Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2357/2025 22.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı "mənzildən çıxarılma" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz olaraq pozulmuş mülkiyyət hüquqları bərpa edilməsi, o cümlədən illər öncə mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, ev 3, 14 saylı mənzili qanunsuz olaraq zəbt etmiş Cavabdeh və ailə üzvlərinin mənzildən çıxarılmasına barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı 1992-cı ildə Bakı Şəhər İcra Hakimiyyətinin 189 saylı Mənzil Tikinti Kooperativindən dəyəri tam ödənilməklə Bakı şəhəri, Yasamal rayonu Yem Yasamal 2, ev 3, 14 saylı mənzilini hüquqi yollarla Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 023546 saylı orderlə almış. Bununla bağlı ona (iddiaçıya) maliyyə arayışı verilmiş və həmin order adıma rəsmiləşdirilmişdir. Həmin orderdə ailə uzvlərimlə birlikdə qeydiyyatda olduğu qeyd olunmuşdur. İllər öncə yəni 1998ci ildə qeydiyyatda olduğu və ailəmlə birlikdə yaşadığı ünvandan bir neçə günlüyünə səfər edib geri dönəndə tanımadığı şəxslərin mənzilini zəbt etdiyini və evinə məskunlaşdığını gördü. Məlum oldu ki, Laçın rayonundan qaçqın olan Cavabdeh ailə üzvləri ilə birikdə mülkiyyətində olan mənzilini qanunsuz və əsassız olaraq zəbt etmişdir. Sonradan aidiyyəti qurumlara, o cümlədən Qaçqınların və Məcburi Köçkünlərin işləri uzrə Dövlət Komitəsinə bu məsələninin araşdırılıb həll edilməsi ilə bağlı dəfələrlə rəsmi və şifahi müraciətlər etsə də bugünə qədər heç bir müsbət nəticəsi olmamışdır. X1 qələbəmizlə başa çatandan sonra Cənab Prezidentimizin tapşırığı ilə bu illər ərzində Qarabağda bütün rayonlara şəhərsalma işlərinin yüksək formada aparıldığının, qaçqınların və məcburi köçkünlərin yeni evlərinə dönmə prosesinin davamlı olaraq həyata keçirildiyinin şahidi olduqdan sonra onun (iddaçının) evini zəbt etmiş Cavabdeh Komitə tərəfindən rəsmi olaraq köçürülübköçürülməməsi ilə bağlı yenidən müraciət etdi. Dövlət Komitəsindən ona (iddiaçıya) bildirdilər ki, Cavabdeh köçürülmə siyahısına alınmışdır, Laçın şəhərində 4 otaqlı mənzil təklif edilmiş lakin ozü köçməkdən imtina etmişdir. Artıq 27 ildir ki, Cavabdeh ailəsi ilə birlikdə onun illərdir zəhmətlə aldığı evi zəbt edərək orada yaşayır onun mülkiyyət hüquqlarını illərdir ki, qəsdən kobud şəkildə pozur və qüvvədə olan qanunvericiliyin tələblərinə məhəl qoymayaraq nəticədə onun əmlakından istifadə etmək hüququndan məhrum etmişdir. Dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq mənzili tərk etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək, izahatında bildirmişdir ki, ünvan 1 ünvanda yerləşən mənzildə 1998-ci ildə məskunlaşmışdır. Kooperativin yanında tikintisi tamamlanmamış binadır. Belə ki, 7-ci mərtəbənin montajı tamamlansa da, 8-ci mərtəbə hazır deyil. Həmin ərazini məcburi köçkün kimi Bakıya gəldiyim zaman tapmışdır. O, gələndə binanın tikintisi dayanmışdı və özü təmir işləri aparmışdır. Hər il də daimi olaraq təmir işləri aparır. Hazırda mənzildə ailə üzvləri olan həyat yoldaşı və qəyyumu olduğu nəvəsi ilə birlikdə yaşayırlar. 2007-ci ildə iddiaçı məhkəməyə müraciət etdi və yekun qətnamədə qeyd edildi ki, prezidentin sərəncamına uyğun olaraq onu məskunlaşdığı mənzildən çıxara bilməzlər. Evin sahibi olmadığı üçün ona iddia da etmir. Lakin istəyir ki, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi ona məcburi köçkün kimi çıxmalı olduğu öz evini qaytarsın və o da iddiaçıya məxsus evdən çıxıb getsin. Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində olaraq məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə onun nümayəndəsinin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 023546 saylı, xx.xx.2000-ci il tarixli Bakı İcra Hakimiyətinin 189 nömrəli Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı verilmiş orderdən görünür ki, İddiaçı 3 nəfərdən ibarət olan ailə tərkibi ilə Bakı şəhəri, 2-ci Yeni Yasamal, ev 10, mənzil 14, 1-ci blok, 7-ci mərtəbəsində yerləşən sahəsi 42,62 kv.metr olan yaşayış sahəsində yaşamaq hüququ verilmişdir. Bakı İcra Hakimiyətinin 189 saylı Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 624 saylı, xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı həqiqətən Yeni Yasamal-2 küçəsində 10 saylı binanın 42,62 kv.metr sahəsi olan 3 otaqlı 14 nömrəli mənzilində yaşayır və ev 189 saylı MTK-ya məxsusdur. 1990-1992-ci il ərzində o, 15.000 rubl ödəyib və onun borcu yoxdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-2843/2007 saylı, 30 noyabr 2007-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri 2-ci Yeni Yasamal 10 saylı evin 14 nömrəli mənzildən ailə üzvləri ilə birlikdə çıxarılma, həmin mənzilə özünün ailə üzvləri ilə birlikdə yerləşdirilməsi və cavabdehin məcburi köçkün kimi qeydiyyatda olduğu Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi 7 saylı evin 58 nömrəli mənzilə köçürülməsi tələbinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyasının xx.xx.1952-ci il tarixli 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynalxalq hüququnun ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Göründüyü kimi həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Başqa sözlə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsini qadağan edir. Bu zaman ən mühüm amil fərdin mülkiyyət hüququ ilə, həmin hüququ məhdudlaşdıran maraqlar arasında ədalətli tarazlığın müəyyən edilməsi və gözlənilməsidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı İcra Hakimiyətinin 189 nömrəli Mənzil Tikinti Kooperativinin 023546 saylı, xx.xx.2000-ci il tarixli orderinə əsasən İddiaçı Bakı şəhəri, 2-ci Yeni Yasamal, ev 10, 1-ci blok, 7-ci mərtəbəsində yerləşən sahəsi 42,62 kv.metr olan 3 otaqlı 14 nömrəli mənzil verilmişdir. Mənzil uzun müddət (27 ilə yaxın) iş üzrə Cavabdeh tərəfindən zəbt edilmiş və orada məcburi köçkün kimi ailə üzvləri ilə birlikdə yaşamışdır. Bununla da, iddiaçının potensial mülkiyyətçi olaraq, hüquqları pozulmuş, iddiaçının razılığı olmadan cavabdehin həmin mənzildə yaşaması iddiaçının öz mənzilindən rahat istifadə etməyinə mane olur, onun mülkiyyət hüquqlarını pozur, mülkiyyətində olan mənzildən öz istədiyi kimi istifadə etmək, sahib olmaq və sərəncam vermək hüququnu məhdudlaşdırır. Halbuki, qanunvericilik mülkiyyət hüququnu və mülkiyyət hüququnun pozulduğu halda, onun müdafiəsini tanıyır. Cavabdehin və onun ailə üzvlərinin mübahisəli mənzildə yaşamaları üçün hər hansı bir qanuni əsas yoxdur. Odur ki, iddia təmin edilməli, Cavabdeh və onun ailə üzvləri İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 14 nömrəli mənzildən çıxarılmalıdırlar. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh və onun ailə üzvləri İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 14 nömrəli mənzildən çıxarılsınlar. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-2357/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2357/2025
22.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver