Məhkəmə qərarları › İş №2(004)-2543/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2543/2023

25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2543/2023 25.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, İddiaçı cavabdeh X1 qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 ilə aralarında bağlanan xx.xx.2018-ci il tarixli Müqaviləyə əsasən ödədiyi 350.000 ABŞ dolların, həmin məbləğin 3 il aylıq 58.330 ABŞ dolları faizini cəmi 408.330 (dörd yüz səkkiz min üç yüz otuz) ABŞ dolları məbləğində pulun Azərbaycan manatının məzənnəsi ilə və 595 manat dövlət rüsumunun ondan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli Müqavilənin 1.1-ci bəndindən görünür ki, tərəflər Türkiyə Respublikasının Beykoz rayonunun Kavacık məhəlləsi 551ADA 309 və 308 ünvanında iş yeri mərkəzinin tikintisi məqsədi ilə 600 (altı yüz) m2 torpaq sahəsini 700.000 ABŞ dolları dəyərində almaları üçün razılığa gəliblər. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən tərəflər arasında meydana gələn mübahisələr danışıqlar vasitəsilə həll edilməzsə, Azərbaycan Respublikasının və ya Türkiyə Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında baxılacaq. Göründüyü kimi müqavilə Türkiyə Respublikasının Beykoz rayonunun Kavacık məhəlləsi 551ADA 309 və 308 ünvanında iş yeri mərkəzinin inşası məqsədilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndindən müəyyən olunduğu kimi tərəflər müqavilədə müqavilənin icra yerinin Türkiyə Respublikası olması barədə qarşılıqlı razılığa gəlmişlər. Müqavilədə mübahisənin birbaşa Yasamal Rayon Məhkəməsində baxılması ilə bağlı razılıq mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.1-ci maddəsinə əsasən Yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 443.0.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə; İddia ərizəsinin məzmunundan və iş materiallarına əlavə edilmiş sənədlərdən də aydın olur ki, cavabdeh Türkiyə Respublikasının vətəndaşıdır və iddiaçı cavabdehin Azərbaycan Respublikasında məlum olan axırıncı yaşayış yerinin və ya onun əmlakının olduğu yerin Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti 5 ünvanı olmasına dair hər hansı sübutu iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti və ya məhkəmə aidiyyati üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi hal-hazırda aidiyyat qaydalarının pozulması ilə verildiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən, dövlət rüsumunun qaytarılması məsələləri həll edilməli, dövlət rüsumu kimi ödənilmiş 595 (beş yüz doxsan beş) manat məbləğində pul İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh X1 qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı tərəfindən 19 aprel 2023-cü il tarixli, 22250 nömrəli qəbzə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 595 (beş yüz doxsan beş) manat məbləğində pul Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar