Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2594/2021 28.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, Salamova Azadə Telman qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı X3 Cavabdeh ASC-yə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı X5 Cavabdeh ASC “xxxx” MMC-yə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla əmək müqaviləsinə xitam verilməsi haqqında Cavabdeh ASC-nin 08 saylı, xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi, onun Cavabdeh ASC-nin istənilən struktur bölməsində çilingər işinə bərpa edilməsi və ona xx xxxxxx 2021-ci il tarixdən başlayaraq işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqının hesablanıb ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı X5 ilə xx.xx.2020-ci ildə xxxx MMC arasında 2 ay müddətinə xx.xx.2020-ci il tarixədək əmək müqaviləsi bağlanılmışdır. Həmin müddət başa çatdığından işçi ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə əmək məcəlləsinin tələblərinə uyğun şəkildə xitam verilmişdir. Əmək kitabçasının surətindən də göründüyü kimi iddiaçının əvvəl işlədiyi müəssisələr fərqli olmuşdur. Ona görə də iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, iddia ərizəsində iddiaçı xxxx MMC-ni Cavabdeh ASC-nin struktur bölməsi kimi nəzərdə tuttaraq bir cavabdeh qoymuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. İş materiallarında olan 376 saylı xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən müəyyən edilir ki, işçi X5 ilə işəgötürən “Cavabdehservistikintitəmir” MMC arasında müddətli əmək müqaviləsi bağlanılmışdır. Əmək müqaviləsi xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək bağlanılmışdır. İş materiallarında olan əmək kitabçasının surətinə əsasən müəyyən edilir ki, X5 xx.xx.2012-ci il tarixdə Azərbaycan İstilik Elektrik Stansiyası MMC Mərkəzləşdirilmiş təmir sexinə “Avtomatların təmiri briqadasına 3 (üçüncü) dərəcəli buxar qaz turbin və qazan avadanlıqlarını təmir edən çilingər vəzifəsinə işə qəbul olunmuş və xx.xx.2020-ci il tarixdə onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin öz təşəbbüsü ilə) xitam verilmiş və X5 xx.xx.2020-ci il tarixli 62/K saylı əmrlə Enerjiservistikintitəmirsazlama MMC Mexaniki Emal Xidmətinin Mexaniki təmir emalatxanasının Qərb sahəsinə 3-cü dərəcəli çilingər təyin edilmiş və xx.xx.2021-ci il tarixli 08 saylı əmrlə Azərbaycan Respublikası 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan xx xxxxxx 2021-ci tarixli 08/K saylı əmrə əsasən müəyyən edilir ki, Enerjiservistikintitəmirsazlama MMC-nin Mexaniki Emal Xidmətinin Mexaniki təmiri emalatxanasının Qərb sahəsi üzrə çilingərinin (X5) əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx xxxxxx 2021-ci il tarixdən xitam verilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə qeyd edir ki, X5 xx.xx.2020-ci il tarixdə Enerjiservistikintitəmirsazlama MMC ilə 2 ay müddətinə bağlanılmış əmək müqaviləsi əsasında işə qəbul olunmuş və xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinin müddəti bitdiyinə görə onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iddiaçının barəsində verilmiş əmrin qanunsuz olmasına dair dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçının tutduğu vəzifədən azad edilməsinə dair əmr qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Onun qanunsuz hesab edilməsi üçün əsas yoxdur.İddiaçı işinin daimi olduğunu qeyd etsə də, iş materialları ilə onun müxtəlif vaxtlarda, müxtəlif müəssisələrdə çalışdığı müəyyən edilmiş, müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsinə keçirilməsi üçün qanuni əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Odur ki, iddia tələbi əsasız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 47-ci maddəsinin f) bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndi ilə əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Həmin Məcəlləsin 83-cü maddəsinin 1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci hissəsinə görə isə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: X5 ilə əmək müqaviləsinə xitam verilməsi haqqında Cavabdeh ASC-nin 08 saylı, xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi, onun Cavabdeh ASC-dən istənilən struktur bölməsində çilingər işinə bərpa edilməsi və ona xx xxxxxx 2021-ci il tarixdən başlayaraq işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqı hesablanıb ödənilməsi barədə iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-2594/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2594/2021
28.04.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver