Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2454/2024 06.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh “X1 "xxxx" ASC-yə qarşı ödənişin verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X1 "xxxx" ASC-yə qarşı ödənişin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Avro X4 "xxxx" ASC-dən hər ay 852 manat 20 qəpik pul tutularaq, universitetdə əyani şöbədə təhsili bitənə qədər ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli, 2(004)-8214/2014 saylı qətnaməsinə əsasən cavabdeh “Avro X4 "xxxx" ASC-dən xx.xx.2013-cü il tarixdən başlayaraq hər ay 541 manat 37 qəpik pul alınaraq xx.xx.2003-cü il təvəllüdlü İddiaçı və xx.xx.2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər iddiaçı Nümayəndə2 verilməsi qət edilmişdir. Onlar yetkinlik yaşına çatana qədər həmin ödənişlər davam edirdi. Hazırda həmin ödənişlər dayandırılmışdır. Hazırda o, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix-coğrafıya fakultəsində əyani şöbədə oxuyur və bu gün də əmək qabiliyyətsiz hesab edilir və gəlir əldə etmir. Digər qardaşı, xx.xx.2006-cı il təvəllüdlü X8 isə artıq 18 yaşa çataraq hazırda hərbi xidmətdədir. Anası Nümayəndə2 isə səhhəti ilə əlaqədar işləmir. Hazırda evində çörək pulu qazanan heç kim yoxdur və bu illər ərzində anası onları yalnız cavabdehdən alınan ödənişlər hesabına saxlamışdır və buna görə cavabdehə minnətdardılar. Amma hazırda o, əyani şöbənin tələbəsi kimi əmək qabiliyyətsiz hesab edilir və belə hesab edir ki, cavabdeh bu ödənişləri davam etdirməlidir. Qətnamə qəbul edilən müddətdən 8 il keçib və bu illər ərzində şəxsin yaşaması üçün Respublika səviyyəsində tələb edilən yaşayış minimumu məbləği AR Prezidentinin Sərəncamları ilə dəfələrlə artırılıb və bu da sübut edir ki, həyat bahalaşıb və yaşayış üçün xərclənən vəsaitin də həcmi artıb. Onu da qeyd etmişdir ki, həmin vaxt uşaqların atası 541 manat maaş alırdı, indi onun vəzifəsində işləyən polis nəfərinin vəzifə maaşı artaraq 852 manat 20 qəpik təşkil edir. Belə olan təqdirdə əgər atası sağ olsaydı, indi onlara bu məbləğdə vəsait xərcləmək imkanında olacaqdı. Ona görə də belə hesab edir ki, bu əsasla da cavabdeh tərəfindən ödəniş davam etdirilməlidir. Bundan əvvəlki məhkəmə zamanı məhkəmə onların atasının əmək haqqını ödəncin məbləği kimi qəbul edilməsini qanunauyğun hesab etmiş və cavabdeh də bunu qəbul etmişdir. Ona görə də belə hesab edir ki, hazırda ödənişin məhz indiki əmək haqqı məbləğində tutulması qanunauyğundur və ödəniş məbləği məhz 852 manat 20 qəpik müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 və iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 iddiaçı tələbini qismən qəbul edərək izahatında bildirdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 8214/2014-cü il tarixli, 28 noyabr 2014-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, cavabdeh “X1 "xxxx" ASC-dən 1000 manat dəfn və yas xərcləri, xx.xx.2013-cü ildən başlayaraq hər ay 541 (beş yüz qırx bir) manat 37 (otuz yeddi) qəpik pulun alınaraq iddiaçının uşaqları xx.xx.2003-cü ildə anadan olmuş İddiaçı və xx.xx.2006-cı ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək iddiaçı Nümayəndə2 verilməsi, həmin ödənişin bir illiyi, yəni 6496 (altı min dörd yüz doxsan altı) manat 44 (qırx dörd) qəpiyi birdəfəlik cavabdeh “X1 "xxxx" ASC-dən tutularaq iddiaçı Nümayəndə2 verilməsi qət edilmişdir. Onlar hal-hazırda da həmin məbləği ödəyə bilərlər. Məhkəmədən qətnamə qəbul edilərkən bunun nəzərə alınmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər VVADQ Şöbəsinin AZ-İ №508993 saylı, 24 iyul 2004-cü il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı xx xxxxxx 2003-cü il tarixdə anadan olmuşdur. X2, anası isə Nümayəndə2dır. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8214/2014-cü il tarixli, 28 noyabr 2014-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, cavabdeh “X1 "xxxx" ASC-dən 1000 manat dəfn və yas xərcləri, xx.xx.2013-cü ildən başlayaraq hər ay 541 (beş yüz qırx bir) manat 37 (otuz yeddi) qəpik pulun alınaraq iddiaçının uşaqları xx.xx.2003-cü ildə anadan olmuş İddiaçı və xx.xx.2006-cı ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək iddiaçı Nümayəndə2 verilməsi, həmin ödənişin bir illiyi, yəni 6496 (altı min dörd yüz doxsan altı) manat 44 (qırx dörd) qəpiyi birdəfəlik cavabdeh “X1 "xxxx" ASC-dən tutularaq iddiaçı Nümayəndə2 verilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin 47 saylı, xx.xx.2024-cü il tarixli arayışına əsasən İddiaçı 2021-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuş və hazırda əyani şöbəsinin tarix-coğrafiya fakültəsinin 3-cü tədris ilində təhsil alır. Təhsil müddəti 2025-ci ilin iyul ayına kimi nəzərdə tutulur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin X7 15 saylı, xx.xx.2024-cü il tarixli arayışına əsasən Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin polis nəfəri – sürücü vəzifəsində işləmiş və ölümü ilə əlaqədar 20 noyabr 2013-cü il tarixində DİO-dan xaric edilmiş sabiq polis baş serjantı X3 bu günkü tarixə almalı olduğu aylıq əmək haqqı 852,20 manat olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1117-ci maddəsinə əsasən müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. 1121.1-ci maddəsinə əsasən zərərçəkənin (ailə başçısının) öldüyü halda ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; şəxsin ölümündən sonra doğulmuş uşağı; ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq; ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslər zərərin əvəzinin ödənilməsi hüququ vardır. 1121.2-ci maddəsinə əsasən işləməyən və ölənin uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və qulluq etdiyi dövrdə əmək qabiliyyətini itirən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü zərərin əvəzinin ödənilməsi hüququnu həmin şəxslərə qulluq qurtardıqdan sonra da saxlayır. 1121.3-cü maddəsinə əsasən zərərin əvəzi yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək; on səkkiz yaşından yuxarı tələbələrə - əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək; əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə - ömürlük; əlilliyi olan şəxslərə - əlillik müddəti üçün; ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə qulluq etdikləri on dörd yaşına çatanadək ödənilir. 1122.1-ci maddəsinə əsasən ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir. 1122.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi miqdarı müəyyənləşdirilərkən ailə başçısının ölümü ilə əlaqədar şəxslərə təyin edilmiş pensiyalar və həm ailə başçısı ölməzdən əvvəl, həm də öldükdən sonra təyin edilmiş digər növ pensiyalar, habelə həmin şəxslərin götürdükləri qazanc (gəlir) və aldıqları təqaüd onlara zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. 1125.1-ci maddəsinə əsasən zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Üzrlü səbəblər varsa, məhkəmə zərərin əvəzinin ödənilməsinə hüququ olan fiziki şəxsin tələbi ilə ona çatası ödənişləri zərərvuranın imkanlarını nəzərə almaqla, bir dəfəliyə, lakin ən çoxu üç illiyə təyin edə bilər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında göstərmişdir ki, “Məhkəməyə müraciət etmək hüququ ilk növbədə iddianın qaldırılması ilə həyata keçirilir. Hüquq subyektlərinin həll edilməsi üçün məhkəməyə müraciət etdikləri mübahisələrin dairəsi kifayət qədər genişdir. İddialar bir-birindən maraqlı şəxslərin – proses tərəflərinin adları ilə, iddiaçının müdafiəsini xahiş etdiyi subyektiv maddi hüquqlarla, məhkəmə müdafiəsi üçün müraciət etməyin əsası olmuş hallarla fərqlənirlər. Qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-in 53, 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: - birincisi, cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir;... İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ - hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir.” Məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8214/2014-cü il tarixli, 28 noyabr 2014-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, cavabdeh “X1 "xxxx" ASC-dən 1000 manat dəfn və yas xərcləri, xx.xx.2013-cü ildən başlayaraq hər ay 541 (beş yüz qırx bir) manat 37 (otuz yeddi) qəpik pulun alınaraq iddiaçının uşaqları xx.xx.2003-cü ildə anadan olmuş İddiaçı və xx.xx.2006-cı ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək iddiaçı Nümayəndə2 verilməsi, həmin ödənişin bir illiyi, yəni 6496 (altı min dörd yüz doxsan altı) manat 44 (qırx dörd) qəpiyi birdəfəlik cavabdeh “X1 "xxxx" ASC-dən tutularaq iddiaçı Nümayəndə2 verilməsi qət edilmişdir. Halhazırda İddiaçı yetkinlik yaşına çatmış, Azərbaycan Dövlət Pedaqoji Universitetinin əyani şöbəsinin tarix-coğrafiya fakültəsinin 3-cü tədris ilində təhsil alır, cavabdeh tərəfindən də ödənişlər dayandırılmışdır. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən ödənişlər davam etdirilməlidir. Cavabdeh iddia tələbini qismən qəbul edir və iddiaçının əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitənədək (ən çoxu iyirmi üç yaşınadək) hər ay 541 (beş yüz qırx bir) manat məbləğində ödənişin edilməsinə razıdır. Məhkəmə iddiaçının tələbə olmasını, işləməməsini, ailəsində çörək pulu qazanan heç kimin olmadığını, illər ərzində yalnız cavabdehdən alınan ödənişlər hesabına yaşadıqlarını, İddiaçı Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix-coğrafiya fakültəsinin 3-cü kursda oxumasını da nəzərə alaraq, hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh “X1 "xxxx" ASC-dən İddiaçı əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitənədək (ən çoxu iyirmi üç yaşınadək) hər ay 541 (beş yüz qırx bir) manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “X1 "xxxx" ASC-dən İddiaçı əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitənədək (ən çoxu iyirmi üç yaşınadək) hər ay 541 (beş yüz qırx bir) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2454/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2454/2024
06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver