Məhkəmə qərarları › İş №2(004)-2482/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2482/2023

02.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2482/2023 02.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı (X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilə köçürülmə" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı (X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilə köçürülmə" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən 64 nömrəli mənzilə köçrülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda 5-ci mərtəbəsində ümumi sahəsi 165 kv.m olan 4 otaqdan ibarət 64 nömrəli mənzilə köçrülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh “X11” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ünvan 3 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 165 kv.m olan 4 otaqdan ibarət 64 saylı mənzil 27 mart 2015-ci il tarixdə 26 nömrəli müqavilə bağlanmaqla, mənzilin hər kvadratı 559 manat olmaqla dəyəri 90.750 manat məbləğinə iddiaçıya satılmışdır. Mənzilin dəyəri iddiaçıya tam şəkildə ödənmiş, 25 nömrəli maliyyə arayışı verilmişdir. Mənzil iddiaçıya təhvil verilmiş və mənzildə təmir işləri etdirməyə başlamış və müəyyən səbəblərdən mənzildə istifadə imkanları məhtudlaşdırılmış və bu əsasla da məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, o, “X11” MTK-ya qarşı iddia ərizəsi ilə müraciət edərək mənzilin cavabdehdən alınaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını istəmiş və Yasamal Rayon Məhkəməsinin 09 fevral 2018-ci il tarixdə iddia tələbi üzrə 2(103)-7960/2018 nömrəli qətnaməsi ilə iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2018-ci tarixli 2(103)- 7960/2018 saylı qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilməmiş, birinci inistansiya məhkəməsinin qətnaməsi qüvvəsində saxlanmışdır. O, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, işin yenidən baxıklması üçün apellyasiya inistansiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)- 1629/2022 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7960/2018 nömrəli iş üzrə 15 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4646/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin olunmuş mənzilin “X11” MMC-dən alınaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi icra edilməsi üçün Yasamal Rayon İcra Şöbəsinə göndərilmiş və icra şöbəsi məhkəmə qətnaməsini icra etməmiş və icra səbəbi olaraq qətnamədə köçrülmə tələbinin olmamasını qeyd etmişdir və bu əsasla təkrarən məhkəməyə nüraciət etmək qərarına gəlmişdir. Belə ki, “X11” MMC-nin tikdiyi binalar Cavabdeh Mənzil Tikinti Kooperativinə təhvil verilmişdir. Belə ki, “X11” MMC-nin xx.xx.2015-ci il tarixdə yazdığı bildirişdə X16 MTK-nın fəaliyyəti olmadığı üçün onun Şakir MTK-da Podratçı və İcraçı səlahiyyətlərinin olduğu üçün gələcəkdə binalar təhvil verilmə zamanı Şakir MTK tərəfindən tanınmaq və çıxarışların alınıb verilməsi şərtləri ilə sənədləşmə aparılmasına Yeni Yasamal yaşayış massivi Xarici Dairəvi küçəsi küçə 2də inşa olunan 10 mərtəbəli yaşayış binasının “X11” MMC-nin möhürü ilə imzalanaraq səmədləşdirilməsinə dair qeyd var. Bundan başqa “X11” MMC-dən verilən sənədləşmələr üzrə əmlakçıların Cavabdeh MTK tərəfindən payçılara verilməsi və çıxarış alınması təhvil-təslim işləri Cavabdeh MTK təsisçisi ilə X6 arasında olan razılaşma müqaviləsi üzrə öhdəliklərinə görə gələcəkdə bina təhvil verən zaman Cavabdeh MTK tərəfindən təmin olunmasına dair qeydlər var və həmin bildirişin bir nüsxələri Cavabdeh MTK-nın təsisçilərinə göndərilmişdir. "xxxx" MMC tərəfindən,Telman Səlimov tərəfindən satılan yaşayış evlərinə dair alıcılardan çıxarış alanlar da mövcuddur. Şakir” Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə2 iddia tələbinə dair etiraz ərizəsi və etiraz ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, İddiaçı Cavabdeh MTK- ya qarşı mənzilə köçürmə tələbinə dair iddia ərizəsi əsasız və qanunsuzdur. İddiaçının iddia etdiyi mənzil barədə subyektiv hüququ yoxdur. İddiaçı ilə mənzil barədə “X11” MMC arasında bağlanmış müqavilə əsaslı və qanuni hesab edilə bilməz. Belə ki, ünvan 2 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binası üzərində “X11” MMC-nin heç bir hüququ yoxdur və MMC-nin direktoru X7 “X11” MMC təsis etməklə guya ünvan 2 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasında mənzil satmaq hüququnun olduğunu qeyd edərək müxtəlif şəxslərə qanunsuz olaraq mənzil alqı-satqısı barədə müqavilə və maliyyə arayışı təqdim etməklə dələduzluq etməsi barədə 2018-ci ildə Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə məsuliyyət cəlb olunmuş və məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmişdir. Şakir MTKnin direktoru Nümayəndə2 həmin cinayət işi üzrə zərərçəkmiş qismində tanınmışdır. Bundan başqa ünvan 2 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasında yerləşən 69 nömrəli mənzil, əslində 10 nömrəli mənzildir və əslində həmin 10 nömrəli mənzil sahəsi 146,8 olmaqla X5 məxsusdur və onun xüsusi mülkiyyətindədir. X8 on ildən artıqdır ki, ailəsi ilə birlikdə bu mənzildə yaşayır. Hazırki iş üzrə Cavabdeh MTK cavabdeh qismində iştirak etməməlidir. Nümayəndə2 hazırda Cavabdeh MTK-nın sədridir. Ona qədər Cavabdeh MTK-nın sədri mərhum X17 olmuşdur. X17 2009-cu ildə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 21 iyun 2016-cı il tarixdə cəzaçəkmə müəssisəsində vəfat etmişdir. Bundan sonra Nümayəndə2 X2 adına Cavabdeh MTK təsis etmış və hazırda onun MTK-nın icraçı direktorudur. X1 Hüseynovla bağlamış olduğu podrat müqaviləsi əsasında Sumqayıt şəhərində bina evlərinin tikintisi ilə məşğul olsa da hazırda həmin podrat müqaviləsi qüvvədə deyildir və müqavilə müddəti başa çatmışdır. X3 Cavabdeh MTK-ya aid Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilən binaya heç bir aidiyyəti yoxdur və həmin binada yerləşən mənzilləri sata bilməzdi. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilən binanı Şakir Hüseynov vəfat etməzdən əvvəl Nümayəndə2 adma rəsmiləşdirmiş və Nümayəndə2 tərəfindən bina tikilib istismara təhvil verilmişdir. İddiaçı iddia ərizəsində göstərdiyi hallar həqiqətə uyğun deyildir. İddiaçı ilə istər Nümayəndə2 tərəfindən, istərsə də mərhum X17un Cavabdeh MTK-nın sədri olduğu dövrdə İddiaçı ilə mənzilin alqı-satqısına dair heç bir müqavilə bağlanılmamışdır. İddiaçı ”Şakir” MTK tərəfindən iddia ərizəsində göstərilən Cavabdeh MTK-ya məxsus ünvan 4 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunuin 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 165 kv.metr olan 4 otaqdan ibarət 64 nömrəli mənzil satılmamışdır. İddiaçı iddia ərizəsində göstərmiş olduğu ünvan düzgün deyildir. Cavabdeh MTK tərəfindən Xarici Dairəvi küçəsində bina inşa edilməmişdir. ünvan 5 ünvanda yerləşən mənzilin sahəsi 146,80 kv/metr olmaqla həmin mənzil X4 mülkiyyətindədir və sözügedən mənzil İddiaçı məxsus deyil. Ola bilsin ki, İddiaçı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilmiş X7 aldadıb və Telman Səlimovun barəsində olan cinayət işi tamamlanaraq məhkəməyə göndərilmişdir. Bundan başqa, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev küçəsi, ev 152- də yaşayan İddiaçı ünvan 6 ünvanında yerləşən 165 kv/metr sahəsi olan 64 nömrəli mənzili ünvan 7 ünvanda yerləşən Cavabdeh MTK tərəfindən başqa şəxsə satılması barədə olan müraciəti üzrə Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq şöbəsində aparılmış və həmin müraciət əsasında cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Odur ki, İddiaçı mənzilə köçürmə tələbinə dair iddianının rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, qeyd edilən mənzil “X11” MMC tərəfindən iddiaçıya satılmış və mənzilin hər kv. metri üçün 559 manat olmaqla onun tərəfindən ödənilmişdir. Mənzillə bağlı tam ödəniş həyata keçirilməsinə baxmayaraq, mənzil iddiaçıya təhvil verilməmişdir. İddiaçı məhkəməyə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4646/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə mənzilə dair iddiaçı ilə “X11” MMC arasında bağlanmış müqavilə qanuni hesab edilərək, mənzilin iddiaçıya təhvil verilməsi qərara alınmışdır. Lakin, buna baxmayaraq ”Şakir” MTK iddiaçının həmin mənzilə köçürülməsinə imkan verməmişdir. Belə ki, icra prosesində icra məmuru ilə birlikdə həmin ünvana gedilmiş və qarşı tərəf mənzilin ünvanını səhv göstərməklə icra hərərəkətlərinə maneçilik yaratmışdır. Qarşı tərəf qeyd edilən mənzilin X8 adlı şəxsə məxus olduğunu və onun həmin mənzil üzərində mülkiyyət hüququnun qeydiyyatdan keçirildiyini bildirmişdir. Lakin, X5 məxsus olan mənzillə hazırda mübahisələndirilən mənzil eyni mənzil deyildir. Belə ki, iddiaçıya məxsus mənzil 3-cü girişdə yerləşdiyi halda X4 mənzili 1-ci girişdə yerləşir. İddiaçının mübahisələndirdiyi mənzil sahəsi 165 kv.metr sahəsi olan 64 nömrəli mənzildir və binanın 5-ci mərtəbəsində yerləşir. Qarşı tərəf eyni zamanda etirazda qeyd etmişdir ki, “X11” MMC-nin bu binaya hər hansı hüququ yoxdur. Lakin, bununla bağlı mənzil təhvil-təslim aktı təqdim edilmişdir. Hansı ki, digər şəxsə MTK tərəfindən verilmişdir və binanın sahibi kimi Telman Səlimov göstərilir. Həmçinin, Şakir Hüseynov və Telman Səlimov arasında öhdəlik müqaviləsi olmuş və həmin müqaviləyə əsasən, Şakir Hüseynov həmin binada olan mənzillərin satılmasını “X11” MMC-yə etibar etmişdir. Bunun əsasında da “X11” MMC iddiaçı ilə müqavilə bağlayaraq mənzilin dəyərini almaqla onu iddiaçıya satmışdır. Bu hallar artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnməsi ilə təsbit edilmişdir. Hesab edir ki, iddiaçının həmin mənzilə hüququ vardır və onun həmin mənzilə köçürülməsinə cavabdeh tərəfindən yaradılmış maneələr qanunsuzdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, bina Cavabdeh MTK-nın binasıdır. Bundan əvvəl də Şakir Hüseynov fiziki şəxs olaraq fəaliyyət göstərmişdir. Şakir Hüseynov ilə “X11” MMC arasında həmin bina ilə bağlı öhdəlik müqaviləsi yoxdur. Həmin şəxs atası tərəfindən Sumqayıt şəhərində tikilən binada işçi olmuşdur. Atası həbs ediləndən sonra X7 “X11” MMC-ni təsis etməklə guya ünvan 2 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasında mənzil satmaq hüququnun olduğunu qeyd edərək müxtəlif şəxslərə qanunsuz olaraq mənzil alqı-satqısı barədə müqavilə və maliyyə arayışı təqdim etməklə dələduzluq etdiyindən, 2018-ci ildə Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə məsuliyyət cəlb olunmuş və məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmişdir. O da həmin cinayət işi üzrə zərərçəkmiş qismində tanınmışdır. X7 20-dən çox şəxsi aldatmış və hazırda cəzaçəkmə müəssisəsində cəzasını çəkməkdədir. Həmin bina 4 blokludur və qeyd edilən mənzil 3-cü blok deyil, 1-ci blokdadır, həmçinin mənzilin nömrəsi uyğun deyil. Bundan başqa, 3-cü blokda ümumiyyətlə 4 otaqlı mənzil yoxdur və 3-cü blokda olan 64 mənzil 2 otaqlıdır. Həmin mənzildə də yaşayış vardır. Bundan əvvəl keçirilmiş məhkəmə proseslərində onlar prosesə cəlb edilməmişdir və işə baxılarkən binaya baxış keçirilməmişdir. Mənzillərin yerinin səhv göstərilməsi ümumiyyətlə mümkün deyildir. İddia tamamilə əsassızdır. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 izahatında bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən 10 nömrəli mənzil ona məxsusdur və sahəsi 146 kv.metrdir. İddiaçının köçürülməsini tələb etdiyi mənzilin ona aidiyyəti yoxdur. 2015-ci ildə mənzili müqavilə əsasında əldə edib. Həmin dövrdən məznili təmir edərək, orada yaşayır və bu dövrə qədər iddiaçı onun mənzilinə gəlməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4646/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-468/2018 saylı mülki iş üzrə 09 fevral 2018ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın təmin edilməsi, ünvan 2 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda 5-ci mərtəbəsində ümumi sahəsi 165 kv.m olan 4 otaqdan ibarət 64 nömrəli mənzilin cavabdeh “X11” MMC-dən alınaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Həmçinin işdə olan “X11” MMCnin direktorunun imzası və şirkətin möhürü ilə təsdiqlənmiş 27 mart 2015-ci il tarixli 25 nömrəli maliyyə arayışına əsasən mübahisəli mənzilin dəyərinin iddiaçı tərəfindən tam şəkildə ödənilməsi və borcun qalmaması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş e306318/2022 saylı icra işinin materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4646/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi 21 noyabr 2022-ci il tarixdə qanuni qüvvəyə minmiş və 19 dekabr 2022-ci il tarixdə icra sənədi verilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. İcraat zamanı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri X10 çıxarışına əsasən icra vərəqəsində qeyd olunan ünvanın X8 mülkiyyətində olduğu məlum olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4646/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsi icra edilmədən məhkəməyə geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsini 1 saylı Bakı Ərazi İdarəsininxx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 12F, giriş 1,10 saylı mənzil Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli protokolundan çıxarışa, maliyyə arayışına əsasən ilkin olaraq xx.xx.2022-ci il tarixdə X4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən mənzilə dair onun adına ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsini 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 165 kv.m olan 4 otaqlı 64 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair xx.xx.2007-ci il trixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin «Brumareski Rumıniyaya qarşı» xx.xx.1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4646/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ünvan 2 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda 5-ci mərtəbəsində ümumi sahəsi 165 kv.m olan 4 otaqdan ibarət 64 nömrəli mənzilin dəyərinin İddiaçı tərəfindən ödənilməsi müəyyən edilmiş və bunun əsasında mənzilin iddiaçıya təhvil verilməli olması qərara alınmışdır. Qətnamə qanuni qüvvəyə minmişdir. Ona görə də, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş qeyd edilən faktlar preyudisial əhəmiyyətə malik olmaqla, yenidən sübut edilməyə ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. “Loizidu Türkiyəyə qarşı”iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan başqa, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə qeyd edir, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən, ünvan 2 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda 5-ci mərtəbəsində ümumi sahəsi 165 kv.m olan 4 otaqdan ibarət 64 nömrəli mənzilin iddiaçıya təhvil verilməli olmasına baxmayaraq, cavabdeh tərəfindən həmin mənzil iddiaçıya təhvil verilməmiş və iddiaçının həmin mənzilə köçürülməsinə maneə yaradılmışdır. Bunun nəticəsində iddiaçı həmin mənzilə sahiblik və ondan istifadə edə, həmçinin orada yaşaya bilmir. Həmçinin, cavabdehin nümayəndəsi mübahisəli mənzilin X5 məxsus olduğunu qeyd etsə də, iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçının köçürülməsini tələb etdiyi mənzil ilə X4 mülkiyyətində olan mənzilin yerləşdikləri blok, mənzillərin nömrəsi və sahələri fəqli olmaqla eyni mənzil deyildir. Odur ki, iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən ona təhvil verilməli olan mənzilə köçürülməsini tələb etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı ünvan 10 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 165 kv.m olan 4 otaqdan ibarət 64 saylı mənzilə köçürülməli, Cavabdeh Mənzil Tikinti Kooperativinin İddiaçı ünvan 10 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 165 kv.m olan 4 otaqdan ibarət 64 saylı mənzilə köçürülməsinə yaratdığı maneələr aradan qaldırılmalı və ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı ünvan 10 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 165 kv.m olan 4 otaqdan ibarət 64 saylı mənzilə köçürülsün. Cavabdeh Mənzil Tikinti Kooperativinin İddiaçı ünvan 10 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 165 kv.m olan 4 otaqdan ibarət 64 saylı mənzilə köçürülməsinə yaratdığı maneələr aradan qaldırılsın. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar