Məhkəmə qərarları › İş №2(004)-2333/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2333/2021

26.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2333/2021 26.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X11 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürmə və istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Nuriyeva X2 Yusif Əli oğluna qarşı evə köçürmə və istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu və oğlu X7 Bakı şəhəri Yasamal rayon 11-ci Xrebtovi 156 ünvanda yerləşən evə köçürülmələrini və evdən istifadə etmək hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, mərhum əri X8 ilə 1997-ci il tarixdə, ailə qurmuşdur və xx xxxxxx 2010-cu il tarixdə Yasamal rayon Qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirmişdilər. Onların birgə nikahlarından iki övladları xx xxxxxxx 2000-ci il tarixdə X5 və xx xxxxxx 2004-ci il tarixdə X9 anadan olmuşdur. Mərhum əri X8 isə xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Onlar ailədə 4 nəfər olmaqla yuxarıdakı göstərdiyi ünvanda 2018-ci il tarixə kimi yaşamışlar, onun övladları göstərdiyi ünvanda anadan olmuş və həmin ünvanda da 36 saylı tam orta məktəbə getmişdirlər. Buna baxmayaraq o həmin ünvanda qeydiyyatda olmamışdır, ancaq buna baxmayaraq həmin ünvana gəlin köçmüşdür. Özü isə ünvan 2 Evi olmadığı üçün o ailəsi ilə yəni, həyat yoldaşı X8 rəhmətə gedəndən sonra Bakı şəhərində kirayələrdə qalmağa başlamışdır. Hazırda maddi imkanı yoxdur, xəstə olduğundan işləmək imkanı da yoxdur. Uşağı az yaşlı olduğuna görə, öz mərhum ərinin evində yaşamasını istəyir. Kirayə pulların ödəyə bilmədiyi üçün oğlu X9 birlikdə ünvan 3 ünvanda yerləşən boş evdə yaşayır. Ağır xəstə olmağına baxmayaraq evinin olmadığı üçün o şəraitsiz evlərdə yaşayır. Həmçinin bu illər müddətində ondan asılı olmayan səbəblərdən müxtəlif ünvanlarda oğlu ilə bərabər qaldığı üçün onun xəstəliyi daha da ağırlaşmışdır. O, və oğlu X9 heç bir yerdə işləmirlər, xəstəliyi ilə bağlı fərdi əməklə məşğul ola bilmir, heç bır növ üzrə pensiya almır. Yalnız Əliyə atasızlıq pulu alır, o da Əlinin 18 yaşı tamam olandan sonra dayanacaqdır. Qeyd etdiyi kimi anadan olduğu vaxtdan hazırki, vaxta kimi ünvan 2 Lakin buna baxmayaraq 1997-ci ildən Bakı şəhəri Yasamal rayon 11-ci Xrebtovi 156 ünvanında yaşamışdır, uşaqları ilə bərabər ərinin ölümündən sonra həmin evdə yox başqa evdə yaşayan qaynı Cavabdeh onu və oğlunu evdən zorla çıxartmışdır. O oğlu ilə birlikdə müxtəlif ünvanlarda kirayədə yaşamışdır. Dəfələrlə ərinin evinə qayıtmaq istəsə də qaynı Yusif buna imkan verməmişdir. Göstərilənlərə əsasən, onu və oğlu X7 Bakı şəhəri Yasamal rayon 11-ci Xrebtovi 156 ünvanda yerləşən evə köçürülmələrini və evdən istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, Bakı şəhəri Yasamal rayon 11-ci Xrebtovi 156 ünvanda yerləşən ev mərhum qardaşının mülkiyyətində olmamışdır, qardaşına məxsus olmamışdır. Mülk onların valideynlərinə məxsusdur. Hazırda da mərhum qardaşının ailəsinin həmin evdə heç bir hüququ yoxdur, iddia tələbi əsassız olduğuna görə onun rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında xx xxxxxx 2010-cu il tarixli, AZ-İ seriyalı 627383 nömrəli Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə İddiaçı arasında xx xxxxxx 2010-cu il tarixində nikah bağlanmışdır. Akt qeydləri kitabında 1513 nömrə ilə qeyd edilmişdir. Ərə Hüseynov, arvada Hüseynova soyadları verilmişdir. İş materiallarında olan xx xxxxxxx 2011-ci il tarixli, AZ-İİ seriyalı 773012 nömrəli Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxxxx 2000-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. X3, anası İddiaçıdır. İş materiallarında olan xx xxxx 2005-ci il tarixli AZ-İ seriyalı 636634 nömrəli Bakı şəhəri Biləsuvar Rayon VVADQ Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarius tərəfindən təsdiq olunmuş surətindən görünür ki, X9 xx xxxxxx 2004-cu il tarixində Bilsuvar rayonunda doğulmuşdur. X4, anası İddiaçıdır. İş materiallarında olan AZ-İ seriyalı 472799 nömrəli Bakı şəhəri Yasamal Rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2011-ci il tarixində ölmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli 127 nömrəli 32 saylı MKİS tərəfindən verilmiş arayışdan məlum olur ki, X8 xx.xx.2002-ci il tarixindən Bakı şəhəri, 11ci Xrebtovı 156 saylı mənzildə qeydiyyatda olub. xx.xx.2011-ci il tarixdən ölümü ilə əlaqədar qeydiyyatdan çıxarılıb. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli Biləsuvar şəhər inzibati ərazi idarəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan məlum olur ki, İddiaçı və X1 şəhəri, 8 mart küçəsi, 36 nömrəli evdə qeydiyyatdadır. Göründüyü kimi, hazırki iş üzrə tərəflər arasında mövcud mübahisənin predmeti iddiaçının mərhum əri ilə birlikdə yaşamış olduğu evə iddiaçının azyaşlı uşağı ilə birlikdə gəlin köçməsi əsası ilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi tələbi ilə bağlıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarından göründüyü kimi iddiaçı o, mərhum əri X8 ilə 1997-ci il tarixdə faktiki ailə qurmuş və xx xxxxxx 2010-cu il tarixdə Yasamal rayon Qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirmişdilər. Onların birgə nikahlarından iki övladları xx xxxxxxx 2000-ci il tarixdə X5 və xx xxxxxx 2004-ci il tarixdə X9 anadan olmuşdur. Mərhum əri X8 isə xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. İddiaçı 1997-ci ildən 2018-ci ilədək həmin evdə yaşamış, daha sonra cavabdehlə aralarındakı münasibətlərin gərginləşməsi səbəbindən uşaqları ilə birlikdə kirayələrdə yaşamış, sonradan Biləsuvar rayonunda yerləşən valideynlərinin evinə getmiş və hal-hazıradək oradadır. Məhkəmə İddiaçı övladı xx xxxxxx 2004-ci il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovı 156 saylı evə köçürülmələri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə iddiaçının mənzilə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinin əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə məhkəmə iddiaçının Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovı 156 saylı evdə 1997-ci ildən yaşamağa başladığını nəzərə alaraq hesab edir ki, mübahisəyə həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. x xxxxxxx 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Qeyd olunan müddəaların mənası baxımından məhkəmə hesab edir ki, iddiaçı uzun müddət birgə təsərrüfat aparmaqla ailə üzvü kimi yaşadığı mübahisəli evə köçürülməlidir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli evə köçməsi uşağının da köçməsinə əsas yaradacaqdır. Çünki yetkinlik yaşına çatmayan uşaqların yaşayış yeri onların valideynlərinin yaşayış yeridir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə iddianın İddiaçı uşağı ilə birlikdə mübahisəli evə dair istifadə hüquqlarının tanınması hissəsinə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı və tərəflərin də vermiş olduğu izahatlardan Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovı 156 saylı evə dair hər hansı hüquqmüəyyənedici sənədin olması müəyyən edilmədi. Belə ki, iddiaçı həmin evin mövcud hüquqi vəziyyətinə, eləcə də onun həmin evə istifadə hüququnun tanınmasına dair hər hansı mötəbər, təkzibolunmaz sübutunu təqdim edə bilmədi. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı övladı xx xxxxxx 2004-cü il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovı 156 saylı evə istifadə hüquqlarının tanınması barədə iddia tələbi təmin oluna bilməz. Məhkəmə bir daha qeyd etməyi zəruri sayır ki, iddiaçının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən istifadə hüququnun tanınması anlamına gəlmir. Bu qətnamə gələcəkdə, qanuni əsaslar olduğu halda iddiaçının həmin evdən məhrum edilməsinə mane olmur. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı xx xxxxxx 2004-cü il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovı 156 ünvanında yerləşən evə köçürülməli, iddia digər hissədə rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. İddiaçı xx xxxxxx 2004-cü il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovı 156 ünvanında yerləşən evə köçürülsün. İddia digər hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar