Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2328/2024 07.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində qeydə alınmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh xx.xx.2023-cü il tarixdə nikaha daxil olmuşlar. Nikah 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində qeydə alınmışdır. Hesab edir ki, onların nikahları etibarsız hesab edilməlidir. Nikaha daxil olmamışdan əvvəl cavabdeh ona bildirmişdir ki, o, Avropa ölkələrinin birinə getmək niyyətindədir. Orada ona yaşamaq hüququ almaq üçün nikah lazımdır. Nikah olduğu təqdirdə ona orada yaşamaq icazəsi veriləcək, maddi yardım göstəriləcək, müvafiq mənzil ayrılacaq və s. Daha sonra o da bu imtiyazlardan yararlana bilər. Ailə qurmamaq şərti ilə onlar nikah bağlamışlar. Nikaha daxil olduqdan sonra cavabdeh nə qədər Avropa ölkəsinə getməyə çalışsa da, nəticəsiz qalmışdır. Faktiki olaraq cavabdehlə ailə qurmamışlar. Nikaha ailə qurmaq niyyətləri olmadan, yalnız Avropa ölkələrinin birində yaşamaq arzusu ilə daxil olmuşlar. Onlar arasında həqiqi ailə münasibətləri, xüsusən də bir-birilərinə qarşılıqlı qayğı, qarşılıqlı maddi dəstək, birgə yaşayış üçün əmlak əldə etmək və ər-arvad üçün xarakterik olan digər münasibətlər yaranmamışdır. Beləliklə Ailə Məcəlləsi ilə müəyyən edilmiş mənada aralarında nikah bağlanmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, cavabdehlə bir neçə ildir ki, dostluq münasibətləri olmuşdur. Cavabdeh ona Almaniyaya təhsil almağa getməyi, həmin respublikanın vətəndaşlığını daha rahat əldə etmək və orada onlara yaşayış yeri verilməsi üçün evlənməyi təklif etmişdir. Lakin, cavabdeh hələ universitetdə təhsilini davam etdirdiyindən planları baş tutmamışdır. Atası və anası ilə birlikdə yaşayır. Ailə qurmaq niyyəti olmamışdır. X4 Respublikasında magistratura pilləsində təhsil almaq olmuşdur. Evdəkilərə rəsmi nikaha daxil olduğu barədə məlumat verməyəcək, yalnız təhsil almaq məqsədi ilə gedəcəyini bildirəcəkdi. Evdəkilər artıq təhsil almaq məqsədi ilə Almaniya Federativ Respublikasına gedəcəyinə dair razılıq vermişlər. Cavabdehlə aralarında ər-arvad münasibətləri olmamışdır və heç bir zaman birlikdə yaşamamışlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul edir. İddiaçı ilə yalnız xarici ölkədə təhsil almaq üçün rəsmi nikaha daxil olmuşlar. Hələ universitetdə təhsilini davam etdirdiyindən, planları baş tutmamışdır. Bakı Dövlət Universitetində beyləlxalq münasibətlər fakültəsində qiyabi əsasla 5-ci kursda təhsil alır. X3 Respublikasında təhsil almaq olmuşdur. Almaniya Federativ Respublikasında hansı universitetdə təhsil alacağı ilə bağlı çox araşdırma aparmamışdır. Lakin bibisi oğlu hal-hazırda Almaniya Federativ Respublikasında yaşayır və ona vətəndaşlıq əldə etmək və dövlətin dəstəyi üçün bu yolu məsləhət görmüşdür. Evdəkilərə rəsmi nikaha girdiyi barədə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasından sonra bu barədə onlara məlumat vermişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan AZ-T seriyalı, 062694 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 arasında 27 oktyabr 2023-cü il tarixdə 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsində 1244 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə “Məlikməmmədov”, arvada “Məlikməmmədova” soyadı verilmişdir. Məhkəmə iclasında dindirilmiş X1 ifadəsində bildirmişdir ki, cavabdehin anasıdır. İddiaçını tanımır. Cavabdehin iddiaçı ilə rəsmi nikaha daxil olması barədə iki gün əvvəl xəbər tutmuşdur. Oğlunu evləndirmək fikri olmamışdır. Bu barədə heç düşünməmişdir. O, hələ universitetdə təhsilini davam etdirir. Cavabdehlə bir evdə yaşayırlar. Məhkəmə iclasında dindirilmiş X5 ifadəsində bildirmişdir ki, iddiaçı və cavabdehi tanıyır. Cavabdehin xalası qızıdır. Eşitdiyinə görə cavabdeh iddiaçını sevmişdir. Təxminən, 6-7 aydır ki, cavabdehin iddiaçını sevdiyi barədə məlumatı olmuşdur. İddiaçı və cavadehin rəsmi nikaha daxil olmaları barədə məlumatı olmamışdır. Bu yaxınlarda xalası bu barədə ona məlumat vermişdir. Cavabdeh anasıgillə birlikdə, Cəfər Cabbarlı küçəsində yerləşən mənzildə yaşayır. Cavabdeh əvvəllər evli olmamışdır. Xalasının cavabdehi yaxın zamanlarda evləndirmək fikri olmamışdır. Cavadehin sevdiyi qız olduğunu, onunla gələcək üçün planlar qurduğunu eşitmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən ailə cəmiyyətin əsas özəyi olmaqla dövlətin xüsusi himayəsindədir. Dövlətin ailə və nikah siyasətinin əsas məqsədi ailə həyatının keyfiyyətinin yüksəldilməsi, onun əsas funksiyalarının həyata keçirilməsi üçün zəruri şəraitin təmin edilməsi və bütün vasitələrlə ailənin müdafiəsindən ibarətdir. Bu baxımdan, nikah hüququ fərdin ayrılmaz və təbii hüququ kimi Konstitusiyada əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında yer almışdır. Belə ki, Konstitusiyanın 34cü maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Nikah və ailə dövlətin himayəsindədir. Göründüyü kimi, həmin maddəyə əsasən nikah hüququ yalnız Azərbaycan Respublikası vətəndaşlarına deyil, hər kəsə məxsus olan konstitusion hüquq kimi müəyyən olunmuşdur. Nikah hüququ “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 29-cu maddəsində, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 21-ci maddəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 12-ci maddəsində təsbit olunmuşdur. Sözügedən beynəlxalq normalara uyğun olaraq nikah yaşına çatmış kişi və qadınların irqi, milli və dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq, ailə qurmaq hüquqları var və nikah, nikaha daxil olan hər iki tərəfin azad və tam razılığı əsasında bağlana bilər. Azərbaycan Respublikası Konstitusiyasında və beynəlxalq hüquqi aktlarda əks olunmuş nikah və ailə münasibətləri Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra – Ailə Məcəlləsi) ilə tənzimlənir. Ailə Məcəlləsi Konstitusiyada nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranması və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətləri iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları müəyyən edir. Ailə Məcəlləsinin 1.2 və 1.3-cü maddələrinə görə ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailə işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Bununla yanaşı, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.2-ci maddəsində qeyd olunur ki, ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2010-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir. Kişi və qadının nikah ittifaqının konüllülük və iradə sərbəstliyi prinsipləri ilə yanaşı nikah və ailə münasibətlərinin hüquqi tənziminin yalnız dövlət tərəfindən həyata keçirilməsi, yalnız dövlət orqanlarında bağlanmış nikahın tanınması prinsipi də mühüm əhəmiyyət kəsb edir. Bu prinsipə görə yalnız müvafiq icra hakimiyyəti orqanında qeydə alınan nikah dövlət tərəfindən tanınır. Bu prinsip onu ifadə edir ki, nikah rəsmi qeydə alındıqdan sonra belə münasibətlərdən törənən hüquqi və sosial nəticələr dövlət üçün hüquqi fakt kimi qəbul olunur. Belə ki, Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Ailə qanunvericiliyində təsbit olunan bu prinsiplərin təmin edilməsi məqsədilə Ailə Məcəlləsi nikahın bağlanmasına mane olan bir sıra halları, nikahın etibarsız sayılmasının şərtlərini və nikahın etibarsız sayılmasının nəticələrini müəyyən etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə görə bu Məcəllənin 10-12ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 10.1 və 10.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Həmin Məcəllənin 11.1. və 11.2-ci maddələrinə əsasən nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. Bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən yaxın qohumlar (valideynlər və uşaqlar, babanənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); övladlığa götürənlər və övladlığa götürülənlər; ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər; ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Həmin Məcəllənin 13.7-ci maddəsinə əsasən nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 27 oktyabr 2023-cü il tarixdə 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsində 1244 nömrəli akt qeydi ilə nikah bağlanmışlar. İddiaçı hazırda cavabdehə qarşı nikahın etibarsız hesab edilməsi barədə iddia tələbi irəli məhkəməyə müraciət edərək, nikah bağlayarkən həqiqətən nikah bağlamaq niyyətində olmadıqlarını, məqsədlərinin ailə qurmaq yox, yalnızca nikahın onlara verdiyi imtiyazlardan istifadə etmək olduğunu, yəni ailə qurmaq niyyəti olmadan saxta nikah bağladıqlarını bildirmiş və qeyd edilənləri nəzərə alaraq nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddia tələbinin əsasını tərəflərin ailə qurmaq niyyəti olmadan aralarında nikah bağlanması təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilən odur ki, hazırki işdə qanunvericliklə nikahın etibarsız hesab edilməsi üçün nəzərdə tutulan əsaslardan heç biri mövcud deyildir. Hər iki tərəf nikah bağlayarkən tam fəaliyyət qabiliyyətli olmaqla yetkinlik yaşına çatmış, heç bir təzyiq altında qalmadan etibarsız hesab edilməsini qeyd etdikləri nikahı bağlamışlar. Bununla yanaşı nə iddiaçı tərəf, nə də iddianı etiraf edən cavabdeh tərəf qeyd edilən iddianın əsaslılığı barədə sübutu (ailə qurmaq niyyəti olmadan saxta nikah bağlanmasını təsdiq edən faktı) məhkəməyə təqdim edə bilməmişlər. Qanunvericiliyin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, iddianın əsaslılığı ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşsə də, iddiaçı iddiasını əsaslandıra bilməmişdir. Tərəflər xaricdə yaşamaq və güzəştlərdən istifadə etmək niyyətləri olduğunu bildirsələr də, məhkəməyə xarici ölkədə yaşamaqla bağlı hər hansı bir müraciətlərinin olmasını göstərən heç bir sübut təqdim etməmişlər. Qanunvericiliyin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddianın əsaslılığı ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşsə də, iddiaçı iddiasını əsaslandıra bilməmişdir. Bunun əksi olaraq, məhkəmə iclasında dindirilmiş X5 ifadəsində bildirmişdir ki, cavabdehin iddiaçını sevdiyi barədə məlumatı olmuşdur. Qeyd edilən ifadə isə nikahın formal olaraq bağlandığı iddiasını şübhə altına alır və hesab etməyə əsas verir ki, tərəflərin nikah bağlanarkən ailə qurmaq niyyəti olmuşdur. Göründüyü kimi, tərəflər arasında nikah bağlanarkən nikahın etibarlılığını şübhə altına alan, qanunvericilkdə nəzərdə tutulan şərtlərin pozulması halı olmamış, nikah ailə qurmaq niyyəti ilə bağlanmışdır. Belə ki, qanunverici, nikahın etibarsızlığını məhz ilk andan tərəflərin ailə qurmaq niyyətinin olmaması ilə əlaqələndirmişdir, hazırkı işin hallarından isə nikaha daxil olarkən hər iki tərəfin ailə qurmaq niyyətinin olduğu aydın olur. Bundan əlavə, məhkəmə eyni zamanda qeyd edir ki, hazırki mülki iş üzrə iddia tələbi cavabdeh tərəfindən etiraf edilsə belə, bu məhkəmə tərəfindən qəbul edilmir. Belə ki, bu dövlətin ailə siyasətinə uyğun deyildir. Nikahın etibarsızlığı ilə bağlı iddialarda iddiaçı tərəfindən iddianın əsaslandırılmaması, cavabdeh tərəfindən isə iddianın etiraf edilməsi halında iddianın təmin ediləcəyi təqdirdə ailə münasibətləri ilə bağlı mövcud sabitlik pozulacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbi barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-2328/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2328/2024
07.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver