Məhkəmə qərarları › İş №2(004)-2328/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2328/2022

25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2328/2022 25.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6000 manat borcun, vəkilə hüquqi yardım üçün ödədiyi 110 manat pulun və 82 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı öz evinin satılması ilə bağlı internet saytına elan vermişdir. Şikayətçi olduğu Cavabdeh internet saytından həmin elanı görərək onunla telefon əlaqəsi yaradıb, evlə maraqlandığını bildirmişdir. İddiaçıya məxsus olan həmin ev Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşir. Evin alqı-satqısı 52 saylı Notariat kontorunda rəsmiləşmişdir. Alqı-satqı zamanı Sevinc xanım evin satış məbləğindən 6000 manatı həmin anda ödəmək iqtidarında olmadığını bildirmişdir. İddiaçının ona etibar edə biləcəyini bildirmiş, satış məbləğindən pulun qalan hissəsini 15- 20 gün ərzində verəcəyini vəd etmişdir. İddiaçı ona inanaraq, ümumi məbləğin 6000 manatının onun 15-20 günə qaytaracağı vədi ilə razılaşmışdır. 20 gündən sonra onunla əlaqə saxladıqda maddi vəziyyətinin çox ağır olduğunu bildirirək ona bir neçə ay möhlət verməyini xahiş etmişdir. Lakin aradan xeyli müddət keçməsinə baxmayaraq, iddiaçı onunla mütəmadi telefon əlaqəsi saxlasa da, cavabdeh 6000 manatı ödəməkdən müxtəlif bəhanələrlə yayınmış, etibardan sui-istifadə edərək, yalançı vədlərlə iddiaçını bugünə kimi aldatmış, onun həmin pulu heç vaxt ödəmək niyyəti olmamışdır. Telefon danışıqları isə həmişə nəticəsiz qalmışdır. Bu səbəbdən iddiaçı Nizami Rayon Polis İdarəsinə müraciət etmişdir. Cavabdeh Nizami RPİ-nin 24-cü PŞ-də verdiyi izahatda iddiaçıya evin alqısatqısından 6000 manat borclu qaldığını etiraf etmiş, maddi vəziyyəti yaxşı olmadığına görə bu illər ərzində borcunu qaytara bilmədiyini bildirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Mülki işin məhkəmə baxışına hazırlıq iclasında cavabdeh verdiyi izahatında borcu etiraf etmiş və iddianı qəbul etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin 01.05.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Cavabdeh polisdə verdiyi izahatında maddi durumu yaxşı olmadığından mənzil alınan zaman borclu qaldığı 6000 manat pulu ödəyə bilmədiyini, hazırda da borcu ödəməyə imkanı olmadığını bildirmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən evin alqı-satqı məbləğindən 6000 manat pulu ona müəyyən müddətə güzəştə getmiş, lakin cavabdeh vədinə əməl etməyərək borcu qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2.–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunanlara əsasən iddia əsaslıdır və təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan iddiaçı tərəfindən iddianın verilməsi üçün ödənilmiş 82 manat dövlət rüsumu və 110 manat vəkil xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6000 (altı min) manat borc pul, 110 (yüz on) manat vəkil haqqı və 82 (səksən iki) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar