Məhkəmə qərarları › İş №2(004)-2408/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2408/2025

02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2408/2025 02.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu müqavilə üzrə ödənilməyən 4500 manat kiraya haqqını və 65 manat dövlət rüsumunu, ümumilikdə 4565 manat məbləği cavabdehdən tutulub iddiyaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixli 27-M saylı müqaviləyə əsasən tərəf olan Cavabdeh MTK Nəsimi rayonu İcra Hakimiyyətinin 23 iyul 2017-ci il tarixli 173 saylı sərəncamına əsasən Nəsimi rayonu, Azadlıq prospekti, Vaqif prospekti, Hənifə Ələskərov prospekti və Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən, istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan iddiaçı mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada ’’Mülkiyyətçinin” söküntüsü nəzərdə tututlmuş,mülkiyyətində olan 4 otaqlı sahəsi 98 m (2) mənzilin faktiki ölçülmüş sahə üzrə sahəsinə 20% əlavə etməklə tam təmirli sahəsi 120m (2) olan mənzilin əvəzinə sahəsi 63,8m (2) olan 216 (təmirsiz) mənzili. Bu müqavilə üzrə digər tərəfdən iddiaçı ”Mülkiyyətçinin” mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Bununla bağlı Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-3220/2024 saylı qətnaməsi ilə onunla Cavabdeh MTK arasında bağlanmış 04 avqust 2018-ci il tarixli, 27-M nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Vaqif prospekti, Hənifə Ələskərov prospekti və Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən Cavabdeh MTK tərəfindən inşa olunan yaşayış binasında sahəsi 63,8 m (2) olan 216 saylı mənzil və sahəsi 63,8 m (2) 212 saylı mənzil, həmən şirkət tərəfindən ona təhvil verilməsi, həmçinin Cavabdeh MTK-dan ödənilməyən kirayə haqqına görə 6300 m, 212 saylı mənzilin təmir xərci olan 15950 m, ödənilmiş dövlət rüsumuna görə 157 manat məbləğində pulun tutularaq ona ödənilməsi qət edilmişdir. Sözü gedən qətnamə qanuni qüvvəsini almışdır. xx.xx.2017-ci il tarixli 27-M saylı müqavilənin 2.3.3-cü bəndinə əsasən,yeni binanın tikintisi başa çatıb istismara qəbul edilənədək, həmən sakinlərə yaxın ərazədə və razılaşdırılmış şəraitli müvəqqəti yaşayış yerləri üçün 450 manat kirayə haqqını ödəmək cavabdeh şirkətin öhdəliyi olmuşdur. Ancaq şirkət tərəfindən bu müqavilə üzrə “yeni mənzil”-lərin təhvil verilməsi öhdəliyi hal-hazırki vaxtadək yerinə yetirilmədiyi üçün ödənilməli olan kirayə haqqı (yəni 450 m) hər ay üçün 24 may 2024-cü il tarixdən bu günə kimi ödənilmir. Sonuncu ödəniş tarixi 24 may 2024-cü il olmuşdur. Hal-hazırda ödənilməsi olan kirayə haqqı 10x450=4500 manat təşkil edir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, bu müqavilə üzrə ödənilməyən 5400 manat kirayə haqqını, vurulmuş mənəvi zərərə görə 3000 manat və ödənilmiş dövlət rüsumuna görə 65 manat, cəmi 8465 manat Cavabdeh MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında aktda qeyd olunduğu kimi xx.xx.2024-cü il tarixdən mənzilin açarlarını təhvil aldığını, lakin aktın həmin tarixdə ona təqdim olunmadığını, 2023-cü ilin aprel ayından 2024-cü ilin may ayına qədər olan kirayə haqqının ödənildiyini, iyun, iyul, avqust aylarının kirayə haqqlarının ödənilmədiyini, bu səbəbdən kirayə haqqı tələbi hissəsində cavabdehdən 3 aylıq kirayə haqqı məbləğində pul tutulmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək, ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirib, iddianın qəbul etdikləri hissədə təmin edilməsi, qalan hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddianı qismən qəbul edərək, iyun, iyul, avqust ayları üçün kirayə haqqlarını ödəməyi qəbul etdiklərini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan Cavabdeh MMC-nin nizamnaməsinə əsasən fəaliyyət göstərən direktor X8 ilə “mülkiyyətçi” adlanacaq İddiaçı arasında bağlanmış 04 avqust 2017-ci il tarixli, 27-M nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən Nəsimi rayon İcra hakimiyyətinin 23 iyun 2017-ci il tarixli 173 saylı sərəncamına əsasən “Fədək" MMC-nin Nəsimi rayonu, Azadlıq prospekti, Vaqif prospekti Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən, istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan "Mülkiyyətçi"- yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada "Mülkiyyətçi”-nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 4 otaqlı, 98 m2 mənzilin faktiki ölçülmüş sahə üzrə sahəsinə 20% əlavə etməklə tam təmirli sahəsi 120 m2 olan mənzilin əvəzinə sahəsi 63.8 m2 olan 216 saylı (təmirsiz) və 63.8 m2 olan 212 saylı (təmirli) mənzilləri “Mülkiyyətçi"-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Qeyd: Razılıq ərizəsinə əsasən 216 sayl(təmirsiz) mənzil oğlu X1 adına, 212 saylı (təmirli) mənzili isə oğlu X4 adına rəsmiləşdirilir. Müqavilənin 1.2ci bəndinə əsasən "Mülkiyyətçi” bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün “Fədək" MMC-yə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada tikilmiş mənzili qəbul etməyi, həmçinin mənzilin ümumi sahəsinə əlavə edilmiş sahədən artıq sahənin dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.3-cü yarımbəndinə əsasən yeni binanın tikintisi başa çatıb istismara qəbul edilənədək həmin sakinlərə yaxın ərazidə və razılaşdırılmış şəraitli müvəqqəti yaşayış yerləri üçün 450 manat kirayə haqqını ödəmək Cavabdeh MTK-nın öhdəliyidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-3220/2024 nömrəli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 04 avqust 2018-ci il tarixli, 27-M nömrəli müqaviləyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Vaqif prospekti Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən Cavabdeh MMC tərəfindən inşa olunan yaşayış binasında sahəsi 63.8 kv.m. olan 216 saylı mənzil (təmirsiz) və sahəsi 63.8 kv.m. olan 212 saylı mənzil (təmirsiz) Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi və Cavabdeh MTK-dən ödənilməyən kirayə haqqına görə 6300 (altı min üç yüz) manat, 212 saylı mənzilin təmir xərci olan 15950 (on beş min doqquz yüz əlli) manat və ödənilmiş dövlət rüsumuna görə 157 (yüz əlli yeddi) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-3220/2024 nömrəli icra vərəqəsinə əsasən İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 04 avqust 2018-ci il tarixli, 27-M nömrəli müqaviləyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Vaqif prospekti Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən Cavabdeh MMC tərəfindən inşa olunan yaşayış binasında sahəsi 63.8 kv.m. olan 216 saylı mənzil (təmirsiz) və sahəsi 63.8 kv.m. olan 212 saylı mənzil (təmirsiz) “Fədək" MTK tərəfindən İddiaçı təhvil verilsin. Cavabdeh MTK-dən ödənilməyən kirayə haqqına görə 6300 (altı min üç yüz) manat, 212 saylı mənzilin təmir xərci olan 15950 (on beş min doqquz yüz əlli) manat və ödənilmiş dövlət rüsumuna görə 157 (yüz əlli yeddi) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərara əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3220/2024-023 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsində icraat başlanılmışdır. Borclu Cavabdehnə icraata başlamaq haqqında qərarın surəti və tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərarına əsasən "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.2-ci maddəsinə əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-3220/2024-023 nömrəli, xx.xx.2024-cü il tarixli sənədi icra olunması üçün Nəsimi rayon icra şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh MTK-nin xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-3220/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı yazaraq, icra məmuru tərəfindən icraata başlamaq haqqında və bildiriş faktiki fəaliyyət göstərdiyimz ünvana daxil olmamışdır. Belə ki, hüquqi ünvanda fəaliyyət göstərmirik və yalnız Yasamal rayon icra şöbəsində olduqdan sonra icraata başlamaq haqqımda qərar və bildiriş aldıqdan 5 gün sonra həmin pul vəsaiti xx.xx.2025-cil tarixdə könüllü müddətdə tələbkara tərəfimizdən köçürülmüşdür. Nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli akta əsasən Bakı şəhəri, Azadlıq prospektində Cavabdeh MTK tərəfindən yeni inşa edilmiş yaşayış binasının sahəsi 63.8 kv.m olan 216 saylı mənzil (təmirsiz) və sahəsi 63.8 kv.m olan 212 saylı (təmirsiz) mənzilin açarları xx.xx.2024-cü il tarixdə tələbkar İddiaçı təhvil verilmişdir. Eyni zamanda Cavabdeh MTK tərəfindən həmin təmirsiz mənzillərin təmir olunmasına heç bir maneçilik törətməyəcəklərini (təmir-tikinti işlərinin aparılmasına) bildirilmişdir. Aktın düzgünlüyünü öz imzaları ilə təsdiq etmişlər: Nəsimi rayon icra şöbəsinin icra məmuru X9, borclu Cavabdeh MTK-nin sədri X5 (etibarnamə əsasında), tələbkar İddiaçı, hal şahidləri X6, X7. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1885/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh MTK-ya qarşı “vurulmuş 10.000 manat mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh MTK-dan mənəvi zərərin əvəzi olaraq 2000 (iki min) manat pul və ödənilmiş 130,72 manat dövlət rüsumunun 50 (əlli) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Əhmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 24 iyul 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 04 avqust 2017-ci il tarixli, 27-M nömrəli müqavilənin 2.3.3-cü yarımbəndinə əsasən Cavabdeh MTK yeni binanın tikintisi başa çatıb istismara qəbul edilənədək binanın tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinlərinə yaxın ərazidə və razılaşdırılmış şəraitli müvəqqəti yaşayış yerləri üçün 450 manat kirayə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-3220/2024 nömrəli qətnaməsi ilə Cavabdeh MTK tərəfindən İddiaçı 2023-cü ilin aprel ayından aylıq kirayə haqqının verilməsinin dayandırıldığı, 14 ay üçün ödənilməyən kirayə haqqının cəmi 6300 manat təşkil etdiyi müəyyən edilmiş, Cavabdeh MTK-dən ödənilməyən kirayə haqqına görə 6300 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmiş və həmin pul vəsaiti xx.xx.2025-cil tarixdə könüllü müddətdə cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Nəsimi rayon icra şöbəsinin icra məmuru X9, borclu Cavabdeh MTK-nin sədri X5 (etibarnamə əsasında), tələbkar İddiaçı, hal şahidləri X6, X2 öz imzaları ilə təsdiq etdiyi xx.xx.2025-ci il tarixli akta əsasən Bakı şəhəri, Azadlıq prospektində Cavabdeh MTK tərəfindən yeni inşa edilmiş yaşayış binasının sahəsi 63.8 kv.m olan 216 saylı mənzil və sahəsi 63.8 kv.m olan 212 saylı mənzilin açarları xx.xx.2024-cü il tarixdə tələbkar İddiaçı təhvil verilmişdir. Hazırda İddiaçı Cavabdeh MTK tərəfindən 12 ay üçün ödənilməyən 5400 manat kirayə haqqı, mənəvi zərərə görə 3000 manat və 65 manat dövlət rüsumu olmaqla, ümumilikdə 8465 manatın cavabdehdən tutulub iddiyaçıya verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh MTK tərəfindən İddiaçı 2023-cü ilin aprel ayından aylıq kirayə haqqının verilməsinin dayandırıldığı, 14 ay üçün ödənilməyən kirayə haqqının cəmi (14*450) 6300 manat təşkil etdiyi müəyyən edilmiş və kirayə haqqına görə 6300 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin pul vəsaiti xx.xx.2025-ci il tarixdə könüllü müddətdə cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. İş materiallarında olan Nəsimi rayon icra şöbəsinin icra məmuru X9, borclu Cavabdeh MTK-nin sədri X5 (etibarnamə əsasında), tələbkar İddiaçı, hal şahidləri X6, X2 öz imzaları ilə təsdiq etdiyi akta əsasən Bakı şəhəri, Azadlıq prospektində Cavabdeh MTK tərəfindən yeni inşa edilmiş yaşayış binasının sahəsi 63.8 kv.m olan 216 saylı mənzil və sahəsi 63.8 kv.m olan 212 saylı mənzilin açarları xx.xx.2024-cü il tarixdə tələbkar İddiaçı təhvil verilmişdir. Beləliklə, müəyyən olunur ki, mənzilin açarları iddiaçıya təhvil verildiyi günə qədər iddiaçıya 2023-cü ilin aprel ayından 2024-cü ilin may ayına qədər olan kirayə haqqları ödənilmiş, iyun, iyul, avqust aylarının kirayə haqqları isə ödənilməmişdir. Cavabdeh iddianı qismən etiraf edərək, iyun, iyul, avqust ayları üçün kirayə haqqlarını ödəməyi qəbul etdiklərini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, kirayə haqqı tələbi hissəsində iddia qismən, yəni 3 aylıq kirayə haqqı məbləği həddində (3*450=1350 manat) təmin edilməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə minmiş qətnaməsinin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmuşdursa, bu zaman həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malikdir. Məhkəmə iddiaçının mənəvi zərərə görə 3000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, mülkihüquq məsuliyyətinin və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranması üçün üç mühüm şərt mövcud olmalıdır: 1) iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi sübuta yetirilməlidir; 2) bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi müəyyən olunmalıdır; 3) qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Göstərilən şərtlərin birinin mövcud olmaması mülkihüquq məsuliyyətinin, mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranmasını istisna edir. Göründüyü kimi, iddiaçı fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, hansı mənəvi sarsıntı və iztirablar keçirməsi barədə sübutları məhkəməyə təqdim edə bilməmiş, həmçinin qeyd edilən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Həmçinin iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1885/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh MTK-ya qarşı “vurulmuş 10.000 manat mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh MTK-dan mənəvi zərərin əvəzi olaraq 2000 (iki min) manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissəsində təmin edilməməlidir. Məhkəmə iddiaçının ödənilmiş 65 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə məhkəməyə ödənilmiş 65 manat dövlət rüsumunun 33.5 manatı cavabdehə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını, cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini və cavabdehin iddianı qismən etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Mənzil Tikinti Kooperativindən 1350 manat və dövlət rüsumu olaraq ödənilmiş 33.5 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Mənzil Tikinti Kooperativindən 1350 (bir min üç yüz əlli) manat və dövlət rüsumu olaraq ödənilmiş 33.5 (otuz üç manat əlli qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar