Məhkəmə qərarları › İş №2(004)-2400/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2400/2022

28.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2400/2022 28.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh keçmiş əri Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 8 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 8 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Texniki İnvertarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş 135162 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 8 ünvanında yerləşən 2 saylı fərdi evi xx.xx.1998-ci il tarixdən onun adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. İddiaçı Cavabdeh ilə rəsmi nikaha 1986-cı il tarixdə daxil olmuşdur. Bir müddət yaşadıqdan sonra ailədə xasiyyətləri uyğun gəlmədiyindən münasibətləri pozulmuş və məhkəmə qətnaməsi ilə aralarında olan nikah 2016-cı il tarixdə pozulmuşdur. Cavabdehlə nikaha daxil olduqdan sonra ona məxsus olan ünvan 1 ünvanında yaşamışlar. Cavabdeh sözügedən ünvana xx.xx.1989-cu il tarixdə rəsmi qeydiyyata düşmüşdür. Qeyd edilmişdir ki, cavabdeh onun mənzilində formal qeydiyyatda olmuş və uzun müddətdir ki, həmin evdə yaşamır. Belə ki, cavabdeh yalnız bir neçə il mübahisə predmeti olan evdə yaşamışdır. Sözügedən halı orda onunla qonşu olan şəxslər də təsdiq edə bilərlər. Buna baxmayaraq Cavabdeh ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 8 ünvanında yerləşən 2 saylı fərdi evində qeydiyyatda qalması onun üçün əlavə xərclərə səbəb olur. Belə ki, cavabdehə görə ondan sözügedən ev üçün əlavə kommunal və digər xərclər alınır. Bundan başqa cavabdehin həmin evdə qeydiyyatı onun konstitusional hüquqlarının yəni bir mülkiyyətçi kimi qanunvericiliklə müəyyən edilmiş mülkiyyət hüquqlarını pozur. Cavabdeh öz istəyi ilə qeydiyyatdan çıxmağı təklif etsə də, o buna heç bir əhəmiyyət verməmiş və hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Odur ki, nəticə etibarı ilə məcburiyyət qarşısında qalaraq qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2400/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi" tələbinə dair mülki işin icraatına, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməsi qərara alınmışdır. Daha sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2400/2022 saylı, 24 may 2022-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2400/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş və mülki iş baxılması üçün məhkəmənin icraatına götürülmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Həmçinin əlavə olaraq bildirdi ki, cavabdeh onun təkidləri ilə məhkəmə baxışı gedişatında mübahisəli mənzilə istifadə hüququnun olmadığını ona şifahi qaydada etiraf edərək mənzildən qeydiyyatdan çıxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məhkəmə bildirişi göndərilmiş, həmçinin “AZEMİS” vasitəsilə mobil telefon nömrəsinə SMS bildirişi göndərilməklə məlumat verilsə də, o, həmin tarixdə məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah 20 oktyabr 2016-cı il tarixdə ləğv edilmiş və akt qeydləri kitabında 470 nömrə ilə qeyd edilmişdir. Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyi 60 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən 18 mart 2022-ci il tarixdə verilən 79 nömrəli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 8, ev ünvanında qeydiyyatdadır. X1, X2 və Cavabdeh göstərilən ünvanda xx.xx.1989-cu il tarixdən qeydiyyatdadırlar. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilən MH seriyalı 135162 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 8 ünvanında yerləşən 2 saylı fərdi evində İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında xx.xx.1998-ci il tarixdə 9606 nömrə ilə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Daxili İşlər nazirliyi Bakı şəhər Yasamal rayon polis idarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı göndərilən 091-9357A-3222 nömrəli məktubdan görünür ki, iddiaçı Yasamal rayon polis idarəsinə müraciət etmiş və Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 8 ünvanında yerləşən 2 saylı fərdi evindən Cavabdeh qeydiyyatdan çıxarılması ilə əlaqədar məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə sorğuya cavab olaraq göndərilən 018- 16658-1222 nömrəli məktubdan görünür ki, Cavabdeh ünvan 3i ünvanında qeydiyyatdadır. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdən Cavabdeh ünvan 3i ünvanı üzrə qeydiyyatdadır. Beləliklə məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdeh tarixdən Cavabdeh xx.xx.2022-ci il tarixdən Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 8 ünvanında yerləşən 2 saylı fərdi evindən qeydiyyatdan çıxmış və ünvan 3i ünvanı üzrə qeydiyyatda düşmüşdür. Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən мülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 228.4-cü maddəsinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdehin hazıradək mübahisəli mənzildə qeydiyyatda qalması formal xarakter daşımaqla, uzun müddət həmin mənzildə yaşamamaqla mənzildən istifadə hüququnu itirmişdir, ona görə də İddiaçı iddia tələbi təmin edilməli və Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 8 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 8 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar