Məhkəmə qərarları › İş №2(004)-253/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-253/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-253/2021 14.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi və zərər vurmaya səbəb olan halların aradan qaldırılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi və zərər vurmaya səbəb olan halların aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, X2, Əsəd Əhmədov küçəsi, bina 22 A, 2-ci blokun 14-cü mərtəbəsində, 106 saylı mənzil mülkiyyət hüququ ilə ona məxsusdur və həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Həmin binanın 2-ci blokunun 15-ci mərtəbəsində yerləşən 110 saylı mənzil isə Cavabdeh məxsusdur. Onlar həmin mənzilə köçdüyü gündən (artıq 2 ilə yaxındır) cavabdehə məxsus mənzildən (hamam, vanna, tualet, mətbəx) onların mənzilinin mətbəx, vanna otağına və dəhlizinə su axması ilə bağlı cavabdehi dəfələrlə xəbərdar etmiş və həmin su axıntısının qarşısının alınması ilə bağlı tədbirlər görülməsini xahiş etmiş, lakin Cavabdeh bununla bağlı heç bir tədbir görməmiş, nəticədə ona məxsus vanna otağının tavanı və elektrik naqilləri, elektrik açarı üzərinə su sızması nəticəsində yararsız vəziyyətə düşmüş, hətta bir neçə dəfə bu səbəbdən qısa qapanmalar baş vermiş, mətbəx və dəhlizin divar kağızları qopmuş, divarların nəm olan hissələri qabarmış, mətbəx və dəhlizin tavanının rəngi dəyişmişdir. Cavabdehin qanunsuz hərəkətləri və səhlənkarlığı (ola bilər ki, cavabdeh yaşadığı mənzilin sanitar qovşağında təmir-tikinti işlərini yerinə yetirərkən müvafiq standartlara uyğun olmayan təmir-tikinti materiallarından istifadə etmiş və ya həmin sanitar qovşaqlarda işlər qüsurla icra olunmuşdur) nəticəsində ona maddi zərər dəymiş və hazırda da bu kimi hallar davam etməkdədir. Ona görə də cavabdehin ona vurduğu maddi zərər ödənilməli və cavabdeh tərəfindən həmin zərər vurmaya səbəb olan hallar aradan qaldırılmalıdır. Yuxarıda göstərilən səbəblərdən dolayı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin ona məxsus Bakı şəhəri, Yasamal rayonu, X2, Əsəd Əhmədov küçəsi, bina 22 A, 2-ci blokun 14-cü mərtəbəsində, 106 saylı mənzilə maddi zərər vurması faktı 28.12.2019-cu il tarixli aktla və mənzilinə dəyən zərəri əks etdirən audio disklə tam sübuta yetirilir. İddia ərizəsinə əlavə edilən həmin 28.12.2019-cu il tarixli aktdan görünür ki, binanın komendantı X1 rayonu, X2, Əsəd Əhmədov küçəsi, bina 22 A, 2-ci blokun 14-cü mərtəbəsində, 106 saylı mənzilə Cavabdeh məxsus 110 saylı mənzildən fasiləsiz su axmasını faktını təsdiq etmişdir. Cavabdehin onun mənzilinə vurduğu zərər 480 manat təşkil edir. Göstərilənlərə əsasən ona məxsus Bakı şəhəri, Yasamal rayonu, X2, Əsəd Əhmədov küçəsi, bina 22 A, 2-ci blokun 14-cü mərtəbəsində yerləşən 106 saylı mənzilə vurduğu zərərə görə Cavabdeh 480 manat pulun tutularaq ona ödənilməsi, iddia ərizəsinə görə ödədiyi 20 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi, mənzilinə su axıntısına səbəb olan cavabdehə məxsus mənzilin sanitar qovşağında olan nasazlığın aradan qaldırılması öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, ekspert tərəfindən onun mənzilinə ekspertizanı iddiaçının iştirakı ilə keçirmiş, evindən heç bir su axıntısı olmamış, iddiaçının evinə baxış keçirən zaman isə evin tavanında heç bir qüsur aşkarlanmamışdır. Təkcə divar kağızları bir az aralanmışdır. O, həmin görüntülərin şəklin çəkmiş, divar kağızlarının qabarması hər tərəfdə müşahidə olunur, daha doğrusu divar kağızlarının yapışqanı açılmış vəziyyətdədir. Bu mənzərə balkon qapısının yanındakı pəncərənin alt hissəsində, üst hissəsində müşahidə olunur. Beləliklə, aydın görünür ki, iddiaçının evinə onun mənzilindən su axıntısı olmamışdır. Ümumiyyətlə iddiaçıya dəfələrlə zəng edərək evinə baxmaq istədiyini söylədikdə, iddiaçı ona pul verirsən ya yox sualı vermişdir. Ekspertlə getdikdə isə göründü ki, tavanda heç bir qüsur, ləkə, su izi yoxdur, tavan qüsürsuzdur. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan yaşayış binasında mənzil tikintisi haqqında 25.07.2017-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X2, bina 22A, 106 saylı mənzil “Arabaçı” kiçik müəssisəsi İddiaçı 28000 ABŞ dollarına satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18.05.2021-ci il tarixli, 10/269 saylı rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X2, Əsəd Əhmədov küçəsi, 22A saylı binanın 110 saylı mənzilin sanitartexniki qurğularına müəyyən həcmdə su tökülməklə eksperiment keçirilərkən, mənzilin konstruktiv elementləri üzərində su sızma halları müşahidə olunmadığını nəzərə alaraq 110 saylı mənzilindən su sızmasına səbəb olmuş hal (hallar) cavabdeh tərəfindən aradan qaldırıldığı ehtimal edilir. Bakı şəhəri, Yasamal rayonu, X2, Əsəd Əhmədov küçəsi, 22A saylı binanın 106 saylı mənzilində su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün götürüləcək təmir-tikinti işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 853 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoya bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə ekspert rəyi ilə Bakı şəhəri, Yasamal rayonu, X2, Əsəd Əhmədov küçəsi, bina 22A, 2-ci blok, 106 saylı mənzilinə həmin ünvanda yerləşən və cavabdehə məxsus 110 saylı mənzildən suyun sızması müəyyən edilmişdir. Cavabdeh yaşadığı mənzildən su sızmasına yol verdiyi üçün iddiaçının mənzilinə maddi ziyan vurmuşdur. Qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh törətdiyi deliktə görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Dəymiş zərərin məbləğinə dair məhkəmə qeyd edir ki, bu məsələ iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspetizasının rəyinə uygun olaraq müəyyən edilməli və rəydə göstərilən məbləğ cavabdehdən tutularaq iddiaçıya verilməlidir. İş üzrə təyin edilmiş ekspertizaya əsasən iddiaçının mənzilinin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 853 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin mənzilə dəymiş ziyana görə cavabdehdən iddiaçının xeyrinə 480 manat məbləğində pul vəsaitinin tutulması hissəsinə münasibət bildirərək hesab edir ki, ekspert rəyinə əsasən mənzilə dəymiş ziyanının 853 manat məbləğində olması müəyyən edilsə də, həmin hissədə iddia tələbi irəli sürülmüş tələb həcmində təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 480 manat məbləğində pul vəsatiti tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iddia tələbinin mənzilinə su axıntısına səbəb olan cavabdehə məxsus mənzilin sanitar qovşağında olan nasazlığın aradan qaldırılması öhdəliyi cavabdehin üzərinə qoyulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 18.05.2021-ci il tarixli, 10/269 saylı ekpert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X2, Əsəd Əhmədov küçəsi, 22A saylı binanın 110 saylı mənzilin sanitar-texniki qurğularına müəyyən həcmdə su tökülməklə eksperiment keçirilərkən, mənzilin konstruktiv elementləri üzərində su sızma halları müşahidə olunmadığını nəzərə alaraq 110 saylı mənzilindən su sızmasına səbəb olmuş hal (hallar) cavabdeh tərəfindən artıq aradan qaldırıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh su axıntısı nəticəsində dəymiş maddi zərərə görə 480 (dörd yüz səksən) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh su axıntısı nəticəsində dəymiş maddi zərərə görə 480 (dörd yüz səksən) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar