Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2544/2022 06.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı İddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İdman- Sağlamlıq Mərkəzinə qarşı “işə bərpa və məcburi işburaxmaya görə müavinətin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İdman- Sağlamlıq Mərkəzinə qarşı “işə bərpa və məcburi işburaxmaya görə müavinətin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz olaraq iş fəaliyyətinə xitam verilməsinə dair qəbul edilmiş 22.10.2021-ci il tarixli, 2600/024Ş saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi işburaxmaya görə ödənilməmiş əmək haqlarının ödənilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o 2002-ci ilin oktyabr ayından 22.10.2021ci il tarixədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İdman-Sağlamlıq Mərkəzinin “Gömrükçü” X6 müəllimə olaraq fəaliyyət göstərmişdir. 34 nəfər işçidən ibarət olan idman klubunun yalnız 6 məşqçi-müəllimənin kiçik leytenant rütbəsi olmuşdur. Çalışdıqları müddətdə onların komandası çox böyük nailiyyətlər əldə etməklə bərabər UEFA çempionlar liqasının 1/4 final mərhələsinədək yüksəlmişlər. 2021-ci ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin İdman-Sağlamlıq Mərkəzi ona və daha 3 nəfər məşqçi müəlliməyə hər hansı açıqlama vermədən qabaqcadan xəbərdarlıq etmədən birtərəfli qaydada gömrük xidmətində zabit kimi fəaliyyətlərinə xitam vermiş və əmək haqlarını sıravi məşqçi müəlliməyə ödənilən məbləğdə ödəməyə başlamışlar. Səbəbini aydınlaşdırmaq məqsədi ilə Dövlət Gömrük Komitəsinin İdman-Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayevə müraciət etdiyində o, bu haqda rəhbərliyə müraciət edəcəyini və məsələyə aydınlıq gətirəcəyini bildirmişdir. 22.10.2021-ci il tarixdə isə DGK-nin İdman- Sağlamlıq Mərkəzinin rəhbərliyi onlara qabaqcadan xəbərdarlıq etmədən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə DGK-nin İdman-Sağlamlıq Mərkəzinin “Gömrükçü” X6 müəllim vəzifəsinə xitam verilməsi ilə əlaqədar işdən çıxarılmasına dair ona məlumat vermiş, o vaxtdan da bugünədək işə buraxılmamışlar. Dəfələrlə iş fəaliyyətlərinə xitam verilməsi haqda əmrin surətini tələb etsələr də əmr onlara təqdim edilməmiş, uzun müddət tələbdən sonra ona iş fəaliyyətinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə xitam verilməsi göstərilmiş əmək kitabçası təqdim edilmişdir. Qanunsuz işdən çıxarılmağının səbəbləri barədə məlumat almaq üçün DGK-nə, Respublika Prezidentinə və digər səlahiyyətli orqqanlara müraciət etmilş olsa da, müraciətləri araşdırılması üçün Azərbaycan Respublikası DGK-nə göndərilmiş və axırıncının 06.12.2021-ci il tarixli, 1000-180-180-26/018877 saylı və 23.12.2021-ci il tarixli 1000-180-180-26/020138 saylı məktubları ilə bildirilmişdir ki, işdən çıxarılmağının səbəbi “DGK-NİN İdman-Sağlamlıq Mərkəzinin strukturunun optimallaşdırılması və idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” AR DGK-nin sədrinin 22.10.2021ci il tarixli 1---/171 nömrəli sərəncamı ilə DGK İdman-Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun ləğv edilməsidir. Qeyd edilmiş sərəncamdan da görünür ki, DGK-nin sədri İdman-Sağlamlıq Mərkəzinin strukturunun optimallaşdırılması və idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə İdman-Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun ləğv edilməsinə dair sərəncam vermişdir. “Gömrükçü” İdman Klubu heç bir zaman hüquqi şəxs olmamış və İdman-Sağlamlıq Mərkəzinin nəzdində fəaliyyət göstərən klubun ləğv edilməsi onun AR ƏM-nin 70-ci maddəsinin “a” bəndi ilə, yəni müəssisə ləğv edildiyi üçün işdən çıxarılmağına əsas kimi qəbul edilə bilməz. Daha sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İdman-Sağlamlıq Mərkəzinə qarşı “işə bərpa və məcburi işburaxmaya görə müavinətin ödənilməsi” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişdir ki, Komitənin ‘İdman-Sağlamlıq Mərkəzi”nin 2021-ci il 22 oktyabr tarixli 2600/024Ş nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən (müəssisə ləğv edildikdə) İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çəkinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirılmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1 -ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bununla da Əmək Məcəlləsinin 296.3-cü maddəsində göstərilən hüququnun pozulmasının aşkar edildiyi gün, yəni işçiyə əmək kitabçasının verildiyini əsas götürərək, İddiaçı işə bərpa ilə bağlı iddia müddətini ötürdüyü sübut olunur, (bütün sübutlar etiraza əlavə olunur) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 130.1 -ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin İdman-Sağlamlıq Mərkəzinə qarşı iddiasının mümkünsüz sayılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsindəki məzmunda izahat verərək iddia tələbini müdafiə etdiyini və tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İzahatına əlavə olaraq qeyd etdi ki, işdən 2021-ci ilin oktyabr ayında çıxarılmışdır. Bu qədər gözləməyində səbəb odur ki, Dövlət Gömrük Komitəsinə dəfələrlə məktub yazmışdır. Lakin müraciətinə heç bir cavab gəlməmiş, məcbur qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili də iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o səlahiyyətli nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 10/103 saylı, 21 dekabr 2012-ci il tarixli Əmrinə əsasən Komitənin İdman-Sağlamlıq Mərkəzinin nəzdində özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən “Gömrükçü” İdman Klubunun yaradılması əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “DGKnin İdman-Sağlamlıq Mərkəzinin Strukturunun optimallaşdırılması və idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1000/171 nömrəli, 22 oktyabr 2021-ci il tarixli Sərəncamının 1-ci bəndinə əsasən Dövlət Gömrük Komitəsinin İdman-Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İdman- Sağlamlıq Mərkəzi “Gömrükçü” İdman Klubunun 2600/024Ş saylı, 22 oktyabr 2021-ci il tarixli əmrinə əsasən İddiaçı ilə əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən (müəssisə ləğv edildikdə) xitam verilmişdir. İş materiallarında olan Əmək kitabçasının təhvil verilməsi haqqında çıxarışın surətindən görünür ki, X3 əmək kitabçasını 15.11.2021-ci il tarixdə imza etməklə təhvil almışdır. İş materiallarında olan ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 əmək münasibətlərinə 2600/024Ş saylı, 22 oktyabr 2021-ci il tarixli əmri əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 70-ci maddəsinə görə əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İdman-Sağlamlıq Mərkəzi “Gömrükçü” İdman Klubunun 2600/024Ş saylı, 22 oktyabr 2021-ci il tarixli əmrdən görünür ki, İddiaçı ilə əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən (müəssisə ləğv edildikdə) xitam verilmişdir. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İdman-Sağlamlıq Mərkəzinə qarşı “işə bərpa və məcburi işburaxmaya görə müavinətin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz olaraq iş fəaliyyətinə xitam verilməsinə dair qəbul edilmiş 22.10.2021-ci il tarixli, 2600/024Ş saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi işburaxmaya görə ödənilməmiş əmək haqlarının ödənilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “DGK-nin İdman-Sağlamlıq Mərkəzinin Strukturunun optimallaşdırılması və idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1000/171 nömrəli, 22 oktyabr 2021-ci il tarixli Sərəncamının 1-ci bəndinə əsasən Dövlət Gömrük Komitəsinin İdman-Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun ləğv edilməsi qərara alınmışdır. Bununla da müəssisə ləğv edilmişdir və əsaslı olaraq İddiaçı ilə əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən (müəssisə ləğv edildikdə) xitam verilmişdir. İş materiallarında olan Əmək kitabçasının təhvil verilməsi haqqında çıxarışın surətindən görünür ki, X3 əmək kitabçasını 15.11.2021-ci il tarixdə imza etməklə təhvil almışdır. Buna baxmayaraq, işə bərpa olunması ilə bağlı ötən müddət ərzində bugünə kimi hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çəkinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirılmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-2544/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2544/2022
06.06.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver