Məhkəmə qərarları › İş №2(004)-2331/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2331/2020

05.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2331/2020 05.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X2 qızı və Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X2 qızı və Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçıl iddia tələbini onunla əsaslandırmışdırlar ki, ünvan 1 (Giriş-1) ünvanında yerləşən 60 saylı mənzilə xx.xx.2016-cı il tarixli, və RX № ******* nömrəli çıxarışla xüsusi mülkiyyət hüququ tanınmışdır və hal- hazırda da istifadəsindədir. Cavabdehlər X2 qızı, Cavabdeh1 və Cavabdeh3 onun qızı və nəvələridir. Cavabdehlər onun mülkiyyətində olan ünvan 1 (Giriş-1) ünvanında yerləşən 60 saylı mənzildə qeydiyyatı olmuş və ailə quran zamandan da çıxıb getmişdir. Bir müddət ailəsi ilə Azərbaycanda yaşamış daha sonra artıq 15 (on beş) ildən çox olar ki ölkə xaricində ailəvi olaraq yaşayırlar. Cavabdehlər ölkə xaricində yəni Başqırdıstan Respublikasının Ufa şəhərində yaşayırlar.Cavabdehlərin mənzilində qeydiyyatda qalması ona maddi və hüquqi cəhətdən ziyan vurduğundan və mülkiyyət hüququnu pozaraq mülkiyyətimdə olan mənzilə sərbəst idarə edilməsində, sərbəst səkildə sərəncam verməyinə maneə yaradır. Ona görə də cavabdehlər ona məxsus mənzildən qeydiyyatından çıxarılmalıdır. Göstərilənlərə əsasən cavabdehlər X2 qızı, Cavabdeh1 və Cavabdeh3 mülkiyyətində olan ünvan 1 (Giriş-1) ünvanında yerləşən 60 saylı mənzilə istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və eyni zamanda vəkili X7iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, X2 qızı və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda oluğu ünvan üzrə bildirişlər göndərilmişdir, lakin cavabdehlərin qeydiyyatda olduğu mənzil kirayə verildiyindən bildirişin cavabdehlərə çatdırılması mümkün olmamışdır. Cavabdehlərin faktiki yaşadığı yer məlum olmadığına görə məhkəmə tərəfindən bildirişlər qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə göndərilmiş, lakin bildirişləri cavabdehlərə təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 147-ci maddəsinə əsasən cavabdehlərin faktiki olduğu yer məlum olmadıqda məhkəmə cavabdehlərin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirdi ki, iddiaçı onun qonşusu, cavabdehlər isə iddiaçının qızı və nəvələridir. O, Bakı ş, Yasamal ray, H.Zərdabi pr 77 ünvanında yaşayır və iddiaçı ilə ailəvi gediş gəlişi vardır. Uşaqları eyni məktəbdə oxumuşlar. Ziya və Sevil iddiaçının nəvələri, Nigar isə qızıdır. O, 1987-ci ildə həmin ünvana gəlin gəlmiş və həmin ərəfədə cavabdehləri tanımamışdır. Cavabdeh X2 qızı ailə həyatı quraraq yaşamaq üçün Şəki şəhərinə köçmüşlər. Lizanın gəlini olan Xatirənin qardaşı Ufa şəhərində yaşayırdı və Nigarın ərini də işləmək üçün yanına aparmışdır. O vaxtdan cavabdehlər də Ufada yaşamağa başlamışlar. Cavabdehlər bir müddətlik iddiaçının nəvəsi, yəni iş üzrə cavabdeh Sevilin toyu üçün Bakıya gəlmiş və həmin ərəfədə kirayədə yaşamışlar. Sevilin toyu olduqdan sonra isə yenidən Ufa şəhərinə qayıtmışlar. Cavabdehlərin uzun müddətdir ki, sözü gedən mənzildə yaşamamasını təsdiq edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nörməli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 73 saylı evin, giriş 1, 60 nömrəli mənzili İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nörməli arayışından görünür ki, Cavabdeh1, X2 qızı və Cavabdeh3 ünvan 3 mənzil 60 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 56 saylı MKİS-nin xx.xx.2016-cı il tarixli forma 2 arayışından görünür ki, İddiaçı 1974-cü il tarixdən, X2 qızı 1987-ci il tarixdən, Cavabdeh3 və Cavabdeh1 ünvan 3 mənzil 60 ünvanında qeydiyyatdadır. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2016-cı il tarixli Qərarında göstərmişdir ki: “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” İş materialları və şahid izahatı ilə müəyyən edilmişdir ki, ünvan 1 (Giriş-1) ünvanında yerləşən 60 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Cavabdehlərdən X2 qızı iddiaçının qızı, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 isə nəvələri olmaqla iddiaçının mənzilində 15 ildən artıqdır ki, yaşamırlar və özlərinə başqa yaşayış yeri seçmiş, daha sonra ölkə ərizəsini tərk edərək, Rusiya Federativ Respublikasının Ufa şəhəri yaşamaq üçün ora köçmüşdür, cavabdehlərin iddiaçıya məxsus yaşayış sahəsinə ehtiyacı aradan qalxmışdır. Sonuncuların mübahisəli mənzildə yaşamaması iş materialları və şahidin izahatları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehlər Cavabdeh1, X2 qızı və Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 73, giriş 1, 60 nömrəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, X2 qızı və Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 73, giriş 1, 60 nömrəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar