Məhkəmə qərarları › İş №2(004)-2493/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2493/2022

07.06.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2493/2022 07.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X1 oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Cavabdeh3 qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh3 adına verilmiş JN-1444 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 18 yanvar 1999-cu il tarixli 73 saylı sərəncamı ilə Qaradağ rayon İNB-nın Cavabdeh3 Sahil qəsəbəsində 600 kv.m torpaq sahəsinin ayrılması barədə 22.07.1992-ci il tarixli sərəncamı etibarsız hesab edilmişdir. Həmin torpaq sahəsinin iddiaçıya ayrılması qərara alınmışdır. Bundan sonra iddiaçı həmin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin İdarə 30.08.2021-ci il tarixli bildirişlə etibarsız hesab olunmuş 22.07.1992-ci il tarixli sərəncam əsasında Cavabdeh3 adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-1444 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin verildiyini bildirmiş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina etmişdir. Hesab edir ki, şəhadətnamənin verilməsinə əsas olmuş sərəncam etibarsız hesab edildiyindən şəhadətnamə də etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununua uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh3 teleqramla məhkəməyə müraciət edərək üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1. –ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. –ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3–cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4.–cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: Məhkəmə hesab edir ki, təqdim olunmuş sübutlarla iddiaçının iddia tələblərini əsaslandırdığı hallar, yəni keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh3 adına JN-1444 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin verilməsinə əsas olmuş Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 22.07.1992-ci il tarixli sərəncamının etibarsız hesab edilməsi təsdiq edildiyindən həmin şəhadətnamə də etibarsız hesab edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu tələb edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dölət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Cavabdeh3 Sahil qəsəbəsində 600 kv.m torpaq sahəsinin ayrılması barədə 22.07.1992-ci il tarixli 1061 saylı sərəncamına əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh3 adına verilmiş JN-1444 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə etibarsız hesab edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar