Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2363/2023 11.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi Qasımova Aytən Elçin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış nikah etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdehla təxminən 5 il əvvəl tanışlığından sonra onunla ailə qurmaq fikrinin qəti olması barədə 1 il öncə təkidlə bildirməsi səbəbindən 24 iyul 2022-ci il tarixdə nikahlarını rəsmiləşdirmiş və qısa zaman kəsiyində toy mərasiminin keçirilməsi müxtəlif bəhanələrlə təxirə salınır və bunun səbəbkarı qarşı tərəfdir. Dəfələrlə cavabehə problemin həlli istiqamətində konkret addım atmalı olmasını bildirsə də, cavabdeh hər dəfə müxtəlif vədlərlə məsələni uzadır. Ona görə də, artıq aldadıldığını hesab etməklə nikahın etibarsızlığı barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixli məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək, iddia tələbini etiraf etdiyini, tərəflərin həqiqətən də faktiki nikah münasibətlərinə daxil olmadığını bildirərək, tərəflər arasında bağlanmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini, baxış iclasının onun iştirakı olmadan keçirilərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 7 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 048960 nömrəli, xx.xx.2023-cü il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 arasında xx.xx.2022-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 0075 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əhmədov, arvada Əhmədova soyadı verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə görə bu Məcəllənin 10-12-ci maddələrində və 13.3.-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 26.1.3-cü maddəsinə görə nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa – nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər. Həmin Məcəllənin 27.3-cü maddəsinə görə saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurublarsa, məhkəmə nikahı saxta hesab edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra tərəflər birgə təsərrüfat idarə etməmiş, bir yerdə yaşamamış, ər-arvad münasibətləri olmamışdır. Tərəflər rəsmi nikaha girsələr də, onların nikahı formal olmuşdur. Bu hal iddiaçının iddia ərizəsi və cavabdehin etiraf edici ərizəsi ilə də, öz təsdiqini tapmışdır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İsmayılova İddiaçı ilə Cavabdeh arasında 7 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixdə 0075 nömrəli akt qeydi ilə bağlanmış nikah etibarsız hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 7 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixdə 0075 nömrəli akt qeydi ilə bağlanmış nikah etibarsız hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-2363/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2363/2023
11.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver