Məhkəmə qərarları › İş №2(004)-2350/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2350/2021

04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2350/2021 04.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 04.03.2021-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh elektrik enerjisindən istifadəyə görə ödənilməmiş 3775,33 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,4 manat məbləğində pul “xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 izahat verərək bildirir ki, iddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********B0000 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı “xxxx” ASC-yə cəmi 3775,33 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdeh dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 3775,33 manat borcu bu günə qədər ödəməyərək «xxxx» ASC-yə zərər vurmuşdur. “xxxx” ASC-nin əməkdaşları hər ay Cavabdeh ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. İddianın təmin olunmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, iddiaçı ilə müqaviləsi yoxdur.Həmin evdə yoldaşı ilə ikisi yaşayır. İddiaçının tələb etdiyi məbləğ işlətdiyi elektrik enerjisinin haqqı deyil, cərimə məbləğidir. O və yoldaşı xəstədir, həmin pulu ödəyə bilməzlər. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 11.01.2021-ci il tarixli, 207832 nömrəli elektrik enerjisinin alğı-satqısı müqaviləsinin surətinə əsasən “xxxx” ASC Bakı şəhəri, Teymur Əliyev küçəsi, 13B saylı evdə yaşayan istehlakçı Cavabdeh elektrik enerjisi ilə təchiz etməyi, Cavabdeh isə istifadə edilmiş elektrik enerjisinin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İstehlakçının abonent kodu **********B0000-dir. İş materiallarında olan NDM 009265 nömrəli, 10.04.2017-ci il tarixli aktın surətinə əsasən abonent kodu **********B0000 olan istehlakçı Cavabdeh yaşadığı evə yoxlama zamanı fərdi yaşayış evinə sayğacdan kənar xətt daxil olduğu, kənar xətti sayğacla qidalandıran faza və sıfır xəttinin evin hasarının üstünə düşən hissədə budaqlanma yolu ilə çəkildiyi aşkar olunmuşdur. İş materiallarında olan NDM 014613 nömrəli, 19.10.2018-ci il tarixli aktın surətinə əsasən abonent kodu **********B0000 olan istehlakçı Cavabdeh yaşadığı evə yoxlama zamanı fərdi yaşayış evinə sayğacdan kənar xətt daxil olduğu, kənar xətti sayğacla qidalandıran faza və sıfır xəttinin evin hasarının üstünə düşən hissədə budaqlanma yolu ilə çəkildiyi aşkar olunmuşdur. İş materiallarında olan R 168213 nömrəli, 23.01.2020-ci il tarixli aktın surətinə əsasən abonent kodu **********B0000 olan istehlakçı Cavabdeh yaşadığı evə yoxlama zamanı SİP dirəyindən sayğaca düşən xəttə qarmaqlar vasitəsilə müdaxilə edilərək kənar istifadə olunması aşkar olunmuşdur. İş materiallarında olan R 138843 nömrəli, 19.04.2019-cu il tarixli aktın surətinə əsasən abonent kodu **********B0000 olan istehlakçı Cavabdeh yaşadığı evə yoxlama zamanı SİP dirəyindən sayğaca düşən xəttə müdaxilə edilərək sayğacın sxemdən kənarlaşdırılması aşkar olunmuşdur. İş materiallarında olan R 168276 nömrəli, 12.02.2020-ci il tarixli aktın surətinə əsasən abonent kodu **********B0000 olan istehlakçı Cavabdeh yaşadığı evə yoxlama zamanı SİP dirəyindən sayğaca düşən xəttə qarmaq vasitəsilə müdaxilə edilərək sayğacın sxemdən kənarlaşdırılması aşkar olunmuşdur. İş materiallarında olan 12.04.2017-ci il tarixli icra vərəqəsinə əsasən NDM 009265 nömrəli, 10.04.2017-ci il tarixli akt üzrə vurulmuş zərər 2016 kvts müəyyən edilmişdir. İş materiallarında olan 22.10.2018-ci il tarixli icra vərəqəsinə əsasən NDM 014613 nömrəli, 19.10.2018-ci il tarixli akt üzrə vurulmuş zərər 1008 kvts müəyyən edilmişdir. İş materiallarında olan 23.01.2020-ci il tarixli icra vərəqəsinə əsasən R 168213 nömrəli, 23.01.2020-ci il tarixli akt üzrə vurulmuş zərər 3992 kvts olmaqla 319,12 manat müəyyən edilmişdir. İş materiallarında olan 19.04.2019-cu il tarixli icra vərəqəsinə əsasən R 138843 nömrəli, 19.04.2019-cu il tarixli akt üzrə vurulmuş zərər 1613 kvts olmaqla 177 manat nüəyyən edilmişdir. İş materiallarında olan 12.02.2020-ci il tarixli icra vərəqəsinə əsasən R 168276 nömrəli, 12.02.2020-ci il tarixli akt üzrə vurulmuş zərər 344 kvts olmaqla 25,84 manat nüəyyən edilmişdir. İş materiallarında olan “xxxx” ASC tərəfindən tərtib olunmuş 02.06.2021-ci il tarixli, 01-332/21 nömrəli maliyyə arayışına əsasən abonent kodu **********B0000 olan istehlakçı Cavabdeh elektrik enerjisindən istifadə etməsi nəticəsində 2008-ci il tarixdən 3837,9 manat məbləğində borcu vardır. Həmin borcdan 1012,41 manat 2011-ci ilə qədər olan borc və 2011-ci il üzrə 95,66 manat, 2012-ci il üzrə 193,7 manat, 2013-cü il üzrə -0,6 manat, 2014-cü il üzrə 466,32 manat, 2015-ci il üzrə 55,34 manat, 2016-cı il üzrə 66,67, 2017-ci il üzrə 275,84 manat, 2018-ci il üzrə 386,09 manat, 2019-cu il üzrə 479,21 manat, 2020-ci il üzrə 700,44 manat, 2021-ci il üzrə 106,82 manat olmaqla 2825,49 manat 2011-ci ildən başlayaraq hesablanan borcu təşkil edir. 2016-cı ildən etibarən borca cəmi 45 manat ödəniş olunmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, iddiaçı ilə cavabdeh arasında elektrik enerjisinin alğı-satqısı barədə müqavilə bağlanmış, müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı cavabdehi elektrik enerjisi ilə təmin etsə də, cavabdeh öhdəliyini pozaraq bunun əvəzində yaranmış borcu ödəməmişdir. Eyni zamanda iş materiallarında olan aktlardan müəyyən edilir ki, cavabdeh elektrik sayğacına və elektrik xətlərinə müdaxiləsi nəticəsində elektrik enerjisindən kənar istifadə etmişdir. Həmin aktlar mübahisələndirilməmişdir. Məhkəmə iş materiallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edir ki, cavabdehin 2016-cı ilə qədər olan borcun ödənilməsini tələb hüququ müddətin keçməsinə görə qüvvəsini itirmişdir. Belə olan halda cavabdehdən yalnız 2016-cı ildən etibarən istifadə etdiyi sərfiyyata görə, o cümlədən vurulmuş zərərə görə pul tutulmalıdır. Məhkəmə o cümlədən qeyd edir ki, “Elektrik enerjisindən istifadə Qaydaları”-na görə elektrik enerjisindən istifadəyə görə hesablaşma dövrü 1 ay qəbul olunur. Lakin, 12.04.2017, 22.10.2018, 19.04.2019 və 23.01.2020-ci il tarixli icra vərəqələrində hesablaşma dövrü bir aydan artıq götürülmüşdür. Məhkəmə həmin aktlar üzrə hesablanlanan cəriməni azaldaraq bir ay üçün olan zərəri əsaslı hesab edir. Beləliklə məhkəmə, sayğac göstəricisinə görə cavabdehin 2016-cı il üzrə 66,67 manat, 2017-ci il üzrə 59,08 manat, 2018-ci il üzrə 53,34 manat, 2019-cu il üzrə 72,03 manat, 2020-ci il üzrə 254,07 manat, 2021-ci il üzrə 116,82 manat, 12.04.2017-ci il tarixli icra vərəqəsi üzrə 110,9 manat, 22.10.2018-ci il tarixli icra vərəqəsi üzrə 55,5 manat, 23.01.2020-ci il tarixli icra vərəqəsi üzrə 31,91 manat, 19.04.2019-cu il tarixli icra vərəqəsi üzrə 88,8 manat, 12.02.2020-ci il tarixli icra vərəqəsi üzrə 25,84 manat borcun olmasını və 2016-cı ildən 2021-ci ilədək cavabdehin 45 manat ödəniş etməsini nəzərə alaraq qeyd edir ki, cavabdehdən 889,95 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Mülki Məcəllənin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Mülki Məcəllənin 551.2.1-ci maddsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli qərarının 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin qərarın 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin qərarın 8.26-cı bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar özünə xidmət üsuluna, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh elektrik enerjisindən istifadəyə görə 889,95 (səkkiz yüz səksən doqquz manat doxsan beş qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,4 (otuz manat qırx qəpik) manat məbləğində pul “xxxx” ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 889,95 (səkkiz yüz səksən doqquz manat doxsan beş qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,4 (otuz manat qırx qəpik) manat məbləğində pul “xxxx” ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar