Məhkəmə qərarları › İş №2(004)-2584/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2584/2022

07.07.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2584/2022 07.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı1, Cavabdeh etibarnamə üzrə nümayəndələri (oğlu) X4 və (arvadı) X3 iştirakları ilə, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “mənzilə köçürülmə və mənzildən istifadə normalarının müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən mənzilə iddiaçıların köçürülməsi və Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən mənzildən iddiaçıların istifadə normalarının, mənzilə sərbəst giriş-çıxış, ümumi istifadədə olan kommunal şəraitdən sərbəst şəkildə istifadə edilməsi, mənzilə iddiaçılara aid yataq dəsti və sair əşyalarının yerləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 mərhum anası X2 mülkiyyətində olmuş, miras əmlakla bağlı varislər arasında pay bölgüsü Yasamal Rayon Məhkəməsinin 2(004)- 340/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Belə ki, qətnaməyə əsasən miras əmlakı varislər arasında bölünməklə Cavabdeh 8/10 hissədə, İddiaçı1 1/10 hissədə, İddiaçı2 1/10 hissədə payları müəyyən edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədi icra edilmiş və Azərbaycan Respublikası ƏMDX-i DƏDRX-nin Bakı şəhər Ərazi idarəsi tərəfindən mülkiyyətçilərə xx.xx.2022-ci il tarixdə mülkiyyət hüququnun qeydə alınmasına dair reyestrdən çıxarış verilmişdir. Buna baxmayaraq cavabdeh hazırda iddiaçılara mülkiyyətlərində olan əmlaka dair sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneəçilik törədir və onlar bu səbəbdən miras əmlakla bağlı mülkiyyət hüquqlarından qanunla müəyyən edilmiş qaydada istifadə edə bilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə etdi və izahatında əlavə olaraq bildirdi ki, hazırda onun da mülkiyyətçi olduğu Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1-də cavabdeh və onun ailə üzvləri yaşamasalar da, mənzilin giriş qapısını bağlayaraq, onların mənzildən istifadə etmələrinə və yaşamalarına maneçilik yaradırlar. Ona görə də iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı digər İddiaçı1 da iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədi və təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdeh etibarnamə üzrə nümayəndələri X7 və X6 eyni məzmunlu izahatlar verərək bildirdilər ki, onlar qeyd olunan mübahisəli mənzildə yaşamırlar, belə ki, mənzildə yaşamaq üçün normal şərait mövcud deyildir. Onlar paylı mülkiyyətlərində olan mənzili satmaq istəsələr də, lakin hazırki iş üzrə iddiaçılarla hər hansı razılığa gələ bilməmiş və iddiaçılar mənzilin satılmasına razılıq verməmişlər. Cavabdehin nümayəndələri mənzilin giriş qapısının açarlarının onlarda saxlanılmasını etiraf edərək qeyd etdilər ki, həmin mənzilə onların hüququ daha çox olduğundan, yəni miras qoyan valideynlərə onlar qulluq etdiklərindən iddiaçılara mənzildə yaşamalarına icazə vermək niyyətində deyillər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AZ-İİ seriyalı 120676 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 05 aprel 2021-ci il tarixdə “Covid-19” virusu səbəbilə vəfat etmişdir. - Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-340/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində istifadədə olan 0.07223 ha torpaq sahəsində yerləşən 75 nömrəli binada yerləşən 42.13 kv.m ümumi, 29.33 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 48 nömrəli nömrəli mənzilə dair Cavabdeh 3/10 hissədə, İddiaçı1 və İddiaçı2 isə hər birinin 1/10 hissədə payları müəyyən edilmiş və həmin paylara dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********, ********** və ********** qeydiyyat nömrəli çıxarışlardan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən mənzil 8/10 hissədə Cavabdeh, 1/10 hissədə İddiaçı2 və 1/10 hissədə İddiaçı1 adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları kimi müəyyən edilir ki, ümumi sahəsi 42,13 kv.m olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 Cavabdeh, İddiaçı1 və İddiaçı2 birgə paylı mülkiyyətindədir. Hazırda iddiaçılar İddiaçı2 və İddiaçı1 mənzildən istifadəsinə Cavabdeh tərəfindən maneçilik yaradılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyasının xx.xx.1952-ci il tarixli 1 saylı Protokolunun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynalxalq hüququnun ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Başqa sözlə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsini qadağan edir. Bu zaman ən mühüm amil fərdin mülkiyyət hüququ ilə, həmin hüququ məhdudlaşdıran maraqlar arasında ədalətli tarazlığın müəyyən edilməsi və gözlənilməsidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçılar İddiaçı2 və İddiaçı1 Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən, faktiki olaraq Cavabdeh istifadəsində olan yaşayış sahəsinə əşyaları ilə birlikdə köçürülməlidir. İddiaçılara Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadəyə görə maneəçilik törətməsi Cavabdeh qadağan edilməli və həmin mənzilin ümumi sahələrindən (sanitar qovşaq, dəhliz və sair) ümumi istifadə qaydaları müəyyən edilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216- 220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən, faktiki olaraq Cavabdeh istifadəsində olan yaşayış sahəsinə əşyaları ilə birlikdə köçürülsünlər. İddiaçılara Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadəyə görə maneəçilik törətməsi Cavabdeh qadağan edilsin və həmin mənzilin ümumi sahələrindən (sanitar qovşaq, dəhliz və sair) ümumi istifadə qaydaları müəyyən edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar