Məhkəmə qərarları › İş №2(004)-2613/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2613/2023

02.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2613/2023 02.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "pul” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı "pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdeh olan "xxxx" Group MTK-dən 25 oktyabr 2022-ci tarixi 0541 saylı müqavilə üzrə ödənilmiş 122295 (bir yüz iyirmi iki min iki yüz doxsan beş) manatın Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə müəyyən edilmiş və cavabdeh "xxxx" Group MTK-nin bank hesabına köçürülmüş ƏDV məbləğinin, yəni ümumi dəyərin 10% nisbətində 12229 (on iki min iki yüz iyirmi doqquz) manatın, 187 (yüz səksən yeddi) manatın birdəfəlik alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" MTK iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinin heç bir hüquqi əsası olmadığı və mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə dair iddiası əsassızdır. İddia tələbi üzrə Cavabdeh MTK İddiaçının xx.xx.2022-ci il tarixli Payçı Müqaviləsi üzrə cavabdehin hesabına köçürdüyü 122 295 (bir yüz iyirmi iki min iki yüz doxsan beş) manat məbləğin ƏDV məbləğinin, yəni ümumi dəyərin 10%-i nisbətində 12229 (on iki min iki yüz iyirmi doqquz) manatın cavabdehdən birdəfəlik alınması tələb olunur. Halbuki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na (bundan sonra “Qayda” adlanacaq) dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanın tələbinə görə mənzilin satışından ƏDV məbləği “Operator” kimi tanınan AR Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilməlidir. Yəni Qayda üzrə ƏDV məbləği AR Dövlət Vergi Xidməti tərəfindən alıcı vətəndaşa ƏDV məbləğinin 30%-ni qaytarır. Bu səbəbdən Qayda üzrə tərəflər vətəndaş və AR Dövlət Vergi Xidməti olduğu kimi mübahisələndirilmiş məhkəmə işi üzrə də A.R. İnzibati Prosessual Məcəllənin 2-ci maddəsinə əsasən İddiaçı vətəndaş İddiaçı olduğu təqdirdə cavabdeh AR Dövlət Vergi Xidməti olmalıdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 2-ci maddəsinə əsasən İnzibati mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilmişdir. Həmin Məcəllənin 2.1,-ci maddəsinə əsasən “Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.” Həmin Məcəllənin 2.2.2.-ci maddəsi üzrə “inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia)” inzibati məhkəmə icraatı qaydası müəyyən edilmişdir. AR Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən “iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.” Bu kimi anoloji digər işlərdə vətəndaşlar Bakı İnzibati Məhkəməsinə müraciət edərək, AR Dövlət Vergi Xidmətini cavabdeh qoymuşdurlar. Digər tərəfdən iddia tələbi də düzgün müəyyən edilməmişdir. İddiaçı 2 otaqlı 64,95 kv.m. mənzili 122295 (bir yüz iyirmi iki min iki yüz doxsan beş) manata almışdır. Bu mənzil dəyərinin ƏDV məbləği 18655,16 (on səkkiz min altı yüz əlli beş) manat 16 qəpik təşkil edir ki, Qayda üzrə ƏDV məbləğinin 30%-i qaytarılmalı olduğu üçün İddiaçıya AR Dövlət Vergi Xidməti tərəfindən qaytarılacaq məbləğ 5596,54 (beş min beş yüz doxsan altı) manat 54 qəpikdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o 25 oktyabr 2022-ci tarixində iş üzrə cavabdeh “AVANT" Group MTK ilə 0541 saylı müqavilə bağlayaraq “AVANT PARK” Yaşayiş Kompleksinin 8-ci binasında, 8-ci blok, 7-ci mərtəbəsində, 4N- li, 2 otaqlı, ümumi sahəsi 64.95 kvm olan mənzili tikib onun mülkiyyətinə verilməsinə razılaşmışdır. Müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 122295 (bir yüz iyirmi iki min iki yüz doxsan beş) manat təşkil etmişdir. Həmin müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 122295 (bir yüz iyirmi iki min iki yüz doxsan beş) manatın 25295 (iyirmi beş min iki yüz doxsan beş) manatı tərəfimdən nağd şəkildə cavabdeh "xxxx" Group MTK- nin bank hesabına ödənilmişdir. Qalan 97000 (doxsan yeddi min) manat Beynəlxalq Bank tərəfindən köçürmə yolu ilə yenə də cavabdeh "xxxx" Group MTK-nin hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşqul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və qaydası" nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıçının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV deposit hesabına ödəməlidir. Lakin buna baxmayaraq Müqavilənin ümumi dəyərinin ƏDV daxil olmaqla qalan 97000 (doxsan yeddi min) manat Beynəlxalq Bank tərəfindən köçürmə yolu ilə yenədə cavabdeh "xxxx" Group MTK-nin hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə ƏDV məbləğini isə satıcının ƏDV deposit hesabına ödəməlidir hissəsi icra edilməmiş və cavabdehin bank hesabına köçürülmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" Group MTK ilə İddiaçı arasında bağlanmış 25 oktyabr 2022-ci il tarixli 0541 nömrəli payçı müqaviləsinə əsasən tərəflər aralarında razılığa gəlmişlər. İş materiallarında olan "xxxx" Group MTK-nın 25 oktyabr 2022-ci il tarixli malıyyə arayışından görünür ki, 25 oktyabr 2022-ci il tarixli 0541 nömrəli payçı müqaviləsinə əsasən mənzilin pay dəyərinin bir hissəsi – 25295 manat məbləğində ilkin ödəniş şəklində payçı İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 14 aprel 2023-cü il tarixli yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında **********035100 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılmasının təmin edilməməsi qərara alınmışdır. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı ilə "xxxx" Group MTK arasında bağlanmış 25 oktyabr 2022-ci il tarixli 0541 nömrəli payçı müqaviləsi üzrə razılığa gəlmişlər. İddiaçı tərəfindən mənzilin dəyəri olaraq 122295 manat "xxxx" Group MTK-ya ödənilmişdir. Lakin iddiaçı tərəfindən mənzilin dəyəri olaraq ödənilmiş məbləğin ƏDV-nin qaytarılması mümkün olmamışdır. Odur ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırda İddiaçı 25 oktyabr 2022ci il tarixli 0541 nömrəli payçı müqaviləsinə əsasən mənzilin dəyəri olaraq ödənilən 122295 manatın "xxxx" Group MTK-nin bank hesabına köçürülmüş ƏDV məbləğinin, yəni ümumi dəyərin 10% nisbətində 12229 manatın, 187 (yüz səksən yeddi) manatın birdəfəlik alınaraq ona ödənilməsini xahiş etsə də, hazırki ƏDV məbləği cavabdeh qismində göstərilən "xxxx" Group MTK tərəfindən deyil, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən geri qaytarılmalıdır. Bununla da, məhkəmə hesab edir ki, İddiaçı ƏDV-nin geri qaytarılması tələbi üzrə cavabdeh qismində "xxxx" Group MTK yox, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini cavabdeh kimi göstərilməli, həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ƏDV-nin geri qaytarılması tələb ilə inzibati məhkəməyə müraciət olunmalı idi. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşadırması zamanı iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz edilməsi ilə bağlı lazımı təkliflər verilsə də, iddiaçı bu təklifi qəbul etməmişdir. Bununla bağlı məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusuyasının 60-ci maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşqul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və qaydası" nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıçının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV deposit hesabına ödəməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı "pul” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün 188 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyi üçün iddiaçı tərəfindən ödənilmiş 188 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir.Həmin Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi ondan şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, h ərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı "pul” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 188 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar