Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-237/2024 11.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3, Cavabdeh3 Məhəmməd oğlunun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh2, Cavabdeh3, Bakı Şəhəri 12 Saylı Dövlət Notariat Kontoru, "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X11 1 Saylı Bakı Ərazi İdarəsi, Bakı Şəhəri 29 Saylı Dövlət Notariat Kontoruna qarşı “əqdin etibarsızlığı və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh2, Cavabdeh3, Bakı Şəhəri 12 Saylı Dövlət Notariat Kontoru, "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X11 1 Saylı Bakı Ərazi İdarəsi, Bakı Şəhəri 29 Saylı Dövlət Notariat Kontoruna qarşı “əqdin etibarsızlığı və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK tərəfindən inşa edilən, istismarı Cavabdeh1 MTK tərəfindən davam etdirilən Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi 60, 1 blok, 4-cü mərtəbə, mənzi 10 üzərində hüquqların bərpa oluması ilə bağlı maneələrin aradan qaldırılması, Bakı şəhəri, 12 saylı NK-da xx.xx.2020-ci il tarixdə, 4Ə1197 reyestr №-li "xxxx" MMC ilə vətəndaş Cavabdeh3 ilə bağlanmış alqı-satqı müqaviləsinin, Bakı şəhəri 29 saylı NK-da xx.xx.2022-i il tarixdə, 4Ə-316 reyestr №-li vətəndaş Cavabdeh3 ilə vətəndaş Cavabdeh2 Nizami qızı ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bu müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2011-ci il tarixdə "xxxx" MTK-dan müqavilə əsasında ev almışdır. Həmin mənzillə bağlı ödəniş etmişdir. Tərəfindən MTK-ya 81250 manat pul ödənilmişdir. Həmin dövrdə binanın tikintisi başa çatmaq üzrə idi. Mənzili 4-cü mərtəbədə yerləşirdi. Sonra nə səbəbdənsə, binanın tikintisi dayandı. Uzun müddət gedib gəldilər. Hər dəfə də müxtəlif fikirlər deyirdilər və gözləmək məcburiyyətində idilər. Sonra müəyyən dövr Azərbaycanda olmadılar. Qayıdandan sonra yenə də mənzili ilə maraqlandılar. Dedilər ki, bu binanın istismarını Cavabdeh1 MTK həyata keçirir. Mənzilini təmir edib, köçüb yaşamaq istədiyini bildirdi. Rəsmi ərizə ilə “İnfina” tikinti şirkətinə müraciət etdi. Cavablarında da həmin binanın istismarını həyata keçirdiklərini qeyd edirlər. Şəhid ailəsi kimi ümid yolunu məhkəməyə müraciət etməkdə görürlər. Mənzil verə bilmirlərsə, evinin dəyərini qaytarsınlar ki, başqa yerdə özünə ev ala bilsin. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 izahatında bildirmişdir ki, 2020-ci ilə qədər mənzilə gəlib-gedirdilər. Hələ tikinti gedirdi. Sonra imkan olmadığı üçün tikinti dayandı. 2020-ci ildən artıq onları evə buraxmadılar. Mənzil 2019-cu ilədək heç kimə satılmayıb. Onlar həmin mənzildə olublar. Mənzil 2020-ci ildə satılıb. İmkanları olmadığı üçün evi təmir etməmişdilər. Təhvil-təslim aktı yox idi. Mənzili satan MMC olub. İddiaçı mənzilə gedib-gəlirdi, problem yox idi. Ona görə də daha əvvəl məhkəməyə müraciət etməmişdilər. Təxminən 2019-2020-ci ildə gedəndə iddiaçını binaya buraxmadılar. Onlar ərizə ilə müraciət etdilər, onlara dedilər ki, mənzil mövcud deyil. Ona görə də məhkəməyə müraciət etdilər. 2020-ci ilədək mənzilin kimə satıldığını bilmədiklərinə görə prokurorluğa müraciət edə bilmirdilər. Məhkəməyə müraciət etmişdilər. Ondan sonra kimə satıldığı məlum oldu. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. İddiaya əsas olan müqavilənin əsli məhkəməyə təqdim olunmalıdır. Müqavilənin surətindən görünür ki, müqavilənin üzərindəki möhür şirkətin möhürü deyil. Tikinti işləri üzrə direktor təfərindən vurulmuş möhürdür. Həmin direktor vaxtilə onların əməkdaşı olub. 2013-2018-ci illər arası Yasamal Rayon Məhkəməsində bu qəbildən müqavilələrlə bağlı bir neçə işlərə baxılıb. Şəxs barəsində hökm çıxıb. Həmin iş üzrə zərərçəkmişlər siyahısında hazırki iş üzrə iddiaçı yoxdur, lakin digər zərərçəkmişlər var. Həmin işlərdə müəyyən olunub ki, belə bir müqavilə yoxdur. Müqaviləni etibarlı hesab etmədiyinə görə mənzili Qeysə satmışlar. O da Esmira xanıma satıb. 2 sənəd təqdim olundu: müqavilə və kassa mədaxil orderi. İlk olaraq kassa mədaxil orderi nömrəli və Maliyyə Nazirliyinin lisenziyası olan şirkət tərəfindən çap olmalıdır. Bu qaydalara əməl olunmayıb. Kassa mədaxil orderini "xxxx" MTK təqdim edib. Qəbzin möhürünü isə "xxxx" MMC vurub. Bu da "xxxx" MTK-nın mövcud olmadığını göstərir. Müqavilə "xxxx" MMC ilə bağlanıb. Möhürdə isə "xxxx" MMC tikinti işləri üzrə direktor qeyd olunub. İddiaçı ilə birgə Cavabdeh1 MMC-nin məlumatı olmayan sənədləri tərtib ediblər. Müqavilə isə şirkətin adından bağlanılmalıdır və müqavilədə şirkətin möhürü olur. Müqavilənin preambulasında tərəflər qismində Cavabdeh1 MMC göstərilsə də, müqaviləni imzalayan Cavabdeh1 MMC-nin tikinti işləri üzrə direktor Qüvvətəli Süleymanovdur. Hansı ki, şirkət adından müqavilə bağlamağa səlahiyyəti olmayıb. Bu hal da artıq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə sübuta yetirilib ki, həmin şəxsin səlahiyyəti olmadan saxta müqavilə bağlayıb. Bu hissədə sübuta da yetirməyə ehtiyac yoxdur. Həmin işdə hazırki iş üzrə iddiaçı zərərçəkən şəxs qismində tanınmayıb. Ola bilsin ki, müraciət etməyib. Ona görə də həmin müqavilə üzrə Cavabdeh1 MMC-dən hər hansı bir əmlak tələb etmək əsassızdır. 2013-cü ildə Qüvvətəli Süleymanov işdən çıxıb. Cavabdeh3lə müqavilə bağlayan Qüvvətəli Süleymanov deyildi. Dövlət aktı ilə binanın istismara verilməsi 2020-ci ildən olub, lakin 2016-cı ildən mənzillər alınmışdı və orada yaşayırdılar. İndi də mənzillərdə yaşayış var. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 Məhəmməd oğlunun nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirmişdir ki, iddianı onlara aid olan hissədə qəbul etmirlər. Onlar əmlakı alarkən kiminsə adına olub-olmaması barədə məlumatı olmayıb. Onlar evi alqı-satqı edərək almışlar, 2022-ci ildə də alqı-satqı edərək almışlar. Başqa şəxslər müqavilə bağlanıb-bağlanmaması barədə məlumatı olmayıb. Mənzili MTK-dan alıblar. 2017-ci ildə müqavilə bağlanıb. Sonradan bina tamamlanandan sonra notariusda rəsmi alqı-satqı olub. 2020-ci ildə ev çıxarışla Cavabdeh3in adına olub. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan maliyyə arayışına əsasən müəyyən olunur ki, Bakı şəhəri C.Cabbarlı və Z.Əhmədbəyov küçələrinin kəsişdiyi 610-cu məhəllədə inşa edilən 14 mərtəbəli yaşayış evi "xxxx" MMC-yə məxsusdur. Bu binanın 4 mərtəbə 1 blok 10 saylı mənzilində ümumi sahəsi 101,9 m2 olan yaşayış sahəsinin pay dəyəri “27” noyabr 2011-ci il tarixli 8/15 saylı müqaviləyə əsasən payçı X7 tərəfindən tam ödənilmişdir, "xxxx" MMCyə borcu yoxdur. İş materiallarında olan 8/15 nömrəli 27 noyabr 2011-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC (tikinti işləri üzrə direktoru X1 şəxsində) Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyova küçələrinin kəsişdiyi 610-cı məhəllədə inşa edilən 14 mərtəbəli yaşayış binasının 1 blok, 4 mərtəbəsi, 10 saylı mənzil ümumi sahəsi – 101,9 m2 olan yaşayış sahəsini X5 mülkiyyətinə verir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən (4-cü məhəllə, 1-ci giriş), ümumi sahəsi 93,2 m2 olan 10 nömrəli mənzil (yeni qaydalarla: ünvan 2) xx.xx.2020-ci il tarixdə Cavabdeh1 MMC-nin (qurumun əvvəlki adı "xxxx" MMC) adına qeydiyyata alınmışdır. Bakı şəhəri 12 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 4Ə-1997 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin mənzil Cavabdeh3 özgəninkiləşdirilmişdir. Həmin mənzil üzərində Cavabdeh3 mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış, lakin Bakı şəhəri 29 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-316 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Mənzillərin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 MMC Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, məhəllə - 610, ev 60, mənzil 10, yeni qaydalarla ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 93,2 m2 olan mənzili Cavabdeh3 mülkiyyətinə verməyi öhdəsinə götürür. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 10 saylı mənzil Cavabdeh1 MMC-nin xüsusi mülkiyyətindədir. İş materiallarında olan 07 avqust 2018-ci il tarixli, 06/1260-18 nömrəli Cavabdeh1 MMC ilə Cavabdeh3 arasında bağlanmış müqavilə əsasında ona satıldığı göstərilmiş Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasındakı 610-cu məhəllədəki layihə üzrə 2-ci binanın 4-cü mərtəbəsindəki 10 saylı 101.1 m2 ümumi sahəsi olan 2 otaqlı mənzil üçün 132339,90 manat, 25 saylı 101.1 m2 ümumi sahəsi olan 2 otaqlı mənzil üçün 132339,90 manat, ümumilikdə isə 264679,80 manat məbləğ ödənilmiş hesab edilir və onun bu mənzillərə görə Cavabdeh1 MMC-yə borcu yoxdur. İş materiallarında olan 11 aprel 2022-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, məhəllə 610, ev 60, mənzil 10, yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh2 mülkiyyətinə verilir. Daşınmaz əmlakın satış qiyməti 149500 manatdır, daşınmaz əmlakın dəyərinin 59500 manat məbləğində olan hissəsi Cavabdeh2 özü tərəfindən, 90000 manat məbləğində olan hissəsi isə bank "xxxx" ASC tərəfindən "xxxx" ASC VƏ Cavabdeh2 arasında Bakı şəhərində bağlanmış 11 aprel 2022-ci il tarixli, İP-00015-11/22A nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 verilmiş kredit vəsaiti hesabına ödənilir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, məhəllə 610, ev 60, mənzil 10, yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh3 xüsusi mülkiyyətindədir. İş materiallarında olan 05 sentyabr 2014-cü il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayətkərin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 178.3.2-ci məddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi hökm edilmişdir. İş materiallarında olan X4 tərəfindən Azərbaycan Respublikasının səlahiyyətli dövlət, icra hakimiyyəti, hüquq-mühafizə və digər orqan və təşkilatlarına təqdim edilmiş 25 noyabr 2012-ci il tarixli ərizəsindən görünür ki, o, 24 fevral 2006-cı ildən "xxxx" MMC-də direktor müavini - tikinti işləri üzrə direktor vəzifəsinə təyin edilmişdir. O, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı və Z.Əhmədbəyov küçələrinin arasındakı 610-cu məhəllədə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 03 sentyabr 2004-cü il tarixli 195 saylı sərəncamı, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 04 noyabr 2004cü il tarixdə təsdiq etdiyi 11521 saylı İnşaat pasportu və digər razılıq, icazələr əsasında sifarişçi təşkilat olan "xxxx" MMC-nin inşa etdiyi çoxmərtəbəli ticarət, ofis və yaşayış kompleksinin inşa edilməsinə bilavasitə nəzarət edən vəzifəli şəxs olmuşdur. Onun vəzifə səlahiyyətlərinə yalnız tikinti işlərinin idarə edilməsi və podratçılar tərəfindən yerinə yetirilən tikinti-quraşdırma işlərinə bilavasitə nəzarət etmək, müstəsna hallarda cəmiyyətin rəhbərliyi ilə razılaşdırılmaqla kiçik həcmli podrat müqavilələrinin, tikinti materiallarının alınmasına dair şifahi və ya yazılı alqı-satqı müqavilələrinin bağlanması daxil olmuşdur. Onun imzası ilə istifadə olunması üçün üzərində azərbaycan və ingilis dillərində: “Azərbaycan Respublikası- Azerbaijan Republic, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Tikinti işləri üzrə Direktor” sözləri və çoxmərtəbəli bina şəkli həkk edilmiş dəyirmi möhür təhvil verilmişdi. O, 25 fevral 2012-ci ildə "xxxx" MMC-dən tutduğu vəzifədən şəxsi ərizəsilə azad olunmuşdur. Qeyd edilən möhürü də xx.xx.2012-ci il tarixli akt əsasında "xxxx" MMC-yə təhvil vermişdir. Eyni zamanda bildirmişdir ki, istər "xxxx" MMC-də işlədiyi, istərsə də işdən azad olunduğu dövrlərdə onun şəxsən əvvəllər tanıdığı və yaxud tanıdığı şəxslərin vasitəsilə yeni tanış olduğu şəxslərdən özünün və ya digər şəxslərin aldıqları borc vəsaitlərinin təminatı olaraq həmin şəxslərin təkidi və tələbləri ilə o, "xxxx" MMC-nin ona yuxarıda göstərdiyi məqsədlərə istifadə etmək üçün vermiş olduğu möhürdən, möhürü təhvil verdikdən sonra isə həmin möhürün həkkinin ağ kağızlarda vurub özündə saxladığı vərəqlərdə "xxxx" MMC adından guya yuxarıda qeyd etdiyi tikinti obyektində həmin şəxslərin mənzillər aldıqlarına dair müqavilələr tərtib etmişdir, həmin müqavilələr üzrə guya müqavilə qiymətinin (məbləğinin) tam ödənildiyinə dair maliyyə arayışları tərtib edib həmin şəxslərə təqdim etmişdir. Belə şəxslərdən artıq bir neçəsi "xxxx" MMC-yə, müəyyən hüquq-mühafizə orqanlarına müraciətlər etmişlər. Hətta mətbuat səhifələrində bu barədə müəyyən yazılar da dərc olunmuşdur. O bununla bir daha bəyan edir ki, belə üzə çıxmış sənədlər, istərsə də gələcəkdə üzə çıxacaq sənədlər üzrə "xxxx" MMC-nin inşa etdiyi binadan hər hansı bir sahənin satılması həyata keçirilməmişdir, bu cür hərəkətlər onun səlahiyyətlərinə aid olmamışdır və o o sənədləri borclu olduğu (və ya tanışlarının borclu olduqları) şəxslərin hədələrindən ehtiyyat edərək susdurmaq üçün vermişdir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli möhürün təhvil-təslim edilməsi haqqında akta əsasən müəyyən olunur ki, "xxxx" MMC-nin Tikinti İşləri üzrə direktoru X2 məzuniyyətə çıxmağı səbəbilə, üzərində “ "xxxx" MMC “Tikinti İşləri üzrə Direktor”” həkk edilmiş, həkkinin nümunəsi 3 ədəd bu akta vurulmuş və xx.xx.2006-cı ildən “Tikinti işləri üzrə” yazışmalar üçün X2 istifadə etdiyi möhürün təhvil-təslimi aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyun 2014-cü il tarixli, 2(004)-2429/2014-cü il tarixli qətnaməsinə əsasən "xxxx" MMC-nin X8 və X3 qarşı “müqavilənin etibarsızhesab edilməsi və pul tələbinə dair” iddia ərizəsinin qismən təmin edilməsi, "xxxx" MMC-nin tikinti işləri üzrə direktoru X4 ilə X10 arasında başlanmış 7/19 saylı xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi qət olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, məhəllə 610, ev 60, mənzil 10, yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh2 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Hazırda iddiaçı iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, 12 saylı NK-da xx.xx.2020-ci il tarixdə, 4Ə1197 reyestr №-li "xxxx" MMC ilə vətəndaş Cavabdeh3 ilə bağlanmış alqı-satqı müqaviləsinin, Bakı şəhəri 29 saylı NK-da xx.xx.2022-i il tarixdə, 4Ə- 316 reyestr №-li vətəndaş Cavabdeh3 ilə vətəndaş Cavabdeh2 Nizami qızı ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bu müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən əqdlər təsdiq edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən əqdlərin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Məhkəmə bir daha qeyd edir ki, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.. Həmçinin "xxxx" MMC (tikinti işləri üzrə direktoru X1 şəxsində) ilə X7 arasında bağlanmış 8/15 nömrəli 27 noyabr 2011-ci il tarixli müqaviləyə dair hissədə məhkəmə qeyd edir ki, bu əqd əsasında mübahisə predmeti olan mənzilin iddiaçıya təhvil verilməsi qanuni hesab oluna bilməz. Belə ki, iş materiallarında olan 05 sentyabr 2014-cü il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü və X4 tərəfindən Azərbaycan Respublikasının səlahiyyətli dövlət, icra hakimiyyəti, hüquq-mühafizə və digər orqan və təşkilatlarına təqdim edilmiş 25 noyabr 2012-ci il tarixli ərizəsindən də göründüyü kimi X1 vəzifə səlahiyyətlərinə yalnız tikinti işlərinin idarə edilməsi və podratçılar tərəfindən yerinə yetirilən tikinti-quraşdırma işlərinə bilavasitə nəzarət etmək, müstəsna hallarda cəmiyyətin rəhbərliyi ilə razılaşdırılmaqla kiçik həcmli podrat müqavilələrinin, tikinti materiallarının alınmasına dair şifahi və ya yazılı alqısatqı müqavilələrinin bağlanması daxil olmuşdur və bu məqsədlərə istifadə etmək üçün ona onun imzası ilə istifadə olunması üçün üzərində azərbaycan və ingilis dillərində: “Azərbaycan Respublikası- Azerbaijan Republic, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Tikinti işləri üzrə Direktor” sözləri və çoxmərtəbəli bina şəkli həkk edilmiş dəyirmi möhür təhvil verilmişdi. Lakin buna baxmayaraq, səlahiyyəti olmadığı təqdirdə ona verilmiş möhürdən, möhürü təhvil verdikdən sonra isə həmin möhürün həkkinin ağ kağızlarda vurub özündə saxladığı vərəqlərdə "xxxx" MMC adından guya yuxarıda qeyd etdiyi tikinti obyektində həmin şəxslərin mənzillər aldıqlarına dair müqavilələr tərtib etmişdir, həmin müqavilələr üzrə guya müqavilə qiymətinin (məbləğinin) tam ödənildiyinə dair maliyyə arayışları tərtib edib həmin şəxslərə təqdim etmişdir. "xxxx" MMC (tikinti işləri üzrə direktoru X1 şəxsində) ilə X7 arasında bağlanmış 8/15 nömrəli 27 noyabr 2011-ci il tarixli müqavilə və maliyyə arayışında da X3 verilmiş möhürdən istifadə olunmuşdur. Bu da müqavilənin səlahiyyəti olmayan şəxs tərəfindən bağlanıldığını göstərir. Belə olduğu halda, həmin müqavilə etibarlı hesab oluna bilməz.Bundan əlavə X4 məhkəmə iclasına dəfələrlə dəvət edilməsinə baxmayaraq, məhkəməyə gəlməkdən imtina etmişdir. Bundan əlavə məhkəmə hesab edir ki, əqdin etibarsızlığı hissəsində iddia əsaslı və qanuni olmadığı üçün, iddia tələbi qalan hissədə, yəni Cavabdeh2 mülkiyyət hüququnun qeydə alınması barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeyd əsasında onun adına verilmiş çıxarışın ləğv edilməsi hissəsində təmin oluna bilməz. Məhkəmə eyni zamanda iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab edir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz və iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarına əlavə edilən Cavabdeh1 MMC-nin nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizəsindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsi üzrə iddia müddətləri ötürülməklə verildiyinə görə iddiaçının iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Ərizədə qeyd olunmuşdur ki, xx.xx.2011-ci il tarixli, 8/15 saylı müqavilənin 3.2-ci bəndinə əsasən, satıcı müqavilənin 2.1-ci bəndində göstərilən tikinti quraşdırma işlərini xx.xx.2012-ci ilədək alıcıya təhvil verməyi öhdəsinə götürmüş və həmin müddətdə də təhvil vermişdir. İş materiallarından göründüyü kimi iddiaçı yuxarıda qeyd olunan iddia tələbi ilə məhkəməyə xx.xx.2023-cü il tarixində müraciət etmişdir. Göründüyü kimi, iddiaçı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən təxminən 11 il keçdikdən sonra məhkəməyə yuxarıda qeyd olunan iddia tələbi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq edilməsi barəsində ərizəsinin dəlilləri əsassızdır. Buna görə də, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mübahisə tərəfi olan cavabdehin nümayəndəsi iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etsə də, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia tələbinin məhz bu əsasla rədd edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin olunmasın. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-237/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-237/2024
11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver