olunmalı idi. Lakin cavabdeh bunu etməmişdir. Habelə, sonuncu iş günü (xx.xx.2024-cü il) ona qanunvericiliklə nəzərdə tutulmuş son haqq-hesab ödənişi edilməli olduğu halda edilməmişdir. Belə ki, ona əmək hüquq münasibətlərindən irəli gələn son haqq-hesab ödənişi xx.xx.2024-cü il tarixdə şəxsi bank hesabına daxil olmuşdur. Bundan sonrakı günlər şənbə və bazar günlərinə təsadüf etdiyindən, o, xx.xx.2024-cü il tarixdə cavabdeh Dövltə Sosial Müdafiə Fondunda olmuşdur və baş verənlərin səbəbilə maraqlanmışdır və bu barədə qurumdan rəsmi məlumat tələb etmişdir. Yalnız, həmin gün (xx.xx.2024) ona rəsmi bildirilib ki, onunla əmək müqaviləsinin müddəti artırılmadı və əmək kitabçası həmin gün ona geri qaytarılıb. Lakin, işdən çıxma barədə əmrin surətini cavabdehdən tələb etsə də, ona yenə də təqdim edilmədi. Həmin günü yəni, xx.xx.2024-cü il tarixdə əmək kitabçası cavabdeh tərəfindən ona təqdim olunarkən, kitabçanın məzmunundan ona rəsmən məlum oldu ki, onunla olan əmək hüquq münasibətlərinə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinə istinadən (müqavilə müddətinin birməsi) xitam verilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən barəsində verilmiş əmək müqaviləsinə xitam verilmə barədə verilmiş xx.xx.2024-cü il tarixli Əmr hüquqi əhəmiyyətsiz əmrdir. Çünki, həmin əmr verildikdən sonra bununla bağlı qanunvericiliyin tələblərinə cavabdeh tərəfindən əməl olunmamış və qanunvercilyin tələbləri kobud şəkildə pozulmuşdur. Qeyd olunduğu kimi, dövlət qulluçusu kimi 20 ildən artıq daimi əsaslarla müddətsiz əmək müqaviləsi əsasında işlədiyi, daha sonra isə, 4 i lərzində müddətli əmək müqaviləsi əsasında çalışdığı bir qurum, onunla olan müqavilə-hüquq münasibətlərini davam etdirməyəcəyi ilə bağlı onu öncədən xəbərdar etməli idi. xx.xx.2024-cü il tarixdə barəsində müqavilə münasibətlərini davam etdirməməklə bağlı işəgötürən tərəfindən əmr verilməsinə rəğmən, mən xx.xx.2024-cü il tarixdə iş günün sonunadak işləmişdir və nədənsə ona bu barədə heç bir rəsmi məlumat verilmir. Halbuki, Qanunvericiliyin bununla bağlı imperativ tələbi ondan ibarətdir ki, əmək müqaviləsi ilə işləyən işçiyə sonuncu iş günü - əmək kitabası, işdən çıxma barədə əmrin surəti, habelə son haqq-hesabı ödənilməlidir. Barəsində qeyd olunan əmr xx.xx.2024-cü il tarixdə verilsə də, ona son haqq-hesab 18 gün sonra yəni xx.xx.2024-cü il tarixdə, Əmək kitabçası isə xx.xx.2024-c il tarixdə verilmişdir. Əmr isə, ümumiyyətlə təqdim olunmamışdır. Belə çıxır ki, o, işdən çıxmağı ilə bağlı rəsmi məlumata əmrin verildiyi gündən 20 gün sonra rəsmi malumata malik olmuşdur. Bütün bu hallar, iddia tələbinin dəlilləri, bir daha onu deməyə əsas verir ki, qüvvədə olan Əmək Qanunvericiliyinin müddətli əmək müqaviləsinə xitam verilməkə bağlı tələbləri cavabdeh tərəfindən kobud şəkildə pozuntusudur. Belə ki, Əmək Qanunvericiliyinin tələbi odur ki, müddətli əmək-hüquq münasibətləri zamanı müqavilə müddətinin bitməsindən bir həftə keçdikdən sonra müqaviləyə xitam verilməzsə, müqavilə eyni müddətə və eyni əsasasla uzadılmış sayılır. Ona cavabdeh tərəfindən heç bir rəsmi xəbərdarlıq və ya bildiriş bununla bağlı təqdim edilməmiş, əksinə, işdən azad olunmağımla bağlı rəsmi məlumata barəsində müvafiq əmr verildikdən 20 gün sonra malik olmuşdur. Beləlikə, bu o deməkdir ki, onunla işəgötürən arasında müddətli əmək müqaviləsi eyni müddətə və eyni əsasla uzadılmış sayılır və barəsində verilmiş Əmrin heç bir hüquqi əsası yoxdur. Ona görə ki, cavabdeh tərəfindən müddətli əmək müqaviləsinə xitam verilmə qaydaları kobud pozulmuşdur. Daha sonra iddiaçı iddia həcminin tələbinin artırılması barədə ərizə ilə müraciət edərək, iddiaçı tərəfindən mediasiya və məhkəmənin dövlət rüsumu olaraq ödənilmiş 100 (yüz) manat məbləğində pulun və hüquqi yardım üçün vəkilə ödənilmiş xidmət haqqı qismində 350 (üç yüz əlli) manat pulun, ümumilikdə 450 (dörd yüz əlli) manat pulun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan iddiaçını xeyrinə tutulması və iddiaçının əmək müqaviləsinə xitam verildiyi xx.xx.2024-cü il tarixdən onun işə bərpa olunduğu tarixədək olan dövr üzrə aylıq vəzifə maaşından əlavə, bayram günlərinə görə əlavə ödəmələr və mükafat məbləğlərinin də hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin "Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2019-cu il 30 dekabr tarixli 912 nömrəli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsi yaradılmış və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə Fondun Nizamnaməsi təsdiq edilmişdir. İstinad olunan Nizamnamənin 1.1-ci bəndində qeyd olunur ki, Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd VƏ kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Yuxarıda qeyd olunan, Nizamnamənin 4.11.11-ci bəndinə əsasən, X9 sədri bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Fondun, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların İşçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Nazirliklə razılaşdırmaqla qərarlar qəbul edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən, əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. Həmin Məcəllənin 11-ci maddəsində işəgötürənin əsas hüquqlarının arasında Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ təsbit olunmuşdur. Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinin "b" yarımbəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Qeyd edilən Məcəllənin 73-cü maddəsinin 1-ci bəndində vurğulanır ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İstinad olunan maddənin təhlilindən göründüyü kimi, müddətli əmək müqaviləsinə həmin müqavilədə nəzərdə tutulmuş müddət qurtardıqda xitam verilir. Müddət qurtardıqdan sonra müqavilə 2 şərt mövcud olduqda uzadılmış hesab olunur: 1. Müddət qurtardıqdan sonra işçi və işəgötürən arasında əmək münasibətləri davam etdirilməli; 2. Müddət bitdikdən sonrakı 1 həftə ərzində tərəflərdən heç biri əmək müqaviləsinə xitam verilməsini tələb etməməlidir. Maddənin təhlilindən məlum olur ki, hər 2 şərt eyni vaxtda mövcud olmalıdır. Maddəyə əsasən müddət bitdikdə tərəflərdən hər hansı biri müqaviləyə xitam verilməsini tələb etməlidir. Lakin, qanunverici maddədə konkret olaraq tərəflərin müqaviləyə xitam verilməsi tələbini, yəni öz iradəsini hansı formada ifadə etməsini göstərməmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş 06 avqust 2020-ci il tarixli xxxxxxx000200 nömrəli əmək müqaviləsindən də göründüyü kimi İddiaçı ilə Fond arasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin "f" bəndinə əsasən xx.xx.2020-ci il tarixdən 3 (üç) ay müdddətinə əmək müqaviləsi bağlanılmışdır. Həmçinin müqavilədə işçinin işə başlamalı olduğu tarix, əməkhaqqının məbləği, qəbul edildiyi vəzifənin adı qeyd olunmuşdur. İstinad olunan müqavilə həm işçi, həm də işəgötürən tərəfindən imzalanmışdır. Bundan sonra işəgötürən tərəfindən iddiaçının müvafiq vəzifəyə təyin olunması ilə bağlı 2020-ci il 06 avqust tarixli **********3 nömrəli əmr verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının Sosial ödənişlər departamentinin Pensiya ödənişləri şöbəsinin mütəxəssisi olan G.Əliyevanın əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə uyğun olaraq 05 fevral 2024-cü il tarixli 3-17-1/3-4-207/2024 nömrəli əmrlə 06 fevral 2024-cü il tarixdə müddətli əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış 06 avqust 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Qeyd edir ki, qeyd edilmiş qanununun normalarından və məhkəməyə təqdim edilmiş sənədlərdən də göründüyü kimi iddiaçının iddia tələbi tamamilə əsassızdır. Odur ki, İddiaçı "xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə müddətin bitməsi ilə bağlı xitam verilməsinə dair cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddətinə görə əməkhaqqının hesablanaraq ödənilməsi" tələbinə dair 2(004)-2325/2024 nömrəli iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək, İddiaçı “işə bərpa” tələbinə dair iddiasının, iddia müddətinin keçməsinə görə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəfindən iddia müddətinin tətbiqi barədə ərizəsinə etiraz ilə məhkəməyə müraicət edərək, İddiaçı əmək münasibətlərinə xitam verilməsi barədə cavabdehin məlum əmri xx.xx.2024-cü il tarixdə verilmişdir. Yəni, iddiaçının son iş günü məhz həmin gün hesab olunur. Lakin , iddiaçıya əmək kitabçası, qeyd olunan əmr və son haqq-hesab qanunvericilyin tələbindən irəli gələrək son iş günü deyil, əmrin verilməsindən 20 gün sonra təqdim edilmişdir. Daha dəqiq deyilse, xx.xx.2024-cü il tarixdə iddiaçının bank hesabına son haqq hesab daxil olmuş, xx.xx.2024-cü il tarixdə iddiaçı cavabdeh təşkilatdan ona aid əmək kitabçasını götürmüşdür. Bu o deməkdir ki, iddiaçı işdən çıxması və bunun səbəbləri ilə bağlı rəsmi məlumata əmrin verilməsindən 20 gün sonra bilmişdir. Yəni, iddiaçıya hüquqlarının pozulması, məhz həmin tarixdən rəsmən məlum olmuşdur. Lakin, hər bir halda iddiaçı xx.xx.2024-cü il tarixdə Bakı 2 saylı Mediasiya Təşkilatına müraciət etmiş və həmin tarixdə mediasiya prosesi başlanmış və prosesin tətbiqinə dair təklif cavabdehə göndərilmişdir. Qanunvericiliyin tələbindən irəli gələrək həmin təklifdən 10 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfə Mediasiya sessiyasında iştirak ilə bağlı Bildiriş göndərilmişdir. Cavabdeh tərəf mediasiya sessiyasında iştirak etsə də, ümumi razılıq əldə edilməmiş və bunun nəticəsində mediasiya qurumu tərəfindən mediasiya sessiyasının yekununa dair müvafiq sənəd təqdim edilmişdir. Belə bir nəticə hasil olur ki, xx.xx.2024-cü il tarixə əmək münasibətlərinə xitam verilməsi ilə bağlı cavabdehin müvafiq Əmri verildikdən 1(bir) təqvim ayı tamam olmamış, iddiaçı ərəfindən xx.xx.2024-cü il tarixdə mediasiya üçün müraciət edilmiş və Mediasiya Prosesinə başlanmışdır. xx.xx.2024-cü il tarixdə məktub cavabdehə göndərilib. Mübahisə tərəfləri arasında məhkəməyədək nizamasalma qaydalarına uyğun danışıqlar aparılaraq, mübahisənin məhkəməyədək barışıq yolu il həlli üçün nəzərdə tutulmuş hazırki Mediasiya Prosesi dövründə, artıq iddiaçı məhkəməyə müraciət üçün ilkin prosessual addımını atmış sayılır. Bu hal iddia müddətinin axımını dayandırır. Odur ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmiş və bununla bağlı cavabdehin ərizəsində qeyd olunan halların nə fakitki, nə dəki hüquqi əsası yoxdur. Odur ki, iddia müdətinin ötürülməsi ilə bağlı cavabdehin ərizəsi əsassız olduğundan, ərizənin rədd edilməsinə dair qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və verilən suala cavab olaraq bildirmişdir ki, ESDAS sistemi ilə tanışdır, 06 fevral tarixində, yəni sonuncu iş günü təxminin iş saatının sonlarında kadrlar şöbəsinin əməkdaşı ona sabahdan işə gəlməməsini bildirilmişdir, səbəbi ilə maraqlanan zaman ona bu barədə məlumatının olmadığı bildirilmişdir. 7 fevral qeyri iş günü olduğundan işə getməmiş. Növbəti gün ərizə ilə rəhbərliyə müraciət etmişdir, yalnız fevralın 23-ü onunla onun bank hesabına əmək haqqı daxil olmuşdur. Bundan sonrakı günlər şənbə və bazar günlərinə təsadüf etdiyindən, o, xx.xx.2024-cü il tarixdə Dövltə Sosial Müdafiə Fondunda olmuşdur və baş verənlərin səbəbilə maraqlanmışdır. Bu barədə qurumdan rəsmi məlumat tələb etmişdir. Yalnız, həmin gün ona rəsmi bildirilmişdir ki, onunla əmək müqaviləsinin müddəti artırılmadı və əmək kitabçası həmin gün ona geri qaytarılıb. Lakin, işdən çıxma barədə əmrin surətini cavabdehdən tələb etsə də, əmrin surəti ona təqdim edilməmişdir. xx.xx.2024-cü il tarixdə əmək kitabçası cavabdeh tərəfindən ona təqdim olunarkən, kitabçanın məzmunundan ona rəsmən məlum olmuşdur ki, onunla olan əmək hüquq münasibətlərinə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinə istinadən (müqavilə müddətinin birməsi) xitam verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə etirazın məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddia tələbi ilə razı deyillər. İddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd olunmasını xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq cavabdehin nümayəndəsi xx.xx.2024-cü il tarixli aktın surətini məhkəməyə təqdim edərək, İddiaçı əmək müqaviləsinə həmin tarixdən xitam verilməsi barədə məlumatının olduğunu bildirmişdir. Müvafiq əmrin surətinin, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabının işçiyə nə zaman verilməsi ilə bağlı suala cavab olaraq bildirmişdir ki, əmək kitabçası işçinin müraciətinə əsasən verilir. İddiaçı əmək kitabçasını nə zaman alması barədə məlumatının olmadığını bildirmişdir. Əlavə olaraq cavabdehin nümayəndəsi məhkəməyə iddiaçının izahatlarını və xəbərdarlıq əmrinin surətlərini təqdim edərək bildirmişdir ki, iddiaçı işində nöqsanlara yol verdiyinə görə ona dəfələrlə xəbərdarlıq edilmiş, əmək və daxili – intizam qaydalarının pozulmasına görə 3 ay müddətində təkrar belə hallara və digər xidməti nöqsanlara yol verdiyi təqdirdə intizam tənbehi tədbirlərindən birinin görüləcəyi barədə ona ciddi xəbərdarlıq edilməsi əmri verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsi (“İşəgötürən” X4) ilə “İşçi” İddiaçı arasında bağlanmış 06 avqust 2020-ci il tarixli 0xxxxxxx000200 nömrəli Əmək müqaviləsindən görünür ki, İddiaçı Dövlət Sosial Müdafiə X13 Şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının Sosial ödənişlər departamentinin Pensiya ödənişləri şöbəsinin mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə 3 ay müddətinə bağlanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun idarə heyətinin sədrinin 05 fevral 2024-cü il tarixli, 3-17-1/3-4-207/2024 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının Sosial ödənişlər departamentinin Pensiya ödənişləri şöbəsinin mütəxəssisi İddiaçı 2024-cü il 06 fevral tarixindən müddətli əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış 2020-ci il 06 avqust tarixli Əmək müqaviləsinə xitam verilməsi, İddiaçı ilə son haqq-hesabın aparılması təmin edilməsi əmri verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının direktoru X8 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 01 nömrəli aktın surətindən görünür ki, Mərkəzi Filialının Sosial ödənişlər departamentinin Pensiya ödənişləri şöbəsinin mütəxəssisi İddiaçı əmək müqaviləsinin müddətinin bitməsi ilə işdən azad olunduğu gün 06 fevral 2024-cü il saat 17:00 radələrində İnsan resursları şöbəsinin baş mütəxəssisi X3 tərəfindən İnsan resursları şöbəsinə dəvət edilmiş, ƏƏSMN-nin X1 X6 Alt sistemi (ESDAS) vasitəsi ilə daxil olmuş xx.xx.2024-cü il tarixli 3-17-1/3-4- 207/2024 nömrəli xitam əmri ilə tanış edərək, ESDAS üzərindən gələn sənədi çap edib İddiaçı təqdim edilmişdir. 0442295 nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdən Yasamal rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində mühasib vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2003-cü il tarixdən bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq xitam verilmişdir. xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Bakı şəhər Yasamal rayon şöbəsinə “pensiya üzrə sahə mühasibi” vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2004-cü ildə “maliyə-uçot sektroru üzrə mühasib” vəzifəsinə keçirilmişdir. xx.xx.2016-cı il tarixdə AR ƏƏSMN-nin xx.xx.2016-cı il tarixli əmrinə və “Dövlət qulluğu haqqında” AR Qanununun 29.2-ci maddəsinin 2-ci hissəsinə əsasən Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Yasamal rayon şöbəsinin Mühasibat uçotu sektorunun məsləhətçisi vəzifəsinə keçirilmişdir. xx.xx.2019cu il tarixdə 1 saylı Bakı Ərazi şöbəsinin Mühasibat uçotu sektorunun məsləhətçisi vəzifəsinə, xx.xx.2020-ci il tarixdə Fondun Mərkəzi maliyyə və mühasibatlıq idarəsinin Pensiya ödənişi sektorunun məsləhətçisi vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci il tarixində “Dövlət qulluğu haqqında” AR Qanununun 33.1.1-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2020-ci il tarixdən AR Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə, 47-ci maddəsinin “f” bəndinə və 51-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının Sosial ödənişlər departamentinin Pensiya ödənişləri şöbəsinin mütəxəssisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının Sosial ödənişlər departamentinin Pensiya ödənişləri şöbəsinin mütəxəssisi vəzifəsindən azad edilmişdir. İddiaçı bank hesabından çıxarışdan görünür ki, 31 yanvar 2024-cü il tarixdə 1362,50 manat əmək haqqı, xx.xx.2024-cü il tarixdə isə 1170,84 manat məbləğində əmək haqqı (son haqq-hesab) iddiaçının kart hesabına köçürülmüşdür. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən Vəkil 350 manat məbləğində xidmət haqqı ödənişi edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsasən əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 12-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrinə daxildir. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 47-ci maddəsinin f) bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndi ilə əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. 83-cü maddəsinin 1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 2-ci hissəsinə görə isə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İddia müddətinin tətbiqi ilə bağlı ərizəyə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsindən görünür ki, bu iddianın irəli sürülməsi üçün iddia müddəti 1 aydır, həmin müddət işçinin öz hüququnun pozulduğunu aşkar etdiyi gündən başlayır. Əmək Məcəlləsi iddianın başlanğıcını təyin edərkən mülki qanunvericilikdən fərqli olaraq konkret gün müəyyən edib. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində həmin gün belə göstərilib: işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün. Cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli 01 nömrəli aktın surətindən İddiaçı əmək müqaviləsinin müddətinin bitməsi ilə işdən azad olunduğu gün 06 fevral 2024-cü il saat 17:00 radələrində İnsan resursları şöbəsinin baş mütəxəssisi X3 tərəfindən İnsan resursları şöbəsinə dəvət edildiyi, ƏƏSMN-nin X1 X6 Alt sistemi (ESDAS) vasitəsi ilə daxil olmuş xx.xx.2024-cü il tarixli 3-17-1/3-4-207/2024 nömrəli xitam əmri ilə tanış edərək, ESDAS üzərindən gələn sənədi çap edib İddiaçı təqdim edildiyi göstərilsə də, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətini hansı tarixdə alması məlum deyil. Cavabdeh DSMF-nin nümayəndəsi məhkəməyə iddiaçının sonuncu iş günü, yəni 06 fevral tarixində əmrin surətini və əmək kitabçasını almasını təsdiq edən mötəbər sübut təqdim etməmişdir, bundan əlavə bank hesabından çıxarışdan da görünür ki, son haqq-hesabı 23 fevral 2024-cü il tarixdə iddiaçının hesabına köçürülmüşdür. İddiaçının bildirməsinə görə həmin tarixdə onun əmək müqaviləsinə xitam verilməsi barədə məlumatı olmuşdur. Beləliklə iddiaçı hüququnun pozulduğunu 23 fevral 2024-cü il tarixdə aşkar edib. Bundan sonra iddiaçı hazırki mübahisənin həlli ilə bağlı xx.xx.2024-cü il tarixdə mediasiya təşkilatına müraciət etmiş, 28 fevral 2024-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə cavabdehə təklif göndərilmiş, xx.xx.2024-cü il tarixdə “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayış verilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə görə, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 01 aprel 2024cü il tarixdə iddiaçı Güldanə İdris qızı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı, hazırki mübahisənin həlli ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmədən məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.1998-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Yasamal rayon üzrə şöbəsində mühasib vəzifəsində işə başlamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 853 nömrəli Fərmanına əsasən AR DSMF AR ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. xx.xx.2016-cı il tarixdə AR ƏƏSMN-nin xx.xx.2016-cı il tarixli əmrinə və “Dövlət qulluğu haqqında” AR Qanununun 29.2-ci maddəsinin 2-ci hissəsinə əsasən Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Yasamal rayon şöbəsinin Mühasibat uçotu sektorunun məsləhətçisi vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında publik hüquqi şəxs formasında Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – Fond) yaradılmasını nəzərdə tutan “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Fərmanı qəbul edilmişdir. Həmin Fərmanın icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi” təsdiq edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində “Dövlət qulluğu haqqında” AR Qanununun 33.1.1-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2020-ci il tarixdən AR Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə, 47-ci maddəsinin “f” bəndinə və 51-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının Sosial ödənişlər departamentinin Pensiya ödənişləri şöbəsinin mütəxəssisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının Sosial ödənişlər departamentinin Pensiya ödənişləri şöbəsinin mütəxəssisi vəzifəsindən azad edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ilə əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalı idi. Belə ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəllidir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə belə halda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Lakin həmin maddədə qeyd olunub ki, Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən edilmiş hallar istisnadır. 47-ci maddənin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. Yəni hər bir qarşılıqlı razılıq deyil, yalnız tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə olunmuş qarşılıqlı razılıq əmək müqaviləsinin müddətli bağlanmasına əsas verir. Müəyyən olunur ki, qarşılıqlı razılıq əldə edilərkən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməyib. Belə ki, iddiaçı 1998-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzində işə başlamışdır. 2020-ci ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında publik hüquqi şəxs formasında yaradılması ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş, daha sonra onunla publik hüquqi şəxs formasında yaradılmış DSMF arasında müddətli əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə iddiaçı müddətlə bağlı iradə ifadə etmişdir. Əmək müqaviləsi müddətli bağlanıbsa və bunun əsası kimi tərəflərin qarşılıqlı razılığına istinad olunubsa, mübahisə yarandığı halda mütləq bu razılığın tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə edilib-edilmədiyi araşdırılmalıdır. Sual yananır ki, uzun Dövlət Sosial Müdafiə Fondunun Mühasibat uçotu sektorunda məsləhətçi vəzifəsində işləyən iddiaçı hansı motivlə əmək müqaviləsinin müddətli bağlanmasına razılıq verib? Ağlabatan motiv yoxdur. Məlumdur ki, iddiaçı işindən məhrum olmamaq üçün məcburiyyət qarşısında qalaraq müddətli əmək müqaviləsi bağlamağa məcbur olub. Ona görə də məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli əmək müqaviləsini müddətsiz bağlanmış hesab edilməlidir. Müqavilə müddətsiz sayıldığına görə işəgötürən tərəfindən işçi ilə əmək müqaviləsinin Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi qanuna uyğun deyil. Odur ki, qeyd olunan əmr ləğv edilməli və İddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçının işləmədiyi dövrlər üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi ilə bağlı tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən hüquqi xidmətə görə vəkilə ödənilmiş 350 (üç yüz əlli) manat pul vəsaiti və 60 (altmış) manat mediasiya xərci cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş 05 fevral 2024-cü il tarixli, 3-17-1/3-4-207/2024 saylı əmr ləğv edilməli, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının Sosial ödənişlər departamentinin Pensiya ödənişləri şöbəsinin mütəxəssisi vəzifəsinə bərpa edilməlidir. Məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş 05 fevral 2024-cü il tarixli, 3- 17-1/3-4-207/2024 saylı əmr ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının Sosial ödənişlər departamentinin Pensiya ödənişləri şöbəsinin mütəxəssisi vəzifəsinə bərpa edilsin. Qətnamə qanuni qüvvəyə minənədək məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ödənilsin. Hüquqi xidmətə görə vəkilə ödənilmiş 350 (üç yüz əlli) manat pul vəsaiti və 60 (altmış) manat mediasiya xərci cavabdehdən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar