Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2344/2022 12.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmədən Cavabdeh 2900 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 49 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 2400 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı yenidən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 2300 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, anası X2 03.08.2021-ci il tarixdə vəfat etmişdir. O, anasına qəbir daşı düzəltdirmək üçün 2021-ci ilin noyabr ayında Cavabdehla əlaqə saxlamışdır. Cavabdeh mərhum anasının qəbrini hazırlayıb baş daşını qoymaq üçün 2900 manat pul istəmiş və o, razılaşmışdır. O, 14.11.2021-ci il tarixdə Yasamal rayonu ərazisində Mehmanla birlikdə anasının qəbrinə baxmış və ona beh kimi 800 manat pul vermişdir. Mehman adlı qəbri dekabr ayının sonuna kimi hazırlayıb təhvil verəcəyini öz öhdəliyinə götürmüşdür. Lakin bir müddət sonra Mehman qalan pulu da istəmiş və iddiaçı 03.12.2021-ci il tarixdə Səbail rayonu, Badamdar qəsəbəsi, Nəbatət bağının yanında Mehmanın ofisinə gedərək Mehmana qalan 2100 manat pulu da vermişdir. Mehman ona qəbrin 31.12.2021-ci il tarixdə tam hazır olacağını bildirmişdir. Lakin keçən bütün müddət ərzində o, yalnız qəbrin üzərinə beton tökmüşdür. Başqa heç bir iş görməmişdir. İddiaçını aldatmış, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Onunla dəfələrlə əlaqə saxlamaq istəsə də bu mümkün olmamışdır. O, anasını itirmiş, bununla hələ də barışa bilmir. Özü işləyib, öz pulunu qazanır, həmçinin ruhi xəstəlikdən əziyyət çəkən qardaşı var. Onun da bütün ehtiyaclarını və xəstəxana xərclərini iddiaçı ödəyir. Atası onlara baxmır. O, anası üçün son dəfə yaxşı bir şey etmək, onun qəbrini, qəbir daşını düzəltdirmək istəmiş, lakin Cavabdeh onu aldatmış, pulunu almış və işini sona qədər yerinə yetirməmişdir. O, çarəsiz qalaraq, onun barəsində polisə də şikayət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, anasının qəbir daşını düzəltməsi üçün cavabdehə ümumilikdə 2900 manat ödəniş etmiş, cavabdeh yalnız 600 manatlıq iş görmüşdür. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbinin etiraf edilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı anasının qəbir daşını düzəltməsi üçün ona 2900 manat ödəniş etmişdir. O, 600 manatlıq iş görmüşdür. İddiaçıya qalan 2300 manat pulu qaytarmağa razıdır. Beləliklə məhkəmə tərəflərin izahatını dinləyib sübutlara və iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 24 dekabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən müəyyən edilir ki, Cavabdeh izahatında bildirmişdir ki, o, məzar daşlarının hazırlanması ilə məşğul olur və onun ofisi ünvan 1 ünvanında yerləşir. Belə ki, o, məzar daşlarının sifarişini qəbul edir və həmin məzar daşlarını Xırdalan şəhərində olan sexdə hazırladır. 14.11.2021-ci il tarixdə İddiaçı onun iş yerinə gələrək anasının vəfat etdiyini bildirmiş və ondan anasına məzar daşı düzəltməsini bildirmişdir. O, Sona ilə məzar daşlarına baxaraq məzar daşının hazırlanmasını ümumilikdə 2900 manata razılaşmışlar. Belə ki, Sonanın anası X1 məzarının üzərində olan torpağı götürərək məzarın üzərinə beton töküb sonra isə ora məzar daşı qoymağı razılaşmışlar. O, həmin gün beh kimi Sondana 800 manat pul almış, həmin pulla bəzi işləri görmüş, 03.12.2021-ci il tarixdə pul çatmadığına görə Sonadan əlavə olaraq 2100 manat pul almışdır. Bunula da Sonadan ümumlikdə 2900 manat pul almışdır. Lakin onun işində bəzi problemlər olduğu üçün sexdən, əvvəl sifariş verdiyi məzar daşarını götürə bilmədiyi üçün Sonanın anasının məzar daşının hazırlanmasında gecikmə olmuş və Sona ilə söhbət edən zaman ona bildirmişdir ki, 30.12.2021-ci il tarixədək məzar daşmı hazırlayıb verəcəkdir. O, Sonanın anasının məzarının üzərində betion işləri görmüş, məzarın yan tərəflərində olan mişar daşından olan hasara üzlük vurmuş, Sonanın anasının məzar daşını isə bu ayın sonun kimi hazırlayıb verəcəkdir. Suallara cavab verən Cavabdeh bildirmişdir ki, İddiaçı müştəri kimi tanımış, İddiaçı anasının məzar daşmı gecikdirməmiş, Sonaya məzar daşının hazırlanmaslmı bu ayın sonuna söz vermiş və belə razılaşmışlar. O, Sonanın anasının məzarında bəzi işlə görmüş və yalnız məzar daşını yerinə qoymaq qalmışdır. Məzar daşının hazırlanmasını da Xırdalan şəhərində olan sexə sifariş vermişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı anasının məzar daşının hazırlanması üçün ondan 2900 manat pul almış, məzarın üzərinə yalnız beton tökmüş, ora məzar daşı qoymamışdır. Həmçinin, cavabdeh məhkəmə iclasında verdiyi izahatında İddiaçı anasının qəbir daşını düzəltməsi üçün ona 2900 manat ödəniş etməsini, yalnız 600 manatlıq iş gördüyünü etiraf etmiş, iddiaçıya qalan 2300 manat pulu qaytarmağa razı olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh idddiaçı İddiaçı anasının məzar daşının düzəldilməsi üçün 2900 manat alsa da, qəbrin üzərinə məzar daşı qoymamış, həmçinin iddiaçıdan aldığı pulu geri qaytarmamışdır. Bununla da, iddiaçıya 2300 manat məbləğində maddi zərər vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh iddianın etiraf edilməsi barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 106.3-cü və 106.4-cü maddələrinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsaəsn cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativhüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İşin araşdırılması zamanı faktın etirafının qəbul edilməməsinə əsas ola biləcək hallar müəyyən olunmadığından, məhkəmə cavadehin etirafını qəbul edir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2300 (iki min üç yüz) manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iş üzrə ödənilmiş 49 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2300 (iki min üç yüz) manat pul alınaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş 49 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-2344/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2344/2022
12.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver