Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2496/2021 26.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 05.02.2021-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-ə işə bərpa edilməsi, 05.02.2021-ci il tarixdən başlayaraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsinə dair qətnamə qəbuı edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin 05.02.2021-ci il tarixli əmri ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. 2020-ci ilin aprel ayından etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan X4 İnkişaf Mərkəzində sosial işçi kimi fəaliyyətə başlamışdır. İşlədiyi müddət ərzində işinə məsuliyyətlə yanaşmış, verilən tapşırıqları vaxtında icra etmiş və hər hansı bir nöqsana yol verməmişdir. Amma buna baxmayaraq X3 Mərkəzinə təyin olunmuş direktor Tofiq Rzayev ona qarşı şəxsi qərəzlik münasibəti göstərməkdə davam etmişdir. Bunun nəticəsi olaraq onun işə gəlməməsi və tabelə imza atmaması barədə göstəriş vermişdir. Onun işə gəlməyinə hansı səbəblərdən qadağa qoymasını ondan dəfələrlə soruşsa da bu barədə ona bircə kəlmə belə məlumat verməmişdir. İşə davam etməyinə qoyulmuş qadağanın səbəblərini öyrənmək üçün Respublika Prezidentinə, İ vitse prezidentə və X1 rəsmi qaydada müraciət etmişdir. Kənd Təsərrüfatı Nazirliyindən aldığı məktubda qeyd olunur ki, guya o, AR, Əmək Məcəlləsinin 72-ci maddəsinin a bəndinin tələblərini pozmuşdur. Halbuki həmin maddənin tələblərini pozmayıb. X3 Mərkəzinin direktoru Tofiq Rzayev işə gəlməyinə qoyduğu qadağa olduğu halda o, işə necə gedə bilərdi. Tofıq Rzayev idarə rəhbəri kimi onun həmin idarədə işləməyinə hər cür maneə yaradırdı. Onun iddiaçıya olan nifrətini və qəzəbini digər işçilər də görürdü. Ona görə də qeyd edilən əmr qanunsuz və əsassız hesab edilərək ləğv edilməli, işə bərpa və məcburi iş buraxma müddəti üçün qətnamə qəbul edilməlidir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, o, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərirdi. 2020-ci ilin noyabr ayının 1-dən Lənkəran DAİMin direktoru Tofiq Rzayev ona işə gələrkən cədvələ imza atmağa icazə vermirdi. 05.02.2021-ci il tarixdən isə o, işdən çıxarılmışdır. Tofiq Rzayev noyabrın 1-dən yeni direktor təyin edilmiş və təyinatından 2-3 gün sonra ona bildirmişdir ki, işə gəlməsin. Lakin o, işə getməkdə davam edirdi. İş yerində ona bildirmişlər ki, karantin rejimi olduğuna görə işə gəlməsin. Qeyd etdilər ki, nə vaxt işə gəlməli olduğunu, ona məlumat verəcəklər. Daha sonra o, uşağının xəstəliyi ilə əlaqədar Bakıya gəlmiş və həmin ərəfədə iş yerindən ona zəng edib və bildirdilər ki, direktor onu görmək istəyir. Sabahısı gün o, iş yerinə gedəndə ona bildirdilər ki, ərizəsini yazsın və işdən çıxsın. Lakin o ərizə yazmamışdır. O, eyni zamanda sosial müavinət alırdı. Müavinətin kəsilməsi ilə bağlı müraciət edəndə ona bildirdilər ki, 05.02.2021-ci il tarixdən işdən çıxarılıb və bu səbəbdən də müavinətin verilməsi dayandırılıb. Lakin iş yerindən ona bildirmişdilər ki, onu işdən çıxarmayacaqlar. O, noyabr, dekabr və yanvar aylarında işə gedib, lakin ona cədvələ imza çəkməyə icazə verməyiblər. Ona başqa işə keçməyi təklif etişlər, o isə həmin işdə işləmək istəmədiyini bildirmişdir. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 izahatında bildirdi ki, “DOST” İş Mərkəzində yeni bir layihə yaradılıb və layihə çərçivəsində indiyədək 90000-ə yaxın şəxs işə götürülüb və layihə uğurla davam etdirilir. “DOST” İş Mərkəzi müxtəlif dövlət orqanları ilə və iri müəssisələrlə “işçi qüvvəsinin təmin edilməsinə dair” saziş imzalayır və bu sazişə əsasən işçiləri işə götürür. “DOST” İş Mərkəzi ilə Kənd Təsərrüfatı Nazirliyi və Lənkəran DAİM arasında bağlanmış “işçi qüvvəsinin təmin edilməsinə dair” sazişin 4.2 və 4.4-cü maddəsinə işçinin nizam-intizamına və davamiyyətinə icraçı qurum nəzarət edir. İddiaçı da Lənkəran DAİM-nə təhkim olunub. İşçinin əmək haqqının ödənilməsi üçün onlara tabel-cədvəl gəlməlidir və həmin cədvəl əsasında onlar əmək haqqını ödəməlidirlər. İşçi noyabr ayı ərzində cəmi 4 gün işə gəlib və həmin günlərin də əmək haqqı işçiyə ödənilib. Qeyd edilən digər aylarda isə onlara gələn tabellərdə işçinin adı olmadığına görə ona əmək haqqı ödəniləyib. İşçinin işə gəlmədiyinə görə noyabr ayı ərzində Lənkəran DAİM tərəfindən 12 akt tərtib edilib göndərilib və Mərkəzdən onlara 2020-ci ilin noyabr ayının 25-də məktub göndərilərək iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi xahiş edilmişdir. İşçini noyabrda işdən çıxarmamaqlarının səbəbi o idi ki, onlar işçi ilə əlaqə saxlamaq, xəbərdarlıq məktubu göndərərək və işə çıxmamasının səbəbini öyrənmək istəyirdilər. Lakin xəbərdarlıq məktubunu iddiaçının qeydiyyatda olduğu ünvana göndərdikləri üçün və o da həmin ünvanda yaşamadığı üçün onların iddiaçı ilə əlaqə qurmağı mümkün olmamışdır. Bundan sonra onlar Lənkəran DAİM-ə məktubla müraciət edərək bildirmişlər ki, onlar işçi ilə əlaqə saxlaya bilmir, xahiş edirlər ki, Lənkəran DAİM işçi ilə əlaqə saxlasın. Əlaqə saxlanılması mümkün olmadığından onlar işçi ilə əmək müqaviləsinə 05.02.2021-ci il tarixdə xitam vermişlər. 17.12.2020-ci il tarxidə məktub ünvanlamış, lakin 06.01.2021-ci il tarixdə məktub geri qayıdıb. Bundan sonra 28.01.2021-ci il tarixdə Lənkəran DAİM-ə məktub ünvanlayaraq xəbərdarlığın işçiyə çatdırılmadığını bildirmiş və onlar tərəfindən çatdırılmasını xahiş etmişlər. Onlar da cavab verərək, əlaqə saxlaya bilmədiklərini və bu səbəbdən də xəbərdarlıq məktubunu çatdıra bilmədiklərini bildirmişlər. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, İddiaçı Cavabdeh MMC ilə müqavilə əsasında X2 İnformasiya Sistemində (EKTİS-də) subsidiya ilə əlaqədar müraciətlərin qəbul edilməsi və elektron sənədləşmənin aparılması məqsədilə X4 İnkişaf Mərkəzinə təhkim olunmuşdur. İddiaçı işə başladığı vaxtdan kompyüterdə işləmək qabiliyyətinin olmadığı müəyyən edilmiş, müvafiq təlimlərin keçirilməsinə baxmayaraq bacarığının, savadının olmaması səbəbindən subsidiyaların elektron sənədləşdirilməsi ilə bağlı heç bir işin öhdəsindən gəlməmişdir. Məlumdur ki, subsidiyaların elektron sənədləşdirilməsində xırda bir yanlışlıq baş verdiyi halda təsərrüfat sahibi, fermer subsidiyanın alınmasından məhrum ola bilər. Bu da vətəndaşların haqlı narazılığına, dövlət idarəsinə, dövlətə inamsızlıq hissinin yaranmasına gətirib çıxara bilər. İddiaçı ailə vəziyyətini nəzərə alaraq ona X4 İnkişaf Mərkəzinə təmizlik işləri təklif edilmiş, lakin o, bu işlərdən imtina etmiş və işə gəlməkdən boyun qaçırmışdır. Dəfələrlə işə gəlmədiyi və telefon zənglərinə cavab vermədiyi üçün əməkdaşımız onun yaşayış yeri kimi göstərdiyi ünvana getmiş, lakin onu həmin ünvanda tapmaq mümkün olmamışdır. İşə gəlməmə halları barədə aktlar tərtib edilmişdir. Bir-iki dəfə qeydiyyatda olduğu ünvana işçi göndərilmiş, lakin həmin ünvanda tapılmamışdır. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 05.02.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 20.05.2020-ci il tarixli müqaviləyə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan 25.11.2020-ci il tarixli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X4 İnkişaf Mərkəzi tərəfindən Cavabdehnə ünvanlanmış məktubda bildirilmişdir ki, İddiaçı 06.11.2020-ci il tarixdən 24.11.2020-ci il tarixə qədər işə gəlməmişdir. Bu səbəbdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi xahiş edilmişdir. İş materiallarında olan 06.11.2020-ci il, 10.11.2020-ci il, 11.11.2020-ci il, 12.11.2020ci il, 13.11.2020-ci il, 16.11.2020-ci il, 17.11.2020-ci il, 18.11.2020-ci il, 19.11.2020-ci il, 20.11.2020-ci il, 23.11.2020-ci il, 24.11.2020-ci il tarixli X4 İnkişaf Mərkəzinin əməkdaşları tərəfindən imzalanmış aktlardan görünür ki, İddiaçı müvafiq tarixlərdə heç bir üzürlü səbəb göstərmədən işə gəlməmişdir. İş materiallarında olan 24.11.2020-ci il tarixli X4 İnkişaf Mərkəzinin əməkdaşları tərəfindən imzalanmış aktdan görünür ki, İddiaçı 24.11.2020-ci il tarixdə saat 09:30 radələrində Lənkəran DAİM-in inzibati binasına gələrək direktorun qəbuluna gəlmək məqsədilə qəbul otağına daxil olmuş və heç bir söz demədən əlindəki telefonu kameraya çəkirmiş kimi baş mütəxəssis-böyük inspektor Elnurə Quliyevaya “mən hər gün işə gəlirəm, sən işə davamiyyət jurnalını niyə imzalağa mənə vermirsən” deyə hay-küy salmağa başlamışdır. Elnurə Quliyeva “axı sən işə gəlmirsən” deyəndə İddiaçı Telefonu gösətərək “gör çəkdiyim bu video ilə başına nə oyun gətirərəm” deyərək hədələməyə başlamışdır. DAİM direktoru tərəfindən qəbul ediləndən sonra binadan çıxıb getmişdir. İş materiallarında olan 17.12.2020-ci il tarixli Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, o, 3 iş günü ərzində əlaqə saxlamadığı və ya əmək qabiliyyətinin müvəqqəti itirilməsinə dair rəsmi sənəd təqdim etmədiyi təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəalarına əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəkdir. İş materiallarında olan Lənkəran DAİM-dən Cavabdehnə MMC-nə ünvanlanmış 04.02.2021-ci il tarixli məktubdan görünür ki, Lənkəran DAİM-də əvvəllər sosial işçi kimi fəaliyyət göstərmiş İddiaçı ilə əlaqə saxlamaq mümkün olmadığından, xəbərdarlıq məktubunun çatdırılması imkan xaricindədir. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi xahiş edilmişdir. İş materiallarında olan 28.01.2021-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi Cavabdeh tərəfindən X4 İnkişaf Mərkəzinin direktoruna ünvanlanmış məktubdan görünür ki, İddiaçı xəbərdarlıq məktubu göndərilmiş, lakin məktub qeyd edilən ünvana çatmayaraq geri qaytarılmış, xəbərdarlıq məktubunun adı qeyd edilən ictimai işçiyə təqdim edilməsinə köməklik göstərilməsi və əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsi xahiş edilmişdir. İş materiallarında olan 04.02.2021-ci il tarixli Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi X4 İnkişaf Mərkəzi tərəfindən Cavabdehnə MMC-nin direktoru vəzifəsini icra edən Ülvi Hüseynova ünvanlanmış məktubdan görünür ki, İddiaçı ilə əlaqə saxlamaq mümkün olmadığından, xəbərdarlıq məktubunun ona çatdırılması imkan xaricindədir. Həmçinin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddət gözləmədən xitam verilməsi xahiş edilmişdir. İş materiallarında olan 05.02.2021-ci il tarixli əmrdən görünür ki, Cavabdehnə əmək müqaviləsi ilə işə qəbul edilmiş Lənkəran şəhəri ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində işləyən, əlavədə adları qeyd edilmiş işçilərin əmək müqavilələrinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən 05.02.2021-ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan 20.05.2021-ci il tarixli Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, Cavabdehndə haqqı ödənilən ictimai işlərdə işlə təmin olunmaq istəyi olduğu təqdirdə müvafiq Ərazi Məşğulluq Mərkəzi filialına müraciət etməyi tövsiyə edilmişdir. Həmin Məcəllənin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məcəllənin 71-ci maddəsinin ikinci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndinə əsasən işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, 05.02.2021-ci il tarixli əmrdən görünür ki, Cavabdehnə əmək müqaviləsi ilə işə qəbul edilmiş İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən 05.02.2021-ci il tarixdə xitam verilmişdir. Hazırda İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 05.02.2021-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-ə işə bərpa edilməsi, 05.02.2021-ci il tarixdən başlayaraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsinə dair qətnamə qəbuı edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, ilk növbədə iş materiallarında olan 06.11.2020ci il, 10.11.2020-ci il, 11.11.2020-ci il, 12.11.2020-ci il, 13.11.2020-ci il, 16.11.2020-ci il, 17.11.2020-ci il, 18.11.2020-ci il, 19.11.2020-ci il, 20.11.2020-ci il, 23.11.2020-ci il, 24.11.2020-ci il tarixli X4 İnkişaf Mərkəzinin əməkdaşları tərəfindən imzalanmış aktlardan görünür ki, İddiaçı müvafiq tarixlərdə heç bir üzürlü səbəb göstərmədən işə gəlməmişdir. İş materiallarında olan 17.12.2020-ci il tarixli Cavabdeh tərəfindən İddiaçı Cavabdeh tərəfindən ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, o, 3 iş günü ərzində əlaqə saxlamadığı və ya əmək qabiliyyətinin müvəqqəti itirilməsinə dair rəsmi sənəd təqdim etmədiyi təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəalarına əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəkdir. Həmçinin iş materiallarında olan 20.05.2021-ci il tarixli Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, Cavabdehndə haqqı ödənilən ictimai işlərdə işlə təmin olunmaq istəyi olduğu təqdirdə müvafiq Ərazi Məşğulluq Mərkəzi filialına müraciət etməyi tövsiyə edilmişdir. Lakin bütün bunlara baxmayaraq iddiaçı Cavabdehnə işə gəlməməsinə dair heç bir üzrlü səbəb barədə sənəd etməmişdir. İş materiallarında olan 21.04.2021-ci il tarixli Cavabdeh tərəfindən verilmiş məktubdan və iddiaçının izahatından da görünür ki, onunla başqa vəzifə üzrə yenidən müqavilə bağlamaq təklif edilsə də o təklifi qəbul etməmişdir. Beləliklə iş materialları ilə iddiaçının üzrlü səbəb olmadan iş buraxmaya yol verdiyi təsdiq edilmişdir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-2496/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2496/2021
26.05.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver