Məhkəmə qərarları › İş №2(004)-2608/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2608/2023

27.07.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2608/2023 27.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı, Cavabdeh "Yelo Bank” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "Yelo Bank” ASC-yə qarşı ”maddi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Yelo Bank” ASC-yə qarşı iddia ərizəsi və iddia predmetinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əmək müqaviləsinə qanunsuz və əsassız xitam verməsi nəticəsində vurduğu ziyanın (əldən çıxmış fayda) əvəzi olaraq 57125 manat və iddia qaldırmaq üçün mediasiya təşkilatına iddiaçı tərəfindən ödənilmiş rüsumun əvəzi olaraq 50 manat məbləğində pul vəsaitinin cavabdeh "Yelo Bank” ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "Yelo Bank” ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli Əmək müqaviləsinə əsasən o, "xxxx" ASC-də 8˝ saylı˝ filialın müdir müavini vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2016-cı il tarixli 1100 K saylı əmr ilə həmin filialın müdiri vəzifəsinin müvəqqəti icraedicisi və xx.xx.2017-ci il tarixli 61/1T saylı əmr ilə filialın müdiri vəzifəsinə təyin edilmişdir. xx.xx.2018-ci il tarixli 54/A saylı əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ˝b˝ bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. O, 5 il fasiləsiz olaraq işləmişdir. Daha sonra cavabdeh iddiaçıya müddətli Əmək müqaviləsi təqdim etmiş, iddiaçı isə ailəsini fikirləşərək məcburiyyət qarşısında qaldığından müddətli müqavilə imzalamışdır və xx.xx.2018-ci il tarixli 53/Q saylı əmr ilə yenidən 8˝ saylı˝ filialın müdiri vəzifəsinə təyin edilmişdir. Baxmayaraq ki, o, xx.xx.2013-cü il tarixdən bankın əməkdaşı idi, cavabdeh tərəfindən Əmək müqaviləsi yenidən müddətli bağlanmış və hər dəfə qısa müddətlərə (3-6 ay) artırılmışdır. Cavabdeh ASC tərəfindən iddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli Əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli, 128/A saylı əmrlə xitam verilmişdir. xx.xx.2020-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsi tərəfindən işin halları araşdırılaraq 2(006)-4149/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnamə ilə iddia qismən təmin edilmişdir. İddia tələbi tam təmin olunmadığından apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 8540/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. İddiaçı həmin qərarla da razılaşmayaraq Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2974/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iş yeni baxışa göndərilmişdir. Yeni baxışla bağlı Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2(103)-9642/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamə qəbul edilmişdir. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1014/22 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh ASC-nin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2021-ci il tarixli, 2(103)-9642/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı onu da əlavə edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən ona ünvanlanan və qoşması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1014/22 saylı, xx.xx.2022-ci il tarixli qərarı olan xx.xx.2022-ci il tarixli məktubu rəsmi şəkildə xx.xx.2022-ci il tarixdə almışdır. Qətnamə qüvvəyə mindiyindən xx.xx.2022-ci il tarixli İcra vərəqi qətnamənin icrası məqsədilə Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir. Bununla sübut olundu ki, cavabdeh tərəfindən qanunvericiliyin tələbləri və hüquqları kobud şəkildə pozulmuşdur. Əmək Məcəlləsinin 195, 196 və 197-ci maddələrinə əsasən tərəfindən Cavabdeh ASC-nin rəhbərliyinə işəgötürən kimi ona vurduğu ziyana görə maddi məsuliyyət daşıdıqları ilə bağlı xx.xx.2023-cü il tarixdə müraciət etmiş və qanunvericliyin tələblərinə uyğun olaraq müraciətinin araşdırılması və bununla bağlı qərar qəbul edilərək onu məlumatlandırmalarını xahiş etmişdir. Müraciətinə cavab olaraq bankın ona ünvanladığı məktubda bankın heç bir maddi ziyan vurmadığını bildirilmişdir. Məlumat üçün bildirir ki, yuxarıda qeyd olunan və qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi bu günə kimi hələ də tam icra edilməmişdir. Öz işinə buraxılmadığı halda, xx.xx.2022-ci il tarixində guya işə bərpa olunduğu görüntüsü yaratmışlar və xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 69-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən qanunazidd olaraq təkrar işdən azad edilmiş və bununla bağlı əmrin ləğv edilməsini məhkəmədə mübahisələndirmişdir. İşəgötürən əmək münasibətləri prosesində əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda, işçiyə vurulan ziyana görə tam məsuliyyət daşıyır. Vurulmuş ziyanı 57125 manat məbləğində qiymətləndirir və aşağıdakı kimi əsaslandırır. O, filial müdiri vəzifəsində işləyəndə ştat cədvəlinə əsasən aylıq tarif (vəzifə) maaşından başqa əmək müqaviləsində nəzərdə tutulmuş əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaiti (bonus) alırdı. xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə qanunazidd olaraq xitam verildiyinə görə xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arası dövrdə (məcburi iş buraxma) həmin bonusları ala bilməmiş, yəni əldən çıxmış qazancdan faydalana bilməmişdir. Bununla da ona maddi ziyan vurulmuşdur. Qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin tələbinə uyğun olaraq məcburi iş buraxma dövrünə görə ona aylıq tarif (vəzifə) maaşı ödənilmişdir. Əmək müqaviləsinə əlavəyə əsasən 2020-ci ilin iyul-dekabr aylarında aylıq taarif maaşı 1840 manat və 2021-ci ildən isə aylıq taarif maaşı 2300 manat təşkil edir. Əlavə olaraq onu bildirir ki, əmək müqaviləsinə xitam verilən tarixdən əvvəlki 2 ay üzrə hesablanmış əmək haqqı may ayında 4710.11 manat, iyun ayında isə 3397.80 manat (20 iş günü) təşkil etmişdir. Qanunvericiliyin tələblərinə (Əmək Məcəlləsinin 177-ci maddəsi) uyğun olaraq hesablandıqda, əmək müqaviləsinə qanunazidd olaraq xitam verilən tarixə onun 1 günlük əmək haqqısı 219.13 manat təşkil etmişdir. Məcburi işburaxma dövründə əmək haqqı saxlanılan iş günlərinin sayı cəmi 500 gün təşkil etmişdir. Beləliklə, həmin dövr üzrə əldə çıxmış fayda məbləği 57125 (219.13x500 gün) təşkil edir. Cavabdeh "Yelo Bank” ASC-nin nümayəndəsi X3 iddia ərizəsin etiraz verərək bildirmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərkən “müddətli əmək müqaviləsinin etibarsızlığı, əmək müqaviləsinin müddətsiz hesab edilməsi, işə bərpa, xəstəlik vərəqəsi üzrə ödənişin, məcburi iş buraxma müddəti günləri üçün əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi” tələbi ilə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4149/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə ilə iddia tələbi maddi və mənəvi ziyanın ödənilməsi hissəsində ləğv edilmişdir. İşçi ilə əmək münasibətlərinə xitam verilməsinin qanunsuz hesab edilməsi barədə məhkəmə qətnaməsinin mövcud olması hələ işəgötürənin, hazırki halda iddiadı İddiaçı maddi ziyanın vurulmasını təsdiq etmir. Həmçinin Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında qanunvericilikdə sadalanan bütün hallar ətraflı olaraq araşdırılmış, məhz maddi və mənəvi ziyanın ödənilməsi hissəsində işəgötürən tərəfindən işçiyə dəymiş ziyanın olmadığı müəyyən edilərək qərar qəbul edilmiş və həmin qərar da qanuni qüvvəyə minmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi xx.xx.2022-ci il tarixdə Cavabdeh ASC-yə daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə Cavabdeh ASC tərəfindən həmin icra vərəqəsinin icrasının təmin edilməsi barədə əmr verilərək İddiaçı 43.133.98 manat məbləğində vəsait ödənilmişdir. Bundan əlavə xx.xx.2022-ci il tarixdən sonrakı hər gün üçün hesablanmalı olan əmək haqqı məbləği işdən çıxma dövrünədək hər ayın sonu müvafiq əmək haqqı onun hesabına köçürülmüşdür. Göstərilənləri nəzərə alan Yasamal Rayon İcra Şöbəsinin böyük icra məmuru S.Abasov xx.xx.2021-ci il tarixdə “İcra haqqında” Qanunun 23.1.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsini icra edilmədən həmin məhkəməyə geri qaytarılması barədə qərar qəbul etmiş, həmin qərardan İddiaçı tərəfindən şikayət verilmiş, şikayətə baxan Bakı Apellyasiya Məhkəməsi xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş, icra məmurunun qərarını qüvvədə saxlamışdır. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi Cavabdeh ASC tərəfindən gecikməyə yol verilmədən dərhal icra olunmuş, müvafiq ödəmələr İddiaçı köçürülmüş, iddiaçı əvvəlki işinə bərpa olunmuş, lakin o, işə çıxmaqdan və vəzifəsinin icrasına başlamaqdan imtina etmiş, bu səbəbdən onun Cavabdeh ASC ilə olan əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı təqdim etdiyi iddia ərizəsində Cavabdeh ASC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli müraciətini qeyd edir, lakin nə məktubunda, nə də iddia ərizəsində ona dəymiş ziyanın nədən ibarət olmasını bildirilmir. Halbuki AR Əmək Məcəlləsinin 192-ci maddəsinə əsasən, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. İddiaçı iddia ərizəsində qeyd etdiyi “bonus”larla bağlı bildirir ki, iddiaçıya dəfələrlə işə çıxmağı ilə bağlı Cavabdeh ASC tərəfindən edilmiş müraciətləri nəzərə almadan niyə işə çıxmaması və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixil qətnaməsinin tam icra olunmasına suni maneələr yaratması sual olunmalıdır. Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı dedikdəmüvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusu, mükafat dedikdə isəƏmək Məcəlləsinin 157-ci maddəsinə əsasən əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaiti anlaşılır. Belə nəticəyə gəlinir ki, əmək haqqının ödənilməsi ödənilməsi işəgötürən üçün məsuliyyət yarada bilər, lakin mükafatın verilməsi isə işəgötürənin mülahizəsindən asılı olduğu üçüb belə bir məsuliyyətə səbəb ola bilməz. Qeyd olunanları əsas tutaraq, İddiaçı təqdim etdiyi ərizədə qanunvericilikdə maddi ziyanla bağlı mövcud olan normaları əks etdirib, lakin həmin normaları işin faktiki halları ilə əlaqələndirməməsini, maddi zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsinin hüquqi əsasının olmamasını nəzərə alıb iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "Yelo Bank” ASC-nin nümayəndəsi X3 iddia tələbi ilə razı olmadığını bildirmiş və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: "xxxx" İKB ASC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixli, 1288 saylı Əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin 4.2-ci bəndinə əsasən işçiyə işəgötürənin daxili qaydalarına əsasən mükafat verilə bilər. 1288 saylı, xx.xx.2018-ci il tarixli Əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli əlavənin surətindən görünür ki, Əmək müqaviləsinin 4.1-ci bəndinə dəyişiklik edilmiş və İddiaçı əmək haqqı 01 iyun 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək hər ay qanunvericilikdə nəzərdə tutulmuş vergilər və digər məcburi ödənişlər daxil olmaqla 1840 manat məbləğində müəyyən edilir və 01 yanvar 2021-ci il tarixdən etibarən əmək haqqı hər ay qanunvericilikdə nəzərdə tutulmuş vergilər və digər məcburi ödənişlər daxil olmaqla 2300 manat məbləğində müəyyən edilir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4149/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı əşi˝ bərpa və s.˝ tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli 128/A saylı əmri və əmrə əsasən ******* saylı əmək kitabçasının 27-ci səhifəsindəki 29-cu qeyd nömrəsi ilə yazılmış “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin” qeydinin etibarsız sayılması, İddiaçı əvvəlki işinə bərpa edilməsi, onun xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətdə xəstəlik vərəqəsi üzrə ödənilməli olan məvləğin ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8540/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Nəsimi Rayon Məhkəməsinin 2(006)-4149/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2974/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə oleY˝ Bank˝ ASC-nin kassasiya şikayəti təmin edilməmiş, İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, iş Bakı Apellyasiya Məhkəməsinə yeni baxışa qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “əmrin etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(006)-4149/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmış və apellyasiya şikayəti qismən təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1014/22 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2021-ci il tarixli, 2(103)-9642/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin : 156-ci maddəsinin 1–ci hissəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. 157-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. 157-ci maddəsinin 6-cı hissəsinə əsasən mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. 158-ci maddəsinin 1-ci hissəsinə əsasən əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. Məhkəmə qeyd edir ki, "xxxx" İKB ASC və İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 1288 saylı Əmək müqaviləsinin 4.2-ci bəndinə əsasən müəyyən olunur ki, mükafatın verilməsi müqavilədə imperativ norma kimi müəyyən olunmamışdır və bu hal işəgötürənin mülahizəsindən asılıdır. Həmçinin, bonus - əmək münasibətində real əmək sərf edən işçiyə verilən mükafatdır. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı tərəfindən göstərilən tarix aralığında real əmək sərfi olunmamışdır. Belə olan halda ona bonus verilə bilməz. Bundan əlavə, iddiaçı tərəfindən Mülki Məcəllənin 21, 1096, 1115-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki qanunvericliyin zərərlə bağlı müddəaları mülki dövriyyə iştirakçıları arasındakı münasibətlərə şamil olunur, Mülki Məcəllənin 21-ci maddəsi hazırki mübahisəyə birbaşa tətbiq oluna bilməz, əmək münasibətləri mülki dövriyyə hesab edilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 195-ci maddəsində işəgötürənin əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıdığı hallar sadalanmışdır. Həmin maddənin “a” bəndinə əsasən əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda işəgötürən işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Səvxan Abbasovun xx.xx.2022-ci il tarixli qərarına əsasən müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi icra edilmədən həmin məhkəməyə geri qaytarılmışdır. Qərarının məzmunundan görünür ki, icraat zamanı Cavabdeh ASC tərəfindən xx.xx.2022-ci il tarixində icra vərəqəsinin icrasının təmin edilməsi barədə əmr verilmiş, İddiaçı 43133.98 manat məbləğində vəsait köçürülmüş və onun barəsində qeydə alınmış xx.xx.2020-ci il tarixli bildirişin etibarsız hesab edilməsi məqsədilə X2 Xidmətinə müraciət edilmişdir. X2 tərəfindən xx.xx.2020 tarixli bildiriş 07 iyun 2022-ci il tarixdə etibarsız hesab edilmiş, Bank tərəfindən 07 iyun 2022-ci il tarixdə İddiaçı işə çıxmasına dair bildiriş göndərilmiş, xx.xx.2022-ci il tarixli məktubla 08 iyun 2022-ci il tarixdə Bankın baş ofisinə dəvət edilmişdir. Lakin İddiaçı işə çıxmamış, işə bərpa edildiyi “28 May” filialının əvvəl işlədiyi “8 saylı” filial olmadığını iddia etmiş, hərəkətsizliyi ilə icra sənədinin icrasına maneçilik törətmişdir. Bununla belə, İddiaçı əməkhaqqı ödənilmiş və o, vəsaiti qəbul etmişdir. Həmçinin o, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə izah verilməsi üçün həmin məhkəməyə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, habelə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tələbkarın əvvəl işlədiyi Bankın “8 saylı” filialı hazırda ünvan 1 ünvanında “28 May” filialı kimi fəaliyyət göstərir, yəni “8 saylı” filial ləğv olunmamış, fəaliyyətini yeni ad və ünvan üzrə davam etdirir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Səvxan Abbasovun xx.xx.2022-ci il tarixli qərarının ləğv olunması barədə İddiaçı şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "Yelo Bank” ASC-yə qarşı ”maddi ziyanın tutulması” barədə iddiası əsassız olduğundan rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "Yelo Bank” ASC-yə qarşı ”maddi ziyanın tutulması” tələbi barədə iddia ərizəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar