Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2345/2021 19.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc tələbi”nə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “borc tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 3000 ABŞ dolları, 1000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun uzaq qohumudur və vəkillər kollegiyasının 1 saylı vəkil bürosunun müdiri indi isə 3 saylı vəkil bürosunda vəkildir. Cavabdeh 17 oktyabr 2017-ci il tarixində onun həyətində yoldaşı ilə birlikdə ondan borca pul istəmişdir. Ondan soruşanda nədi problem nəyə lazımdır pul? Bu zaman o,”borcum var məni tuturlar, əgər pulu çatdırmasam məni həbs edəcəklər.” Cavabdeh özünü elə səmimi və yazıq formada göstərdi ki, o da qohumluq və insani keyfiyyətini əsas tutaraq evində olan 3000 ABŞ dolları və 1000 manat pulu tez bir zamanda qaytarmaq şərtilə borca vermişdir. Həmin gündən bugünə kimi o, onun arxasınca yalnız sürünüb, yaxın adamlarından xahiş edib ki, cavabdehə başa salın onun pulunu geri versin. O, evində olan son puluna kimi ona vermişdir, onun isə bu hərəkəti iddiaçıya qarşı saymamazlıqdır. Dəfələrlə cavabdehə müraciət etsə də onu aldadaraq müəyyən gün təyin edərək verəcəyini bildirmiş və sonradan zənglərinə cavab verməyərək gizlənmişdir. Beləliklə də cavabdeh onu aldatmış və borcun qaytarılması vaxtını uzatmışdır. Hazırda da onun zənglərinə cavab vermir, borcunu qaytarmır və hüquqlarını kobud şəkildə pozur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə təqdim olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Xətai RPİ-nin 34-cü PŞ-nin 05.03.2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh haqqında cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi iddiaçı iddia ərizəsində cavabdehə 3000 ABŞ dollar və 1000 manat məbləğində pul vəsaiti verdiyini bildirmiş və bu səbəbdən onun tərəfindən cavabdehə ödənilmiş 3000 ABŞ dollar və 1000 manat məbləğində pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. Lakin iddiaçı iddia tələbini əsaslandırdığı hallara dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Odur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğundan, iddiaçı da iddia tələbini əsaslandırdığı hallara dairə məhkəməyə hər hansı bir sübutu təqdim edə bilmədiyindən iddia tələbi rədd edilməlidir. Məhkəmə iddia tələbinin 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində qeyd edir ki, iddia tələbləridə bu hissədə də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi məhkəmə tərəfindən rədd edildiyi üçün iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-2345/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2345/2021
19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver