Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-242/2021 11.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə və “xxxx” ASC-yə qarşı “2-ci dərəcəli əmək əlili kimi cavabdehlər tərəfindən avtomobillə pulsuz təmin edilməsi və yaxud avtomobilin dəyəri kimi 30.000 manat pul ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və “xxxx” ASC-yə qarşı “2-ci dərəcəli əmək əlili kimi cavabdehlər tərəfindən avtomobillə pulsuz təmin edilməsi və yaxud avtomobilin dəyəri kimi 30.000 manat pul ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası MPM-in 54.1-ci maddəsinin tələbinə uyğun olaraq, əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini, əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əvəz etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, 1991-ci ildə işlədiyi “xxxx” ASC-də əmək xəsarəti almış və 2-ci qrup əlil olmuşdur. 2000-ci ildən iş yeri üzrə əlil kimi avtomobil növbəsinə götürülmüşdür. “xxxx” ASC 2012-ci ildən fəaliyyətini dayandırmışdır. 2014-cü ilə kimi növbədə olan əlillərə avtomobil verilmişdir. “xxxx” ASC ona veriliməli olan avtomobilin dəyərini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə ödəməli və ona avtomobil verilməlidir. Hesab edir ki, Çernobıl əlillərinə və müharibə əlillərinə pulsuz avtomobil verildiyinə görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi onu da pulsuz avtomobillə təmin etməli, daha sonra avtomobilin dəyərini “xxxx” ASC-dən tələb etməlidir. 2000-ci ildən növbədə olduğuna görə ona iki ədəd avtomobil verilməlidir. Çünki, verilən avtomobil hər 10 ildən bir yenisi ilə əvəz edilməlidir. Bu səbəbdən 2-ci dərəcəli əmək əlili kimi onun cavabdehlər tərəfindən avtomobillə pulsuz təmin edilməsi və yaxud 2 ədəd avtomobilin dəyəri kimi 30.000 manat pul ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı işlədiyi “xxxx” ASC-də əmək xəsarəti almış və 2-ci qrup əlil olmuşdur. 2000-ci ildən iş yeri üzrə əlil kimi avtomobil növbəsinə götürülmüşdür. Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 433 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsüsi nəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və ya motorlu araba ilə təmin edilməsi qaydaları haqqında” Təlimata əsasən, imtiyazlı şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən növbəlilik qaydasında pulsuz avtomobil və ya motorlu araba ilə təmin edilirlər. Əmək əlillərinin pulsuz avtomobillə təmin edilməsi həmin Təlimatda öz əksini tapmamışdır. Əmək əlillərinin, indiki halda İddiaçı avtomobillə təmin edilməsi üçün onun iş yeri üzrə “xxxx” ASC tərəfindən avtomobilin 100 % dəyərinin ödənilməsi lazımdır. Belə bir ödəniş olmadığı üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən İddiaçı pulsuz avtomobillə təmin edilə bilməz. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 501 nömrəli qərarında yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olmuş şəxslərin pulsuz avtomobillə təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin qərarla “Xüsusi nəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 5 avqust tarixli 433 nömrəli Qərarının 1-ci, 2-ci və 3-cü hissələri ləğv edilmişdir. Bu səbəblərdən iddianın rədd edilməsini xahiş edir. Cavabdeh “xxxx” ASC-yə məhkəmə iclasının vaxtı və yeri baradə bildiriş göndərilmişdir. Lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, təqdim edilmiş və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi nəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında” 1993-cü il 5 avqust tarixli 433 nömrəli Qərarında göstərilir ki:
1. Tibbi göstərişlər üzrə xüsusi avtonəqliyyat almağa hüququ olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında təlimat təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə tibbi göstərişlər əsasında Qarabağın Dağlıq hissəsində, onunla və Ermənistanla sərhəd rayonlarında Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin növbədənkənar, 1990-cı ildə Bakı şəhərində və respublikanın yaşayış məntəqələrində baş vermiş faciəli yanvar hadisələri zamanı, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlil olmuş şəxslərin, İİ dünya müharibəsi əlillərinin və onlara bərabər tutulanların isə ümumi növbə ilə pulsuz xüsusi avtonəqliyyatla təmin olunması üçün dövlət büdcəsindən bu məqsədə ayrılmış vəsait daxilində mərhələlərlə vəsait ayırsın.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi minik avtomobillərinin illik limitinin bölgüsü zamanı respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin istər adi, istərsə də əllə idarə olunan xüsusi minik avtomobillərinə olan tələbatını nəzərə alsın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi nəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında” 1993-cü il 5 avqust tarixli 433 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi avtonəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında” Təlimatın 5-ci bəndinə əsasən xüsusi avtomobil nəqliyyatı almağa hüquq verən, tibbi göstərişi olan və onu idarə etməyə əks göstərişi olmayan əmək əlillərinə minik avtomobili dəyərinin 100 faizini əlillik aldığı müəssisənin hesabına ödənilməklə verilə bilər. Təlimatın 15-ci bəndinə əsasən motorlu araba və avtomobillər tibbi göstəriş olduğu hallarda aşağıda qeyd edilən əlillərə pulsuz verilir: Qarabağın Dağlıq hissəsində, onunla və Ermənistanla sərhəd rayonlarında Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərə (növbədənkənar); 1990-cı ildə Bakı şəhərində və respublikanın digər yaşayış məntəqələrində baş vermiş faciəli yanvar hadisələri zamanı əlil olmuş şəxslərə; Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlil olmuş şəxslərə; İİ dünya müharibəsi əlillərinə və onlara bərabər tutulanlara. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 501 nömrəli qərarı ilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.18-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. “Xüsusi nəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 5 avqust tarixli 433 nömrəli Qərarının 1-ci, 2-ci və 3-cü hissələri ləğv edilsin. İddiaçı işlədiyi “xxxx” ASC-də əmək xəsarəti almış və 2-ci qrup əlil olmuşdur. 2002-ci ildən əmək əlili kimi avtomobil növbəsinə götürülmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 501 nömrəli qərarı ilə ləğv edilmiş - Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi nəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında” 1993-cü il 5 avqust tarixli 433 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi avtonəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında” Təlimatın 5-ci bəndinə əsasən xüsusi avtomobil nəqliyyatı almağa hüquq verən, tibbi göstərişi olan və onu idarə etməyə əks göstərişi olmayan əmək əlillərinə minik avtomobili dəyərinin 100 faizini əlillik aldığı müəssisənin hesabına ödənilməklə verilə bilər. Hazırkı halda minik avtomobili dəyərinin 100 faizi İddiaçı əlillik aldığı müəssisə - “xxxx” ASC tərəfindən ödənilmədiyi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi İddiaçı pulsuz avtomobillə təmin edə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı pulsuz avtomobil almaq hüququ olan şəxslərin sırasına daxil olmadığı üçün 2-ci dərəcəli əmək əlili kimi onun cavabdehlər tərəfindən avtomobillə pulsuz təmin edilməsi və yaxud 2 ədəd avtomobilin dəyəri kimi 30.000 manat pul ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə və “xxxx” ASC-yə qarşı “2-ci dərəcəli əmək əlili kimi cavabdehlər tərəfindən avtomobillə pulsuz təmin edilməsi və yaxud avtomobilin dəyəri kimi 30.000 manat pul ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən:Vahid Hacıyev