Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-236/2021 06.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı2 xeyrinə 4818 manat pulun və 30 manat dövlət rüsumunun, İddiaçı1 xeyrinə 7500 manat pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdırlar ki, Cavabdeh xeyli müddət idi ki, tanıyırdılar, qonşu olmuşlar və bu səbəblə də normal münasibətləri yaranmışdı. Bununla da bir-birinin etibarını qazanmışdılar. Cavabdeh iş qurmaq adı ilə 2000 manat, 1600 və 1400 manat olmaqla hissə-hissə cəmi 5000 manat pul almışdır və 16.07.2019-cu il tarixində İddiaçı2 5000 manat və 13.10.2019-cu il tarixində isə İddiaçı1 7500 manat geri qaytarmaq şərtilə borca pul alması barədə iltizam yazmışdır. Öz tədbirlərini görərək və ehtiyat edərək cavabdehdən borcun alınması barədə iltizam almış və imzalatmışlar. Bir müddətdən sonra pulu tələb etdikdə pulu olmadığını, olan kimi geri qaytaracağını bildirmişdir. Dəfələrlə müraciət etsələr də nəticə olmamışdır. Bundan sonra hər ikisi Yasamal rayon 28-ci PB-nə şikayət ərizəsi ilə müraciət etmişlər. Cavabdeh gəlib izahat vermiş, bəzi borclarını boynuna almış və tezliklə ödəyəcəyini bildirmişdir. Lakin ödəməmişdir. Cavabdeh İddiaçı2 pulun qaytarılması ilə bağlı pul kartı vermişdir və bir dəfə 182 manat pul çıxarmışdır. Həmin aydan sonra cavabdeh kartı bağlatdırmışdır. Bu səbəbdən də pulun geri qaytarılması üçün məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386.1 və 739-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş, Cavabdeh tərəfindən tərtib olunaraq imzası ilə təsdiq olunmuş qəbzlərdən müəyyən olunur ki, o, 13.10.2019-cu il tarixdə İddiaçı2 5000 manat və 13.10.2019-cu il tarixdə İddiaçı1 7500 manat pul aldığını göstərmişdir. İş materiallarına əlavə edilmiş Yasamal RPİ-in 28-ci PB-nin təhqiqatçısı polis mayoru X3 16.11.2019-cu il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarına əsasən, İddiaçı1 07.11.2019-cu il tarixdə Yasamal RPİ-nin 28-ci PB-nə ərizə ilə müraciət edərək, Reyhan adlı qadının ona pul borcunun olmasını, yaşadığı mənzilə gələrək təhqir etməsini və onu ölümlə hədələməsi barədə məlumat vermişdir. Araşdırma zamanı Cavabdeh Xamay qızı öz izahatında İddiaçı1 uzun müddətdir tanımasını, aralarındakı münasibətin əvvəllər daha yaxşı olmasını lakin həmin şəxsdən 6 il bundan əvvəl aldığı borc pulunu ödəyə bilmədiyi tədqirdə aralarında son zamanlar soyuq münasibətlərin yaranmasını bildirmişdir. İddiaçı1 aralarında olan borc məsələləri üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş üzrə AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının 25.05.2021-ci il tarixli, 4/527 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 54-cü vərəqində olan “Mən Cavabdeh (Beş min borc .... pul aldım) 16.07.19. şəxs: ********” yazılar və “16.07.19” rəqəmlərinin qarşısında olan imza; mülki işin 55-ci vərəqində olan “Mən Cavabdeh İddiaçı1 (750 yeddi min 500 beş yüz manat borc a pul aldım) İmza (Cavabdeh) ********. 13.10.2019.” yazılar və “(Cavabdeh)” yazılarının qarşısındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Beləliklə, məhkəmədə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı2 5000 manat puldan 182 manat qaytarmış 4818 manat pulu və İddiaçı1 7500 manat pul almış, həmin pulları qaytarmağı öhdəsinə götürməsinə baxmayaraq, borcun qaytarılmasından yayınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin tələblərinə görə bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Odur ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdirlər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh 4818 manat tutularaq, İddiaçı2 xeyrinə, 7500 manat tutularaq, İddiaçı1 xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş 11.06.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı1 tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün 30 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. İş materiallarına əlavə edilmiş 11.06.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı2 tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün 30 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. 25.05.2021-ci il tarixli, 4/527 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatların dəyəri 124 manat təşkil etməklə Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyi üçün iddiaçılar tərəfindən ödənilmiş cəmi 60 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçılara, həmçinin ekspertiza tədqiqatının dəyəri olan 124 manat məbləğində pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 4818 (dörd min səkkiz yüz on səkkiz) manat tutularaq, İddiaçı2 xeyrinə ödənilsin. Cavabdeh 7500 (yeddi min beş yüz) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı1 xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 124 (yüz iyirmi dörd) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-236/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-236/2021
06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver