Məhkəmə qərarları › İş №2(004)-2493/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2493/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2493/2021 29.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tutulması” tələbinə dair iddia ərizəsi ilə 15.03.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, dönər avadanlığının alınması üçün verdiyi 5.000 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi VÖEN ********** nömrəsi ilə uçota alınmışdır. “Tadım Dönər” kafesini əvvəllər işlətmiş Cavabdeh və Bəhruz Nərimanovla razılaşaraq, kafeni icarəyə götürmək istəmişdir. Aralarındakı razılaşmaya əsasən Cavabdeh və Bəhruz Nərimanov kafedə yerləşən dönər avadanlıqlarını ona satmışlar. Bunun üçün o, Cavabdeh 5.000 manat vermiş, Bəhruz Nərimanov adlı şəxsə 4.000 manat vermiş və 4.000 manatı isə onların ətsatana olan borclarını ödəmişdir. Ümumilikdə 13.000 manat pul vermişdir. O, bundan sonra həmin qeyriyaşayış sahəsinin sahibi X1 ilə icarə müqavilə bağlamaqla, kafeni 8-10 ay işlətmişdir. Sonra aralarında narazılıq yaranmış və kafedən çıxmışdır. Bu zaman o, avadanlıqları aparmaq istədikdə, X1 avadanlığın ona məxsus olduğunu bildimiş və satmadığını demişdir. Bu səbəbdən o, Cavabdeh verdiyi 5.000 manat pulun qaytarılmasını tələb edir. Cavabdeh da fərdi sahibkardır, yaranmış mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Mübahisəyə kommersiya məhkəməsində baxılmalı olduğuna görə, mülki işin məhkəmənin təşəbbüsü ilə məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, o, fərdi sahibkardır və VÖEN ********** nömrəsi var. Yaranmış mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Mübahisəyə kommersiya məhkəməsində baxılmalı olduğuna görə, mülki işin məhkəmənin təşəbbüsü ilə məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədlərini araşdırıb hesab edir ki, hazırkı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Çünki, “AZEMİS” və Vahid Məhkəmə Portalı vasitəsilə elektron sistemin vergi ödəyicilərinin məlumatları və fiziki sahibkarın uçotu haqqında şəhadətnamə ilə təsdiq edilir ki, İddiaçı (VÖEN **********, FİN 5B30K2U) fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi - AZ1033, ünvan 1 ünvan üzrə 12.09.2008-ci il tarixdə Vergilər Nazirliyində uçota alınmışdır. Cavabdeh (VÖEN **********, FİN xxxxxxx) isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi 28.10.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Yaranmış mübahisə qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasındadır. Həmçinin mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmış kommersiya mübahisədir. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 26.1-ci maddəsinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası MPM-in 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası MPM-in 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Azərbaycan Respublikası MPM-in 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Azərbaycan Respublikası MPM-in 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 24.2, 26.1, 32, 263264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “5.000 manat pul tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmış kommersiya mübahisəsi kimi mülki icraat qaydasında baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar