Məhkəmə qərarları › İş №2(004)-261/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-261/2024

17.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-261/2024 17.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vərəsəliklə ona məxsus olan, ünvan 1 ümumi sahəsi (35 kv.m) olan fərdi yaşayış evindən Cavabdeh əşyaları ilə birgə çıxarılması və evi iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə etirazla məhkəməyə müraciət edərək iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, X12 ilə X2 rəsmi nikahda olmuşlar. Onların birgə nikahlarından 1943-cü ildə Ələkbər, 1946-cı ildə Elmira, 1948-ci ildə Etibar, 1952-ci ildə Məzahir (iddia tələbi üzrə cavabdeh) və 1953-cü ildə Fatimə adlı uşaqları anadan olmuşdur. Bakı şəhəri, İsmayil bəy Qutqaşınlı (2-ci Xrebtovı) küçəsi, ümumi sahəsi 325,90 kvm sahədən ibarət 14 saylı evin ¼ hissəsinin X6, ¼ hissəsi X9, ¼ hissəsi X3, qalan ¼ hissəsi isə X7 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bakı şəhəri, İsmayil bəy Qutqaşınlı (2-ci Xrebtovı) küçəsi, ümumi sahəsi 325,90 kvm sahədən ibarət 14 saylı evin ¼ hissəsinin mülkiyyətçisi olmuş X10 21 aprel 1975-ci il tarixdə vəfat etmişdir. X1 1943-cü ildə anadan olmuş oğlu Ələkbər, 1946-cı ildə anadan olmuş qızı Elmira, 1948-ci ildə anadan olmuş oğlu Etibar və 1953-cü ildə anadan olmuş Fatimə vəfat etmişlər. Cavabdeh Bakı şəhəri, İsmayil bəy Qutqaşınlı (2-ci Xrebtovı) küçəsi, 14 saylı evdə anadan olmaqla, 1952-ci ildən, o cümlədən atası X8 21 aprel 1975-ci il tarixdə ölümündən sonra göstərilən evdə yaşamaqla mirası qəbul etmişdir. Miras qoyan X8 21 aprel 1975-ci il tarixdə ölməsi və bununla da mirasın açıldığı zaman qüvvədə olmuş (01 mart 1965-ci il tarixdən 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün һesab olunur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ümumi sahəsi (35 kv.m) olan fərdi yaşayış evi, xx.xx.1958-ci il tarixdə Evlər İdarəsi tərəfindən onun ana-nənəsi X4 mülkiyyətinə verilmişdir. ünvan 1 ünvanında ümumi həyət evləri mövcuddur və bir neçə ailə yaşayır. Həmin ünvanda onun ana-nənəsi xx.xx.1979-cu il tarixədək yaşamış və daha sonra vəfat etmişdir. Nənəsinin vəfatından sonra həmin evdə dayısı yaşamış və 1997-ci il tarixdə vəfat etmiş və yaşayış olmamışdır. Belə ki, onun və valdeynlərinə məxsus öz evləri olduğundan həmin evdə yaşamamışlar. Daha sonra onlara məlum olmuşdur ki, qonşuluqda yaşayan Cavabdeh nənəsinin evini zəbt edərək mənimsəmişdir. Həmin ünvanda cavabdehin özünə məxsus ev olmasına baxmayaraq, nənəsinin evini sahibsiz bilərək evi zəbt edib orda yaşamış və kirayə verərək ordan gəlir əldə etmişdir. Bununla bağlı dəfələrlə cavabdehə könüllü şəkildə evi boşaldılmasını tələb etsə də o buna məhəl qoymamışdır. Hər dəfəsində cavabdeh evdən çıxmamaq üçün müxtəlif bəhanələr gətirərək evdən çıxmırdı. Əsas bəhanələrdən biri isə, evin nənəsinə məxsus olmaması və cavabdehin ulu babasına məxsus olmasını iddia edirdi. Buna görə, 23 saylı Notariat Ofisində vərəsəlik işi açdıraraq məhrum nənəsi X4 qanuni vərəsəsi kimi tanınmışdır. Nənəsinin qanuni vərəsəsi olmasını cavabdehə bildirməyinə baxmayaraq o, yenə evdən çıxmağa etiraz etmişdir. Daha sonra o, Yasamal rayon İcra Hakimiyyətinə dəvət olundu və ona bildirildi ki, ünvan 1 ünvan dövlət tərəfindən söküntü ərazisinə düşür və bu səbəbdən evə dair sənədlər ondan tələb olundu və həmçinin evin boşaldılması bildirilmişdir. Cavabdehin bu qanunsuz əməlinin qarşısını almaq məqsədi ilə, müxtəlif hüquq- mühafizə orqanlarına müraciət etməyinə baxmayaraq, onun işi mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyini tövsiyə etmişlər. Beləliklə göründüyü kimi, vərəsəliklə ona məxsus olan fərdi yaşayış evinə daxil olmaq, ondan istifadə etmək, evindən faydalanmaq və ümumilikdə mülkiyyət hüququndan məhrum edildiyinə görə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalır. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı iş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 14 saylı ümumi sahəsi (35 kv.m) olan fərdi yaşayış evin ¼ hissəsi ********** qeydiyyat nömrəsi üzrə xx.xx.2023-cü il tarixdən X7, ¼ hissəsi ********** qeydiyyat nömrəsi üzrə xx.xx.2023-cü il tarixdən X6, ¼ hissəsi ********** qeydiyyat nömrəsi üzrə xx.xx.2023-cü il tarixdən Cavabdeh və ¼ hissəsi X5 adına qeydə alınmışdır. Qeyd etmək lazımdır ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmazdır və onun subyekti qismində bir və ya bir neçə şəxs çıxış edə bilər. Yəni əmlak eyni vaxtda bir neçə şəxsə məxsus ola bilər və mülki qanunvericilikdə bu münasibətlər ümumi mülkiyyətə dair normalarla tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özünün sahibliklə əlaqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə görə, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsində göstərilir ki, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Habelə, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iş materiallarına əlavə olunmuş çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 14 saylı ümumi sahəsi (35 kv.m) olan fərdi yaşayış evin ¼ hissəsi ********** qeydiyyat nömrəsi üzrə xx.xx.2023-cü il tarixdən X7, ¼ hissəsi ********** qeydiyyat nömrəsi üzrə xx.xx.2023-cü il tarixdən X6, ¼ hissəsi ********** qeydiyyat nömrəsi üzrə xx.xx.2023-cü il tarixdən Cavabdeh və ¼ hissəsi X5 adına qeydə alınmışdır. Hazırda isə İddiaçı Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 14 saylı ümumi sahəsi (35 kv.m) olan evdən çıxarılmasını tələb edir. Yuxarıda sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, məhkəmə hesab edir ki, mübahisəli mənzil Cavabdeh mülkiyyətində olduğundan, həmçinin İddiaçı həmin mənzillə bağlı subyektiv hüququ olmadığından iddia tələbi əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “Bakı şəhəri, Yasamal rayonu, 2-ci Xrebtovaya(faktiki adı İ.Qutqaşınlı) küçəsi, 14 saylı ümumi sahəsi (35kv.m) olan fərdi yaşayış evindən Cavabdeh əşyaları ilə birlikdə çıxarılması və evi iddiaçıya verilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar