Məhkəmə qərarları › İş №2(004)-247/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-247/2020

23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-247/2020 23.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, evdən çıxarılma və evin boşaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 13029,92 manat əsas borc, 4380,72 manat faiz borcu, cəmi 17410,64 manat məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla, cəmi 30 manat xərcin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,4 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh1 mülkiyyətində olan Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsi, 3\23 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə (ümumi sahə 208,4 kv.m.) yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh1 Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsi, 3\23 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evindən çıxarılması və həmin evin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı" ASC ilə borcalan Cavabdeh1 arasında xx xxxxxx 2017-ci il tarixli, 600840-458848/1 nömrəli kredit müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə "İddiaçı" ASC tərəfindən Cavabdeh1 illik 26 faiz dərəcəsi ilə 18 ay müddətinə 30.000 (otuz min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 tam mülkiyyətində olan Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsi, 3\23 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi (ümumi sahə 208.4 kvjn) xx xxxxxx 2017-cı il tarixli, 600840-458848/1 nömrəli ipoteka müqaviləsinə əsasən banka ipoteka qoyulmuşdur. Bundan əlavə, bank və digər Cavabdeh2 arasında xx xxxxxx 2017-ci il tarixli, 600840-458848/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, Bank tərəfindən "İpoteka haqqında" AR-nın Qanununun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2019-cu il tarixli, 001/007/2416/2019 nömrəli bildiriş ipotekaqoyan Cavabdeh1 xx.xx.2019-cu il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü ərzində, yəni xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, İddiaçı ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.(maddə 472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.3). Göstərilən Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası MM-in 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. (Maddə 319.1) Eyni Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Eyni Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən, Cavabdeh2 isə ona zamin durduğundan müqavilə üzrə hesablanmış 13029,92 manat əsas borc və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla, cəmi 30 manat xərc cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə faiz borcu üzrə iddia tələbi ilə onu qeyd edir ki, həmin hissədə iddia qismən təmin edilməlidir. Belə ki, təqdim olunmuş xx xxxxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehlərin xx xxxxxx 2017-ci il tarixli, 600840-458848/1 nömrəli kredit müqaviləsi üzrə kredit müqaviləsinin bitmə tarixinə olan faiz borcu 2837,37 manat təşkil edir. Əlavə olaraq maliyyə arayışında cavabdehlərin həmin kredit müqaviləsi üzrə müqavilənin bitdiyi tarixdən sonra Mərkəzi Bankın uçot faiz dərəcəsini keçməməklə hesablanmış 828,85 manat faiz borclarının olduğu qeyd edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermədiyindən, cavabdehlərdən iddiaçının xeyrinə kreditin bitməsi tarixinə hesablanmış 2837,37 manat faiz borcu tutulmalı, qalan hissədə faiz borcu tələbi rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədən irəli gələn öhdəliklər kredit alan şəxs tərəfindən yerinə yetirilmədiyindən bank artıq tələbin ipoteka predmetinə yönəldilməsi prosedurasına başlamaq hüququna malik olmuşdur. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsinə dair “xxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli LP-025/20 saylı ekspert rəyinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsi, 3\23 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinin hazırki real orta bazar qiyməti 47000 manat təşkil edir. Məhkəmə, iddiaçının iddia tələbini və ekspert rəyini nəzərə alaraq hesab edir ki, Cavabdeh1 məxsus Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsi, 3\23 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evin ilkin satış qiyməti 47000 manat müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 ipoteka predmetini təşkil edən evin satılmasından sonra Cavabdeh1 evdən çıxarılması və evinboşaldılması hissəsində əsaslıdır və təmin edilməlidir. Belə ki, «İpoteka haqqında» Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: -59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; -59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı ASC-nin borc tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün məhkəmə hesab edir, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumun, 27,30 manat hissəsi və 0,40 manat bank xidmət haqqının 0,36 hissəsi cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 13029,92 (on üç min iyirmi doqquz manat doxsan iki qəpik) manat əsas, 2837,37 (iki min səkkiz yüz otuz yeddi manat otuz yeddi qəpik) manat faiz, ümumilikdə 15867,29 (on beş min səkkiz yüz altmış yeddi manat iyirmi doqquz qəpik) manat borc, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı, cəmi 30 (otuz) manat xərc, 27,30 (iyirmi yeddi manat otuz qəpik) manat məbləğində dövlət rüsumu və 0,36 (otuz altı qəpik) manat bank xidmət haqqı İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh1 məxsus Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsi, 3\23 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə (ümumi sahə 208,4 kv.m.) yönəldilsin, həmin əmlak açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilsin. Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsi, 3\23 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinin hərracda satılması üçün ilkin satış qiyməti 47000 manat məbləğində müəyyən edilsin. Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsi, 3\23 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi satıldıqdan sonra Cavabdeh1 həmin evdən çıxarılsın və ev onun tərəfindən boşaldılsın. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar