Məhkəmə qərarları › İş №2(004)-2413/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2413/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2413/2021 05.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, iddiaçı “xxxx” MTK-nın nümayəndəsi X1, Cavabdeh4 qızının nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı “xxxx” MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qızına qarşı borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MTK cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qızına qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 4, blok D, mənzil 56da yaşayan Cavabdeh1 kooperativə olan 540 manat borcunun, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 4, blok A, mənzil 8-də yaşayan Cavabdeh2 kooperativə olan 2288 manat borcunun, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 4, blok B2, mənzil 9-da yaşayan Cavabdeh3 kooperativə olan 3540 manat borcunun, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 4, blok C, mənzil 86-da yaşayan Cavabdeh4 qızının kooperativə olan 5139 manat borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2011-ci ilin yanvar ayından etibarən “ünvan 1 ünvanında tikilmiş yaşayış binasında əhali məskunlaşmışdır. Həmin dövrdən kooperativin ümumi yığıncağının qərarına əsasən binada yaşayanlardan kommunal xidmət haqları yığılır. Kommunal xidmət haqqının dəyəri mənzilin hər kv.m üçün 30 qəpik sakinlər tərəfindən kooperativə ödənilməsi müəyyən edilmişdir. Həmin ünvanlarda yaşayan blok D mənzil 56-da yaşayan Cavabdeh1 2019-cu ildən, blok A mənzil 8-də yaşayan Cavabdeh2 2016-cı ildən, blok B2 mənzil 9 saylı mənzildə yaşayan Cavabdeh3 2016-cı ildən, blok C mənzil 86-da yaşayan Cavabdeh4 qızı 2015-ci ildən indiyədək kommunal xidmət haqlarını ödəməmişdirlər. Dəfələrlə kooperativ tərəfindən onlara şifahi və yazılı olaraq bildirilisə də kommunal haqlarını ödəməmirlər. Bu isə kooperativin işində problemlər yaradır. Bu halda, kooperativdə çalışanların əmək haqlarını, vergi, işıq, su və digər ödənişləri vaxtlı-vaxtında ödənilməsində problemlər yaradır. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” MTK-nın nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, qeyd edilən ünvanlarda yaşayan Cavabdeh2 2016-cı ildən, Cavabdeh3 2016-cı ildən, blok C mənzil 86-da yaşayan Cavabdeh4 qızı 2015-ci ildən indiyədək kommunal xidmət haqlarını ödəməmişdirlər. Sözü gedən xidmət haqlarının ödənilməməsi nəticəsində, həmin yaşayış sahələrinə xidmət edən işçilərin əmək haqlarının verilməsində, binanın saxlanılmasında və digər xidmətrin göstərilməsində çətinlik yaradır. Bundan başqa cavabdehlərdən Cavabdeh1 kooperativə olan borcunu ödəmiş və onun hazırda ödənilməmiş borcu yoxdur. Qətnamə qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 qızının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçı “xxxx” MTK 2015-ci ildən indiyədək kommunal xidmət haqlarını ödəmədiyini bildirir. Lakin 03.07.2019-cu il tarixinədək Cavabdeh4 qızının MTK-ya borcu yoxdur. Belə ki, MTK tərəfindən verilmiş 03.07.2019-cu il tarixli 286 nömrəli arayışda da onun MTK-ya borcunun olmadığı qeyd edilmişdir. 03.07.2019-cu il tarixinədək kommunal xidmət haqlarını və pay haqqını tam olaraq MTK ödəməyinə baxmayaraq MTK mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarını bu günədək ona təqdim etməmişdir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və digər zəruri sənədlər MTK tərəfindən ona təqdim edilmədiyindən mənzili üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatından keçirə bilmir. MTK öz öhdəliklərini icra etmədiyindən 03.07.2019-cu il tarixindən kommunal xidmət haqlarını ödəmir. Bundan əlavə onun mənzilinin ümumi sahəsi 145.2 kv.m təşkil edir. Yəni MTK-nın qeyd etdiyi kimi 2015-ci ildən indiyədək kommunal xidmət haqlarını ödəməsəydi belə onun MTK-ya 5139 manat borcu yarana bilməzdi. Cavabdehin MTK-ya 03.07.2019-cu il tarixinədək hər hansı bir borcu yoxdur. İddiaçı tərəfindən ümumiyyətlə binaların saxlanılması istiqamətində xidmət göstərilmir. Bundan başqa da, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Odur ki, iddia müddəti keçdiyindən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 da, iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçı tərəfindən müvafiq yaşayış sahələri üzrə xidmətlərin göstərildiyi qeyd edilsə də, bu tamami ilə yalnışdır. Belə ki, binanın fadası, liftlər baxımsız vəziyyətdədir. Bununla yanaşı binanın özündən və həyətindən zibillər təmizlənmir. Həmçinin iddiaçının tələbinin qanuni əsası yoxdur. Çünki onlarla kommunal xərclərin ödənilməsi barədə hər hansı bir müqavilə bağlanmamışdır. Eyni zamanda həmin kommunal xərclərə görə nə qədər pul ödəyəcəkləri barədə məlumatsızdırlar. Bütün bu sadalananlarla yanaşı iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş müddət də ötürülmüşdür. Odur ki, iddia müddətinin ötürülməsi səbəbindən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə (həmçinin məhkəmə elektron SMS vasitəsilə məlumatlandırılmış) xəbərdar edilmiş iş üzrə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, 19.12.2012-ci il tarixli akta əsasən podratçı xxxx MMC Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3138 saylı məhəllədə yerləşən yaşayış binalarını sifarişçi xxxx MTK-ya təhvil vermişdir. Mənzil tikinti haqda 14.12.2007-ci il tarixli müqaviləyə əsasən “xxxx” MMC ilə Cavabdeh4 qızı arasında bağlanmış müqaviləyə əsasən, “xxxx” MMC Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3138-ci məhəllə, korpus C, 86 nömrəli mənzilin yaşayış və qeyri-yaşayış sahəsini alıcı Cavabdeh4 qızına verməyi, alıcı isə mənzilin haqqını müəyyənləşdirilən mərhələlər üzrə ödəməyi və nəticədə mənzili qəbul etməyi; 05.02.2007-ci il tarixli, 72 nömrəli müqaviləyə əsasən “xxxx” MMC Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3138-ci məhəllə, korpus B2, mərtəbə 3, 10 nömrəli mənzilin yaşayış və qeyri-yaşayış sahəsini alıcı Cavabdeh3 verməyi, alıcı isə mənzilin haqqını müəyyənləşdirilən mərhələlər üzrə ödəməyi və nəticədə mənzili qəbul etməyi; 14.11.2006-cı il tarixli, 23 nömrəli müqaviləyə əsasən “xxxx” MMC Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3138-ci məhəllə, korpus A, 8 nömrəli mənzilin yaşayış və qeyri-yaşayış sahəsini alıcı Cavabdeh2 verməyi, alıcı isə mənzilin haqqını müəyyənləşdirilən mərhələlər üzrə ödəməyi və nəticədə mənzili qəbul etməyi; 15.05.2006-cı il tarixli, 2/16 nömrəli müqaviləyə əsasən “xxxx” MTK Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3138-ci məhəllə, D-55 nömrəli mənzilin yaşayış və qeyri-yaşayış sahəsini payçı Cavabdeh1 verməyi, payçı isə mənzilin haqqını müəyyənləşdirilən mərhələlər üzrə ödəməyi və nəticədə mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. İddiaçı cavabdehlərə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 4, blok D, mənzil 56-da yaşayan Cavabdeh1 kooperativə olan 540 manat borcunun, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 4, blok A, mənzil 8-də yaşayan Cavabdeh2 kooperativə olan 2288 manat borcunun, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 4, blok B2, mənzil 9-da yaşayan Cavabdeh3 kooperativə olan 3540 manat borcunun, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 4, blok C, mənzil 86-da yaşayan Cavabdeh4 qızının kooperativə olan 5139 manat borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. 38.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. 43.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. 43.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək, çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətiər tətbiq edilməsi haqqında qərar qəbul etmək, çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək, çoxmənzilli binanın idarəetmə üsulunu seçmək, bu Məcəilə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid ediimiş digər məsələlər aiddir. 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəs mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənziltikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 138.5-ci maddəsinə görə isə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdr ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Öz növbəsində həmin Məcəllənin 142.1-ci maddəsi imperativ qaydada göstərir ki, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanmalıdır. Qeyd olunan maddədə bu müqaviləyə dair tələblər də göstərilmişdir. Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Beləliklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur. ... Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər”. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, tərəflər arasında kommunal xidmətlərə dair müqavilə mövcud olmadığı halda cavabdehlərin üzərinə hər hansı öhdəliklərin qoyulmasının hüquqi əsası mövcud deyil. Belə ki, bu “öhdəlik” anlayışının ruhuna zidd olardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə hesab edir ki, iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qızına qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi əsassızdır və təmin edilə bilməz. Məhkəmə eyni zamanda iddia tələbini təmin etməyərkən, iddiaçı “xxxx” MTK-nın fəaliyyətini MMMC kimi deyil, hələ də mənzil tikinti kooperativi olaraq davam etdirməsini də, nəzərə alır. Bundan başqa məhkəmə, cavabdehlərdən Cavabdeh1 münasibətdə iddia tələbini təmin etməyərkən onuda qeyd edir ki, məhkəmə araşdırması zamanı Cavabdeh1 halhazırda kommunal xərcələrə görə iddiaçıya borcunun olmaması müəyyən edilmişdir. İşin bu halı iddiaçının nümayəndəsinin etiraf edici izahatı və eləcə də, iş materiallarına əlavə edilmiş maliyyə arayışı ilə də, təsdiqini tapmışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən digər cavabdehlərə münasibətdə 2015-2016-cı il tarixlər üzrə yaranmış borcun tutulmasına görə iddia müddəti də, ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 238, 244, 358 və 360 -cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxx” MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qızına qarşı borcun ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar