Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2343/2024 13.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və ailə üzvləri olan yetkinlik yaşına çatmayan X2 ilə birlikdə ünvan 1 ünvanındakı evdən çıxarılması, evin ona təhvil verilməsi, cavabdehlər tərəfindən əmlaka daxil olmağına və sərbəst şəkildə istifadə etməyinə dair törədilən bütün növ maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanındakı ev uzun illərdir onun sahibliyindədir. Həmin mənzilə dair onun adına 022097 saylı, xx.xx.1990-cı il tarixli order verilmişdir. Uzun illərdir həmin evdə Zəngilan rayonundan məcburi köçkün düşmüş Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların yetkinlik yaşına çatmayan ailə üzvü X2 yaşayırlar. Onlar məcburi köçkün olduğundan bu günədək onların evdən çıxarılması üçün hər hansısa bir tədbir görülməmişdir. Torpaqları işğaldan azad edildiyinə görə artıq hesab edir ki, onlar mülkiyyətçisi olduğu mənzindən çıxarılmalıdırlar. Beləliklə də o Konstitusiya ilə müəyyən edilmiş mülkiyyət hüququndan məhrum edildiyi üçün artıq məhkəməyə üz tutmaq qərarına gəldi. Hesab edir ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və ailə üzvləri olan yetkinlik yaşına çatmayan X2 ilə birlikdə ünvan 1 ünvandakı evdən çıxarılması, evin ona təhvil verilməsi, cavabdehlər tərəfindən əmlaka daxil olmağına və sərbəst şəkildə istifadə etməyinə dair törədilən bütün növ maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, hal-hazırki vəziyyətdə iddia tələbini qəbul etmir. Belə ki, evin iddiaçının olduğunu bilir. Lakin onlar həmin evdə qanunsuz qalmırlar. Dəfərlərlə Qaçqınlar və X1 üzrə Dövlət Komitəsinə ev veilməsi ilə bağlı müraciət etmişdir. Ən son Zəngilan rayonunda 11 ev boşaldılmışdır. Həmin evlərin birinin ona verilməsini xahiş etmişdir. Lakin Komitədən hələ məsələyə baxılacağı, ilkin olaraq məktəb, yataqxana və digər ictimai idarələrdə yerləşmiş şəxslərin köçürüldüyü bildirilmişdir. Onları Zəngilan rayonunda evnən təmin ediləcəyi halda evdən çıxacaqlar. Lakin hal-hazırda iddia tələbini qəbul etmir. Mənzil iddiaçıya məxsus olsa da, indiki vəziyyətdə mənzildən çıxa bilməz, çünki ona mənzil verilməsi təmin edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlərə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, AZEMİS vasitəsilə onlara məxsus telefon nömrəsinə SMS bildiriş göndərilsə də, cavabdehlər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş materiallarında olan 022097 saylı, xx.xx.1990-cı il tarixli orderdən görünür ki, ünvan 1 İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 19 saylı Mənzil Kommunal İstismar Sahəsinin arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır, lakin yaşamır. Mənzil Zəngilan rayon məcburi köçkünü Cavabdeh1 və ailə üzvləri - Cavabdeh2, Cavabdeh3 və X2 tərəfindən zəbt olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 1 ünvanındakı ev İddiaçı mülkiyyətindədir. Lakin sonradan Zəngilan rayon məcburi köçkünü Cavabdeh1 ailə üzvləri ilə birlikdə həmin mənzili zəbt etmişlər. Bununla bağlı cavabdeh əvvəlki iclasda izahatında da mənzilin iddiaçıya məxsus olduğunu və məcburi köçkün kimi həmin mənzildə yaşadıqlarını bildirmişlər. Hazırda isə cavabdehlər onlara Zəngilanda mənzil verilmədiyinə görə iddiaçıya məxsus mənzildən çıxmaqdan imtina edirlər. Bu səbəbdən İddiaçı öz evindən rahat istifadə etməyinə mane olur, onun mülkiyyət hüquqlarını pozur, fərdi yaşayış evindən öz istədiyi kimi istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndinin tələbinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İşin mübahisəsiz halı odur ki, mübahisə predmeti olan mənzil iddiaçıya məxsusdur. Hazırda iddiaçı ona məxsus olan evdən cavabdehlərin çıxarılmasını xahiş edir. Cavabdeh1 iddianı qəbul etsə də, ona mənzil verilmədiyinə görə evdən çıxma imkanının olmadığını bildirdi. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” xx.xx.1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. (Nazirlər Kabineti, Qaçqınların və X1 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Həmin maddədə, həmçinin qeyd edilir ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda, müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli 200 №-li qərarı ilə təsdiq olunmuş «Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası»nın 4-cü bəndinə əsasən müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. Həmin normalar tələb edir ki, məcburi köçkünlər özlərinə müstəqil surətdə yaşayış yeri taparkən digər şəxslərin mənzil hüquqlarını pozarlarsa, dövlət hakimiyyəti orqanları onları başqa yaşayış yerlərinə köçürməlidirlər («Akimova Azərbaycana qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin (Birinci Bölmə) 2007-ci il 27 sentyabr tarixli qərarı) Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, ünvan 1 iddiaçının mülkiyyətində olsa da, hazırda həmin mənzildə cavabdehlər yetkinlik yaşına çatmayan ailə üzvləri ilə birlikdə yaşayırlar. Məhkəmə hesab edir ki, mübahisəli mənzil iddiaçıya məxsus olduğundan, cavabdehlərin həmin mənzildən istifadə hüquqlarının yaranması üçün tərəflər arasında hər hansı bir müqavilə və digər qanuni əsas olmadığından, iddiaçı mülkiyyətinin cavabdehlərin qanunsuz sahibliyindən geri tələb olunmasına dair iddia ilə məhkəməyə müraciət etdiyindən, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə qeyd edir ki, cavabdehlər nə qədər ki, dövlət rüsumu ödəməkdən azaddırlar, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və ailə üzvləri olan yetkinlik yaşına çatmayan X2 ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşayış evindən çıxarılsınlar və mənzil iddiaçıya təhvil verilsin. Cavabdehlər tərəfindən iddiaçının mənzilə daxil olmasına və mənzildən sərbəst şəkildə istifadəsinə yaradılan maneələr aradan qaldırılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-2343/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2343/2024
13.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver