Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-258/2022 08.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7 və Cavabdeh10 qarşı “kredit borcunun qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7 və Cavabdeh10 qarşı “kredit borcunun qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi tələbi”nə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış KE/96309/72/15 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə KE/96309/72/15 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 38905,43 manat əsas borcun, 10206,34 manat faiz borcunun, cəmi 49111,77 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, yuxarıda qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 12 saylı mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin Cavabdeh1 banka olan borcunun ödənilməsinə yönəldilməsi, eyni zamanda ipoteka predmeti olan mənzildə yaşayan Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh7 və Cavabdeh10 mənzildən çıxarılması və əmlakı boşaldaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 18 dekabr 2019-cu il tarixində bağlanılmış L041/2019/15 saylı kredit limitinin ayrılması haqqında müqavilə daxilində KE/96309/72/15 saylı, xx.xx.2019-cu il tarixli kredit sazişinə əsasən borcalana 48 ay müddətinə , illik 20 faiz olmaqla 40000 manat kredit verilmişdir. Bu kredit müqavilələri üzrə pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh2 ilə bank arasında xx.xx.2019-cu il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 12 saylı mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin Cavabdeh1 kredit Müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmişdir. Nəticədə xx.xx.2021-ci il tarixə cavabdehin banka KE/96309/72/15 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 38905,43 manat əsas, 10206,34 manat faiz borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və Cavabdeh2 iddianı qismən qəbul etdiklərini bildirmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikası MM-nin 739-cu maddəsinə əsasən kredit müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan Bank of Baku” ASC ilə Cavabdeh1 arasında bağlanmış 18 dekabr 2019-cu il tarixində bağlanılmış L041/2019/15 saylı kredit limitinin ayrılması haqqında müqaviləyə əsasən bank kredit alana illik 30 faiz dərəcəsi ilə 84 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayırmış, kredit alan isə kredit müqavilələri ilə müəyyən olunan şərtlərlə və qaydada kredit limitindən istifadə etməyi və götürülmüş krediti kredit müqaviləsi və ayrılmaz hissəsi olan ödəniş cədvəlinə əsasən qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Bank of Baku” ASC ilə Cavabdeh1 arasında bağlanmış KE/96309/72/15 saylı, xx.xx.2019-cu il tarixli kredit sazişinə əsasən Cavabdeh1 48 ay müddətinə, illik 20 faiz olmaqla 40000 manat kredit verilmişdir. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra edərək cavabdeh - borc alana krediti versə də, borc alan müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən Bank of Baku” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə Cavabdeh1 banka 38905,43 manat əsas, 10206,34 manat faiz borcu vardır. Kredit müqaviləsi üzrə borcun məbləğinin müəyyən edilməsi üçün məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. xx.xx.2022-ci il tarixli, 9/2013 saylı ekspert rəyinə əsasən Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixə əsas borc üzrə 37495,06 manat, faiz borcu üzrə 6132,37 manat, xx.xx.2022-ci il tarixə əsas borc üzrə 377495,06 manat, faiz borcu üzrə 10631,77 manat borcu vardır. Beləliklə, cavabdeh – borc alan müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh – borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi ilə təmin olunmuşdur. İpoteka müqaviləsinə əsasən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 12 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası MM-nin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Qanunun 1.0.6, 3.1, 10.4, 11.1, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Cavabdehlər əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə ki, Qanunun 34.1.1-ci maddəsində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. xx.xx.2022-ci il tarixli “X3 Mərkəzi” MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 12 saylı mənzilin hazırki likvid dəyəri 96.000 manat təşkil edir. Cavabdeh tərəf ipoteka predmetinin dəyərini mübahisələndirməmişdir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, Cavabdeh1 iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməmələri nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu Cavabdeh1 alınmaqla yanaşı eyni zamanda, iddiaçının dövlət rüsumunu və digər xərcləri ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və digər xərclər Cavabdeh1 aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci Cavabdeh1 tutulmalıdır. Belə ki, xx.xx.2022-ci il tarixli, 9/2013 saylı ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 145 manat, “X3 Mərkəzi” MMC tərəfindən verilmiş 04 may 2022-ci il tarixli mütəxəsis rəyindən görünür ki, ekspertiza tətqiqatının dəyəri 300 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatının dəyəri olaraq 145 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, məhkəmə-əmtəəşünaslıq ekspertizasının tədqiqatının dəyəri olaraq 300 manat, məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq “X3 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Bank İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 21 dekabr 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh1 37.495,06 manat əsas borc, 6132,37 manat faiz borcu olmaqla, cəmi 43.627,43 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia tələbi Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 12 saylı mənzilə yönəldilərək, açıq hərracda satılmalı, ünvan 1 ünvanında yerləşən 12 saylı mənzilin ilkin satış qiyməti 96.000 manat müəyyən edilməklə, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilməli, iddiaçının tələbi ödənildikdən sonra ünvan 1 ünvanında yerləşən 12 saylı mənzilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh2 verilməli, ünvan 1 ünvanında yerləşən 12 saylı mənzil açıq hərracda satıldıqdan sonra Cavabdeh3, Cavabdeh4, Cavabdeh7 və Cavabdeh10 həmin mənzildən çıxarılmalı və həmin mənzil boşaldılmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 21 dekabr 2019cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 37.495,06 (otuz yeddi min dörd yüz doxsan beş manat altı qəpik) manat əsas borc, 6132,37 (altı min yüz otuz iki manat otuz yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 43.627,43 (qırx üç min altı yüz iyirmi yeddi manat qırx üç qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 12 saylı mənzilə yönəldilərək, açıq hərracda satılsın. ünvan 1 ünvanında yerləşən 12 saylı mənzilin ilkin satış qiyməti 96.000 (doxsan altı min) manat müəyyən edilməklə, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilsin. İddiaçının tələbi ödənildikdən sonra ünvan 1 ünvanında yerləşən 12 saylı mənzilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh2 verilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatının dəyəri olaraq 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, məhkəmə-əmtəəşünaslıq ekspertizasının tədqiqatının dəyəri olaraq 300 (üç yüz) manat, məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq “X3 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. ünvan 1 ünvanında yerləşən 12 saylı mənzil açıq hərracda satıldıqdan sonra Cavabdeh3, Cavabdeh4, Cavabdeh7 və Cavabdeh10 həmin mənzildən çıxarılsın və həmin mənzil boşaldılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-258/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-258/2022
08.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver